1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar. Bu məntəqələrin işğalı zamanı dinc əhali bu kəndlərdən qovulur, kəndlər özləri isə yandırılırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin ətrafında olan erməni kəndləri erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevirilmişdi, bu məntəqələrdən həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəşə tutulurdu. Daşaltı kəndi özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyatı keçirmək qərarı qəbul etdi. Əməliyyata böyük əhəmiyyət verilirdi, bununla əlaqədar olaraq, əməliyyata rəhbərliyi Azərbaycanın müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü həyata keçirirdi. 19 yanvar 1992-ci ildə T.Mehdiyev Şuşaya uçur. Bundan əvvəl o baş qərargahın rəhbəri, general-mayor Şahin Musayevə növbəti göstərişlərini verir: Goranboy rayonunda müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində olan zirehli texnikanın yarısını Şuşaya doğru yerini dəyişdirmək; kəşfiyyatçı podpolkovnik Sabir Cəfərovu təcili olaraq Şuşaya göndərmək: bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlamaq. Bu halda əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Bu məntəqələrin alınmasından sonra, Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünmüş olardı, bu da gələcəkdə rəqibi hissə-hissə məhv etməyə icazə verərdi. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi: iki ədəd texnika yolda sıradan çıxaraq Laçında qaldı, daha iki ədəd zirehli texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı, guya onu tapa bilmədilər, silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra gəldi.
Şuşaya gələn Tacəddin Mehdiyev Şuşa milisinin müdiri Vahid Bayramovla müşavirə keçirdi. Müşavirədə şəhərin ətrafındakı vəziyyət müzakirə edilirdi. Şəhərin müdafiəsi çox pis təşkil edilmişdi. Gecə nəzarət buraxılış məntəqələri və müşahidə postları çox vaxt qoyulmurdu. Bəzi silahlar qorunmurdu. Şəhərin küçələrində çoxlu silahlı insan gəzirdi. Vahid komandanlıq yox idi, hər dəstə öz-özlüyündə idi. Dəstələrdə və bölmələrdə çox aşağı intizam vardı. Milli ordunun Şuşa batalyonunun heyət sayı 385 nəfər hərbi qulluqçu təşkil etməsinə baxmayaraq, şəxsi heyətin bir yerə yığılması zamanı cəmi 20 əsgər çağırışa gəlmişdi. Tacəddin Mehdiyev batalyonu tam olaraq bir yerə yığmağa cəhd etsə də, onun cəhdləri bir nəticə vermədi. Gecə vaxtı Şuşa şəhəri Topxana adlanan yerdən ermənilər tərəfindən atəşə tutulan vaxtı Mehdiyev Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan podpolkovnik Riad Əhmədov ilə birgə Topxanada kəşfiyyat keçirmişdi. Onlar burada düşmənin atəş nöqtələrini təyin etmişdilər. Riad Əhmədov bu atəş nöqtələrinin susdurulması üçün əməliyyat keçirməyi təklif etdi. Səhər T.Mehdiyev Vahid Bayramovla müşavirə keçirdi. Müşavirə zamanı general Vahid Bayramovdan yerli əhali içindən 4 bələdçi ayırmağı xahiş etdi. Onlar gecə vaxtı rəqibin atəş nöqtələrinə qədər bizim kəşfiyyat-diversiya qrupumuzu keçirməli idilər. V.Bayramov 4 nəfər ayırdı. Riad Əhmədov, Riad Əhmədovun bölməsindən olan bir neçə zabit, bu dörd nəfər bələdçi və T.Mehdiyev birlikdə qarşıdakı əməliyyatın detalları müzakirə etdilər. Sonra bələdçilər onları evə paltarını dəyişmək üçün buraxılmalarını xahiş etdilər. Ancaq təyin olunmuş vaxtda yalnız iki bələdçi qayıtdı. Mehdiyev milis müdirinə zəng vuraraq, qalan iki bələdçini tapmağı və gətirib çıxarmağı tələb etdi. Amma bu iki bələdçini tapmaq müvəffəq olmadı. Gecə vaxtı əməliyyatı təxirə salmaq qərarı qəbul edildi. Həmin gecə Riad Əhmədov, bəzi döyüşçülər ilə birgə Topxana yerində ermənilərin atəş nöqtələrinə müstəqil şəkildə çatır və onlarla döyüşə girirlər. Döyüşün gedişatında bir neçə erməni hərbi qulluqçusu öldürüldü, lakin ermənilər şəhərə daimi atəş açdıqları silahları vaxtında evakuasiya etməyə müvəffəq olurlar. Növbəti gün Tacəddin Mehdiyev şəhərin icra hakimiyyətinin başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakıyla daha bir müşavirəni keçirir. Müşavirədə vahid komandanlıq altında bütün dəstələri birləşdirməyi, komendant saatı tətbiq etməyi təklif edir. Bu təklifə etiraz edilir, bildirilir ki, bütün silahlı insanlar hərəsi hansısa bir klana tabe olurlar, bu klanlara qarşı çıxmaq lazım deyil, əks halda o da Şuşanın keçmiş icra başçısı Gözəlov kimi öldürülə bilər. Bu müşavirədə şəhər ətrafındakı Daşaltı kəndində erməni quldurlarının atəş nöqtələrinin məhv edilməsi üzrə əməliyyat keçirmək qərarı qəbul edilir.
Tarix: 22.01.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Ümumi