beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Əkbər

Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) — jurnalist, yazıçı.

Həyatı

Məmməd Əkbər 1909-cu ildə may ayının 5-də Naxçıvan MSSR Ordubad şəhərində sənətkar ailəsində anadan olmuşdur.

Ordubadda klubda və kitabxanada işləmiş, öz dünya görüşünü artırmışdır. Onun "Ordubad klubunun halı" adlı ilk yazısı 1924-cü ildə "Yeni fikir" qəzetində dərc edilir. 1925-ci ildə isə Ordubadda yeni açılan kəndli-gənclər məktəbində oxuyan Məmməd Əkbər 1927-ci ildə Naxçıvan Pedaqoji Texnikumuna göndərilir. Buranı bitirdikdən sonra "Kəndli qəzeti"ndə müxbir kimi işləməyə başlayan Məmməd Əkbər 1929-cu ildə Bakıda "Kommunist" qəzeti redaksiyasında çalışır. O, burada Bakı neftçilərinin həyatından bəhs edən bir sıra oçerklər yazır və qəzetin səhifələrində dərc etdirir.

M. Əkbər 1930-cu ildən başlayaraq hekayələr də yazmış və "İnqilab və mədəniyyət", "Hücum" jurnallarında çap etdirmişdir.

1932-ci ildə onun ilk oçerklər və hekayələr kitabı "Şamdan" adı ilə Azərnəşr tərəfindən nəşr etdirmişdir.

1931–1938-ci illərdə Məmməd Əkbər "İnqilab və mədəniyyət", "Ədəbiyyət qəzeti", Azərbaycan Yazıçılar İttifaqının orqanları olan müxtəlif qəzet və jurnalarda jurnalistlik fəaliyyətini davam etdirmiş və 1944-1959-cu illər arasında "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsində çalışmışdır.

40 ildən çox ayrı-ayrı mətbuat səhifələrində çalışan Məmməd Əkbərin bir çox oçerk və hekayələr kitabı nəşr edilmişdir: "Sumqayıtın gənc qurucuları" (1958), "Həyatımızdan səhifələr" (1963), "Qaliblər", "Dostlar və tanışlar" (1965) və s.

O, həm də tərcüməçiliklə məşğul olmuş, 1951–1952-ci illərdə Çin, bolqar yazıçılarının hekayələrini dilimizə tərcümə etmiş və kitab halında çap etdirmişdir. Məmməd Əkbərin yazıçılıq və jurnalistlik fəaliyyəti partiya və hokumət tərəfindən layiqincə qiymətləndirilmiş və o, "Qafqazın müdafiəsi uğrunda", "1941–1945-ci il Vətən müharibəsi illərində əmək şücətinə görə" medalları ilə təltif olunmuşdur.

Məmməd Əkbər 1974-cü il dekabr ayının 10-da Bakı şəhərində vəfat etmişdir.


Tarix: 17.01.2013 / 11:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Şairlər və Yazıçılar