Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd Cəmil

Cəmilzadə Əhməd Səttar oğlu – şair, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (ölümündan sonra-1980)

Həyatı

Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustarçı sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır.

Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933-1936), sonra Gəncədə (1936-1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940-1942).

İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışmışdır (1942-1943). Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi (1944-1947), həm də idarə heyətinin üzvü seçilmişdir. Uzun müddət "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları redaksiya heyətinin üzvü olmuşdur.

1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953-1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956-1959), "Azərbaycan" jurnalırının redaktoru (1959-1960), Azərnəşrin baş redaktoru (1962-1963), Gənclik nəşriyyatında redaktor (1964-1967), "Ulduz" jurnalında baş redaktor işləmişdir (1973-1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Xidmətlərinə görə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunmuşdur.

1977-cı il sentyabrın 27-də Bakıda vəfat etmişdir.

Əsərləri
1.Yadigar. Bakı: Azərnəşr, 1942, 82 səh.
2.Əsgər qardaşıma Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh.
3.Şaxta baba. Bakı: Uşaqgəncnəşr, 1942, 15 səh.
4.Can nənə, bir nağıl de. Bakı: Azərnəşr, 1943, 11 səh.
5.Böyük qardaşımız. Bakı: Azərnəşr, 1944, 7 səh.
6.Şeirlər. Bakı: Uşaqgəncnəşr, 1947, 47 səh.
7.Təməl daşları. Bakı: Azərnəşr, 1951, 82 səh.
8.Qələbə yolları. Bakı: Azərnəşr, 1954, 126 səh.
9.Şeirlər. Bakı: Azərnəşr, 1957, 230 səh.
10.Mənim azad torpağım, Bakı: Uşaqgəncnəşr, 1960, 53 səh.
11.Əhməd Cəmil. Bakı: Azərnəşr, 1961, 261 səh.
12.Bahar şəfəqləri. Bakı: Azərnəşr, 1964, 62 səh.
13.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 443 səh.
14.Balıqçı gəmiləri. Bakı: Gənclik, 1968, 10 səh.
15.Ellər bayramı. Bakı: Gənclik, 1972, 14 səh.
16.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1975, 366 səh.
17.Vaxtında gəlmişik bu dünyaya biz. Bakı: Yazıçı, 1979, 297 səh.
18.Xoşbəxt uşaqlara. Bakı: Gənclik, 1981, 70 səh.
19.Dünyanın gözəlliyi. Bakı: Azərnəşr, 1983, 303 səh.
20.Can nənə, bir nağıl de. Bakı: Gənclik, 1987, 80 səh.
21.Əsərləri. Bakı: Azərnəşr, 1988, 336 səh.
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Tərcümələri
1.S.V.Mixalkov. V.İ.Lenin muzeyində. Bakı: Usaqgəncnəş, 1951, 29 səh.
2.Lenin və Stalin haqqında. Bakı: Uşaqgəncnəşr, 1953, 36 səh.
3.M.Y.Lermontov. Borodino. Bakı: Uşaqgəncnəşr, 1956, 16 səh.
4.A.Tvardovski. Lenin və peçqayıran. Bakı: Usaqgəncnəş, 1960, 12 səh.
5.S.M.Marşak. Naməlum qəhrəman haqqında hekayə. Bakı: Uşaqgəncnəşr, 1962, 13 səh.
6.M.Mirşəkər. Mahtab. Bakı: Azərnəşr, 1964, 32 səh.
7.Y.V.Höte. Faust. Bakı: Azərnəşr, 1970, 501 səh.
8.Dost ellər, dost nəğmələr, Bakı: Gənclik, 1975, 22 səh.
9.Y.V.Höte. Faust. Bakı: Yazıçı, 1986, 518 səh.a


Tarix: 14.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 882 Bölmə: Şairlər və Yazıçılar
loading...