beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmaməddin Zəkiyev

İmaməddin Zəkiyev — filologiya elmləri namizədi, "Qızıl qələm" mükafatının laureatı

Həyatı

İmaməddin Zəkiyev 1939-cu ildə Qubanın Qonaqkənd bölgəsinin Cimi kəndində anadan olub, 7-ci sinifə qədər bu kənddə uşaq evində təhsil almışdır. Orta təhsilini Qonaqkənd qəsəbə məktəbi nəzdindəki internatda başa vurmuş, Bakı Dövlət Universitetində ali təhsil almışdır.O, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizamı adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

İmaməddin Zəkiyev uzun illər Azərbaycan kitab mədəniyyətini, ümumən milli mədəniyyətimizi məhəbbətlə tədris etmiş nüfuzlu bir pedaqoqdur. O, 1964-cü ildən bugünədək, taleyini Bakı Mədəni Maarif Texnikumu ilə bağlayıb.

İmaməddin Zəkiyev istedadlı yazıçı və şairdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatının laureatıdır. Hələ VII-X siniflərdə oxuduğu illərdə oçerk və feleytonlar yazan İ.Zəkiyev 60-70-ci illərdə o zamankı ALKGİ-nın sərəncamı ilə yaradılan və AYB-nin nəzdində fəaliyyət göstərən "Gənc qələmlər" ədəbi birliyinin sədr müavini kimi ədəbi aləmin fəal üzvlərindən olmuşdur. O, 80-ci illərdə isə Mədəniyyət Nazirliyinin yaratdığı Kitabsevərlər Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.

İ.Zəkiyev maarifçilik sahəsində göstərdiyi xidmətə görə SSRİ maarif əlaçısı adına, "Tədrisdə əla müvəffəqiyyətə görə" döş nişanına (1981), "Əmək veteranı" medalına (1989), "Metodik müəllim"(1992) adlarına layiq görülmüşdür.

Onun iki oğlu, iki qızı, yeddi nəvəsi var. Hər iki oğlu Qarabağ müharibəsi veteranıdır.

Yaradıcılığı

"Yazıçı və kitab", "M.F.Axundov və kitab mədəniyyəti", "Əsrlərin əks-sədası", "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)", "Azərbaycanda nəşriyyat işi" və s. adlı, ümumilikdə, on kitabın, 300-ə qədər şeir, oçerk, feleyton, ədəbi-tənqidi, fəlsəfi-publisistik məqalənin müəllifidir.

Onun ən böyük əsəri isə hələ 2000-ci ilin yanvar ayında görkəmli ədəbiyyatşünas və mətnşünas alim, AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədovun rəhbərliyi və bəndeyi-həqirin iştirakı ilə doktorluq dissertasiyası kimi müzakirə edilib müsbət qərarla müdafiəyə buraxılmış "Azərbaycan kitabının inkişaf yolu (qədim dövrdən XIX əsrin sonuna qədər)" adlı monoqrafik tədqiqatdır.

Azərbaycan kitabının tarixini, kitab mədəniyyətimiz və çap işinin geniş mənzərəsini əks etdirən bu əsər XIX əsrə qədər yalnız bir yazı alətindən-qamış qələmdən istifadə edildiyi haqqında yanlış fikirləri aradan qaldıraraq, sübuta yetirir ki, ulu əcdadlarımız bu dövrə qədər daş qələm, metal qələm, sümük qələm, qrifel, üçkünc taxta qələm, çubuq qələm, lələk qələm, qamış qələm, fırça kimi yazı alətlərindən istifadə etmişlər.

İ.Zəkiyev bu qiymətli əsərində qədim vaxtlarda və eramızın I-II minilliklərində Azərbaycanda hansı yazı materiallarından istifadə olunması məsələsinə də aydınlıq gətirir. Gil lövhələr, daş lövhələr, tunc löv-hələr, qrifel taxtaları (üstünə mum çəkilmiş lövhələr) saxsı, sümük, metal lövhələr, papirus, ipək parça, perqament (inək, keçi, ceyran, bəbir dərisi) kimi materiallarda kitablar yazması əcdadlarımızın kitab və yazı mədəniyyətinin zənginliyindən soraq verir. Alim qeyd edir ki, məşhur alman səyyahı Adam Oleari Səfəvilər dövründə Azərbaycan kitabxanalarını gəzərkən fırça ilə qızıl suyu və mürəkkəblə yazılmış xeyli kitab görüb heyrətə gəlib və nümunə üçün bir neçə səhifəni qoparıb Almaniya hökmdarına göstərmək üçün özü ilə aparıb. İ.Zəkiyev fırçanın kağızdan sonra yaranmasına dair fikrə etiraz edib göstərir ki, fırça eramızdan əvvəl, kağız isə eramızın 105-ci ilində kəşf edilib. Fırça ilə ipək parça üzərində yazılmış əlyazma kitabların hərfləri barmaq boyda olub. İ.Zəkiyev guya Azərbaycanın XX əsrin əvvəllərinə qədər kağızı, qələmi, və rəngi, kartonu əcnəbi ölkələrdən alması haqqındakı fikirləri də təkzib edir. Azərbaycanda ilk kağız fabrikinin XIII, XIV və XVI əsrlərdə yaranması haqqında üç müxtəlif fikri "şəxsi mülahizə" adlandıran müəllif göstərir ki, azərbaycanlı Əlfəz Bərməki 794-cü ildə Bağdadda ilk kağız fabrikini açıb...

İ.Zəkiyevin "Əsrlərin əks-sədası" kitabı və "Azərbaycan kitabının inkişaf yolu" fundamental monoqrafiyası ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur. Burada kitab mədəniyyəti, kitabxana tarixi, kitab çapı və vasitələri kimi istiqamətlər ümumi kulturoloji tariximiz kontekstində ciddi araşdırma predmetinə çevrilir.

Onun bir yazıçı-publisist kimi qələmə aldığı "Qonaqkənddən başlanan yol" (2001) və "Ömürdən səhifələr" (2004) sənədli povestləri zəngin həyatı müşahidələr əsasında insan və zaman münasibətlərini əks etdirən əsərlərdir.

Görkəmli sənayeçi və ictimai-siyasi xadim, millət vəkili Vahid Əhmədova həsr olunmuş "Qonaqkənddən başlanan yol" sənədli povesti böyük bir səmimiyyətlə yazılıb. Bu əsəri povest yox, həm həyat həqiqətini təcəssüm miqyasına, həm də bədii-tarixi dəyərinə görə sənədli roman adlandırmaq olar.

İ.Zəkiyevin "Heyrət doğuran qeyrət" (Bakı, "Nurlan" nəşr. 2008) poeması mərhum ictimai-siyasi xadim Ramiz Əhmədovun ömrünün son üç illik, əzablarla dolu xəstə həyatına, onun simasında ağrı ilə mübarizə edən insanın fiziki və mənəvi dözümünə, qürurlu şəxsiyyətin faciəvi taleyinə həsr olunub.


Tarix: 16.01.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 596 Bölmə: Şairlər və Yazıçılar