Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn İbrahimov

Ibrahimov Hüseyn Məmmədəli oğlu — nasir, 1952-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1998).


Həyatı

Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının indiki Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi başlayan Hüseyn İbrahimov 1941-1943-cü illərdə indiki Şərur rayonu komsomol komitəsinin birinci katibi, 1943-1947-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin katibi, 1947-1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaktor müavini, 1949-1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri işləmişdir. O, 1954-1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960-1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961-1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru olmuş, 1965-1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1975-1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır.

Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1940-cı illərin əvvəllərində şeirlə başlamışdır. Onun 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələridir. Hüseyn İbrahimovun xüsusən tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində əhəmiyyətli rol oynamışdır. Onun yaradıcılığında Azərbaycan mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları parlaq bədii təcəssümünü tapmışdır. Tanınmış yazıçı yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan bu əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr vermişdir. Yazıçının xarici dillərə tərcümə olunmuş bir çox əsərləri ölkəmizin hüdudlarından kənarda yayılaraq ədəbiyyatımızın şöhrətini daha da artırmışdır. Onun tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi dəyərli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır. Hüseyn İbrahimovun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, üç çağırış Naxçıvan Ali Sovetinin və bir çağırış Naxçıvan Ali Məclisinin deputatı, 1963-cü və 1967-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmişdir.

Hüseyn İbrahimovun Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Yazıçı 2008-ci il aprel ayının 10-da Bakıda vəfat etmişdir.

Əsərləri
1.Şirin xatirə (1963)
2.Sabahın sorağında (1966)
3.Bahar yağışı (1983)
4.Əsrin onda biri (1987)
5.Qu quşları öləndə oxuyurlar (1988)
6.Böhtan (1998)
7.Ata, qız və bostonlu Franklin (1999).


Tarix: 15.01.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Şairlər və Yazıçılar
loading...