beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Cəfər

Məmməd Cəfər (09.05.1909 – 11.05.1992) – Cəfərov Məmməd Zeynalabdin oğlu – tənqidçi, ədəbiyyatşünas, nasir, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycanın Əməkdar elm xadimi (1982).

Həyatı

Cəfərov Məmməd Zeynalabdin oğlu 1909-cu il mayın 9-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Burada ilk təhsilini aldıqdan sonra Naxçıvan pedaqoji texnikumunu bitirmişdir (1928-1932).

APİ-nin dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, «Gənc işçi», «Maarif işçisi» qəzetlərinin redaksiyalarında şöbə müdiri vəzifəsində işləmişdir (1932-1935). Həmin institutun |ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil almışdır (1935-1938). Ədəbiyyat fakültəsinin dekanı (1938-1939), Bakı ikiillik Müəllimlər İnstitutunda baş müəllim (1939-1941), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent, həmçinin «Ədəbiyyat qəzeti» redaksiyasında şöbə müdiri (1941-1943), Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini (1943-1945), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent, eyni zamanda «Ədəbiyyat qəzeti»nin redaktoru (1945-1949), ADU-nun filologiya fakültəsinin dekanı, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1949-1951), ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri (1951-1953), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Sovet ədəbiyyatı şöbəsinin (1959-1962), ədəbiyyat nəzəriyyəsi şöbəsinin (1963-1982) müdiri, institutun direktoru (1982-1984) olmuşdur. Azərbaycan EA ictimai elmlər bölməsinin akademik katibi (1984-1987).

Azərbaycan EA Əlyazmaları İnstitutunda baş elmi işçi (1987-ci ildən) vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə 1937-1938-ci illərdə «Kommunist», «Yeni yol» və «Ədəbiyyat qəzeti»ndə N.Q.Çernışevski, A.İ.Gertsen, V.Q.Belinski, Anri Barbüs, M.Qorki və V.Mayakovski kimi sənətkar yazıçılar haqqında dərc etdirdiyi məqalələrlə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxan elmi, ədəbi-tənqidi-publisist və bədii əsərləri onu elmi, ictimai və publisist fikrimizin mötəbər xadimi kimi tanıdır. Onun yaradıcılığı çoxcəhətli və geniş əhatəlidir: Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir. İlk bədii əsəri «Snayper İlyas» (B., Azərnəşr, 1942) oçerklərindən başqa əsərlərini «Zurnaçı», «M.N.», «Dəmdəməki», «Zorən təbib», «M.Zeynaloğlu» imzaları ilə çap etdirmişdir. Aspirant və dissertantlara elmi rəhbərlik etmiş, elmlər namizədi və elmlər doktorları yetişdirmiş, akademik Feyzulla Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX-XX əsrlər ədəbiyyat dərsliyini yaratmışdır. 30 ilə yaxın pedaqoji fəaliyyəti ərzində rus ədəbiyyatı, Qərb ədəbiyyatı, estetika və tənqid tarixi, mətbuat tarixi, Azərbaycan ədəbiyyatı tarixi kurslarını yaratmış və tədris etmişdir. Onun ədəbi-tənqidi və publisist əsərləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunmuşdur. «Mirzə Ələkbər Sabir» və «Cəlil Məmmədquluzadə» kitabları rus, ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində buraxılmışdır. Lenin ordeni, iki dəfə Şərəf Nişanı ordeni ilə təltif olunmuşdur.

1992-ci il mayın 11-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.


Tarix: 17.01.2013 / 11:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Şairlər və Yazıçılar