beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma

Alma gözəl pəhriz və müalicə ərzağıdır. Hələ qədim zamanlardan bilirdilər ki, gecə yeyilən alma sakit və yaxşı yuxu gətirir və mədəni yumşaq edir.
Keçən əsrdə almanı belə qiymətləndirirdilər: «Təzə alma, onun qaxı və bişmişi dadlı və faydalı ərzaq məhsuludur. O, qan azlığında və təngənəfəslikdə faydalıdır, əsəbləri sakitləşdirir və beyinin fəaliyyətini yaxşılaşdırır».
Həzm pozğunluğunda, avitominozda, qanazlığında və həddən artıq kök olanda isə alma pəhriz qidası kimi istifadə edilir.
Kolitin (yoğun bağırsağın iltihabı), dizinteriyanın, malyariyanın, qarın yatalağının müalicə olunmasında almanın istifadə olunma təcrübələri məlumdur.
Almanın tərkibində ürəyin fəaliyyətini normal saxlayan kaliumun olması onun faydalılığını bir daha artırır. Türşəng turşusunun orqanizmdən çıxarılmasına alma kömək edir. Almanın tərkibində olan pektin orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır və bədəndə olan zəhərli məhsulların xaric olmasına kömək edir. Orqanizmdə olan artıq xolestirinin bədəndən xaric olmasına səbəb olur.
Müəyyən edilibdir ki, almadakı pektin qrip virusunun inkişafını ləngidir. Amerikada soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün almadan istifadə təcrübəsi mövcuddur. Bu təcrübənin nəticəsində müəyyən edilmişdir ki, gündə 2-3 alma yedikdə soyuqdəymə xəstəliyinin miqdarı iki dəfə, hipertoniya (qan təzyiqi) xəstəliyinin miqdarı isə 6 dəfə azalır. Hətta gündə bir alma yedikdə də yaxşı nəticə əldə edilmişdir.
Almanın tərkibindəki, kalium ürək damarlarının əzələlərinin fəaliyyətini normallaşdırır. Almanın tərkibindəki pektin orqanizmdə zəhərli maddələri və ağır metalların duzlarını neytrallaşdırır və çıxardır: (kobaltı, qurğuşunu, nikeli). Qeyd etmək lazımdır ki, onu uzun müddət saxlayanda belə öz zərərsizləşdirici təsirini itirmir. Almalarda xlor mənşəli turşuların olması daş əmələ gəlməsinə qarşı profilaktik vasitə kimi istifadə edilməsinə əsas verir.
Xalq təbabətində təzə alma, alma çayı və bişmiş alma həzm prosesini yaxşılaşdırır, öskürəyi yumşaldır, revmatizm və böyrəkdaşı xəstəliklərində, qanazlığında, avitaminozda və miqrendə faydalıdır. Bişmiş alma xroniki qəbizlikdə, təzə alma sklerozda və sidikqovucu kimi də faydalıdır.
Şərq təbabətində ürək və beyin xəstəliklərində alma müalicə vasitəsi kimi istifadə edilirdi, onunla sklerozu və qan təzyiqini müalicə edirlər.
Son illərin tədqiqatları göstərir ki, almanın ayrı-ayrı növləri C və P vitaminləri ilə zəngin olduğu üçün, doğrudan da, aterosklerozda, hipertoniyada və revmatizmdə faydalıdır.
Şəkər xəstəliyində və piylənmədə turş alma növləri məsləhətdir. Ürək-damar xəstəliklərində, podoqrada (oynaq və toxuma xəstəlikləri), böyrəkdə və sidik kisəsində daş olanda almanın şirin növləri faydalıdır. Duz mübadiləsini yaxşılaşdırmaq üçün alma çayı təyin edilir. Alma çayı belə hazırlanır: 2 - 3 ədəd alma təmizlənib, yuyulur və doğranır, bir litr suda 15 dəqiqə qaynadılır. İsti alma həlimi kəskin respitator xəstəliklərində öskürəkdə, səs tellərinin iltihabında və xırıltısında kömək edir. Turş alma növlərindən hazırlanan şirənin tərkibindəki dəmir, qan azlığını müalicə etmək üçün işlədilir.
Turş və turşməzə alma yemək və ya onun şirəsini sıxıb içmək qan təzyiqini sakitləşdirir. Piylənmə zamanı çəkini azaltmaq üçün alma günü məsləhət görülür. Bu məqsədlə 1,5 kq alma ayrılıb beş hissəyə bölünür. Gün ərzində beş dəfə yeyilir. Həmin gün orqanizm su tələb etmədiyi üçün insanın çəkisi 0,5 - 1,0 kq azalır. Bu məqsədlə turş alma daha səmərəlidir. Xəstəlik zamanı insan orqanizmindən küllü miqdarda maddələr ayrılır ki, bu maddələri (məhsulları) bədəndən xaric etmək üçün acqarına çiy alma yemək məsləhətdir. Yadda saxlamaq lazımdır ki, çiy alma mədə və onikibarmaq bağırsaq yarası olanda zərərlidir və yemək olmaz.
Sağlamlıq üçün bir almanı səhər, gözəllik üçün isə ikinci almanı axşam yemək məsləhətdir.

Reseptlər. Qan azlığında gündə 2 - 3 dəfə yeməkdən qabaq 3 - 5 alma yemək məsləhət görülür.

İştahanı artırmaq və qəbizliyin qabağını almaq üçün yeməkdən qabaq qabığını soymadan 2 - 3 alma yemək lazımdır.

Alma çayı yuxarıda göstərilən bütün xəstəliklərdə yaxşı nəticə verir.

Böyrəklərdə və sidik kisəsində daş olanda alma qabığının çayı kömək edir: 1 x.qaşığı qurudulmuş alma qabığını 1 stəkan qaynanmış qaynar su ilə çay kimi dəmləmək. Yeməkdən qabaq ½ stəkan gündə 5 - 6 dəfə qəbul etmək. Tərlədici və vitamin mənbəyi kimi yarpaqlarından istifadə edilir. Bunun üçün xırdalanmış yarpaqları 1:4 nisbətində qaynar su ilə su hamamında 15 dəqiqə dəmlənir, soyudulur, süzülür və yeməkdən qabaq gündə 4 - 5 dəfə 2 - 3 x.qaşığı qəbul edilir.

Təzə almaları kompot kimi istifadə etmək daha faydalıdır. Belə hesab edilir ki, almanın meyvəsində C vitaminini oksidləşdirmə qabiliyyətinə malik olan maddələr vardır. Almadan kompot bişirəndə termiki emal bu maddələri məhv edir və orqanizmə daxil olan C vitamininin miqdarı artır.

Alma kompotu ürək, qaraciyər və böyrək xəstəliklərində faydalıdır.

Gündə 2 - 3 alma yemək qanda olan xolestrinin miqdarını azaldır. Alma insan orqanizminə radiasiyanın mənfi təsirini azaldır. Bu yaxınlarda alimlər müəyyən etmişlər ki, almanın qabığındakı flavonoidlər xərçəng xəstəliyinə müqavimətgöstərmə qabiliyyətinə malikdir.

Boğaz iltihabında almanı və soğanı sürtgəcdən keçirdib bərabər nisbətdə bala qatmaq. Gündə 2 - 3 dəfə 2 - 3 çay qaşığı qəbul etmək.

Öskürək və xırıltıda. 3 ədəd təmizlənməmiş almanı yumaq, xırda dilimlərə bölüb 1 litr su töküb 35 dəq. qaynatmaq. İsti-isti gündə 2-3 stəkan içmək.

Mədə-bağırsaq xəstəliklərində. Qastritdə: Göy alma növündən 2-ədəd götürüb qabığını və özəyini təmizləmək, xırda sürtgəcdən keçirdib səhər tezdən yemək. Müalicəni aşağıdakı qaydada aparmaq: birinci ay – hər gün, 2-ci ay həftədə 2 - 3 dəfə, 3-cü ay həftədə bir dəfə. Bunu axşamlar qəbul etməmək məsləhət görülür.

Mədə xorasında (katar): 1 çay qaşığı quru çiçəklərini 1 stəkan qaynanmış su töküb 30 dəq. dəmləmək. Kiçik qurtumlarla gün ərzində içmək.

Qaraciyər və ödyolları xəstəliklərində 0,5 litr alma şirəsində 75 qr. balı həll edib gündə 3 - 4 dəfə 0,5 stəkan içmək.

Alma sirkəsi bir çox xəstəliklərdə müalicəvi təsir göstərir. Alma sirkəsinin əsas (xüsusiyyəti) qabiliyyəti ondan ibarətdir ki, o, kaliumla, mineral elementləri – fosforu, xloru, natriumu, magneziumu, kalsiumu, kükürdü, dəmiri, ftoru, silisiumu əlaqələndirir. Bununla da onun dərman universallığı izah olunur.

Xroniki yorğunluq – xəstəliyinin səbəbi bədəndə yod çatışmazlığıdır. Orqanizmdə yod çatmadıqda: iş qabiliyyəti azalır, yaddaş zəifləyir, insan əsəbi olur, qulaqlarda səs, oynaqlarda ağrı olur.

Resept: 1 stəkan qaynanmış suya

1 ç.qaşığı alma sirkəsi

1 ç.qaşığı bal

1 damcı yod

Bunları qarışdırıb gündə 1 dəfə yeməkdən sonra içmək.

Bir ay ərzində 8 gün içib 2-gün fasilə etmək.

1 ç.qaşığı alma sirkəsini 1 stəkan alma şirəsinə qatıb 1 damcı 5%-li yod töküb qarışdırmaq, yemək vaxtı qurtum-qurtum içmək. Bu əsəb gərginliyində, çox acıqlananda və yuxusuzluqda faydalıdır.

Ağır formalı titrətmə - qızdırmada 1 stəkan suya 2 ç.qaşığı alma sirkəsi və 2 ç.qaşığı bal töküb içmək. Bu, xəstəliyin bütün əlamətlərini aradan qaldırır. Bu qatışığı səhər yeməyinə qədər və gecə içmək məsləhətdir.

Dəmrov xəstəliklərində su qatılmamış alma sirkəsindən kompres qoymaq məsləhət görülür. Alma sirkəsindən kompres sutkada 6-dəfəyə qədər qoyulur və dəmrov tez bir zamanda sağalır.

Alma sirkəsi gözəl antiseptik vasitədir.

Həddən artıq kökəlmədə və artıq çəkidən xilas olmaq üçün alma sirkəsindən istifadə edilə bilər. Bunun üçün hər yemək vaxtı 1 stəkan suya 2 ç.qaşığı alma sirkəsi töküb içmək. 2 aydan sonra nəticə göz qabağında olacaqdır.

Oynaqlarda kəskin podaqra tutmalarında zədələnmiş oynaqlara isladılmış alma dilimindən gecə vaxtı kompres qoyulur, səhər kompres götürülür. Bu müalicə 2 - 3 həftə ağrı çəkilənə, şiş yumşalana qədər davam etdirilir. Şirəli (sulu) alma daha faydalıdır.

Zob xəstəliyində çoxlu yetişmiş alma yemək məsləhət görülür.

Yanıq zamanı alma sirkəsində isladılmış sarıq bağlamaq yaxşıdır. Bu ağrını azaldır və suluq əmələ gəlməsinin qarşısını alır.

Anginada ağız və boğazı alma sirkəsi ilə qarqara etmək. Qarqaranı əvvəl hər 1 saatdan bir etmək, ağrı azaldıqdan sonra isə hər iki saatdan bir etmək. Qarqara çox böyük səmərə verir, o halda ki, bu məhluldan azca udasan. Bu üsulla 24 saat ərzində anginanı müalicə etmək olar.

Varikozlu venaların üstünə alma sirkəsi töküb massaj etmək. Bir aydan sonra yaxşı nəticə özünü göstərəcək.

Oynaqların zədələnməsində (artritdə) çox ağrı olanda alma sirkəsi yaxşı kömək edir. Bunun üçün hər yeməkdən sonra 10 ç.qaşığı alma şirəsini 1 stəkan suya töküb içmək. Axşama kimi ağrı tədricən azalır, ayın axırında isə tamamilə keçib gedir.

Xroniki yorğunluqda və yuxusuzluqda xalq təbabəti 3 ç.qaşığı alma sirkəsinin 1 fincan balla qatışığını çox yaxşı dərman hesab edir. Bu qatışıqdan yatmazdan qabaq 2 ç.qaşığı qəbul etmək (lazım gəlsə 4 ç.qaşığı da qəbul etmək olar).

Hipertoniyada xalq təbabəti hər gün 4 stəkan meyvə şirəsinə ekvivalent meyvə yeməyi məsləhət görür. Bu alma, üzüm, quşüzümü və onların şirəsi ola bilər. Bu məqsədlə 1 stəkan suya 2 ç.qaşığı alma sirkəsi töküb gündə 3 - 4 dəfə bir ay və daha çox müddətdə qəbul etmək olar.

Xalq təbabətində alma sirkəsindən miqreni müalicə etmək üçün istifadə edilir. Bunun üçün qazana bərabər miqdar alma sirkəsi və su tökülür, yavaş odun üstündə qaynayana qədər qızdırılır. Bu mayenin üstündən buxar qalxanda, xəstə başını tazın üstünə əyib bu buxardan 75 dəfə nəfəs alır. Bundan sonra baş ağrısı tamamilə kəsilir və ya azalır. Belə buxar vannası baş ağrısında həbi əvəz edə bilir.

Başı yuduqdan sonra 1 litr suya 1 x.qaşığı alma sirkəsi qatıb başı yaxalamaq. Bu saçların tökülməsinin qarşısını alır.

Səs xırıltılı və boğuq olduqda yuyulmuş və təmizlənməmiş təzə 3 - 5 almanı 1 litr su töküb 10 - 15 dəq bişirmək, 4 saat dəmləmək. Gündə bir neçə dəfə isti-isti içmək. Soyuqdəymədən əmələ gələn öskürəkdə və səs tellərində şiş olanda kömək edir.

Gündə iki dəfə və hər dəfə 1 stəkan alma şirəsi içmək, orqanizmin kaliuma olan tələbini ödəyir.

Alma şirəsi mədə-bağırsaq sisteminin vəziyyətinə yaxşılaşdırıcı təsir göstərir.

Alman tədqiqatçıları müəyyən edibdir ki, alma yeyənlərin, alma şirəsi içənlərin və alma püresi yeyənlərin bağırsaq xərçənginə tutulmaq riski azalır.

Amerika alimləri müəyyən ediblər ki, aktiv alma yeyənlər alma yeməyənlərdən 3 dəfə az hipertoniya xəstəliyinə tutulur.

Həddən artıq yorğunluqda, üzgün və zəiflikdə 6 ədəd göy antonovka və ya simerenko almasını xırda hissələrə doğramaq, 400 qr. donuzun (porsuğun, ayının, qoyunun) iç yağı ilə qarışdırıb duxovkada sakit odda əridib pörtmək, (yandırmamaq) 12 ədəd toyuq yumurtasının sarısını 1 stəkan şəkərlə və 400 qr üyüdülmüş şokoladla yaxşı çalıb qarışdırmaq. Bunları soyumuş alma və yağa qatmaq və yaxşı qarışdırmaq. Soyuducuda saxlamaq. Gündə 3 - 4 dəfə çörəyin üstünə yaxıb qaynar süd içməklə yemək. Bu resept kök adamlar üçün yaramır. Arıq, üzülmüş adamlar üçün çox faydalıdır. Bir həftədə çəki 800 qr-dan 2,5 kq-a qədər artır.

Qadınların döşlərinin gilələrində çat olanda təzə almanı sürtkəcdən keçirdib bərabər miqdar kərə yağı ilə qatıb döşün gilələrinin çatlarına sürtmək.

Almanı toxumlar ilə yemək lazımdır, almanın toxumlarında olan yod sutkalıq normanı ödəyir.

1 - 2 çay qaşığı alma sirkəsini 1 stəkan qaynanmış suya (1 stəkan alma şirəsinə də olar) töküb 1 - 2 çay qaşığı bal və bir damcı lüqol əlavə edib içmək. Bu qatışığı yeməkdən qabaq, yemək vaxtı və ya yeməkdən sonra səhər və axşam qəbul etmək olar. Məhluldakı kalium orqanizmi boşaldır, gərginliyi çıxardır və dincəlmə şəraiti yaradır. Yod orqanizmin optimist əhval-ruhiyə yaradan mexanizmi fəaliyyətə gətirir, sakitliyə və dincliyə meyl oyadır, qida maddələri ehtiyatının yaranmasına kömək edir. Bu məhlulun qəbulunu o vaxta qədər davam etdirmək olar ki, burundan selik axsın, burundan selik axanda orqanizm yodla doyduğu üçün məhlulun qəbulunu dayandırmalı.

Səhər ac qarına 1 stəkan qaynar suya 1 ç.qaşığı bal və 1 ç.qaşığı alma sirkəsi töküb içmək çox faydalıdır. Qaynar su orqanizmi təmizləyir, bal orqanizmi lazım olan mikroelementlərlə təmin edir, alma sirkəsindəki kalium ürəyi möhkəmlədir.

Mədə turşuluğu sıfır olanda (axiliyada) 2 - 3 ədəd göy almanı (antonovka və ya sumerenko) sürtkəcin xırda gözündən keçirtmək və səhər ac qarına yemək. Bundan sonra 3,5 - 4 saat heç nə yeməmək. Bunu 1 ay hər gün etmək. 2-ci ay isə bir gündən bir, 3-cü ay 2 gündən bir, 4-cü ay həftədə 1 dəfə yemək məsləhətdir.

Katarakt xəstəliyində almanın üst tərəfini kəsb özəyini təmizləmək. Almanın içinə bal töküb kəsilmiş alma hissəsi ilə (örtmək) bağlamırıq. 2 gün sonra almanın içindəki bal-alma şirəsini şüşə bankaya süzmək. Səhər və axşam gözlərə 2 damcı tökmək lazımdır.

Təzyiq yuxarı olanda kömək edir: 6 x.qaşığı alma sirkəsi; 6 x.qaşığı bal. Bunları bir yerdə qarışdırmaq. Yemək vaxtı və gecə 1 desert qaşığı hər gün bütün il boyu fasiləsiz qəbul etmək. Təzyiq aşağı düşür baş ağrısı keçir, yuxu yaxşılaşır.

Orqanizmdə molekulyar dəmir çatışmazlığında alma yemək məsləhət görülür.

Alma sirkəsinin hazırlanması üsulu (amerkan Carvis üsulu)

Almalar yuyulur, çürük və xarab hissələr kəsilib atılaraq təmizlənir. Bundan sonra almalar qabıqları, özəyi və toxumları ilə birlikdə ət maşınından keçirilir. Alınan alma sıyığı münasib qaba (bankaya) tökülür. Bundan sonra hər 0,4 kq alma sıyığına 0,5 litr əvvəlcədən qaynadılmış isti su tökülür (məsələn, 4 kq alma sıyığına 5 litr su qatılır). Hər bir litr suya şirin almaya 50 qr, turş almaya isə 100 qr bal və ya şəkər, hər litr suya 10 qram çörək mayası və hər litr suya 20 qram quru qara çörək qatılır.

Bütün bu qatışıq ağzı açıq qabda 20 - 300C temperaturlu evdə saxlanır (qabın ağzı geniş olmalıdır). Alma sirkəsi hazırlanan qab şüşə (banka) və ya taxtadan ola bilər.

Sirkə hazırlanan qab qaranlıq yerdə saxlanmalıdır.

Birinci qıcqırma mərhələsi 10 gün (20 - 300C) davam edir, alma sıyığı gündə 2 - 3 dəfə taxta qaşıqla qarışdırılır. Bundan sonra tənzif kisəyə tökülərək süzülür. Alınan şirə (sirkə) yenə də tənzifdən süzülür. Alınan şirəyə (sirkəyə) hər bir litrə 50 - 100 qram bal və ya şəkər qatmaq. İkinci qıcqırma mərhələsində bankanın ağzı tənziflə bağlanır və isti yerdə saxlanır ki, qıcqırma davam etsin.

Maye (sirkə) sakitləşəndə və durulanda qıcqırma başa çatmış hesab olunur. Bundan 40-60 gün keçəndən sonra alma sirkəsi hazır olacaqdır. Sirkə hazır olandan sonra butulkalara süzülür, ağızları möhkəm bağlanaraq sərin yerdə saxlanır.


Tarix: 22.08.2012 / 02:08 Müəllif: [Ram] Baxılıb: 5368 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər