Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnqilab Kərimov

Teatrşünas. Ssenari müəllifi.

Həyatı

Azərbaycanın peşəkar teatrşünas nəslinə mənsub olan İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay rayonunda doğulub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb (1948 - 1953). İnqilab Kərimov 1957-ci il noyabrın 25-dən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Gələcəyin alimi burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. Hazırda həmin institutda teatr, kino və televiziya şöbəsinin müdiri vəzifəsində işləyir. Alim-tədqiqatçı İnqilab Kərimov 1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edir. Həmin universitetin professorudur. "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə edib. "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri) adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. İnqilab Kərimov 120-yə yaxın elmi əsərin müəllifidir. Onlardan 20-si monoqrafiya və kitab şəklindədir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" kitabları var. Görkəmli alim, yorulmaz tədqiqatçı, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı çoxlu elmi əsərlərin müəllifidir. Alim mətbuatda "İnqilab" imzası ilə çıxış edir. İnqilab Kərimov 2001-ci ildə Azərbaycan MEA-nm müxbir üzvü seçilib.

Azərbaycanın tanınmış teatrşünası, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, AMEA-nın müxbir üzvü İnqilab Kərimov 22 İyul 2011-ci ildə vəfat edib. Verilən məlumatlara görə, İnqilab Kərimov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. Mərhumla vida mərasimi iyulun 23-də yaşadığı mənzildə keçiriləcək. Teatrşünas elə yaşadığı mənzildən son mənzilə yola salınacaq. Vida mərasimi iyulun 23 saat 12:00-da başlanır.

Allah rəhmət eləsin!


Tarix: 16.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Şairlər və Yazıçılar
loading...