Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Şərif

Hüseyn Şərif ( 1909-cu il- 1989-cu il)—Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi.

Həyatı

O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr olunan bu ədəbi dərginin səhifələrində Əziz Şərif, Əmin Abid, Əli Nazim, Eynəli bəy Sultanov kimi şəxsiyyətlərin imzalarına rast gəlmək olar. Hüseyn Şərifin "Şükufə" adlı ilk hekayəsi də həmin jurnalın səhifələrində dərc olunmuşdu. 30-cu illərin əvvəllərində yazıçı bədii yaradıcılığını davam etdirə-etdirə pedaqoji fəaliyyət də göstərirdi. O, bir müddət Xaçmaz, Balakən rayonlarında müəllim işləmiş, 1932-ci ildə isə yenidən Gürcüstana qayıtmış, orada Borçalı rayon maarif şöbəsinə müdir təyin olunmuşdur. 1934-cü ilin sonundan başlayaraq Hüseyn Şərifin ömür yolu Bakıyla bağlıdır. Bakıya köçən yazıçı burada müxtəlif məsul vəzifələrdə çalışır. Bu vəzifələr isə onu ədəbiyyata, xüsusən də tərcüməçilik sənətinə daha möhkəm bağlayır. 1936-1937-ci illər onun Moskvada "Pravda" adına ikiillik Jurnalistlər İnstitutunda təhsili istisna olunarsa o, ömrünün sonuna – 1989-cu il martın 25-ə kimi daim sənət adamları içərisində, xüsusən də ədəbi aləmlə ünsiyyətdə olmuşdur. O, Azərbaycan SSR Baş mətbuat İdarəsində siyasi redaktor (1934-1935), "Azərnəşr"də tərcüməçi, redaktor, bədii ədəbiyyat şöbəsinin müdiri (1938-1940) işləyəndə də, Azərbaycan Baş mətbuat idarəsinin rəisi olanda da, Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdiri, Respublika Radio Komitəsinin sədri (1942-1944) kimi məsul vəzifələri aparanda da işi ədəbi mühitlə sıx bağlı idi. Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Rəsul Rzayla dostluqları sonralar onun "Xatirələr" kitabında öz əksini tapmışdır. Yazıçının ömrünün son ilində, 1989-cu ildə nəşr olunan bu kitabda yuxarıda adları çəkilən sənətkarların həyatlarının gələcək nəsillərə örnək ola biləcək məqamları açıqlanır.

Atasının irsinə böyük ehtiramla, həssaslıqla yanaşan, onun haqıqnda yazılanların dəqiq saf-çürük edən Turan Cavidin sağlığında dərc olunan bu "Xatirələr"dən görünür ki, böyük dramaturqun ülfət bağladığı, mehrini saldığı, yaş fərqinə baxmayaraq dostluq etdiyi gənclərdən biri də Hüseyn Şərif olmuşdur.

Yaradıcılığı

A.N.Radişevin "Peterburqdan Moskvaya səyahət", V.T.Korolenkonun "Yurdsuz uşaqlar", İ.A.Qonçarovun "Oblomov", K.Markovun "Ata və oğul", V.A.Aksyonovun "Həmkarlar", L.Qrosmanın "Dostoyevski", A.Buninin "Povest və hekayələri"ni, İ.Yefremovun "Dumanlı Andromeda", A.Rıbakovun "Sürücülər", F.Dostoyevskinin "İdiot" və s. dilimizə tərcümə etmişdir. H.Şərif eyni zamanda tərcüməçilik sənəti ilə bağlı bir sıra nəzəri məqalələrin də müəllifidir. Bu qəbildən onun "M.Arifin tərcümə etdiyi L.Tolstoyun "Hərb və sülh" əsərinin tərcüməsi haqqında" ("Kommunist", 1948, 17 iyul), "Moskvadan uzaqlarda" romanının tərcüməsi haqqında" ("Ədəbiyyat qəzeti", 1952, 25 iyun), "Bədii tərcümə" ("Ədəbiyyat və incəsənət", 1954, 3 aprel), "Bədii tərcümə ancaq yaradıcı olmalıdır" ("Ədəbiyyat və incəsənət", 1967, 18 mart), "Bədii nəsr və tərcümə" ("Azərbaycan", 1967, №7), M.Şoloxovun tərcümə təcrübəsindən" ("Ədəbiyyat və incəsənət", 1975, 24 may) və s. məqalələrini nümunə göstərmək olar.


Tarix: 15.01.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1106 Bölmə: Şairlər və Yazıçılar
loading...