beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Davud Nəsib

Nəsibov Davud Məcid oğlu - şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986)

Həyatı

Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959-1963).

Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım - Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını doğma dilə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir (1966-1969).

Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971-1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur (1978-1980).

ÜİLKGİ - XVU qurultayına nümayəndə seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü. 2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.

Əsərləri
1. Gözüm səni axtarır. Bakı: Azərnəşr, 1966, 31 səh.
2. Dağlar danışsaydı. Bakı: Gənclik, 1969, 49 səh.
3. Məhəbbət yolları. Bakı: Gənclik, 1973, 110 səh.
4. Ürək sözsüz danışır. Bakı: Gənclik, 1976, 134 səh.
5. Ümid qatarı. Bakı: Gənclik, 1979, 133 səh.
6. Bizdən sonra yaşayanlar. Bakı: Yazıçı, 1981, 174 səh.
7. Əsrin laylası. Bakı: Gənclik, 1982, 223 səh.
8. Azərbaycan bayatısı (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 208 səh.
9. Dünya bir körpüdür, Bakı: Yazıçı, 1987, 183 səh.
10.Karvan gedir. Bakı: Yazıçı, 1991, 191 səh.

Tərcümələri
1.Mikloş Radnoti. Yaralı Ağılar. Bakı: Yazıçı, 118 səh.

Yaradıcılığı

SIĞINDIM

Xain gözlər geniş qəlbə oxdular,
Vay varlıdan, yenə aclar toxdular.
Bəziləri qar-çovğundan qorxdular,
Titrəsəm də bir az qışa sığındım.

İlk məhəbbət, son məhəbbət təmizdi,
Xatirimdə xatirəsi bir izdir.
Ötən günlər bu günlərdən əzizdir, -
Xatirəyə, mən yaddaşa sığındım.

Çoxlarına təmənnasız yarıdım,
Bu yollarda deyən o söz... qarıdım.
Mən həyatda ata qəbri aradım,
Qəbristanda ana daşa sığındım.

İnanmadım hər söhbətə, hər sözə,
Can atmadım görünməyə hər gözə.
Nəvə günü, baba günü möcüzə, -
İllər keçdi, ömrə-yaşa sığındım.

Baxdım, səddir aramızda, qılınca,
Baş qoyanda o gözəllə balınca.
Sürünmədim var-dövlətin dalınca,
Nurlu eşqə, müdrik başa sığındım.

Neçə yurdu, el-obanı dolaşdım,
Mərd uğrunda namərdlərlə savaşdım.
Haq axtarıb, - dərə keçdim, dağ aşdım;
Büdrəyəndə yaşıl döşə sığındım!

Kədər mənə, mən kədərə bələdəm,
Qəm-qüssəmi doğma, əziz elədim.
Mən Davudam, xasiyyətim belədi, -
Nə qohuma, nə yoldaşa sığındım.

QALMAYIB

Gec açılan tez solub,
Güldə təpər qalmayıb.
Sinəm kədərlə dolub,
Sevincə yer qalmayıb.

Qəm kədərə calanıb,
Aran, arana həsrət.
Dağ üstə dağ qalanıb,
Dağlar borana həsrət.

Deyən yoxdur bəs nədən
Dünya yaman qarışır?
Niyə qabaqda gedən
Niyə dalda danışır?

Dəli könül, ağlama,
Yaş bəbəkdə sozalıb.
Yada ümid bağlama,
Dosta inam azalıb.

Zamandımı günahkar? -
Vallah, deyə bilmərəm.
Nə qədər ki, dərdli var,
Sevinmərəm, gülmərəm.

Sellərin axışına
Dözməyib, daş göyərir.
Mərdin şax baxışına
Namərdin gözü dəyir.

Saçların qırov-qar ki... -
Duman alıb, çən alıb.
Bircə təsəllim var ki,
Nə yaxşı ürəyimdə
Torpağın odu qalıb.

QUMRU QUŞLARI

Pənah gətirərək Cənubdan bizə
Bu yerə yenicə alışırdılar;
Dayanıb üz-üzə, baxıb göz-gözə
Hər axşam, hər səhər danışırdılar.

Kimdən incidilər, nədən küsdülər? -
Uçdular - getdilər Qumru quşları.
Yolunu bağlayıb bəlkə kəsdilər
Zamanın, dövranın qara daşları.

Bəlkə dalınca mən də qaçardım,
Ürəyim çatlayıb yarılmasaydı.
Uçardım sizinlə, elə uçardım
Əgər qanadlarım qırılmasaydı.

Hardan uçmuşdunuz, köç etmişdiniz,
Kim saldı vətəndən sizi didərgin?
Buranı gəlməyə seç etmişdiniz, -
Buranın obası, düzü didərgin.

Siz də didərginsiz, biz də didərgin...
Dünyanın hər yeri əsəbi, gərgin...
Didərgin olmuşuq vətəndə də biz.
Gəlib bu yerdə də görüb didərgin
Onunçün buranı tərk eləmisiz.

Azadlıq yerinə, azad yerinə
Çatıldı zamanın qara qaşları;
Qarışdı bu yerdə biri-birinə
Quşun göz yaşıyla insan yaşları.

Riyadan, davadan-dalaşdan uzaq,
Oğrudan, yalandan-yanlışdan uzaq
Uçub, bu dünyada hər yerə dəyin,
Tapsanız, çətin ki, mənə də deyin.

İstər ağlat məni, ya güldür məni,
İstər dirilt məni, ya öldür məni
İnana bilmirəm dünya dəyişsin,
Göydən bu dünyaya səadət düşsün;
Orda da belədir, burda da elə,
Göydə də belədir, yerdə də elə.

Tanrı quşlarısız, Qumru quşları,
Biz də sizin kimi Tanrı övladı
Dünyanı yaradan bilirmi barı
Onun yaratdığı bu nə dünyadı?

Görməyib, neyləsin yazıq kasıblar...
Nemət qucaq-qucaq, var qucaq-qucaq;
Çəkir qabağına süfrədə nə var,
Hər kəs özü üçün yaşayır ancaq.
Basır üst-üstünə tamah-tamahı,
Tamahı olanın olmur Allahı.
Hara getməliyik, Qumru quşları?
Məni qınamayın, deyəsən tapdım:
Gora getməliyik, Qumru quşları.

HƏR ŞEYDƏN QABAQ...

İnsanam həmişə, hər vaxt, hər anda,
Gözümdə gecəni mən dan etmişəm.
Ən yaxşı şerimi bir dost yolunda
Vaxtında yazmayıb qurban etmişəm.

Görən hansı haya-haraya gedir
Bu şosse yolları, dəmir yolları?
Özü də bilməyir haraya gedir
Qoşulub qatara ömür yolları.

Hərdən düşünməyib, fikrə dalmayıb
Unudub həyatda dərin qatları,
Bəzən özümüzdən asılı olmayıb
Mənasız sürürük köhlən atları.

Hər şeyin, hər kəsin öz yeri varmış,
Yersiz qayğıları çəkmişəm, düzü...
Hələ doğulmamış, heç yaranmamış
İçimdə öldürüb, boğmuşam sizi.

Övladdır şairə, doğmadır, əziz,
...Görünür hardasa mən koram, karam;
Ölən şerlərim, bağışlayın siz,
Bu ağır itkiyə mən günahkaram.

Bircə təsəllim var:
Çiynimdə bir dağ
Torpağa bağlıyam, yerə bağlıyam;
Həyatda şairdən, şerdən qabaq
Axı, mən insanam, insan oğluyam.
İnsan düzəlməlidir

Ya sonra axtarır, əzəl axtarır,
Qəlbin istəyini əlimiz dərmir.
Çox vaxt gözlərimiz gözəl axtarır,
Niyə ürəyimiz gözəli görmür?

Binanı saxlayan qara daşdısa,
Mərmər parıltısı ağardır üzü.
Ürək yanıldısa, ürək çaşdısa,
Gözün öz işi var, qınama gözü.

Ağrıdır görəndə bu yeri, göyü, -
Qurunun oduna yanan yaşları.
Gözümüz oxşayır mərmər örtüyü,
Himdə unuduruq qara daşları.

Tanrı övladının işinə bir bax, -
Sökən də, tikən öz əməlidir.
Nə var, özü edir,
Hər şeydən qabaq
Əvvəl insan özü düzəlməlidir.


OLUR

Qönçələnən açıb gülsə,
Yay qədrini bahar bilsə,
Öz vaxtında payız gəlsə,
Vədəsində qış-qış olur.

Qaya laldır - düşüb bəndə,
Anlayırıq - sən də, mən də.
Divarlara hörüləndə
Dilə gəlir, daş-daş olur.

Əyri çoxsa, düz neyləsin?
Qanan yoxsa, söz neyləsin?
Nəyə baxsa, göz neyləsin? -
Ürək qəmsə, yaş-yaş olur.

Hara getsə, hara varsa,
Yol açıqdır, zəka varsa.
Anlayırsa, anladırsa,
Düşünürsə, baş-baş olur.

Ömrü-günü saya-saya
Biz nə verdik bu dünyaya?
Dəryaları tök quyuya,
Fərqi yoxdur, boş-boş olur.

Ürəyində bitən günün,
Yetən günün, itən günün,
Mənalısa ötən günün
Onda de ki, yaş-yaş olur.


Tarix: 14.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1195 Bölmə: Şairlər və Yazıçılar