Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xilə-əfşan xalçaları

Xilə–əfşan xalçaları – Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Xilə-əfşan" xalçaları öz adını Bakı şəhərindən 15 km-lik məsafədə yerləşən Abşeron yarımadasının inzibati ərazi vahidindəki Xilə kəndinin adı ilə adlandırılmışdır. “Əfşan” sözünün lüğəti mənası – səpmək, xırdalamaq, rəngbərəng deməkdir. Bu xalçalar sonrakı dövrlərdə Bülbülə və Suraxanı xalçaçılıq məntəqələrində də istehsal edilməyə başlamışdır. Xalq arasında "Sacayağı" adı ilə daha çox tanınan bu xalçaları bəzi xarici müəlliflər öz əsərlərində bir çox halda "Şirvan", bəziləri isə səhvən "Dərbənd" adlandırırlar.

Bədii analiz

"Xilə-əfşan" xalçasının ara sahəsinin kompozisiyası "Qədim Əfşan" və "Güllü Əfşan" xalçaları adlanan iki növə ayrılır.

"Qədim Əfşan" xalçaları — ara sahənin kompozisiyası enli şəbəkə prinsipi ilə qurulmuşdur. Bu şəbəkədə açıq fonlu xonçalar sxemyaradıcı funksiyanı yerinə yetirirlər. Xonçalar kontur və daxili tərtibat etibarilə nəbati mənşəlidir. Mərkəzin sərbəst yerləri də başqa formada və ölçüdə olan xonçalarla doldurulmuşdur. Bütün elementlər öz aralarında nazik xətlərlə birləşmişdir. Bu xətlər də bitki mənşəlidir. Nəticədə əmələ gələn naxışı həm şaquli, həm də üfiqi istiqamətdə oxumaq olur.

"Əfşan" kompozisiyası Təbriz qrupundan olan xalçalarda da istifadə olunur. Xalçaçılığın inkişaf etdiyi Ərdəbil, Sərab, Qaracadağ kimi şəhərlərdə yayılmış bu mürəkkəb kompozisiya Təbriz şəhəri üçün xüsusilə xarakterikdir. Bu səbəbdən də o «Əfşan - Təbriz» adı ilə tanınır.

"Əfşan" xalçaları tarixi Azərbaycanın şimal - şərqində istehsal olunsa da (Mərəzə, Bico), onların mürəkkəb kompozisiyası "Bakı-Xilə" xalça qrupuna xas olub, "Xilə-əfşan" adı ilə tanınır.

"Güllü Əfşan" xalçaları — kompozisiyanın əsas fərqi ondan ibarətdir ki, onun böyük məsafəli hər bir rapportu müstəqil olub xalçanın ara sahəsinin dörddə bir hissəsini təşkil edir. Bundan başqa, «Əfşan» kompozisiyası "Xilə" üçün xarakterik olan və ortada yerləşdirilən göllə tamamlanır.

Köbə zolağı ara haşiyədən və onun hər iki tərəfində olan iki kiçik haşiyədən ibarətdir. "Göllü Əfşan" kompozisiyasını dövrələyən köbə daha mürəkkəbdir: köbə zolaqlarına dörd və ya iki mədahil də əlavə olunur. Orta haşiyə "Qədim heykəl" adlanır. "Xilə-əfşan" xalçalarının ara sahəsinin fonu əksər hallarda sürməyi, bəzən firuzəyi, mavi, qırmızı və ya ağ olur. Künclərin, göllərin və köbə zolaqlarının rəngi ara sahənin fonuna uyğun gəlir.[1]

Texniki xüsusiyyətlər

"Xilə-əfşa xalçaları"nın ölçüsü 130x200 sm-dən 150x250 sm-ə qədər ola bilər. Bu xalçaçılıq məntəqələrində əksər hallarda uzunsov xalçalar istehsal olunurdu.

"Xilə-əfşa xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 40x40 ilmədən 45x45 ilməyə qədər olur. Bir kvadrat metrdə olan ilmələrin sayı 160 min ilmədən 200 min ilmə arasında dəyişir.

"Xilə-əfşa xalçaları"nın xovunun hündürlüyü 5-7 mm-dir.


Tarix: 24.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Toxuculuq
loading...