Samux xalçaları - Azərbaycanın Gəncə-Qazax xalçaçılıq mərkəzinin Gəncə qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdirlər.İstehsalı
Şəkildə təsvir olunan xalçanın adı Gəncədən 35km şimalda yerləşən Samux yaşayış məntəqəsindən götürülmüşdür. Belə xalçalar Samux rayonunun şimal - qərb hissəsindəki xalçaçılıq məntəqələrində - Kəsəmən, Salahlı, Poylu, Qazaxlı və başqa kəndlərdə də istehsal olunur. Bəzi sənətşünaslar səhvən xalçaya adı çəkilən kəndlərin adlarını verirlər. "Samux" xalçaları Gəncə qrupunda ən qədim və ən məşhur xalçalar hesab olunur.
Bədii xüsusiyyətləri
Xalçanın sadə, lakin orijinal kompozisiyası Gəncə qrupundan olan digər xalçaların kompozisiyasından fərqlənir. Ara sahənin mərkəzində kvadrat formada göl yerləşir. Kvadratın içində bir neçə uzun üfiqi zolaq var. Bu zolaqlar içəriyə əyilən iri formalı qarmaqşəkilli elementlə tamamlanır. Gölün yuxarı və aşağı hissələrində orta ölçülü ulduz şəkilli medalyonlar yerləşir. Bu medalyonlar daha çox Şirvan, Quba xalçaları, xüsusən "Zeyvə" xalçaları üçü xarakterikdir. Ara sahənin sərbəst yerlərini Gəncə və Qarabağ xalçaları üçün xarakterik olan dairə formasında nəbati bəzəklər doldurur. Bundan başqa ara sahənin aşağı və yuxarı hissəsində "Samux" xalçasının əsas elementləri - vəl və quş təsvir olunmuşdur. "Samux" xalçasının köbə zolağı və onu təşkil edən haşiyələr (iki kiçik haşiyə və ara haşiyə) orijinal quruluşa malikdir. Qocaman xalq sənətkarları ara haşiyənin ardıcıl təkrarlanan elementlərini "qar", kiçik haşiyəni təşkil edən elementləri isə "çaxmaq" adlandırırdılar. "Çaxmaq" elementi "S" latın hərfini xatırladır. Bu işarə hələ qədim zamanlardan suyun simvolu hesab olunur.
Texniki xüsusiyyətləri
"Samux" xalçaları 150x250sm ölçüdə və ya uzunsov formada olur. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 102 min ilmədən 144 min ilməyə qədər). Xovun hündürlüyü 6-8mm-dir.
Tarix: 24.03.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Toxuculuq