Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: “ƏT-TƏKASUR” surəsinin təfsiri

Bismilləhir Rahmənir Rahim!

1) Çoxluq ilə öyünmək sizin başınızı qatdı
2) Hətta qəbirləri ziyarət etdiniz.
3) Xeyr! Siz mütləq biləcəksiniz!
4) Xeyr! Siz mütləq biləcəksiniz!
5) Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
6) (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
7) Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!
8) Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

Allah təala buyurur ki, ey qafil insanlar dünya sevgisi, onun nemətləri və bər-bəzəyi sizi axirət barəsində fikirləşməkdən və onun üçün çalışmaqdan uzaqlaşdırdı. Siz ölənə kimi bu vəziyyətinizdə davam etdiniz, nəhayət siz də öldünüz və qəbirlərin sakinləri oldunuz.
İbn Əbu Hatim deyir: Bizə atam Zeyd ibn Əsləmdən, o da öz atasından nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Çoxluq ilə öyünmək sizin başınızı qatdı” (itaət etməkdən), “Hətta qəbirləri ziyarət etdiniz” Yəni ölüm sizi haqlayana qədər”. Həsən əl-Basri deyir ki, yəni var-dövlətin və övladların çoxluğu ilə öyünmək insanı axirət barədə fikirləşməkdən uzaqlaşdırdı. Buxarinin “Səhih” kitabında Əbul Vəlid Ubey ibn Kəbin belə dediyini rəvayət etmişdir: “Çoxluq ilə öyünmək sizin başınızı qatdı” ayəsi nazil olana kimi biz bunun Qurandan olduğunu hesab edirdik. Ayənin mənası da “Adəm oğlunun qızıldan bir vadisi olsa...” – deməkdir”.
İmam Əhməd deyir: Bizə Məhəmməd ibn Cəfər, Abdulla ibn Şüceyrdən, onun atasının belə dediyini nəql etdi: “Mən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yanına çatanda o, “Çoxluq ilə öyünmək sizin başınızı qatdı” ayəsini oxuyurdu. Sonra dedi: “Adəm oğlu “malım, malım” deyər. Halbu ki, sənin yeyib-tükətdiyi, geyinib-köhnəltdiyi, sədəqə verib-qurtartdığı malından başqa nəyin var?” Hədisi Muslim, Tirmizi və Nəsai Şöbə vasitəsilə rəvayət etmişlər. Muslim özünün “Səhih” əsərində hədis nəql edir: Suveyd ibn Səid Əbu Hureyrədən (Allah ondan razı olsun!) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Qul “malım! malım!” – deyər. Halbu ki, onun malı üç şeyə sərf edilər: Yeyib-tükədər, geyinib köhnəldər və ya sədəqə verib azüqə yığar. Bunlardan başqası keçicidir, digər insanlara qalacaqdır”. Hədisi təkcə Muslim rəvayət etmişdir.
Buxari deyir: Bizə Humeydi Abdulla ibn Əbu Məkrdən nəql etdi ki, Ənəs ibn Malik Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişdir: “Meyyitlə birgə qəbrə üç şey gedər. İkisi qayıdar, biri isə onunla qalar. Ailəsi, malı və əməli onu qəbrə qədər müşayiət edər. Ailəsi və malı qayıdar, əməli isə onunla qalar”. Hədisi həmçinin, Muslim, Tirmizi və Nəsai Süfyan ibn Uyeynədən nəql etmişlər.
İmam Əhməd deyir: Yəhya Şöbə vasitəsilə Qatədədən, o da Ənəs ibn Malikdən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Adəm oğlu yaşlanar. Onunla yanaşı ondakı iki şey – hərislik və ümidlilik də yaşlanar”. Bu hədisi Buxari və Muslim özlərinin “Səhih” kitablarında da qeyd etmişlər. İbn Asəkir Əhnəf ibn Qeysin (adı Dahhakdır.) avtobioqrafiyasında qeyd edir ki, o, bir kişinin əlində dirhəm görüb ondan soruşdu: “Bu dirhəm kimindir?” Kişi dedi: “Mənim”. Əhnəf isə kişiyə “o, o zaman sənin olar ki, onu ya savab qazanmaq, ya da şükr etmək xatirinə edəsən” – dedi və şairin bir beytini misal çəkdi:
Malı saxladınmı, onu malına çevrilərsən,
Onu xərcləsən əgər, o zaman sənin malın olar!
İbn Əbu Hatim deyir: Bizə Əbu Səid əl-Əşac İbn Bureydənin belə dediyini nəql etmişdir: “Çoxluq ilə öyünmək sizin başınızı qatdı” ayəsi ənsarlardan Bənu Harisə və Bənu Haris qəbilələri haqqında nazil olmuşdur. Onlar bir-birilərinə qarşı sahib olduqları ilə öyündülər. Onlardan biri digərinə “sizdə fılankəs, fılankəs oğlu fılankəs varmı?” Qarşı tərəf də eyni sözlərlə bu qəbiləyə müraciət edərək həyatda olan insanları ilə biri-birilərilə öyündülər. Daha sonra bir-birilərinə dedilər: “İndi gedək qəbirsanlığa!” Yenə onlar bir-birilərinə “Sizdə fılankəs, fılankəs oğlu fılankəs kimi insan varmı?” deyərək qəbirləri göstərirdilər. Qarşı tərəf də eyni sözlərlə digər qəbilənin qarşısında öyünürdü. Belə olan halda Allah təala “Çoxluq ilə öyünmək sizin başınızı qatdı. Hətta qəbirləri ziyarət etdiniz” ayələrini nazil etdi. Yəni sizin gördüklərinizdə ibrət və görməli olduğunuz işlər var. Qatədə “Çoxluq ilə öyünmək sizin başınızı qatdı. Hətta qəbirləri ziyarət etdiniz” ayələri haqda belə demişdir: “Onlar “biz fılan qəbilədən daha çoxuq, biz fılan qəbilədən daha tədarüklüyük” – deyirdi və hər gün bu kimi ifadələrlə bir-birilərinə öyünürdülər. Onlar ölüb qəbrin sakinləri olana kimi bu hallarında davam etdilər”. Səhih budur ki, yəni siz də öldünüz və qəbirlərdə dəfn olundunuz. Belə ki, “Səhih”-də rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) xəstələnmiş bir bədəvinin yanına ziyarətə getdi. Ona “Eybi yoxdur, inşallah, təmizlikdir” – deyə buyurdu. Sonra isə dedi: “O, təmizlik – yaşlı qocanın düçar olduğu yüksələn bir qızdırmadır, ona qəbirsanlığı ziyarət etdidir”.
İbn Əbu Hatim başqa bir hədis nəql edərək deyir: Bizə Əbu Zəra, Zirr ibn Hubeyşdən nəql etdi ki, Əli (Allah ondan razı olsun!) belə demişdir: “Biz “Çoxluq ilə öyünmək sizin başınızı qatdı. Hətta qəbirləri ziyarət etdiniz” ayələri nazil olana kimi qəbir əzabı barəsində şübhə edirdik”. Bunu Tirmizi də Əbu Kureyb vasitəsilə Hikam ibn Silmdən nəql etmiş və qərib olduğunu söyləmişdir. İbn Əbu Hatim deyir: “Atam Sələmə ibn Davud vasitəsilə Meymun ibn Mehranın belə dediyini nəql etmişdir: “Mən Ömər ibn Əbdüləzizin yanında oturmuşdum. O, “Çoxluq ilə öyünmək sizin başınızı qatdı. Hətta qəbirləri ziyarət etdiniz” ayələrini oxudu və bir az dayandı. Sonra dedi: “Ey Meymun, mən qəbirlərin yalnız ziyarət edilməsini düşünürəm. Ancaq ziyarət edənin öz mənzilinə çatmasından başqa yolu yoxdur”. Əbu Məhəmməd deyir ki, “öz mənzilinə çatmasından başqa yolu yoxdur” – yəni o, ya Cənnətə varid olar, ya da Cəhənnəmə!” Digər bir rəvayətə görə, bir bədəvi “Hətta qəbirləri ziyarət etdiniz” ayəsini oxuyan kişini eşitmiş və belə demişdi: “Kəbənin Rəbbinə and olsun ki, həmin gün gödəriləcək. Yəni ziyarət edən olduğu yerindən başqa yerə göndəriləcək.
Allah təala buyurur: “Xeyr! Siz mütləq biləcəksiniz! Xeyr! Siz mütləq biləcəksiniz!” Həsən əl-Basri deyir: “Bu, şiddətli xəbərdarlıqdır”. Dahhək sözlərinə görə, birinci “Xeyr! Siz mütləq biləcəksiniz!” ayəsi kafirlərə, ikinci “Xeyr! Siz mütləq biləcəksiniz!” ayəsi isə möminlərə xitabəndir. Daha sonra uca Allah buyurur: “Xeyr, əgər tam yəqinliklə bilsəydiniz”. Yəni əgər siz tam yəqinliklə və dəqiqliklə bilsəydiniz, axirət barəsində fikirləşib onun üçün tədarük görməyi bir kənara qoyub ölənə kimi sahib olduqlarınızla öyünməzdiniz. Sonra Allah təala buyurur: “Siz o Cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz onu mütləq öz gözünüzlə görəcəksiniz!” Bu “Xeyr! Siz mütləq biləcəksiniz! Xeyr! Siz mütləq biləcəksiniz!” ayələri ilə əvvəldə qeyd olunan xəbərdarlığın izahıdır. Allah təala insanları düşəcəkləri bu vəziyyət barəsində xəbərdarlıq edir. Bu, mələklərin və peyğəmbərlərin belə dəhşətindən və vahiməsindən dizləri üstə çökdüyü bir haldır ki, Cəhənnəm əhli o halı yaşayacaqdır. Bu haqda rəvayət olunan hədislər çoxdur. Daha sonra Allah təala buyurur ki, “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” Yəni siz Qiyamət günü Allahın sizə əta etdiyi nemətlər – səhhət, əmin-amanlıq, ruzi və sairləri barəsində sorğu-sual olunacaqsınız. Həmin gün bu nemətlərə şükrlə, yoxsa nankorluqla yanaşdığınız ayırd ediləcək.
İbn Əbu Hatim belə bir hədis nəql edir: Bizə Əbu Zəra İbn Abbasdan nəql etdi ki, o, Ömər ibn əl-Xəttabın belə dediyini eşitmişdir: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) günorta vaxtı çölə çıxdı və Əbu Bəkri Məsciddə gördü. Ondan soruşdu: “Bu vaxt səni çölə çıxardan nədir?” Əbu Bəkr dedi: “Səni çıxardan məni də çıxartdı, ey Allahın elçisi!” Daha sonra Ömər ibn əl-Xəttab gəldi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ondan da soruşdu: “Səni çölə çıxardan nədir, ey Xəttab oğlu!” Ömər dedi: “Sizi çölə çıxardan şey məni də çıxartdı”. Ömər oturdu. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) üzünü onlara çevirib danışmağa başladı və dedi: “Bu xurmaya çıxıb onu yeyəməyə, içməyə və kölgələnməyə gücünüz varmı?” Ömər deyir ki, “bəli!” deyə cavab verdik. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Əbul Heysəm əl-Ənsarinin evinə gedək”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) önə keçdi. Biz də arxasınca yeridik. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) salam verib üç dəfə icazə istədi. Heysəmin anası qapının arxasında danışılanı eşidirdi və Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yenə də salam verməsini istəyirdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) qayıdıb getmək istəyəndə, Heysəmin anası tələsik onların arxasınca yüyürüb dedi: “Ey Allahın elçisi, Allaha and olsun, salamını eşitdim, ancaq mənə yenə də salam verməyini istədim. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona xeyir dilədi, son isə dedi: “Əbul Heysəm hanı, onu görmürəm?” qadın dedi: “Ey Allahın elçisi, o yaxına içməli su gətirməyə gedib, siz girin, o, bu saat gələr”. Qadın ağacın altına bir döşək sərdi. Çox keçmədi Əbul Heysəm gəldi. Onları görüb çox sevindi. Sevincindən gözləri işıldayırdı. Xurma ağacına çıxdı və qonaqlara yetişmiş xurmalardan sirkələdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona “Bəsdir, ey Əbul Heysəm!” deyə səsləndi. Daha sonra Əbul Heysəm içməyə su gətirdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bu, haqqında sorğu-sual olunacağın nemətdir?” Hədisin bu şəkli qəribdir.
İbn Cərir rəvayət edir ki, bizə Hüseyn ibn Əli əs-Südai Əbu Hureyrənin (Allah ondan razı olsun!) belə dediyini nəql etmişdir: Əbu Bəkr və Ömərin birgə oturduğu vaxt Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) gəldi və onlardan soruşdu: “Burda niyə oturmusunuz?” Onlar dedilər: “Sənə haqqı gödərənə and olsun ki, bizi evimizdən çıxardan aclıqdır”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Mənə haqqı göndərənə and olsun ki, məni də evimdən çıxardan aclıqdır”. Onlar bir yerdə gedib ənsarlardan bir nəfərin evinə çatdılar. Qapıda onları qadın qarşıladı. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ondan ev yiyəsinin harada olduğunu soruşdu. Qadın ərinin içməli su gətirməyə getdiyini söylədi. Çox keçmədi, ev yiyəsi əlində su qabı evinə qayıtdı və qonaqları görüb dedi: “Salam olsun! Bu gün məni ziyarət edəndən üstünü heç bir qulu ziyarət etməyibdir”. O, su qabını xurma ağacının budağına asdı və çıxıb onlara bir budaq xurma endirdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Yığsaydın, daha yaxşı olmazmıydı?” Kişi “Siz öz istədiyinizi seçəsiniz deyə belə etdim” – dedi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Qiyamət günü buna görə mütləq sorğu-sual olunacaqsan”. Hədisi Muslim də Yezid ibn Keysandan rəvayət etmişdir. Həmçinin, Əbu Yalə və İbn Macə də Muharibi vasitəsilə Əbu Hureyrədən, o da Əbu Bəkrdən rəvayət etmişdir. Həmin rəvayəti eyni şəkildə dörd “Sünən” sahibləri də Əbdülməlik ibn Umeyr vasitəsilə Əbu Hureyrədən rəvayət etmişlər.
İmam Əhməd nəql edir ki, bizə Süreyc Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) köləsi Əbu Asibin belə dediyini nəql etdi: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir gecə bayıra çıxıb mənim yanıma gəldi və məni çağırdı. Mən çıxdım. Sonra gedib Əbu Bəkri çağırdı. O da çıxdı. Daha sonra Ömərin yanına gedib onu çağırdı. O da çölə çıxdı. Sonra ənsarlardan birinin hasarına çatdıq. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) divarın yiyəsinə dedi: “Bizə yemək ver!” Ənsar bir xurma budağı gətirib qabaqlarına qoydu. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) və səhabələri o xurmadan yedilər. Daha sonra sərin su istədi. Suyu içdi və dedi: “Qiyamət günü mütləq bu haqda hesaba çəkiləcəksiniz”. Ömər xurma budağını götürüb yerə çırpmışdı və xurmalar Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) önünə səpələnmişdi. O sözlərdən sonra Ömər etdiyi barəsində soruşdu: “Ey Allahın elçisi, Qiyamət günü buna görə də hesaba çəkiləcəyik?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bəli! Ancaq üç şeydən başqa: insanın öz övrətini örtmək, aclığını aparmaq, istilik və soyuqdan qorunmaq üçün içinə girdiyi yuvadan başqa hər şey üçün insan hesaba çəkiləcəkdir”. Hədisi təkcə Əhməd rəvayət etmişdir.
İmam Əhməd digər bir hədis nəql edərək deyir: Bizə Əbdüssaməd Ammardan rəvayət etdi ki, Cabir ibn Abdulla belə demişdir: Üpeyğəmbər (Ona Allahın salavatı və salamı olsun!), Əbu Bəkr və Ömər yetişmiş bir xurma yedilər və su içdilər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Bu, haqqında hesaba çəkiləcəyiniz nemətdir”. Hədisi Həmmad ibn Sələmə Ammar vasitəsilə Cabirdən rəvayət etmişdir. Həmçinin, İmam Əhməd deyir: Bizə Yezid Mahmud ibn Rəbinin belə dediyini nəql etmişdir: “Çoxluq ilə öyünmək sizin başınızı qatdı. ... həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” ayələri nazil olduğu vaxt dedilər: “Ey Allahın elçisi, biz hansı nemətlər barəsində sorğu-sual olunacağıq?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “İki qara – su və xurma barəsində”. Soruşdular: “Qılınclarımız çiyinlərimizdə, düşməndə üstümüzə hücum etməkdə olarkən necə, hansı nemətlərə görə sorğu-sual olunacağıq?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bəli, bu qabaqda olacaqdır”.
İmam Əhməd deyir: Əbu Amir Muaz ibn Abdulla ibn Ubeyddən nəql etdi ki, atası əmisinin belə dediyini rəvayət etmişdir: Biz bir məclisdə oturmuşduq. Bu zaman Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) başı yaş yanımıza gəldi. Dedik: Ey Allahın elçisi, səni gümrah görürük. O “Bəli!” deyə cavab verdi. Sonra camaat varlılıq barəsində danışmağa başladı. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Allahdan qorxan üçün varlılığın heç bir qorxusu yoxdur. Ancaq Allahdan qorxan üçün sağlamlıq varlılıqdan daha xeyirlidir. Gümrahlıq da bəxş olunan nemətlərdəndir”. İbn Macə də bu hədisi Əbu Bəkr ibn Şeybə vasitəsilə Abdulla ibn Süleymandan nəql etmişdir.
Tirmizi nəql edir ki, bizə Abd ibn Humeyd Əbu Hureyrənin (Allah ondan razı olsun!) belə dediyini rəvayət etmişdir: Allahın elçisi (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qiyamət günü qulu, barəsində ilk olaraq sorğuya çəkəcəkləri şey və soruşacaqları sual “Biz sənə sağlam bədən vermədikmi və sənə soyuq su içirtmədikmi?” – deyə olacaqdır”. Bu hədisi həmin ravilərlə təkcə Tirmizi rəvayət etmişdir. İbn Hibban həmin hədisi Vəlid ibn Muslim vasitəsilə özünün “Səhih” kitabında nəql etmişdir.
İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra Abdulla ibn Zübeyrin belə dediyini nəql etmişdir: “Həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” ayəsi nazil olduğu zaman insanlar dedilər: “Ey Allahın rəsulu, hansı nemətlərə görə sorğu-sual olunacağıq? Olan iki qara nemətdir – xurma və su. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bu, həqiqətən də olacaqdır”. Tirmizi və İbn Macə bu hədisi Süfyan ibn Uyeynə vasitəsilə rəvayət etmişlər. Tirmizi hədisin həsən olduğunu bildirmişdir. İbn Əbu Hatim deyir ki, bizə Əbu Abdulla əz-Zəhrani İkrimənin belə dediyini nəql etmişdir: “Həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” ayəsi nail olduqda səhabələr soruşdular: “Ey Allahın elçisi, axı biz hansı nemətlərə sahibik? Qarnımızın yarısını arpa çörəklə doydururuq”. Həmin vaxt Allah təala Öz Peyğəmbərinə vəhy etdi ki, onlara belə desin: “Siz ayaqqabı geyinmirsinizmi? Sərin su içmirsinizmi?” Bütün bunlar nemətlərdir”.
İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra İbrahim ibn Musa vasitəsilə İbn Məsuddan nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) “Həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” ayəsi haqda belə demişdir: “Bu nemətlər təhlükəsizlik və sağlamlıqdır”. Zeyd ibn Əsləm isə “Həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” ayəsi haqda Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət etmişdir: “Nemət qarınların doyması, içkilərin sərinliyi, məskənlərin kölgəliyi, məxluqatın münasibliyi və yuxunun şirinliyidir”. İbn Əbu Hatim surənin əvvəlində qeyd olunan isnadla bu hədisi rəvayət etmişdir.
Səid ibn Cübeyr deyir ki, “Bir içimlik bal belə bu nemətlərdərndir”. Mucahid isə demişdir: “Dünya həzlərinin hər biri barəsində sorğu-sual olunacaqsınız”. Həsən əl-Basrinin sözlərinə görə, nahar və şam yeməkləri bu nemətlərdəndir”. Əbu Quləbə deyir ki, təmiz çörək, bal və yağ nemətlərdir”. Mucahidin sözü bu mənalı fikirlərin ən əhatəlisidir. Əli ibn Əbu Talha “Həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” ayəsi haqda İbn Abbasın belə dediyini nəql edir: “Nemətlər bədənin, qulağın və bədənin sağlığıdır. Allah təala qulları onlar barəsində sorğu-sual edəcəkdir. Sözsüz ki, O Özü bunların hamısından agahdır. Allah təala buyurur: “Bilmədiyin bir şeyin ardınca getmə! Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (əl-İsra, 36)
Buxarinin “Səhih”ində, Tirmizi, Nəsai və İbn Macənin “Sünən”lərində İbn Abbasın nəql etdiyi hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “İki nemət var ki, insanların çoxu onlara əhəmiyyət vermirlər. Onlar sağlamlıq və keçirdikləri vaxtdır”. Bu, o deməkdir ki, insanların çoxu bu iki nemətə görə şükr etməyə əhəmiyyət verməz, üzərilərinə düşən vəzifələri yerinə yetirməzlər. İnsan öz üzərinə düşən vəzifəni yerinə yetirməzsə, deməli, ona əhəmiyyət vermir.
Əbu Bəkr əl-Bəzzar nəql edir ki, bizə Qasim ibn Məhəmməd İbn Abbasdan Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət etmişdir: “Qul Qiyamət günü tavasında olana, divarının kölgəsinə və çörəyə görə sorğu-suala çəkiləcək, onlar barəsində soruşulacaqdır”. Əbu Bəkr əl-Bəzzar deyir ki, bu hədisi yalnız qeyd olunan bu isnadla olduğunu bilirik.
İmam Əhməd deyir ki, bizə Behz və Əffan Əbu Hüreyrədən nəql etdilər ki, Allahın elçisi (Ona Allahın salavatı və salamı olsun!) belə demişdir: “İzzət və cəlal sahibi Allah buyurur: (Əffan deyir: Qiyamət günü) “Ey Adəm oğlu, Mən səni at və dəvə tərkində daşıdım, qadınlarla evləndirdim, səni əyilib otura bilən və yata bilən etdim. Bəs bunların şükrü hanı?!” Bu hədisi bu cür yalnız İmam Əhməd rəvayət etmişdir.
“Ət-Təkasür” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.


Tarix: 20.04.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1070 Bölmə: Sureler
loading...