Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ƏL-KƏFİRUN” surəsinin təfsiri

Məkkə surələrindəndir.

Muslimin “Səhih”ində Cabirdən rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) təvafın iki rükətində bu surəni və “De: O Allah birdir!” surəsini oxumuşdur. Muslimin “Səhih”ində Əbu Hureyrədən rəvayət olunan başqa bir hədisdə bildirilir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu iki surəni fəcr namazının iki rükətində oxumuşdur. İmam Əhməd hədis nəql edərək deyir: Bizə İsrail Mucahid vasitəsilə İbn Ömərdən rəvayət etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) fəcr namazından əvvəl iki rükətdə və məğrib namazından sonra iki rükətdə iyirmi və yaxud on dəfədən çox “De: Ey kafirlər!” və “De: O Allah birdir!” surələrini oxumuşdur.

Əhməd başqa bir hədis nəql edərək deyir: Bizə Məhəmməd ibn Abdulla ibn Zubeyr İsrail vasitəsilə İbn Ömərin belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) fəcr namazından əvvəlki iki rükətdə və məğrib namazından sonrakı iki rükətdə iyirmi dörd və ya iyirmi beş dəfə “De: Ey kafirlər!” və “De: O Allah birdir!” surələrini oxuduğu bildim”. Həmçinin, Əbu Əhməd (Məhəmməd ibn Abdulla ibn Zubeyr) Mucahid vasitəsilə İbn Ömərin belə dediyini nəql etmişdir: “Mən Peyğəmbərin arxasında bir ay davamiyyətli namaz qıldım. O, fəcr namazından əvvəlki iki rükətdə “De: Ey kafirlər!” və “De: O Allah birdir!” surələrini oxuyurdu. Tirmizi və İbn Macə də Əbu Əhməddən bu cür rəvayət nəql etmişlər. Nəsai də bu hədisi başqa ravilər vasitəsilə Əbu İshaqdan rəvayət etmişdir. Bu, həsən hədisdir. Biz başqa bir surənin təfsirində bu surənin və “əl-Zəlzələ surəsinin Quranın dörddə birinə bərabər olduğunu bildirən hədisi qeyd etmişdir.

Imam Əhməd deyir: Bizə Haşim ibn Qasim Zuheyr vasitəsilə İbn Müaviyədən, o da atasından nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona dedi: “Kişik qızımızın baxa biləcək bir kimsən varmı?” O dedi: “Zeynəbi məqsədəuyğun hesab edirəm”. Muaviyə gedib qayıtdıqdan sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ondan soruşdu: “Nə etdin?” O, dedi: “Onu anasının yanına qoydum”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Bəs onda niyə gəldin?” O, dedi: “Gəldim ki, mənə yatdığım zaman deməyə bir şey öyrədəsən”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: ““De: Ey kafirlər!” surəsini oxu və yat! Çünki bu surə şirkdən uzaqlaşdırır”. Hədisi təkcə Əhməd rəvayət etmişdir. Əbul Qasim ət-Təbərani deyir: Bizə Əhməd ibn Amr Cəbələ ibn Harisədən (o, Zeyd ibn Harisənin qardaşıdır.) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət etmişdir: “Yatağına girdiyin zaman “De: Ey kafirlər!” surəsini axıra kimi oxu! Çünki o, şirkdən uzaqlaşdırar”. Təbərani Şureyk vasitəsilə Əbdürrəhman ibn Zeyddən rəvayət etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) yatağına girdiyi vaxt “De: Ey kafirlər!” surəsini axıra kimi oxuyardı. İmam Əhməd nəql edir ki, Həccac Haris ibn Cəbələnin belə dediyini rəvayət etmişdir: Mən dedim: “Ey Allahın elçisi, mənə elə bir şey öyrət ki, onu yatarkən deyim!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Gecə yatağına girəndə “De: Ey kafirlər!” surəsini oxu! O, səni şirkdən uzaqlaşdırar”. Ən doğrusunu Allah bilir.

Bismilləhir Rahmənir Rahim!

1) De: “Ey kafirlər!
2) Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!
3) Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz!
4) Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5) Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6) Sizin dininiz sizə, mənim dinim mənə!

Bu surə müşriklərin etdikləri əməldən uzaqlaşma surəsidir. Allah təala bu surə ilə Allaha ibadətdə ixlaslı olmağı əmr edir: “De: “Ey kafirlər!” Bu, yer üzərində olan bütün küfr əhlinə şamil olunur. Lakin burada Qureyş kafirlərinə müraciət edilir. Deyilənə görə, onlar Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) “bir il sən bizim bütlərə ibadət et, bir il də biz sənin ibadət etdiyinə ibadət edək” deyə təklif etmişdilər. Buna görə də Allah təala bu surəni nazil etdi və Öz elçisinə (Ona Allahın salavatı və salamı olsun!) əmr etdi ki, onların dinindən bütünlüklə uzaq olsun!
“Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!” Yəni Allahdan başqa ibadət edilən bütlər və digərlərinə ibadət etmərəm. “Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz!” Yəni Tək olan, tayı-bərabəri olmayan Allaha ibadət etməzsiniz. “Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!” Yəni mən sizin ibadətini etməyəcəm və o yolu heç vaxt tutmayacam. Mən Allahın sevib razı qaldığı şəkildə yalnız Ona ibadət edirəm. Ona görə də uca Allah buyurur ki, “Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!” Yəni siz də Allahın əmrlərinə və Onun dininə əməl etmirsiniz, Ona ibadətdən uzaqsınız. Əksinə özünüzdən bir şey icad edib onu özünüzə din tutursunuz. Allah təala buyurur ki, “Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər gəlmişdir”. (ən-Nəcm, 23)
Beləliklə, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) müşriklərin dinindən uzaq olduğu bildirildi. Hər ibadət edənin ibadət etdiyi bir məbud və ibadət forması vardır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) və ona tabe olanlar Allahın buyurduğu qaydada Ona ibadət edərlər. Fikir verin, müsəlman olmaq üçün “Allahdan başqa ibadətə layiq məbud yoxdur və Məhəmməd Onun elçisidir” – demək lazımdır. Allahdan başqa haqq məbud, yəni ibadət olunan yoxdur və Ona yalnız Məhəmməd peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) şəriəti ilə nail olmaq mümkündür. Müşriklər isə Allahdan başqalarına ibadət edərlər. Halbuki, Allah belə bir şey buyurmamışdır. Ona görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) müşriklərə Allahın əmrini çatdıraraq dedi: “Sizin dininiz sizə, mənim dinim mənə!” Allah təala Yunus surəsində də buyurur ki, “Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!” (Yunus, 41) Başqa bir ayədə isə belə buyurur: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!” (əl-Bəqərə, 139) Buxari demişdir: “Sizin dininiz sizə” dedikdə küfr, “Mənim dinim də mənə” dedikdə isə İslam nəzərdə tutulur. Ayənin sonundakı “yə” (“mənim” mənasını verən) – bitişən əvəzliyi ayələrin sonu “nun” hərfləri ilə bitdiyi üçün sözün sonunda işlənməmişdir. Bu hal bir çox ayələrdə də müşahidə olunur”. Bəziləri deyirlər ki, yəni, mən nə indi, nə də ömrümün qalan hissəsində sizin ibadət etdiklərinizə ibadət etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Bu, Allah təalanın, barələrində “Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar” ayəsini nazil etdiyi kəslərdir”.
İbn Cərir bəzi ərəb dili mütəxəssislərinin belə dediyini nəql etmişdir: “Bu, mənanı qüvvətləndirən “təkid” qəblindəndir. Məsələn Allah təala digər ayələrdə buyurur ki, “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (əl-İnşirah, 5-6) və ya “Siz o Cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz onu mütləq öz gözünüzlə görəcəksiniz!” (ət-Təkasur, 6-7) İbn Cövzi və digərləri də İbn Quteybədən buna bənzər ifadələr nəql etmişlər. Ən doğrusunu Allah bilir.
Bu haqda üç rəy hasil oldu: Birincisi, əvvəldə qeyd etdiyimiz rəydir. İkincisi, Buxari və başqalarının qeyd etdikləridir ki, onlar “Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz!” ayələrinin keçmiş zaman mənasında işləndiyi, “Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!” ayələrinin isə gələcək zaman mənasında işləndiyi fikrindədirlər. Üçüncüsü isə sırf mənanı qüvvətləndirən təkid formasında işlənməsi fikridir. Əbul Abbas ibn Teymiyyə isə bəzi kitablarında qeyd edir ki, “Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! ayəsində feili cümlə olduğu (cümlənin xəbəri feillə ifadə olunmuşdur) üçün həmin feilin inkarı nəzərdə tutulur. Növbəti - “Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!” ayəsində isə ismi cümlə (xəbər isimlə (“abid” - ibadət edən sözü) ifadə olunmuşdur) vardır və burada bütünlüklə Allahdan qeyrisinə ibadət etmə düşüncəsi inkar edilir. Deməli, həm ibadət, həm də ibadət etmə düşüncəsi inkar edilir. Bu fikir də məqbul hesab olunur. Yenə də ən doğrusunu Allah bilir.
İmam Əbu Abdulla əş-Şafii və başqaları “Sizin dininiz sizə, mənim dinim mənə!” ayəsini dəlil gətirərək demişlər: “Küfrün hamısı eyni hesab olunur. Yahudilər xristianların, xristianlar də yahudilərin havadarlarıdır, bir-birilərinin fikirlərinə varis olmuşlar. Ümumiyyətlə, İslamdan başqa olan bütün inanclar hamısını batillik dərəcəsinə görə eynidirlər”. Əhməd ibn Həmbəlin və onun həmfikirlərin rəyinə görə, yahudilər xristianların, xristianlar da yahudilərin fikirlərinə varis deyillər. Əksinə, Amr ibn Şüeyb, atasndan, o da babasından nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “İki müxtəlif dinin nümayəndələri bir-birilərinə varis olmazlar”.
“Əl-Kəfirun” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.


Tarix: 20.04.2013 / 16:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Sureler
loading...