(101) “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər”.
Allahın şərəfli Elçisi (s.ə.s.), özlərini ardıcılları adlandırdıqları əvvəl nazil edilmiş Kitabların gerçəkliyini təsdiq edən Böyük Kitabı onlara gətirdikdə, onlar bu Elçiyə (s.ə.s.) və onunla nazil edilmiş Haqqa iman gətirmədilər. Onlar Allahın Kitabından nəinki sadəcə üz döndərdilər və hətta, onun doğruluğunu və həqiqiliyini gözəl başa düşdükləri halda, nadanlar kimi, ona arxalarını çevirdilər.
Beləcə davranan Kitab əhli, boş əllə qaldılar. Onlar Allahın Elçisinə (s.ə.s.) iman gətirməyi rədd edərkən, əslində, heç düşünmədən, öz Kitablarını da təkzib etdilər. Uca Allah fasiqlərlə həmişə belə edir, çünki bu, Onun ilahi müdrikliyindən irəli gəlir. Əgər insan ona fayda gətirən bir şeyi yerinə yetirməkdən şüurlu surətdə boyun qaçırırsa, onda o, özünə əsil zərər verən şeyləri həyata keçirməyə başlayır. Əgər insan Mərhəmətli Allaha ibadəti rədd edirsə, hökmən bütlərə və müqəvvalara səcdə etməyə başlayır. Əgər o, Allahı sevməkdən və Ondan qorxmaqdan, öz Rəbbinə ümid bəsləməkdən vaz keçirsə, deməli o, digər himayədarları sevməyə, onlardan qorxmağa və onlara ümidini bağlamağa başlayır. Əgər insan Allaha itaət edərək öz malını xərcləmirsə, o, İblisə uyaraq onu puç edir. Əgər o, öz Rəbbi qarşısında əyilmək istəmirsə, onda o, Onun qulları qarşısında alçalmaq məcburiyyətində qalır. Əgər o, haqdan üz döndərirsə, mütləq yalan girdabına batır.
Məhz belə bir tale, Allahın Kitabını rədd etmiş və şeytanlara inanmış yəhudilərə qismət olmuşdur. Onlar dəhşətli bir yalan uyduraraq bəyan etmişdilər ki, Süleyman səltənətini cadugərliklə saxlayırdı. Elə buna görə Uca Allah buyurur:
(102) “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!” – deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!”
(103) “Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!”
Şeytanlar insanlara cadugərliyi nümayiş etdirərək bildirdilər ki, Süleyman peyğəmbər (ə.) cadugər idi və bunun sayəsində böyük bir səltənətə sahib oldu. Onlar dəhşətli bir yalan uydurmuşdular, çünki Süleyman peyğəmbər (ə.) heç vaxt cadugərliklə məşğul olmamışdı. Allah ayədə xəbər verir ki, Süleyman mürtəd deyildi və heç vaxt cadugərlik öyrənməmişdi. Əksinə, şeytanlar özləri kafir idilər, çünki özləri insanlara cadugərlik və sehrbazlıq öyrədirdilər. Onlar bunu Adəmin nəsillərini azğınlaşdırmaq arzusu ilə yandıqlarına görə edirdilər.
Yəhudilər də İraq torpağı Babilistanda olan iki mələyə nazil edilmiş cadugərliyi öyrənirdilər. Allah onlara cadugərlik haqqında elm nazil etmişdi ki, onun vasitəsilə Öz qullarını sınaqdan keçirsin və hər iki mələk cadugərliyi insanlara öyrətməyə girişdilər. Lakin insana cadugərliyi öyrətməzdən əvvəl, onlar ona xeyirxah məsləhət verir və təklif edirdilər ki, cadugərliyi öyrənməsinlər, çünki o – kafirlikdir. Onlar insanlara cadugərliyin və sehrbazlığın öyrənilməsinin qadağan olduğunu bildirirdilər və bu cinayətin ağırlığı haqqında xəbərdarlıq edirdilər.
Deyilənlərdən belə çıxır ki, şeytanlar cadugərliyi insanlara öyrədəndə yalanı həqiqət kimi göstərir və cadugərliyi Süleyman peyğəmbərə (ə.) aid etməklə onları yoldan çıxarırdılar, halbuki Süleyman peyğəmbərin (ə.) bu cinayətlə əlaqəsi olmadığını Allah Özü təsdiq etmişdi. İki mələk isə insanlara cadugərliyi onları sınamaqdan, onlara faydalı nəsihət verməkdən və onları hər hansı bəraətdən məhrum etməkdən ötrü öyrədirdi. Yəhudilər isə cadugərliyi həm şeytanlardan və həm də o iki mələkdən öyrənirdilər. Onlar peyğəmbərlərin və elçilərin elminə yiyələnməkdən əl çəkmişdilər və şeytan elmini öyrənməyə girişmişdilər. Həqiqətən də, hər kəsin seçdiyi özünə görədir!
Sonra Uca Allah cadugərliyin vurduğu zərərdən bəhs edir. Cadugərlər iki mələkdən hətta əri arvadından ayırmağı da öyrənmişdilər, hərçənd məlumdur ki, ər-arvadlıq məhəbbəti onun digər təzahürlərindən daha möhkəm olur. Məhz buna görə Allah buyurur: “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır”(Rum, 30/21)
Bütün deyilənlər sübut edir ki, həqiqətən də, cadugərlik mövcuddur və o, ancaq Allahın rizası olduğu halda, zərər verə bilər. Bil ki, Allahın iradəsi iki formada: mütləq iradə (məşiət kovniyyə) və qanunvericilik iradəsi (məşiət şəriyyə) kimi təzahür edir. Allahın mütləq iradəsi Onun izn verdiyi bütün hadisələrə aiddir. Nəzərdən keçirdiyimiz ayədə Allahın məhz razılıq verdiyi bu iradə yad edilir. Allahın qanunvericilik iradəsi isə bundan əvvəlki ayələrin birində xatırlanmışdı: “...Allahın izni ilə Quranı... sənin qəlbinə o nazil etmişdir”(Bəqərə, 2/97)
Şərh etdiyimiz və digər oxşar ayələr göstərir ki, yerlə bağlı bütün səbəblər və hətta ən əhəmiyyətli və güclü təsirə malik olanlar belə, Allahın müəyyən etdiyi qədərindən həmişə asılı olur, fərdin taleyi isə ətrafda baş verənlərə müstəqil təsir göstərmir. Heç bir müsəlman təriqəti, qədəriyyəçilərdən başqa, bu dini prinsipi inkar etmir, onlar isə iddia edirlər ki, qulların hərəkətləri tam müstəqildir və Allahın iradəsindən qətiyyən asılı deyildir. Onlar hesab edirlər ki, Allahın iradəsi insanın əməllərinə aid deyil və onların bu baxışları Allahın Kitabına, Onun Elçisinin (s.ə.s.) Sünnəsinə və sələflərin, onların ardıcılları olan tabeinlərin yekdil rəyinə ziddir.
Sonra Uca Allah xatırladır ki, cadugərlik peşəsi insanlara ancaq zərər gətirir. Cadugərlik nə dünyəvi işlərdə, nə də ruhani məsələlərdə xeyir vermir və onun bu cəhəti onu bir sıra digər günah əməllərdən fərqləndirir, çünki sonuncular dünya işlərində bəzi faydalar verə bilir. Şərab içməkdən və qumar oynamaqdan bəhs edərək Uca Allah Öz Elçisinə (s.ə.s.) belə deməyi buyurur: “...De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür...”( Bəqərə, 2/219)
Lakin cadugərlik insana təkcə zərər gətirir və heç bir şey insanı bu günahı işlətməyə təkan verməməlidir.
Nəzərə almaq lazımdır ki, qadağan olunmuş bütün əməllər ya ancaq zərər verirlər, ya da xeyirdən daha çox zərər verirlər, saleh əməllər isə ya mütləq fayda verir, ya da zərərdən daha çox fayda gətirir. Yəhudilərə gəldikdə isə, onlar bilirdilər ki, bir adam cadugərliklə məşğul olmaq istədikdə və bu bilikləri əldə etdikdə, o, mal alan alıcı kimi, Axirət həyatında öz hissəsindən məhrum edilir və özünü cəzaya məhkum edir. Onların əməli cahilliklərinin nəticəsi deyildi. Onlar şüurlu surətdə əbədi həyat qarşısında dünyəvi həyata üstünlük vermişdilər. Yaxşı olardı ki, onlar xeyirxah əməllərdə əksini tapan biliklərə malik olaydılar. Lakin onlar bunu etmədilər.
(104) “Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər” – deməyin; “Bizə nəzər yetir!” – deyin və (Allahın əmrini) eşidin! Kafirləri üzücü bir əzab gözləyir”.
Dini öyrənmək istəyən müsəlmanlar Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət edir və deyirdilər: “Qayğımıza qal! Vəziyyətimizi nəzərə al!” Onlar bu sözləri pis niyyətlə söyləmirdilər. Lakin yəhudilər müvafiq ərəb ifadəsində pis məna gördülər. Hər dəfə yeri düşdükdə, onlar bu sözə pis məna verərək Muhəmməd Peyğəmbərə (s.ə.s.) söyləyirdilər. Elə buna görə, Allah möminlərə bu ifadəni işlətməyi qadağan etdi ki, onun mənasının təhrif olunmasına yol verilməsin.
Bu ayə sübut edir ki, yol verilmiş əməl qadağan olunmuş fəaliyyətə səbəb ola bildikdə, o da, qadağan olunur. Bu özəllik, müraciət edilərkən nəzakət qaydalarına riayət etməyin və yanlış anlaşılmayan ifadələrin istifadə edilməsinin zəruriliyini xüsusilə vurğulayır və habelə, kobudluqdan, söyüşdən, ləyaqətsizcəsinə yozula bilən ibarəli fikir və sözlərdən imtina etməyə çağırır.
Buna görə Allah müsəlmanlara aydın və yanlış yozulması mümkün olmayan ifadələr işlətməyi əmr edir. Allah müsəlmanlara həmçinin dinləməyi də əmr edir, ancaq məhz nəyi dinləməyi dəqiqləşdirmir. Bu isə o deməkdir ki, bu hökm Quran ayələrinin mətnlərinə, mənalarına və Peyğəmbərə (s.ə.s.) bəxş edilən müdrikliyin - Sünnənin müqəddəs mətnlərinə və həmçinin möminlərin eşitməli və yerinə yetirməli olduğu nə varsa, hamısına aiddir. Bu ayə nəzakət qaydalarına riayət etməyi və Allaha müti olmağı buyurur.
(105) “Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər Rəbbinizdən sizə bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini dilədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir”.
Uca Allah kafirləri əzabverici cəza ilə hədələyir, yəhudilərin və müşriklərin möminlərə qarşı düşmənçiliyi haqqında xəbər verir. Onlar müsəlmanların müvəffəqiyyətlər qazanmasını, istər böyük qələbələr olsun, istərsə də kiçik uğurlar olsun, qətiyyən istəmirlər. Onlar müsəlmanlara amansız nifrət bəsləyirlər və Allahın onlara Öz lütfünü bəxş etməsinə həsəd çəkirlər. Axı Allah böyük lütf sahibidir və O, istədiyini himayə edir. Allah Öz mərhəməti sayəsində Öz Elçisinə (s.ə.s.) Kitab nazil etmişdir ki, müsəlmanları paklaşdırsın, onlara əvvəllər məlum olmayan Kitabı və müdrikliyi öyrətsin. Buna görə həmd təkcə Allaha məxsusdur!
(106) “Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?”
Dini hökmün ləğv edilməsi (nəsx) adı altında bir hökmün digəri ilə əvəz edilməsi və ya həmin hökmün tamamilə ləğv edilməsi nəzərdə tutulur. Yəhudilər dini hökmlərin ləğv edilməsi imkanını inkar edir və bunu yol verilməz hesab edirdilər, halbuki, Tövratda bunun qanuniliyi qeyd olunmuşdur. Bu o deməkdir ki, onların dini hökmlərin ləğv edilməsi imkanını inkar etmələri kafirliyin təzahürlərindən və rəzil istəklərinə yol vermələrindən irəli gəlirdi.
Bir sıra dini hökmlərin ləğv edilməsinin hikmətindən bəhs edərək, Uca Allah xəbər verir ki, əgər O, Quranın bəzi ayələrini ləğv edir və ya Öz qullarına, ürəklərindən silərək, onları unutdurursa, əvəzində daha faydalı ayələr və ya onlara bərabəri nazil edilir. Yeni hökmlər qullara əvvəlkilərindən az fayda vermir; çünki Uca Rəbb Öz qullarına mərhəmətini daima göstərir. Xüsusilə bu müsəlmanlara aiddir. Allah onlara yüksək dərəcədə iltifat göstərərək, müsəlmanların dinini asanlaşdırmışdır. Allahın nazil etdiyi bəzi hökmlərini ləğv etmək bacarığına şübhə edənlərə gəlincə isə, onlar üçün Uca Allah belə buyurur:
(107) “Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır”.
Allah sizin üzərinizdə mütləq hakimiyyət sahibidir, Özünün kainatla bağlı qərarlarında, hökmlərində və qadağanlarında sizə mərhəmət göstərərək və rəhm edərək sizi idarə edir. Siz, Onun Öz qulları üçün müəyyən etdiyi qədərdən qaça bilməzsiniz və siz Onun onlar üçün qoyduğu qanunlara qarşı çıxmamalısınız. Rəbbin kainat və dini qanunları bütün qullara aiddir. Onların bu qanunlara qarşı müqavimət göstərməsinə dəyərmi?
Digər tərəfdən, Allah Öz qullarını himayə edir və onlara yardım göstərir. O, onlara nemət əldə etməyə və şərdən qorunmağa kömək edir. Onun himayədarlığı – qulları üçün hikmət və rəhmət təcəssümü olan qanunlar müəyyənləşdirməkdə özünü büruzə verir. Əgər insan Quranın və Sünnənin ləğv edilmiş və ya dəyişdirilmiş hökmləri üzərində düşünərsə, Allahın müdrikliyi və qullarına qarşı bəslədiyi mərhəmətinə əmin olar və bilər ki, Allah Öz mərhəməti əsasında insanları onlar üçün faydalı olan şeylərə yönəldir. Hərçənd onlar bunu hətta dərk etmirlər.
(108) “Yoxsa bundan əvvəl Musadan tələb olunduğu kimi siz də Peyğəmbərinizdən möcüzə tələb etmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır”.
Allah möminlərə və ya yəhudilərə Muhəmməd Peyğəmbərə (s.ə.s.) etiraz etməyi və, bir vaxt israillilərin Musadan (ə.) tələb etdiklərini, ondan təkidlə xahiş etməyi qadağan etdi. Bu barədə Uca Allah buyurur: “Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!” – demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu...”( Nisa, 4/153);
“Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir” (Maidə, 5/101).
Bu və buna bənzər digər xahişlər və suallar şərh etdiyimiz ayədə qadağan edilmişdir.
Doğru məsləhət almaq və bilik əldə etmək məqsədilə verilən suallara gəldikdə isə, onlar tərifə layiqdir və buna görə Uca Allah belə hökm verir: “...Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun” (Nəhl, 16/43).
Allah belə sualları başqa ayələrdə də bəyəndiyini bildirmişdir: “...Səndən içki və qumar meysir soruşurlar...”( Bəqərə, 2/219);
“...Səndən yetimlər barəsində soruşurlar...” (Bəqərə, 2/220).
Başqa oxşar ayələr də var.
Bu suallardan fərqli olaraq qadağan olunmuş suallar və xahişlər pislənir, çünki onlar insanı küfrə salır. Kim imanı küfrə dəyişərsə, hökmən düz yoldan azar.
(109) “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir”.
Uca Allah ayədə Kitab əhlinin çoxusunun paxıl olması barədə danışır. Onlar möminlərə o dərəcədə güclü həsəd çəkirlər ki, onları imandan döndərib kafirlərin sırasına qaytarmağa can atırlar. Onlar bu məqsədlə cəhdlər edir və fitnə-fəsad törədirlər. Lakin onların etdikləri öz əleyhlərinə çevrilir. Bununla əlaqədar Uca Allah buyurur: “Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr” (Ali-İmran, 3/72).
Hərçənd belə davranış Kitab əhlinin kinli paxıllıqlarının nəticəsi olsa da, Uca Allah möminlərə onlarla yumşaq rəftar etməyi, Allah onlara Öz Hökmünü göndərənə qədər onları incidənləri bağışlamağı tapşırır. Sonradan Allah möminlərə müqəddəs müharibə aparmağı əmr edərək, onları düşmənlərindən xilas edir. Kafirlərin bir qismi öldürülmüş, digərləri əsir düşmüş, qalanları isə qovulmuşdular. Həqiqətən, Allah hər şeyə qadirdir.
(110) “Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsınız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür”.
Allah insana verilmiş vaxtın namaz qılmaq, təmizlənmək üçün sədəqə paylamaq və Rəbbə yaxınlaşmağa imkan yaradan digər əməllərin həyata keçirilməsi üçün istifadə etməyi buyurur. Allah möminlərin xeyirxah əməlləri ilə qazandıqları savabların itməyəcəyini vəd edir. Onlar öz mükafatlarının tamamilə qorunduğunu görəcək və saleh əməllərinin əvəzini bütövlükdə mütləq alacaqlar, çünki Allah onların nə etdiklərini görür.
(111) “Onlar dedilər: “Yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Yəhudilər deyirdilər ki, Cənnətə yəhudilərdən başqa heç kim girməyəcək. Xristianlar da deyirdilər ki, xristianlardan başqa heç kim ora girməyəcək. Onlar deyirdilər ki, Cənnət ancaq onlar üçün təyin olunmuşdur, ancaq istənilən əsassız iddia, onların həqiqiliyi dəlillər və sübutlarla təsdiq olunmayınca, qəbul edilmir. Əgər onlar doğru deyirlərsə, qoy öz sübutlarını göstərsinlər.
Hər kəs, dediyi sözləri təsdiq etmək üçün sübutlar gətirməlidir. Əgər o bunu edə bilmirsə, onda onun əsassız iddiaları ilə digərlərinin tamamilə əks əsassız iddiaları arasında heç bir fərq yoxdur. Məhz dəlillər mümkün iddiaları və bəyanatları qəbul və ya rədd etməyə əsas verir. Kitab əhlinə gəldikdə isə, onlar öz doğruçuluğunu təsdiq edən hər hansı bir dəlilə malik olmadıqları üçün, sözlərinin birmənalı şəkildə yalan olması da sübuta yetmiş olur.
(112) “Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Uca Allah bu ayə ilə aydın bir dəlil nazil edərək onu bütün insanlara şamil edir və Kitab əhlinin iddialarının və boş ümidlərinin puç olduğunu sübuta yetirir. Onun şəriətini rəhbər tutaraq səmimiyyətlə öz əməllərini Allaha həsr edən və Rəbbinə ibadət edən Cənnət bağlarına düşəcək və öz Rəbbindən mükafat alacaqdır. Bu mükafat – Cənnət olacaqdır və orada hər cür nemətlər toplanmışdır. Belə bir insan nə qorxu, nə də qəm-qüssə biləcək, çünki arzuladığı ən əziz və qiymətli saydığı şeyləri əldə edəcək və hər hansı gözlənilməz dəhşətli və xoşagəlməz şeylərdən qorunacaq.
Deyilənlərdən məlum olur ki, əgər insan qeyd edilmiş keyfiyyətlərə sahib deyilsə, Cəhənnəmin məhvə düçar edilmiş sakinləri arasına düşəcəkdir. O şəxslər xilas olunacaqlar ki, Rəbbimiz Allah xatirinə səmimi qəlblə xeyirxahlıqlar etmiş və Onun Elçisinin (s.ə.s.) yolu ilə getmiş olsunlar.
(113) “Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!” – deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!” – deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”.
Kitab əhli öz rəzil istəklərinin qarşısını almayaraq bir-birilərinə o qədər paxıllıq edirlər ki, bir-birilərini azğınlıqda və kafirlikdə ittiham edərək, müşrik ərəblərə və digər müşriklərə bənzəyirlər. Bir dinin tərəfdarları o biri dinin tərəfdarlarını azğın adlandırırlar. Qiyamət günü başlayanda Allah bu çəkişənlər barədə Öz ədalətli hökmünü verəcək. Allah Öz qullarına bu hökmü barədə xəbər verərək bildirir ki, bütün peyğəmbərlərə və elçilərə iman gətirənlər, öz Rəbbinə itaət edənlər və Onun haramlarını pozmayanlar nicat tapacaq və böyük uğur qazanacaqlar. Bütün qalan insanlara gəldikdə isə, onlar mütləq həlak olacaqlar.
(114) “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, Axirətdə isə böyük bir əzab vardır”.
Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməsidir.
Bu ayə yuxarıda sadaladığımız keyfiyyətlərə malik olan hər kəsə aiddir. O, fil qoşunları sahiblərinə və Allahın Elçisinə (s.ə.s.) Hudeybiyyə sülhü bağlanılan il həcc ziyarətinə getməyə imkan verməyən qureyşlilərə də aiddir. O, Qüdsü viran qoymuş xristianlara, Allahın evlərinə ziyan vurmağa, Allaha müqavimət göstərməyə və möminlərin sıralarına təfriqə salmağa cəhd göstərən çoxsaylı digər zalımlara da aiddir.
Allah kafirlərə, bir cəza kimi, məscidlərə alçaldılmış halda və qorxu içində girməyi əmr etmişdir. Rəbbin qanunu və qədəri belədir. Kafirlər Allahın qullarını qorxutmağa cəhd edirdilər, lakin Qüdrətli Allah onların öz arasına qorxu toxumu səpdi. Müşriklərə gəldikdə, onlar Allahın Elçisinə (s.ə.s.) həcc ziyarətinə getməyə yol vermədilər, az bir müddət keçəndən sonra isə, Qüdrətli Allah onu (s.ə.s.) Məkkəyə sahib etdi və müşriklərə Öz Evinə yaxınlaşmağı qadağan etdi. Uca Allah buyurur: “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidülharama yaxınlaşmasınlar” (Tövbə, 9/28).
Fil qoşunlarına gəldikdə isə, Uca Allah onları haqlamış cəza barədə rəvayət etmişdir. Xristianlara gəldikdə isə, Allah möminlərə onların üzərində qələbə çalmağa və onları müqəddəs torpaqlardan qovmağa imkan vermişdir. Yuxarıda təsvir etdiyimiz keyfiyyətlərin daşıyıcısı olan hər bir zalım kəs zalımlığının əvəzini hökmən alacaqdır. Yaradan bütün hadisələri, onlar baş verən ana qədər, öncədən dəqiqliklə bildirir və bu qabaqcadan xəbər verilənlər böyük hadisələrin müjdəçiləri olur.
Bu gözəl ayəyə istinad edərək şəriət alimləri hesab edirlər ki, kafirləri məscidə buraxmaq olmaz. Onlar bu həyatda rüsvay olmağa və həqarətə layiq edilmiş, Axirət günü isə onları böyük cəza gözləyir.
Əgər ən böyük zalımlar Allahın məscidlərində Onun adını zikr etməyə qoymayan günahkarlardırsa, onda ən ləyaqətli iman sahibləri məscidləri maddi və mənəvi cəhətdən bərpa edən möminlərdir. Məhz buna görə Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Tövbə, 9/17-18).
Bundan başqa, Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Nur, 24/36).
Məscidlərə çoxlu dini hökmlər şamil edilir ki, onların mahiyyəti yuxarıda xatırlanan gözəl ayələrdə ifadə olunmuşdur.
(115) “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
Allah dünyanın bütün tərəflərindən fərqli olaraq, şərqi və qərbi xüsusilə ayırmışdır, çünki onlarda böyük əlamətdar hadisələr bir yerə toplanmışdır. Orada səma cisimləri üfüqdən qalxır və batır və əgər Allah şərqin və qərbin üzərində hökmrandırsa, deməli dünyanın digər tərəfləri də Onun hakimiyyəti altındadır.
Ey insanlar! Allahın hökmünü yerinə yetirərək və ya məcburən hansı tərəfə çevrilməyinizdən asılı olmayaraq, Allahın Surəti orada olacaqdır. Sizə namaz zamanı üzünüzü Kəəbəyə tərəf çevirmək əmr olunmuşdur, halbuki siz əvvəllər üzünüzü Qüdsə tərəf çevirirdiniz. Səfər zamanı isə dəvə üstündə oturaraq və ya başqa nəqliyyat vasitəsində üzünü hərəkət istiqamətinə tutaraq namaz qılmağınıza icazə verilir. Əgər Kəəbənin hansı tərəfdə olduğunu təyin edə bilməsəniz, üzünüzü öz istəyinizlə hər hansı istiqamətə yönəldib namaz qılmanıza icazə verilir. Sonradan səhvə yol verdiyinizi görsəniz də namazınız qəbul olunacaq. Əgər belinizdə ağrı sizi incidərsə, əgər xəstələnsəniz, sizin üçün digər güzəştlər də edilmişdir. Bütün hallarda, hansı yana çevrilsəniz də, elə bir tərəf tapmazsınız ki, ora Rəbbinizin hökmü altında olmasın.
Bu ayə Uca Allahın Üzünün varlığını, Onun əzəmətinə və kamilliyinə layiq olduğunu və məxluqlarının üzünə bənzəmədiyini təsdiq edir. Allah ən böyük mərhəmət və ən kamil sifətlərə malikdir, Ona məxluqlarının bütün sirləri və niyyətləri məlumdur.
Allah Özünün Hərşeyiəhatəedən sifətləri və Özünün hüdudsuz bilikləri sayəsində Öz qullarına müxtəlif hərəkətlər etməyə imkan verir və onların xeyirxah əməllərini qəbul edir. Buna görə, həmd Tək Ona məxsusdur!
(116) “Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir”.
Yəhudilər, xristianlar və müşriklər arasında elələri var ki, Allahın oğlu olduğunu iddia edirlər. Onlar Allaha Onun böyüklüyü və əzəmətinə xas olmayan sifətlər aid edirlər. Onlar ağır günah işlədir və özlərinə qarşı zalımlıq edirlər. Lakin onların Rəbbə qarşı yaramaz münasibətlərinə baxmayaraq, Uca Allah onların cinayətinə səbirlə dözür, onları cəzalandırmağa tələsmir və hətta onları əmin-amanlıq və bol ruzi ilə təmin edir.
Allah pakdır və müşriklərin, zalım günahkarların Ona aid etdiklərindən və Onun əzəmətinə uyğun gəlməyən sifətlərdən ucadır! Mütləq kamilliyə malik olan Allah pakdır və nöqsanlardan uzaqdır!
Uca Allah müşriklərin sözlərini nəinki təkzib edir, O, həm də Özünün Mütləq Kamilliyinə dair dəlillər gətirir. O, bildirir ki, göydə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Bütün məxluqlar Onun hakimiyyəti altındadır və Onun qullarıdır. O, onları – ağa öz kölələrini idarə etdiyi kimi, idarə edir. Bütün qullar Ona itaət edirlər, Onun iradəsindən asılıdırlar və Ona möhtac olduları halda, Onun, qətiyyən kimsəyə ehtiyacı yoxdur. Həqiqət bundan ibarət olduğu halda, qullarından kim Böyük Rəbbin oğlu ola bilər, həm də oğul həmişə öz valideyninə oxşayır, çünki onun bir hissəsi olur? Allah – Ən Qüdrətli Hökmdardır, halbuki bütün məxluqlar – Ona tabe olan qullardır. O varlıdır və ehtiyacı yoxdur, halbuki Onun qulları kasıbdırlar və öz Rəbbinə möhtacdırlar. Bütün bunlardan sonra Ona necə övlad aid etmək olar? Kim bunu iddia edirsə, deməli ən böyük və ən yaramaz yalan uydurur!
Allaha itaətkarlığa (qunut) gəldikdə isə, o iki cür olur.
Məxluqların ümumi itaətkarlığı onların öz Yaradanın hakimiyyəti altında olması ilə səciyyələnir, xüsusi itaətkarlıq isə Ona ibadət etməklə bağlıdır. Birinci növ itaətkarlıq şərh etdiyimiz ayədə keçməkdədir. İkinci növ isə Uca Allahın: “...Allah qarşısında mütiliklə durun” (Bəqərə, 2/238) sözlərilə xatırlanır.
(117) “Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar”.
Allah göyləri və yeri yaradıb onlara mükəmməl görkəm verdi və onları, əvvəllər misli olmamış gözəl məxluqlar etdi. Qərar qəbul etdikdə Onun təkcə “Ol” deməsi kifayət edir və arzu etdiyi şey olur. Heç nə Onun iradəsinə qarşı dura bilməz və heç kim Ona mane ola bilməz!
(118) “Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik”.
Kitab əhlindən olan nadanlar və başqa nadanlar soruşurlar: “Niyə Allah Öz elçiləri ilə danışdığı kimi, bizimlə də danışmır? Niyə elçilər bizim görmək istədiyimiz möcüzələri bizə göstərmirlər?” Öz dayaz ağıllarına əsaslanaraq onlar Yaradanla söz güləşdirməyə cəsarət edirdilər, özlərini Allahın elçilərindən üstün tutur və onlara möcüzə göstərilməsini tələb edirdilər. Uca Allah bu barədə buyurur: “O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə, sənə iman gətirməyəcəyik!” – dediniz və gözünüz görə-görə sizi ildırım vurdu” (Bəqərə, 2/55);
“Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyir. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!” – demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu...” (Nisa, 4/153);
“Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi? Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?”...” (Furqan, 25/7-8);
“Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca, yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allahı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”...” (İsra, 17/90-93).
Onlar Allahın elçiləri ilə bax belə rəftar edirdilər. Onlar elçilərdən möcüzə tələb edirdilər ki, onları acizlikdə ifşa etsinlər. Onlar doğru yol tapmaq niyyətində deyildilər və həqiqəti aydınlaşdırmaq da istəmirdilər. Elçilər isə insanlara çoxsaylı möcüzələr göstərirdilər və bunlar tamamilə kifayət edərdi ki, onlar haqq dinə qayıtsınlar. Məhz buna görə Allah buyurur ki, O, imanlı insanlara artıq əlamətləri izah etmişdir. Hər bir yəqinliklə inanan dindar öz Rəbbinin o qədər gözəl möcüzələrini və inandırıcı dəlillərini görüb ki, onlar onun möhkəm əqidəsinə çevrilmişdir. Bu əqidə tərəddüdlər və şübhələrlə bir araya sığışmaz.
(119) “Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan”.
Uca Allah bir möcüzəni xatırladır ki, o, qalan bütün möcüzələri əhatə edir və nəzərdə tutur. Bu, Muhəmməd Peyğəmbərin (s.ə.s.) haqq peyğəmbər olduğunu və onun gətirdiyi Kitabın doğruluğunu sübut edən dəlildir. Həmin möcüzə, insanlara həqiqəti gətirən Allahın elçisinin peyğəmbərliyidir. Bu möcüzə Peyğəmbərə (s.ə.s.) vəhy edilmiş bütün hökmləri əhatə edir və özlüyündə üç dəlildən ibarətdir. Birinci dəlil – Muhəmmədin (s.ə.s.) peyğəmbərliyidir. İkinci dəlil – onun tərcümeyi-halıdır və rəhbərliyidir. Üçüncü dəlil Quran və Sünnə təlimidir ki, onu da o, təbliğ etmişdir. İlk iki dəlil – Məhəmməd Peyğəmbərin (s.ə.s.) Allah tərəfindən göndərilməsi haqqında Quran ayəsi ilə nazil edilmiş vəhydən irəli gəlir. Üçüncü dəlil isə onun haqq ilə göndərilməsinin Quran ayəsindən bəlli olduğuna sübutdur.
Birinci dəlil kimi biz Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini qeyd etdik. Onun doğruçuluğuna əmin olmaq üçün onun peyğəmbərliyinin başlanmasına qədər bəşəriyyətin vəziyyətini öyrənmək kifayətdir. İnsanlar bütlərə, oda və xaça ibadət edir, onlara nazil olunmuş dinləri təhrif edir və imansızlığın qatı qaranlığı onların gözlərini kor edir və hər tərəfdən onları əhatəyə alırdı. Bu kafirlikdən xilas olmaq Kitab əhlinin çox azına qismət oldu və onlar da Muhəmməd Peyğəmbərin (s.ə.s.) gəlişi ərəfəsində artıq tükənirdilər. Lakin Uca Allah yaratdıqlarını nahaq yerə xəlq etməmişdi və onları yaddan çıxarmamışdı. O – Müdrik, Bilən, Qüdrətli və Mərhəmətli Rəbdir. İlahi müdrikliyə və mərhəmətinə əsaslanaraq Allah Böyük Elçisini (s.ə.s.) Öz qullarının yanına göndərdi və onlara buyurdu ki, Mərhəmətli Allaha şərik qoşmadan, təkcə Ona ibadət etsinlər. Dərrakəli insana Peyğəmbərin (s.ə.s.) doğruçuluğuna əmin olmaq üçün onun ağır məsuliyyətli vəzifəsi haqqında düşünmək kifayətdir. Bu böyük möcüzə onun həqiqətən Allahın Elçisi (s.ə.s.) olduğuna birmənalı şəkildə şəhadət verir.
İkinci dəlil kimi, Peyğəmbərin (s.ə.s.) tərcümeyi-halını qeyd etdik. Əgər bir adam onun, peyğəmbərliyinin başlanmasına qədər keçmiş həyatını və habelə onun malik olduğu və sonradan daha da kamilləşmiş və heyranedici keyfiyyətlərini lazım olan qaydada öyrənərsə, ona məlum olar ki, belə kamil əxlaqi simaya ancaq peyğəmbərlər malik ola bilərlər, çünki Uca Allah əxlaqi keyfiyyətləri insanların doğruçuluğunun və ya yalançılığının ən böyük dəlillərindən biri etmişdir.
Biz, üçüncü dəlil kimi, böyük İslam şəriətini və gerçək hekayətlərdən ibarət olan, yaxşılıq etməyə hökm verən, bəd əməlləri qadağan edən və insanlara xarüqəladə möcüzələr göstərən Müqəddəs Quranı göstərmişdik. Xatırlatdığımız üç dəlil bütün digər ilahi dəlilləri və vəhyləri özündə əks etdirir.
Uca Allah bildirir ki, Muhəmməd Peyğəmbər (s.ə.s.) xeyirxah müjdəçi və nəsihətçi idi. O, bu dünyada və öləndən sonra ona itaət edən hər bir insana xoşbəxt həyat haqqında müjdə verir və ona itaətsizlik edən hər kəsə həm bu dünyada və həm də öləndən sonra bədbəxtliklərdən çəkinmək barədə xəbərdarlıq edirdi. O, Cəhənnəm sakinlərinin əməlləri üçün cavab verməyəcəkdi, çünki ona ancaq həqiqəti insanlara çatdırmaq tapşırılmışdı. Onlar ancaq Qüdrətli Allahın qarşısında cavab verməli olacaqlar.
(120) “Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar”.
Uca Allah Öz Elçisinə bildirir ki, o, yəhudilərin və xristianların dinini qəbul etməyənədək onlar ondan razı qalmayacaqlar. Onlar ibadət etdikləri dini təbliğ edərək, doğru yolla getdiklərini düşünürlər. Məhz buna görə Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr edir ki, təkcə ona (s.ə.s.) nazil edilmiş Allahın təliminin doğru təlim olduğunu hamıya bəyan etsin. Kitab əhlinin baxışlarına gəldikdə isə, onlar ancaq öz alçaq istəklərinə istinad edirlər. Əgər Muhəmməd Peyğəmbər (s.ə.s.), bu biliklər ona vəhy edildikdən sonra, onların istəklərinə imkan versəydi, onda onun nə himayədarları, nə də köməkçiləri olmazdı.
Bu ayə yəhudilərin və xristianların istəklərinə uymağı və özünü onların dinini fərqləndirən xüsusiyyətlərinə oxşatmağı qəti qadağan edir. Uca Allahın bilavasitə Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət etməsinə baxmayaraq, bu ayə onun ardıcıllarına da aiddir, çünki vəhyin ümumi məna daşıdığına və təkcə yönəldildiyi konkret şəxsə aid olmadığına diqqət yetirilməlidir. Digər bir qaydaya müvafiq olaraq, ayənin nazil edildiyi konkret səbəbi deyil, ümumi mənasını nəzərə almaq lazımdır.
(121) “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır”.
Uca Allah bildirir ki, Allahın mütləq mərhəməti ilə hörmət göstərdiyi və Müqəddəs Kitabını bəxş etdiyi Kitab əhli arasında Onun hökmlərini lazım olduğu kimi yerinə yetirən möminlər vardır. Oxumaq (tilavət) sözü ilə ayədə hökmlərə riayət edənlər nəzərdə tutulur. Bu saleh dindarlar Allahın halal buyurduğunu halal sayır və Onun haram qıldığını haram qəbul edirlər. Onlar mənaları aydın olan ayələri əsas götürür, mütəşabeh ayələrə isə iman gətirirlər. Bu Kitab əhli xoşbəxtdir, çünki onlar Allahın mərhəmətini dərk edərək ona minnətdarlıqla cavab verirlər. Onlar Allahın bütün elçilərinə iman gətirir və onların aralarında fərq qoymurlar. Onlar əsil möminlərdir və özlərini, onlara nazil olmuş Kitaba iman gətirdiklərini və sonradan nazil olmuş Kitabları isə inkar etdiklərini bəyan edənlərə oxşatmırlar. Sonuncular Allahın onları təhdid etməsinə layiqdirlər və onlar – ziyana uğramışlardır.
(122) “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtı ilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın”.
(123) “Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək”.
(124) “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!” – dedi. İbrahim: “Nəslimdən də (imam et)! – dedi. Allah: Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!” – dedi”.
Birinci iki ayənin təfsirini biz artıq nəzərdən keçirmişik. Sonra isə Allah Öz qulu və Kitab əhlinin bütün dini icmalarının, hətta müşriklərin də, hamısının özünü bənzətmək üçün nümunə və şanlı elçi saydığı sevimli İbrahim haqqında söhbət açır. Allah onu hökmləri və qadağaları vasitəsilə imtahana çəkdi. Allah Özünün bütün qullarını bu qayda ilə sınaqdan keçirir ki, imtahandan keçmək bacarığı olmayan yalançıları və hər sınaqla daha yüksək mərhələlərə ucalan, öz qəlbini və əməllərini təmizləyən həqiqi möminləri isə üzə çıxartsın. Belə sınaqlardan çıxmış ən ləyaqətli qullardan biri də Allahın sevimlisi İbrahim (ə.) idi. Allah onu dəhşətli bir imtahana çəkmişdi, lakin o, bu sınaqdan ləyaqətlə çıxdı və buna görə Allah ona minnətdarlığını bildirərək əvəzini verdi, çünki Allah həmişə Qədirbilən Rəbb olmuşdur.
Allah İbrahimə deyir: “Mən səni insanların rəhbəri və təqlid edilən örnək edəcəyəm, onlar isə səndən nümunə götürəcək və sənin ardınca əbədi səadətə yollanacaqlar. Sən əbədi tərifə, böyük mükafata və hamının ehtiramına layiq görüləcəksən”.
Allaha and olsun ki, bu elə ən yüksək üstünlükdür ki, yarışanlar onun xatirinə yarışmalı və zəhmət adamları da qollarını çırmalamalıdırlar. Bu - ən yüksək ləyaqətdir ki, ona nail olmaq ancaq ruhən möhkəm olan elçilərə və onların, insanları Allahın yoluna gəlməyə dəvət edən sadiq davamçılarına qismət olurdu.
İbrahim (ə.) belə yüksək dərəcəyə çatmağa nail olduğuna görə sevinirdi və Allaha dua etdi ki, bu neməti onun nəsillərinə də versin. O, Allahdan dilədi ki, ona və onun nəsillərinə belə yüksək dərəcəyə qalxmağa icazə versin; bax elə onun bu təşəbbüsü onun rəhbərlik keyfiyyətlərini təsdiq edirdi. O, Allahın qullarına səmimi qəlbdən xeyirxahlıq arzulayır və istəyirdi ki, onların arasında daha çox dəvətçilər, doğru yola gəlməyə nəsihət verənlər olsun. Amma belə yüksək məqsədləri qəbul edib insanları yüksək dərəcələrə təkcə Allah qaldıra bilərdi.
Mərhəmətli və Rəhmli Rəbb onun duasını diqqətlə dinləyərək bildirir ki, bəzi insanlara yeganə bir maneə belə yüksəkliklərə nail olmağa imkan verməyəcək. Allah buyurur ki, təkcə özlərinə qarşı zülm edən və öz ləyaqətini alçaldan zalımlar dində təqlid nümunəsi ola bilməyəcəklər. Dində təqlid üçün yüksək örnək olanlara ədalətsizlik və zalımlıq yaraşmır. Bu yüksək dərəcəyə ancaq səbirlə və möhkəm inamla nail olmaq mümkündür və bunun nəticəsi – möhkəm iman, saleh əməllər, gözəl əxlaq, düzgün prinsiplər, Rəbbinə kamil məhəbbət, Onun qarşısında qorxu keçirmək və yol verilmiş günahlara görə tövbə etməkdir. Məgər ədalətsiz insan bu keyfiyyətləri əldə edə bilərmi?!
Ayənin mənası ondan ibarətdir ki, ədalətsizlikdən xilas olan insan müəyyən dini prinsiplərdən istifadə edərsə, dində təqlid üçün nümunə ola bilər.
(125) “Biz evi (Kəəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!” – dedik”.
Uca Allah İbrahimin nümunə götürülməsi üçün bir örnək və başçı olmasına əbədi bir dəlil gətirir. Bu dəlil - Məscidülharamdır. Onun ziyarət edilməsi İslam dininin sütunlarından biridir və o, insanların etdikləri günahları və xətaları yuyur. Bu məsciddə çoxsaylı yerlər var ki, Allahın sevimlisi İbrahimi və onun nəsillərini xatırladır və onun dində təqlid edilmək üçün örnək olduğunu təsdiq edir.
Allah Məscidülharamı insanlar üçün sığınacaq etmişdir və onlar maddi və mənəvi nemətlər əldə etmək üçün axışıb oraya gəlirlər. Onlar hər dəfə oranı ziyarət etdikcə, Məscidülharamda olmaqdan doya bilmirlər. O, bütün canlı varlıqlar üçün, istər əhliləşdirilməmiş heyvanlar olsun, istərsə ağaclar və yaxud digər cansız məxluqlar olsun, əmin-amanlıq yeridir. Hətta cahiliyyə dövründə Allaha şərik qoşan müşriklər də Məscidülharama ehtiramla yanaşardılar, bəzən orada öz atalarının qatilini görəndə belə onun sakitliyini pozmazdılar. İslamın gəlməsilə bu məscidin müqəddəsliyi və şöhrəti daha da artdı.
Sonra Uca Allah İbrahimin yerini (İbrahim məqamı) namazgah etməyi buyurdu. Belə bir rəy var ki, İbrahim məqamı adı altında hal-hazırda Kəəbənin qapısı qarşısında olan yer nəzərdə tutulur. Bu halda, söhbət Kəəbənin ətrafını təvaf etdikdən sonra iki rükət namazın, mümkün olduqca, İbrahim məqamının arxasında qılındığı yerdən gedir. Quran təfsirçilərinin əksəriyyəti bu rəyi müdafiə edirlər.
Lakin başqa şərhə görə İbrahim məqamı adı altında onun ziyarəti zamanı ayaq basdığı bütün yerlər nəzərdə tutulur və ərəb sözü olan “məqam” (“yer”) isminin tək halında işlədilməsi onun yiyəlik halında olması ilə izah edilir. Bu halda ifadə bütün həcc mərasimini: Kəəbənin təvafını, əs-Səfa və əl-Mərvə təpələri arasında qaçışı, Ərəfat vadisində dayanmağı, Müzdəlifə vadisində gecələməyi, daş atmağı, qurban kəsməyi və ziyarətin digər mərasimlərini əhatə edir. Bu şərhə müvafiq olaraq, İbrahim məqamını namazgah yeri etmək hökmü, onun yerini həcc ziyarəti zamanı onun nümunəsinə uyğun olaraq ibadət yerinə çevirmək hökmüdür. Yəqin ki, sonuncu təfsiri daha üstün saymaq lazımdır, çünki o, birinci şərhi də ehtiva edir və ayənin lüğəvi mənasına da uyğun gəlir.
Uca Allah həmçinin bildirir ki, İbrahimə və İsmailə Allahın Evini müşriklərin əməllərindən, kafirliyindən və itaətsizliyindən və habelə çirkinlikdən, murdarlıqdan və natəmizlikdən təmizləmək tapşırılmışdı, çünki bu məscid ancaq təvaf edənlər, gəlib namaz qılanlar üçün təyin edilmişdir.
Uca Allah ilk növbədə Kəəbəni təvaf edənləri xatırladır, çünki bu ibadət mərasimi Məscidülharamın özəlliklərindəndir. Bundan sonra isə ayədə ibadət üçün etikafa(Etikaf – məsciddə tənhalığa çəkilərək müəyyən dövr üçün oradan çıxmadan edilən ibadətdir. F.S.) çəkilən insanlar yad edilir, çünki möminlərin etikafa çəkilməsi yalnız məscidlərin xüsusiyyətlərindəndir. Ancaq bundan sonra, namaz qılanlar qeyd olunur, hərçənd namaz bütün sadalanan mərasimlərdən ən ləyaqətlisidir. Buradan belə çıxır ki, şərh etdiyimiz ardıcıllığın müəyyən izahı var.
Uca Allah Məscidülharamı bir neçə səbəbə görə Öz Evi adlandırır. Birincisi, bu İbrahim peyğəmbəri (ə.), İsmail peyğəmbəri (ə.) məscidi natəmizliklərdən təmizləməyə lazımi diqqət yetirmələri və zəruri olan hər şeyi etmələri üçündür. İkincisi, bu, Məscidülharamın müqəddəsliyini və şöhrətini xüsusilə vurğulamaqdan ötrü idi və insanlara orada Allaha ibadət etməyi bir vəzifə kimi tapşırmaqla yanaşı həmdə bu, ona ehtiram göstərilməsinə yönəldilmişdi. Üçüncüsü, bu, insanların qəlbində Məscidülharama böyük maraq, meyl yaradırdı.
(126) “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, - onlardan Allaha və Axirət gününə iman gətirənlərə - hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”
İbrahim (ə.) Məscidülharamda namaz qılarkən Allaha dua etdi ki, Məkkəni təhlükəsiz şəhər etsin və onun əhalisinə hər cür məhsullardan ruzi bağışlasın. Sonra İbrahim peyğəmbər (ə.) öz duasını möminlərlə bağlayır və Allaha olan ehtiramını büruzə verir. Amma onun duasının birinci hissəsi ümumi səciyyə daşıyırdı və buna görə də Allah onun duasına cavabını, zalımlardan başqa, hamıya aid etdi.
Digər tərəfdən, İbrahim peyğəmbər (ə.) Allahdan şəhərin əhalisinə ruzi verməsini dilədi və bunu ancaq möminlər üçün istədi. Allah isə ruzini həm mömin və itaətkar dindarlara və həm də kafirlərə və münafiqlərə verir. Məhz buna görə Allah xəbərdar edir ki, ruzi şəhərin bütün sakinlərinə, həm müsəlmanlara, həm də kafirlərə veriləcəkdir. Müsəlmanlar maddi nemətləri Allaha ibadət xatirinə istifadə edəcəklər və sonra Cənnət bağlarına yollanacaqlar, kafirlər isə, maddi nemətlərdən ancaq qısa müddət ərzində ləzzət alacaqlar, sonra isə məcburən ən pis sığınacağa – Odlu Cəhənnəmə göndəriləcəklər.
(127) “O zaman İbrahim və İsmail evin (Kəəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!”
(128) “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir millət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”
(129) “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”
Ey Muhəmməd! Yadına sal ki, İbrahim peyğəmbər (ə.) və İsmail peyğəmbər (ə.) Kəəbənin özülünü necə qaldırmışdılar və bu şərəfli işi səbirlə davam etdirmişdilər. Onların ürəkləri qorxu hissindən və ümid hissindən aşıb-daşırdı. Bu böyük xeyirxahlığı yerinə yetirərək, onlar Allaha dua edirdilər ki, onu qəbul etsin və onu bütün insanlar üçün faydalı etsin. Onlar Allaha dua edirdilər ki, onları və onların nəsillərini İslam tərəfdarları etsin. Bunun isə mahiyyəti ondan ibarətdir ki, Rəbbin qarşısında bütün qəlbinlə müti olasan və Onun hökmlərini vücudunla yerinə yetirəsən.
Sonra onlar Allahdan xahiş edirlər ki, onlara ibadət qaydalarını göstərsin, yəni ibadət qaydasını onlara əyani surətdə öyrətsin ki, onlara çoxlu fayda versin. Belə bir rəy var ki, ibadət qaydaları (mənasik) dedikdə, burada həcc ziyarətinin bütün mərasimləri, ayinləri nəzərdə tutulur ki, təfsir edilən ayələrin mətni də bunu təsdiq edir. Digər bir şərhə görə isə bu ayə (128-ci ayə nəzərdə tutulur. F.S) daha geniş mənaya malikdir və özündə bütün dini hökmləri və ayinləri ehtiva edir. Bu ayələrin ümumi mahiyyəti də geniş mənanın xeyrinə şəhadət verir. “Nusuk” sözü “ibadəti” ifadə edir, amma çox vaxt o həcc ziyarəti ilə əlaqədar işlədilir. Xalq arasında bu sözə məhz bu - sonuncu məna verilir. Bütün hallarda hər iki peyğəmbər Allahdan onlara faydalı biliklər və saleh əməllər bəxş etməsini diləyirlər. Hər bir qulun hökmən hansısa bir xətaya yol verəcəyini və tövbə etməyə ehtiyacı olacağını nəzərə alaraq, onlar da Allahdan onların tövbəsini həmişə qəbul etməyi xahiş edirlər.
Sonra onlar Ona dua edirlər ki, onların nəsillərindən elçi seçsin ki, şöhrətləri və şanları artsın. Onlar arzu edirlər ki, insanlar həmin elçiyə itaət etsinlər və lazım olan kimi onun gözəl məziyyətlərinə bələd olsunlar. Onlar istəyirlər ki, o elçi Allahın ayəsini insanlara oxusun, onun qayğısına qalsın və insanlara onu əzbərləmək üçün yardım göstərsin, onlara Kitabı və Sünnəni şərh etməyi öyrətsin, xeyirxah əməllərlə onların qəlbini paklaşdırsın və insanların qəlbini nəcibləşdirməyən pozğun əməllərə qarşı onlarda nifrət oyatsın. Sonra isə onlar Allahın qüdrətini və müdrikliyini tərifləyərək Ondan öz gələcək nəsilləri arasından bu iki keyfiyyətə malik olan bir elçi seçməyi xahiş etdilər. Bütün var olan nə varsa, Allahın hökmü altındadır və heç kim Onun iradəsinə müqavimət göstərə bilməz. O, Öz Müdrikliyi ilə hər şeyi öz yerində bərqərar edir. Elə buna görə, O, onların duasını diqqətlə dinləyərək, adlı-sanlı Muhəmmədi (s.ə.s.) insanlara peyğəmbər göndərdi. Onun gəlişi, Allahın İbrahimin və İsmailin nəsillərinə və o cümlədən bütün bəşəriyyətə nəsib etdiyi mərhəməti idi. Məhz buna görə, Muhəmməd Peyğəmbər (s.ə.s.) demişdir: “Mən - əcdadım İbrahimin duasının nəticəsiyəm”.
(130) “Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, Axirətdə də əməlisalehlərdən olacaqdır”.
İbrahimin (ə) dininin məziyyətlərini və üstünlüklərini bildikdən sonra təkcə axmaq adamlar ondan üz döndərirlər. Belə insanlar özləri haqqında heç nə bilmir və öz nəfslərinə laqeyd yanaşırlar. Onlar ən az ilə qənaətlənərək, öz canlarını ucuz qiymətə satırlar. İbrahimin (ə.) dininin ardıcıllarına gəldikdə isə, onlar ən ağıllı və kamil insanlardır.
Sonra Uca Allah İbrahimin (ə.) bu dünyadakı və ölümdən sonrakı taleyindən bəhs edir. O, bu dünyada onu saleh əməllər etməyə ruhlandıran Allahın sevimlisi idi və Onun sayəsində o, ən ləyaqətli və yaxşı insanlardan biriydi. Axirət həyatında isə o, ən yüksək pillələrə qalxmağa nail olan əməlisaleh insanlardan biri olacaqdır.
Tarix: 20.04.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 817 Bölmə: Sureler