Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ENAM

1 Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.
2 Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!
3 Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!
4 Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!
5 Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Quranın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!
6 Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.
7 (Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: “Bu, açıq-aydın bir sehrdir”, - deyərdilər.
8 Onlar dedilər: “Məgər ona (Həzrəti–Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi.
9 Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.
10 Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.
11 (Ya Rəsulum!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”
12 De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz-özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!
13 Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir.
14 (Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu).
15 De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxaram”.
16 O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur).
17 Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!
18 O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
19 De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”
20 Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!
21 Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
22 O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!
23 Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.
24 Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!
25 (Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: ”Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, - deyərlər.
26 (Müşriklər özlərinə uyanları Quranı) dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar.
27 (Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!
28 Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!
29 (Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər.
30 Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”.
31 Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!
32 Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
33 Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
34 Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı.
35 Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir möcüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək istədiyini) bilməyənlərdən olma!
36 (Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.
37 (Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir möcüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!
38 Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.
39 Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.
40 (Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa (deyin görək)!”
41 Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)
42 Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar.
43 Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.
44 (Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.
45 Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!
46 (Ya Rəsulum!) De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.
47 De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”
48 Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
49 Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!
50 De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”
51 Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quranla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!
52 (Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan.
53 Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”
54 Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”
55 Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.
56 (Ya Rəsulum) De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”
57 De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”
58 De: “Əgər təcili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!”
59 Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
60 Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.
61 (Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!
62 Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!
63 (Ya Rəsulum!) De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”
64 De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”
65 De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!
66 (Ya Rəsulum!) Sənin camaatın onu (Quranı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizin vəkiliniz deyiləm!”
67 Hər bir xəbərin (Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.
68 (Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.
69 Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun təsirilə) pis əməllərdən çəkinsinlər.
70 Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!
71 De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
72 Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.
73 Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
74 (Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”
75 Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!
76 Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.
77 (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi.
78 (Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!
79 Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
80 Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
81 Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?
82 İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
83 Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
84 Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.
85 Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi.
86 Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.
87 Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.
88 Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
89 Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).
90 Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)”.
91 Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Quran vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
92 Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar).
93 Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!
94 Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.
95 Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?
96 (Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
97 Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.
98 Sizi tək bir nəfərdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.
99 Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
100 Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur.
101 O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!
102 O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!
103 Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cisimlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!
104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçi deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir)
105 Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).
106 (Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!
107 Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!
108 Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Möminlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!
109 (Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (möcüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!”
110 Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq.
111 Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.
112 Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!
113 (İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər).
114 Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!
115 (Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!
116 Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!
117 Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!
118 Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (bismillah deyilərək kəsilmiş) heyvanları yeyin!
119 Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!
120 Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!
121 Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.
122 Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.
123 Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar.
124 Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!
125 Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!
126 Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik.
127 Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur).
128 (Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!
129 Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bəzisini digərinin arxasına taxaraq (və ya pis işləri bir yerdə gördükləri üçün qiyamət gününün əzabından onları bir-birinə belə yaxınlaşdırarıq).
130 Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.
131 Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!
132 Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!
133 Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər.
134 Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!
135 (Ya Rəsulum! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!
136 (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!
137 Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!
138 (Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”, - dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.
139 (Müşriklər) həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir”, - dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!
140 Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.
141 Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!
142 Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.
143 (Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”
144 (Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!
145 (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!
146 Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!
147 Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!”
148 Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”
149 De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
150 De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.
151 (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
152 Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!
153 Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”
154 Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz neməti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!
155 Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!
156 Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik”, - deməməyiniz.
157 Və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, - söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cəzalandıracağıq!
158 (Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”
159 (Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!
160 Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
161 (Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”
162 De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!
163 Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”
164 De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.
165 (Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (möminləri) bağışlayan, (onlara) rəhm edəndir!


Tarix: 04.01.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2823 Bölmə: Sureler
loading...