Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İBRAHİM SURƏSİNİN ŞƏRHİ 1-15

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(14.1) “Əlif. Ləm. Ra. Biz sənə bir Kitab nazil etmişik ki, insanları onların Rəbbinin izni ilə qaranlıqlardan çıxarasan nura – Fövqəlqüdrətlinin və Həmdəlayiqin yoluna” –
(14.2) “göylərdəki və yerdəkilərin hamısının məxsus olduğu Allaha. Məruz qalacaqları şiddətli əzaba görə vay kafirlərin halına!”

Fövqəluca xəbər verir ki, Müqəddəs Kitab Peyğəmbərə (s.ə.s.) bütün bəşəriyyətin rifahı üçün nazil edilmişdi ki, o (s.ə.s.) onun vasitəsilə insanları nadanlıq qaranlığından, imansızlıqdan, pozğun əxlaqdan və günahlardan bilik, iman və saleh əxlaq nuruna çıxartsın. Lakin insanlar, Allah icazə vermədikcə və yardım göstərmədikcə, Onun məmnun qaldığı bir şeyə nail ola bilməzlər. Bunu bildirərək, Fövqəluca qullarını dəvət edir ki, kömək və yardım barədə Ona dua etsinlər. O, həm də izah edir ki, Müqəddəs Kitab Allahın lütfkarlığının məskəninə aparan yola insanlar üçün işıq saçır. Bu yolla getmək ancaq düzgün biliklər və saleh əməllər sayəsində mümkündür. Bunları buyurduqdan sonra, Allah Özünü Böyük və Həmdəlayiq adlandırır. Bu isə o deməkdir ki, doğru yolla gedən hər kəs Allahın yardımı sayəsində qüdrət əldə edir və Allahın köməyi sayəsində, hətta bütün köməkçilərindən məhrum olduqda belə, güclənir, tərifə və xoş sonluğa layiq görülür.
Bütün deyilənlərdən aydın olur ki, doğru yol Allahın kamil sifətlərə və əzəmətli adlara malik olmasının ən böyük dəlillərindən biridir. Qulları üçün düz yolu müəyyənləşdirən Yaradan hüdudsuz hakimiyyət Sahibidir. Onun sözləri, əməlləri və əmrləri ən gözəl tərifə layiqdir. O, ilahiləşdirilməyə və ibadətə layiqdir və Ona edilən ibadətlər, Ona aparan düz yolda edilən dayanacaqlara bənzər. O, təkbaşına yaradır, ruzi nazil edir və yerlə göyün işlərini idarə edir. Bu isə o deməkdir ki, təkcə O, dünya həyatında insanların əsaslanacaqları qanunları yaratmaq ixtiyarındadır. O, Öz qullarına ağalıq edir və Ona onları unutmaq yaraşmaz.
Fövqəluca Allah bu sübutları sadaladıqdan sonra, haqq boyun əymək istəməyənləri sərt cəza verəcəyi ilə hədələyir. Bu cəza o dərəcədə dəhşətli olacaqdır ki, onu təsvir etmək və dəyərləndirmək belə mümkün deyil. Sonra Fövqəluca Allah itaətdən çıxanların bəzi xüsusiyyətlərini adlandıraraq buyurur:

(14.3) “Onlar dünya həyatını Axirətdən üstün tutur, başqalarını Allahın yolundan sapdırır və onu təhrif edirlər. Onlar dərin azğınlıq içindədirlər”.

Onlar dünya həyatı ilə qane olur, öz xoşbəxtliyini onda görür və Axirət həyatına laqeyd yanaşırlar. Onlar, Allahın Öz qullarına getməyi əmr etdiyi yolla getməyə mane olurlar. Allah bu yolu Öz Kitabında elçilərinin dilindən izah etmişdir, lakin mürtədlər öz Hamilərinə düşmənçilik və müqavimət göstərməklə cavab vermişlər. Onlar doğru yolu ləkələməyə cəhd göstərir və və onu tamamilə pis qələmə verirlər ki, insanları ondan çəkindirsinlər. Lakin Allah istəyir ki, Öz işığını, bu, kafirlərdə hətta nifrət doğursa belə, yaysın. Onlar yuxarıda qeyd olunan keyfiyyətlərə malikdirlər və dərin azğınlıq içindədirlər. Onlar özləri azğınlığa düşməklə ətrafdakıları da yoldan çıxartmağa başladılar, Allaha və Onun Elçisinə (s.ə.s.) müqavimət göstərdilər. Bundan da artıq azğınlıq ola bilərmi?!! Onlar, Allaha və Onun ayələrinə iman gətirən, Axirətə üstünlük verən, insanları Allahın yoluna gəlməyə dəvət edən, hər vasitə ilə onun gözəlliklərini və kamilliyini mümkün üsullarla tərənnüm edən və onu olduğu kimi insanlara çatdırmağa çalışan möminlərə qətiyyən bənzəmirlər.

(14.4) “Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərirdik ki, haqqı onlara izah etsinlər. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir”.

Hər bir elçi Allahın dinini ancaq öz xalqının dilində təbliğ edirdi və bu tələb ona dəlalət edir ki, Fövqəluca qullarına münasibətində çox rəhmliydi. Bunun sayəsində elçilər öz xalqlarına onların ehtiyacları olduğu bütün bilikləri izah edirdilər və onlara haqqı öyrədirdilər. Əgər onlar aralarında təbliğat aparacaqları xalqların dillərini bilməsəydilər, bu təbliğatı aparmaq mümkün olmazdı. Dəvətçi, iman gətirməyə çağırdığı xalqın dilini bilməlidir ki, insanlar onu başa düşə bilsinlər. Elçilər bu məziyyətlərə malik olurdular və ətrafdakılara dini hökmləri və qadağaları izah edirdilər. Onlar haqqı öz xalqlarına çatdırır və sonra isə Allah doğru rəhbərliyə qulaq asmaqdan boyun qaçıranları haqq yoldan sapdırır və Öz ilahi mərhəməti altına almaq istədiklərini isə doğru yola yönəldir. Onun gözəl sifətləri arasında Fövqəlqüdrətli və Müdrik adları da yer tutur. O, Öz fövqəlgücü sayəsində qullarının ürəklərini istədiyi səmtə yönəldir və heç kimdən asılı olmadan kimi doğru yola, kimi də azğınlığa salmağa Özü sərəncam çəkir. Öz Müdrikliyi sayəsində isə doğru yola və ya azğınlığa layiq olanları həmin istiqamətə yönəldir.
Bu kərim ayədən aydın olur ki, ərəb dilini öyrənmək faydalı və Allahın xoşuna gələn bir əməldir, çünki bu dili bilmək Allahın və Onun Elçisinin (s.ə.s.) sözlərini anlamağa kömək edir. Cəmavi Vəhyin öyrənilməsinin başqa bir üsulu yoxdur. İnsanlar ancaq o vaxt ərəb dilini və onunla bağlı elmləri öyrənməyə ehtiyac duymayacaqlar ki, böyüklər onu artıq tam mənimsəyəcək, uşaqlar isə körpəlikdən onu öyrənəcəklər. Bu həyata keçən vaxtda insanlar böyük qismət əldə edəcəklər, çünki onlar Allahın və Onun Elçisinin (s.ə.s.) canlı dilini, Peyğəmbərin (s.ə.s.) səhabələrinin (Allah onlardan razı olsun) dinlədikləri kimi dinləyəcəklər.

(14.5) “Biz Musanı Öz ayələrimizlə göndərib, buyurduq: “Xalqını qaranlıqdan işığa çıxart və Allahın günlərini onlara xatırlat”. Həqiqətən, bunda – hər bir səbirli və şükr edən insan üçün dəlillər vardır”.

Fövqəluca xəbər verir ki, Musa peyğəmbər (ə) təbliğ etdiklərinin həqiqiliyi və doğruluğunu təsdiq edən çox böyük dəlillərlə göndərilmişdi. Ona (ə) da Muhəmməd Peyğəmbərə (s.ə.s.) və Allahın bütün digər peyğəmbərlərinə əmr olunanlar əmr olunmuşdu. Ona tapşırılmışdı ki, öz xalqını cahillik, kafirlik və onun müxtəlif təzahürlərinin qaranlığından biliyin, imanın və onunla bağlı olan hər şeyin işığına çıxartsın. Ona (ə) həm də havalə olunmuşdu ki, Allahın insanlara bəslədiyi mərhəməti və onlara qədər yaşayan kafir xalqların məruz qaldıqları cəzanı onların yadına salsın ki, insanlar mərhəmətinə görə Allaha şükr etsinlər və Onun verdiyi cəzasından dəhşətə gəlsinlər. Allahın Öz məxluqları ilə rəftarı Onun kamil qüdrətinin, hər şeyi əhatə edən xeyirxahlığının, qüsursuz ədalətinin və böyük müdrikliyinin dəlilləridir. Buna görə, Allahın günləri hər çətinliyə səbrlə dözən, şadlıq və əmin-amanlıq içində olduğu zaman Allaha həmd edən hər bir kəs üçün dəlillərdir

(14.6) “O zaman Musa öz xalqına demişdi: “Allahın sizə verdiyi nemətini yadınıza salın. O, sizi Firon camaatının əlindən xilas etdi; onlar sizə ağır əzab verir, oğullarınızı doğrayır, qadınlarınızı isə sağ buraxırdılar. Bu, Rəbbinizin sizı imtahan etdiyi böyük sınağı idi”.

Musa (ə) Rəbbin iradəsinə tabe olaraq, Allahın onlara göstərdiyi lütfkarlığını öz xalqına xatırlatdı. O, dedi: “Allahın mərhəmətini ürəyinizdə və dilinizlə yad edin. Xatırlayın ki, Allah, sizi dəhşətli cəzalara məruz qoyan Firon camaatından necə qurtardı. Onlar sizin oğullarınızı öldürür və qadınlarınızı isə sağ buraxırdılar, lakin Allah sizi bundan xilas etdi. Bu, Rəbbinizdən böyük bir sınaq idi”. Ola bilsin ki, “böyük sınaq” dedikdə, İsrail oğullarının xilası və onlara göstərilən böyük mərhəmət nəzərdə tutulur. Həmçinin ola bilər ki, bu ifadə ilə Firon və Misir zadəganlarının İsrail oğullarına çəkdirdiyi əzab-əziyyət nəzərdə tutulur. Bütün hallarda, Allah onları böyük sınağa ona görə çəkmişdi ki, onların bundan düzgün nəticə çıxara biləcək və ya bilməyəcəklərini bir daha təsdiq etsin.

(14.7) “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”.

Musa (ə) bu barədə öz qəbulədaşlarına xəbər verir ki, onlar Fövqəluca Allaha daha səylə və ciddi-cəhdlə şükr etsinlər. Allaha şükr edən hər kəs, dah artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.

(14.8) “Musa dedi: “Əgər siz və yer üzünün bütün sakinləri kafir olsanız, Allah onsuz da Zəngindir və Həmdəlayiqdir”.

Ey İsrail oğulları! Əgər siz və yerin bütün digər sakinləri ilə birlikdə kafir olsanız və Allaha həmd etməkdən imtina etsəniz də, bununla Allaha qətiyyən zərər vura bilməzsiniz. Onun gözəl adları arasında – Zəngin və Həmdəlayiq adları. Qullarının mütiliyi və itaətkarlığı Onun hakimiyyətini heç vəchlə artırmır, itaətsizliyi və sözə qulaq asmamaları isə bu hakimiyyəti heç də zəiflətmir. Onun zənginliyi kamildir, Onun mahiyyəti, adları, sifətləri və əməlləri isə həmdəlayiqdir. Onun malik olduğu bütün sifətlər qüsursuz və mükəmməldir. Ona məxsus olan bütün adları gözəldir. Onun yerinə yetirdiyi bütün əməllər isə ən əzəmətli tərifə layiqdir.

(14.9) “Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində şəkk-şübhə içindəyik!”

Fövqəluca qullarını, qədim xalqların onlara göndərilmiş Allah elçilərini qəbul etmədiklərinə görə, başlarına gəlmiş dəhşətli əhvalatlarla qorxudur. Amansız cəza onları elə bu dünyadaca yaxalamışdı və bir çox insanlar bunun ya şahidi idilər, ya da bu barədə eşitmişdilər. Nuhun (ə) xalqı, adlar və səmudlar – Fövqəluca Allah bu xalqlar haqqında Öz Kitabında ətraflı yazmışdır. Onlardan sonra da nə qədər başqa xalqlar yaşamışlar! İnsanlar onları yaddan çıxarmışlar və ancaq Allaha onlar haqqında hər şey məlumdur. Allahın elçiləri onların yanına gəlirdi, haqlı və səmimi olduqlarını qəribə möcüzələrlə və dəlillərlə təsdiq edirdilər. Elə bir elçi gəlmirdi ki, öz qəbilədaşlarına, onların ona inanması üçün bəs edən möcüzələr göstərməsin. Lakin hər dəfə fasiqlər Allahın elçilərinə iman gətirməkdən boyun qaçırır və Allahın ayələrini təkəbbürlə rədd edirdilər. Onlar iman gətirməkdən boyun qaçırır və hətta haqq dinin zəruriyyətini təsdiq edən şeylər haqqında danişmaq belə istəmirdilər. Bu barədə Fövqəluca buyurmuşdur: “Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır” (Bəqərə, 2/19).

(14.10) “Elçiləri onlara deyirdilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır”. Onlar deyirdilər: “Siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.

Onlar öz imansızlıqlarını elçilərdən gizlətmirdilər və bəyan edirdilər ki, onların doğru danışdıqlarına şübhə edirlər. Lakin onlar yalan danışırdılar və zalımlıq edirdilər. Allaha şübhə etməkmi olar? Bütün dünyada Ondan daha aydın və daha inandırıcı olan bir şey yoxdur! Əgər insan göylərin və yerin Yaradanına, Kainatın mövcudluğu Onsuz mümkün Olmayana, şəkk gətirirsə, onda o, hətta görmək və əllə toxunmaq mümkün olan bir şeyin mümkünlüyünə də şəkk gətirməlidir. Buna görə elçilər öz xalqları ilə Rəbbin mövcudluğuna heç bir şübhəsi olmayan insanlar kimi danışırdılar. Onlar xalqlarını onlara fayda verən şeylərə dəvət edirdilər ki, Allah onların günahlarını bağışlasın və onların ömrünü müəyyən bir vaxta kimi uzatsın. Bir sözlə, əgər onlar elçilərin çağırışlarına cavab versəydilər, onda həm bu dünya həyatında və həm də ölümdən sonra mükafatlandırılardılar, çünki onlar öz ibadətləri ilə Allaha fayda vermirdilər. Əksinə, bundan fayda alan onlar ancaq özləri idilər. Lakin onlar öz elçilərinin möizələrini – təbliğatını rədd etdilər və axmaq və nadan adamlar kimi davrandılar. Onlar dedilər: “Siz də elə bizim kimi adamlarsınız. Niyə siz öz peyğəmbərliyiniz sayəsində bizdən üstün olmalısınız? Siz bunu özünüzdən uydurmuşsunuz ki, biz ata-babalarımızın ibadət etdiklərindən əl çəkək. Niyə biz sizin uydurmalarınıza görə öz ulularımızın yolundan əl çəkək? Niyə biz bizdən heç nə ilə üstün olmayanlara sözsüz tabe olmalıyıq? Bizə sizin haqlı olduğunuzu təsdiq edən möcüzələr göstərin”. Onlar elçilərdən insanların görməsinə yol verilməyən möcüzələr göstərilməsini tələb edirdilər. Əslində bütün elçilər öz qəbilədaşlarına aydın möcüzələr göstərirdilər.

(14.11) “Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir möcüzə göstərə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər”.

Siz tamamilə haqlısınız. Biz – adicə, sizə bənzəyən insanlarıq. Amma bu o demək deyildir ki, sizə, təbliğ etdiyimiz haqqı inkar etməyə icazə verilmişdir. Doğrudan da, Fövqəluca Allah istədiyi quluna Öz mərhəmətini göstərir. Əgər Allah bizi peyğəmbərliyə və ilahi vəhyə layiq bilmişsə, bu, Onun mərhəmətinin və xeyirxahlığının təzahürüdür. Heç kim özünə Allahdan mərhəmət göstərməsini tələb etmək və ya Ona qullarına lütfkarlıq göstərməsinə mane olmaq iqtidarına malik deyildir. Sizə ancaq bizim möizələrimiz üzərində düşünmək qalır. Siz onların doğru olduğunu görsəniz, onlara qulaq asın, əgər onlar yalan çıxsalar, onda onları rədd edin, lakin öz kafirliyinizi təmizə çıxarmaq üçün bizim vəziyyətimizdən sui-istifadə etməyin.
Sizin tələblərinizə gəldikdə isə, biz sizə Allahın iradəsindən kənar möcüzələr göstərmək qüdrətinə malik deyilik. O Özü istəyərsə, sizə möcüzələr göstərər və ya bunu etməz, Çünki O, tamamilə Öz ilahi müdrikliyinə və rəhminə müvafiq olaraq davranır. Əgər nemət əldə etmək və ziyandan çəkinmək istəyirsinizsə, təkcə Ona təvəkkül edin. Onu da bilin ki, belə rəftar edən təkcə möminlərdir, çünki onlar Allahın kamil föqəlqüdrəti və hər şeyi əhatəedən rəhmindən xəbərdardırlar və Onun himayəsi istənilən məxluq üçün bəs edir. Onlardan hər biri Allaha imanının yol verdiyi dərəcədə təvəkkül edir.
Bu ayədən aydın olur ki, mömin Allaha təvəkkül etməlidir. Təvəkkül haqq dinin dəyişməz şərtidir və ibadətin ən ali formalarına aiddir ki, Allah onları xoşlayır və onlardan razı qalır. Bu ibadət forması əsasında bir çox digər dini ayinlər təşəkkül tapır.

(14.12) “Bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər”.

Allaha təvəkkül etməyimizə nə maneə ola bilər ki, əgər Fövqəuca Allah Özü bizə haqqı öyrətmiş və doğru yola yönəltmişdir. Əgər insan haqqa etiqad edirsə və doğru yolla gedirsə, onda o, ən mükəmməl tərzdə Allaha təvəkkül etməlidir. Əgər insan bilirsə ki, möminə təkcə Allah kömək edir və onu istənilən bəlalardan xilas edir, onda o, hökmən ətrafdakıları doğru yola çağırmağa başlayar. Bu isə o deməkdir ki, o, haqqa etiqad etməyənlərə və Allahın nəsihətlərini rəhbər tutmayanlara, qətiyyən bənzəmir.
Belə möizələri dillərinə gətirərək elçilər öz qəbilədaşlarına Allahın daha böyük bir möcüzəsinə işarə edirdilər. Kafirlər, bir qayda olaraq, Allahın elçiləri üzərində qələbə çalmaq üçün kifayət qədər gücə malik idilər. Lakin sonuncular onları güclərini sınamağa dəvət edir və elçilərə zərər vurmağa cəhd etmələrini təklif edirdilər. Bu zaman onlar Allaha təvəkkül edir və açıq surətdə bildirirdilər ki, onlara təkcə Onun himayəsi kifayətdir. Belə olduğu halda, mürtədlərin hər vasitə ilə onları məhv etməyə və onların gətirdiyi haqqın nurunu söndürməyə cəhd göstərmələrinə baxmayaraq, Fövqəluca Öz elçilərini müşriklərin şərindən xilas edirdi. Məhz buna görə Nuh peyğəmbər (ə) öz qəbilədaşlarına demişdi: ““Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirin), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin” (Yunus, 10/71).
Hud peyğəmbər (ə) isə demişdir: “...Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin! Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim haqq (doğru) yolun Rəbbidir!” (Hud, 11/54-56).
Elçilər öz qəbilədaşlarına deyirdilər: “Biz bundan sonra da Allahın dinini təbliğ edəcək, insanlara öyüd-nəsihət verəcək və haqqı onlara xatırladacağıq. Biz heç vaxt sizin bizə verdiyiniz incikliklərə və əzaba diqqət yetirməyəcəyik. Biz Allahın savabını qazanmaq ümidilə hər hansı sınaqdan keçməyə hazırıq. Bütün bunlara baxmayaraq biz sizə ancaq xeyirxahlıq diləyirik, ola bilsin ki, bir çox öyüd-nəsihətlərdən sonra Allah sizi düz yola yönəltsin. Biz ancaq Allaha təvəkkül edirik, çünki Ona təvəkkül etmək uğur qazanmanın açarıdır”. Bilmək lazımdır ki, Allahın elçiləri (onlara Allahın salamı olsun) Ona ən mükəmməl tərzdə təvəkkül edirdilər. Onlar təvəkkül edirdilər ki, O, yer üzündə Öz dinini bərqərar edəcək, möminlərə kömək edəcək, qullarını doğru yola yönəldəcək və onları azğınlıqdan xilas edəcək. Həqiqətən də, bu - ən gözəl təvəkkül formasıdır.

(14.13) “Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək”
(14.14) “və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlara və təhdidimdən çəkinənlərə aiddir”.

Elçilərin yorulmadan və ara vermədən təbliğat aparmaları haqqında xatırlatdıqdan sonra, Fövqəluca Allah onlara kafir qohumlarının necə münasibət bəsləmələrindən xəbər verir. Kafirlər Allahın elçilərini ən dəhşətli şəkildə rədd edirdilər və buna görə də demək olar ki, onların düzələcəklərinə heç bir ümid yeri qalmamışdı. Onlar nəinki haqq Təlimatdan üz döndərir, hətta elçiləri öz yerləri saydıqları ərazilərdən qovub çıxaracaqları ilə hədələyirdilər. Onlar elə zənn edirdilər ki, elçilərin bu dünyada yaşamağa haqları belə yoxdur və bu isə ən böyük zalımlıq idi ( Burada müəllif kafirlərin bu yanlış düşüncəsini - ən böyük zalımlıq adlandırır. F.S.)
Fövqəluca insanları yerə endirdi və onlara Rəbbə ibadət etmələrini buyurdu. O, onlara yeri və onun üzərində olan hər şeyi tabe etdi ki, onlar yerin nemətlərindən faydalanaraq Allaha ibadət etsinlər. Əgər insan nemətlərdən istifadə etməklə Rəbbinə qüsursuz ibadət edirdisə, doğru davranırdı və məsuliyyətdən xilas olurdu. Yox əgər o, Allahın nemətlərindən küfrə etiqad etmək, Rəbbinə itaətsizlik göstərmək üçün istifadə edirdisə, Onun qarşısında səmimi deyildisə, onda o, maddi nemətlərdən qanunsuz istifadə edirdi. Buradan aydın olur ki, məhz elçilərin düşmənlərinin özlərinin yer üzündə yaşamağa haqları yox idi, halbuki elçilərə onları qovacaqlarını vəd edirdilər. Hətta əgər sırf dünyəvi təsəvvürlərə istinad edilsə belə, fasiqlərin əlində heç bir əsasları yox idi ki, elçiləri öz doğma yerlərində yaşamaq haqqından məhrum etsinlər. Bu isə o demək idi ki, onlar dindarlıqdan və abır-həyadan tamamilə məhrum idilər!
Kafirlərlə elçilər arasında qarşılıqlı münasibətlər belə gərgin səviyyəyə çatanda, Fövqəluca Allaha təkcə Öz hökmünü nazil etmək və sevimli qullarına qələbə qazandırmaq qalırdı. Belə olduqda Allah elçilərinə günahkarları mütləq şiddətli cəzaya məruz qoyacağını və elçilərini onların ardıcılları ilə birlikdə ən gözəl tərzdə mükafatlandıracağını vəd etmişdi. Həqiqətən, yaxşı sonluq yer üzündə yaşadıqları zaman Allahdan qorxanların və itaətsizlik edənlərin cəzalandırılacağının vəd edilməsini yadda saxlayanların nəsibi olacaqdır. Allah qarşısında qorxu və cəzalandırılma hissi belə insanları Allahın qəzəbinə səbəb olan hər şeydən çəkinməyə və Onu razı salan şeyləri yerinə yetirmək üçün tələsməyə sövq edir.

(14.15) “Onlar qələbə istədilər. Bütün inadcıl zülmkarlar isə ziyana uğradıldı”.

Kafirlər Allahdan Onun sevimli qulları və Onun düşmənləri arasında tezliklə hökm verməsini xahiş edirlər və bu zaman onların gəlməsini tələsdirdikləri cəza onları yaxalayırdı. Əgər onlar bunu etməsəydilər, onda Hərşeyibilən və Səbirli Allah itaətdən çıxmışlara cəzalarının əvəzini belə tezliklə verməzdi. Nəticədə hər bir inadcıl zülmkar həm bu dünyada və həm də ölümündən sonra ziyana uğrayırdı. Belə qismət özünü Allahdan üstün tutanların, haqqı təkəbbürlə inkar edənlərin, Allahın qullarına yuxarıdan aşağı həqarətlə baxanların, yer üzündə lovğa-lovğa gəzənlərin və elçilərə inadla müqavimət göstərənlərin hamısı üçün hazırlanmışdır.


Tarix: 18.04.2013 / 15:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 553 Bölmə: Sureler
loading...