Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İBRAHİM SURƏSİNİN ŞƏRHİ 31-45

(14.31) “İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı Günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləsinlər”.

Ey Muhəmməd! Sən Mənim qullarıma əmr et ki, onlara böyük fayda verən işlər görsünlər. Onlar əllərinə düşən imkandan, nə qədər ki, məhrum olmayıblar, istifadə etməlidirlər. Onlara əmr et ki, namaz qılaraq Allaha qəlbən və cismən ibadət etsinlər və onların qismətinə düşən maddi nemətlərdən irili-xırdalı sədəqələr versinlər. Qoy onlar zəkat ödəsinlər, öhdələrində olanların dolandırılması vəsaitlərini vəsaitlərini sərf etsinlər və digər vacib sədəqələr versinlər. Bununla yanaşı qoy onlar əlavə ianələr versinlər, çünki çox tezliklə elə bir Gün gələcək ki, onda artıq insan etmədiyi xeyirxahlıqların yerini doldura bilməyəcək. Həmin Gün insanlara heç bir şey fayda verməyəcək: nə ticarət, nə də yaxınlarının və sevdiklərinin hədiyyələri. Hər bir insan ancaq öz taleyinin qayğısına qalacaq. Qoy qullar öz xeyirləri üçün çalışsınlar və sabahkı günə nə tədarük gördükləri üzərində düşünsünlər. Qoy onlar öz əməllərinə baxınsınlar və Ən Əzəmətli Məhkəmə başlayana qədər, onlara qiymət versinlər.

(14.32) “Göyləri və yeri yaradan Allah göydən su endirib sizin üçün çeşidli məhsullardan ruzi yetişdirdi, hökmü ilə dənizdə hərəkət etmək üçün gəmiləri öhdənizə vermiş və çayları istifadəniz üçün hazır etmişdir;”
(14.33) “Müəyyən orbitləri üzrə daim hərəkət edən günəşi və ayı, gecəni və gündüzü istifadənizə verdi”.

Fövqəluca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar. Onlar gecələr istirahət edir, dan söküləndə isə Fövqəluca Rəbbin nemətlərini axtarmağa gedirlər.

(14.34) “O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”.

Allah insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. İnsan o dərəcədə zalımdır ki, Allaha itaətsizlik göstərməyə cəsarət edir və Onun qarşısında öz vəzifələrinə başdansovma yanaşır. O, Allahın nazil etdiyi nemətlərinə görə şükür etməkdən boyun qaçırır və ona göstərilən mərhəmətini boynuna almır. Təkcə Allahın düz yola yönəltdiyi möminlər öz Rəbbinə nazil etdiyi nemətlərə görə həmd edir, Onun mərhəmətini etiraf edir və Onun qarşısında öz vəzifələrini yerinə yetirirlər.
Bu və əvvəlki ayələrdə Fövqəluca Allah qullarına əta etdiyi çoxsaylı nemətlər haqqında xəbər verir. O, onların haqqına bütövlükdə və ya ayrı-ayrılıqda bildirərək, insanları öz Xeyirxahına minnətdarlıq bildirməyə və Onu xatırlamağa çağırır. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar.

(14.35) “Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır”.

Ey Muhəmməd! İbrahimin (ə) gözəl təşəbbüsünü yadına sal. O (ə) Allahdan müqəddəs Məkkə torpağını təhlükəsizləşdirməyi xahiş etmişdi. Allah da dini qanunlar nazil etdi ki, onların əsasında Məkkə qorunan şəhər hesab olunur və elə etmişdir ki, insanlar bu şəhərə məlum səbəblərə görə ehtiram bəsləsinlər. Mürtədlər bəd niyyətlərlə bu şəhərə gəlmək istəyəndə, Fil qoşunu və başqaları ilə baş verən hadisələr kimi, Allah onları məhv edirdi. Sonra İbrahim peyğəmbər (ə) Rəbbindən ona (ə) və oğullarına haqq din bəxş etməsini istədi. O (ə) xahiş etdi ki, oğulları bütpərəstlikdən uzaq olsunlar və hətta onlarla heç rastlaşmasınlar da. Sonra isə o (ə) izah etdi ki, özünə və oğullarına görə ehtiyat edir, çünki insanların əksəriyyəti azğınlığa qapılaraq bütpərəst (Müşrik (Allaha şərik qoşan). F.S.) olmuşlar. O (ə) dedi:

(14.36) “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən”.

Ey Rəbbim! Bütlərə və heykəllərə ibadət xatirinə doğru yoldan azanlar olduqca çoxdur. Kim tövhidə ibadət edəcəksə və aləmlərin Rəbbi olan Allaha səmimiyyətlə xidmət edəcəksə, o mənim ardıcılım olacaq, çünki insan sevdiyi və yolu ilə getdiyi şəxsdən ayrılmır. Yox əgər kimsə mənə itaətsizlik göstərməyə cəsarət edərsə, onda axı Sən - Bağışlayansan, Rəhmlisən!
Bu sözlər İbrahimin (ə) rəhmdilliyini təsdiq edir. O (ə) Fövqəlxeyirxah və Fövqəluca Allahdan xahiş edir ki, itaətsizlik göstərənləri bağışlasın və əfv etsin. Amma O, Öz qullarına daha da rəhmlidir və buna görə O, ancaq islaholunmaz üsyankarları cəzaya məruz qoyur.

(14.37) “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə, onlar namaz qılsınlar deyə, sakin etdim. Ey Rəbbimiz! İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara çeşidli məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər”.

İbrahim (ə) Həcərlə birlikdə hələ südəmər uşaq olan İsmaili Şamdan Məkkəyə gətirərək, onları səhranın ortasında qoydu. O uzaq zamanlarda şəhər hələ salınmamışdı və onların ətrafında heç kim yox idi. İbrahim (ə) onlardan ayrılıb, Allaha təvəkkül və mütiliklə dolu sözlərlə müraciət etdi. O (ə) dedi ki, zürriyyətinin bir hissəsini səhrada qoymuşdur və orada nə su, nə də bir bitki yoxdur. Məsələ orasındadır ki, İbrahimin (ə) oğullarından biri olan İshaqa (ə) öz övladları ilə Şamda yaşamaq qismət olmuşdu, amma eyni zamanda İsmailə (ə) isə öz övladları ilə Məkkədə məskunlaşmaq nəsib olmuşdu. Sonra o (ə) Allaha dua etdi ki, onun (ə) nəsillərini namaz qılan tövhid tərəfdarları etsin. O (ə) çox gözəl bilirdi ki, namaz ibadətin ən mühüm və ən üstün sayılan ayinlərindən biridir və əgər insan namazı qüsursuz olaraq yerinə yetirirsə, bu o deməkdir ki, o, Allahın dininə qüsursuz etiqad edir. Sonra isə o (ə) belə bir arzusunu da bildirdi ki, insanlar onun (ə) övladlarını da sevəydilər və onların məskunlaşacağı yeri də sevəydilər.
Allah onun (ə) duasını qəbul etdi və Muhəmməd Peyğəmbəri (s.ə.s.) onun (ə) nəslindən biri etdi. O, onun (ə) övladlarını İslam dininə gəlməyə və öz ulu babaları İbrahimin sədaqətli ardıcılları olmağa çağırdı. Onlar Onun çağırışına qulaq asdılar və qüsursuz namaz qılanlardan oldular. Sonra isə Allah onlara İbrahimin övladlarının bir vaxtlar məskunlaşdığı qorunan torpağı ziyarət etməyi tapşırdı. Allah bu ziyarəti ecazkar bir sirlə bağladı ki, onun sayəsində möminlər bu torpaqda ibadət etməkdən doymurlar. Bundan başqa, onlar bu torpağı dəfələrlə ziyarət etdikcə, ona qarşı daha çox sevgi duyur və şiddətli maraq hiss edirlər. Bu sirr Fövqəluca Allahın Özü ilə bağlıdır.
İbrahim (ə) Allahdan həmçinin müqəddəs şəhərin sakinlərinə məhsullar bağışlamasını xahiş etdi və Allah bu xahişi də qəbul etdi. Bunun sayəsində tacirlər Məkkəyə hər növ məhsullar və mallar gətirirlər. Şəhərdə ilin bütün vaxtlarında məhsul bolluğu olur və dünyanın hər tərəfindən buraya mallar gətirilir.

(14.38) “Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz”.

Ey Allah! Sən bizim haqqımızda bizim özümüzdən daha yaxşı bilirsən. İşlərimizi ən mükəmməl tərzdə tənzimlə və bizi düz yolla apar! Bizə məlum olan və ya məlum olmayan işlərimizi, Öz elminə və Öz mərhəmətinə əsaslanaraq asanlaşdır! Səndən nə göylərdə və nə də yerdə heç nə gizli qala bilməz və bu dua da Səndən gizli qalmayacaqdır. Mən bu duamla Sənə ona görə müraciət edirəm ki, xeyirxahlıq çoxalsın və aləmlərin Rəbbi Allaha daha çox həmd edilsin.

(14.39) “Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir”.
(14.40) “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!”
(14.41) “Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”

Allahın İbrahimə (ə) bəslədiyi ən böyük nemətlərindən biri İsmailin (ə) və İshaqın (ə) onun (ə) elə bir sinnində dünyaya gəlmələri idi ki, o yaşda insanlar uşaqları doğulacağına ümidlərini itirmiş olurlar. Lakin doğulacaq uşaqların peyğəmbər və möminlərdən olacağı Allahın daha da şan-şöhrətli lütfkarlıqlarından idi. Həqiqətən, Allah Ona dua ilə müraciət edənləri çox gözləməyə qoymur. İbrahim peyğəmbər (ə) Allaha dua etmişdi və Fövqəluca Allah da onun (ə) dualarının boşa çıxmasına yol vermədi. O, onun (ə) birindən başqa bütün dualarını qəbul etdi, çünki bu duasında o (ə) öz kafir atasının bağışlanmasını istəmişdi. İbrahimin (ə) bu davranışı onun atası üçün dua edəcəyinə söz verməsi ilə bağlı idi. Lakin xeyirxah peyğəmbər (ə) atasının Allahın əsil düşməni olduğunu biləndə ondan imtina etmişdi.

(14.42) “Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onlara gözlərin bərələ qalacağı Günədək möhlət verir”.

Bu ayə ədalətsiz zülmkarlar üçün qorxunc xəbərdarlıq, incidilmiş və zülm edilmiş məzlumlar üçün isə bir təskinlikdir. Allah zalımlara möhlət verir, onlara çeşidli və çoxsaylı nemətlər bəxş edir və özlərini təhlükəsizlikdə hiss etməyə imkan verir, lakin bu heç də onların saleh insanlar olmasına dəlalət etmir. Zalım insana möhlət verilir ki, o öz günahlarını daha da ağırlaşdırsın və Fövqəluca Allah onları yaxalayanda onlar artıq cəzadan xilas ola bilmirlər. Fövqəluca buyurur: “Rəbbin məmləkətlərin zülmkarlıq edən əhalisini əzabla yaxalayanda belə yaxalayır. Onun cəzası, doğrudan da ağrılı-acılıdır, şıddətlidir!” (Hud, 11/102). Qeyd etmək lazımdır ki, şərh olunan ayədə zalımlıq dedikdə qulun Rəbbi qarşısında öz vəzifələrini yerinə yetirməməsi və digər qullara qarşı ədalətsiz yanaşması nəzərdə tutulur. Belə keyfiyyətlərə malik olan günahkarlara, insanların gözləri görəcəklərindən bərələ qalacaqları Günədək, möhlət verilir.

(14.43) “O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır)”.

Carçı məxluqları Allahın qarşısında toplaşmağa çağıracaq və bütün insanlar geniş və düz bir meydana tələsəcəklər ki, etdikləri əməllərə görə cavab versinlər. Heç kim bu dəvətdən boyun qaçıra bilməz və heç kim Fövqəlqüdrətli Rəbdən qaçıb gizlənə bilməz. Günahkarların əlləri çənələrinin altında buxovlanacaq və buna görə onların başları yuxarıya baxacaq. Onlar ətraflarında baş verənlərdən xəbər tutmayacaqlar və onların ürəklərində kənar fikirlər üçün yer qalmayacaq. Onların canı boğazlarına yığılacaq və qayğılar, kədər və təəssüratlarla dolu olacaqdır.

(14.44) “İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. Onlara deyiləcəkdir: “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?!”
(14.45) “Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik”.

Ey Muhəmməd! Qiyamət günü düşəcəkləri vəziyyəti insanlara təsvir et. Onları, insanı əzab-əziyyətə məhkum edən cinayətlərdən çəkindir. Qoy onlar bilsinlər; gələcək cəza elə ağır və dəhşətli olacaqdır ki, onu gördükdə küfrə etiqad edən, haqqı danan və müxtəlif günahlar törədən mürtədlər etdiklərinə peşman olacaq və Allahdan onları yerə qaytarmağa yalvaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Gözlərimiz açılıb və dərk etmişik, bizi dünya həyatına qaytar. Sən bizi sülh və əmin-amanlıq Yurduna dəvət etmişdin və biz Sənin dəvətini qəbul etməyə hazırıq. İndi biz hökmən Sənin elçilərinin yolu ilə gedəcəyik”. Onlar belə sözləri təkcə ona görə deyəcəklər ki, şiddətli cəzadan xilas olsunlar. Lakin onların vədi yalan olacaqdır və buna görə Fövqəluca buyurur: “Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin! Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!” (Ənam, 6/27-28).
Məhz buna görə onları belə sözlərlə qınayacaqlar: “Məgər siz and içməmişdiniz ki, dünya həyatını heç vaxt tərk etməyəcəksiniz və Axirətdə olmayacaqsınız?! Bu gün siz öz andlarınızı pozmalı oldunuz və sizə aydın oldu ki, apardığınız təbliğat nə dərəcədə yalan imiş. Sizin dünyəvi əməllərinizin naqisliyi öz Rəbbinizin açıq-aşkar möcüzələrini görmədiyinizdən irəli gəlməmişdi. Əksinə, siz sizdən əvvəlki zalım günahkarların evlərində yaşayırdınız. Siz çox gözəl bilirdiniz ki, Fövqəluca Allah sizdən əvvəlkilərin başına nələr gətirmişdi. Siz bilirdiniz ki, onlar öz Rəbbinin ayələrini rədd etmişdilər və əvəzində amansız intiqamın “ləzzətini” dadmışdılar. Allah sizin üçün hikmətli məsəllər çəkirdi ki, onlar insanların qəlbində peyğəmbərlərin təliminin doğruluğuna şübhələnməyə imkan vermirdi. Lakin siz Allahın ayələrindən heç bir fayda əldə etmədiniz. Siz onlardan üz döndərdiniz və baş verməli olanın baş verdiyi anadək yalana etiqad etdiniz. Artıq elə bir gün gəlmişdir ki, əsassız bəraət və üzrxahlıqlar insana heç bir fayda verməyəcəkdir”.


Tarix: 18.04.2013 / 15:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Sureler
loading...