Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret və qadın orqanizmi

Məlumdur ki, insan bədəni yaradan tərəfindən ona bir nemət olaraq verilmişdir. Hər bir kəs bu gözəl nemətdən necə istifadə edəcəyi barədə hesabat verəcəyini yaxşı bilməlidir. Söhbət insan bədəninə zərər verən pis vərdişlərdən, o cümlədən, siqaret çəkmək vərdişindən gedir. Müqəddəs dinimizin də siqaret çəkməyə müsbət yanaşmadığı aydındır.

Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş yarpaqlarından hazırlanır. Siqaretin tüstüsündə 4.000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Bunlardan ən zərərli olanları nikotin, qatran, karbon-oksid və xərçəng yarada bilən maddələrdir.
Nikotin zəhərli bir maddə olaraq sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir (sianid maddəsi hüceyrələrin qandan oksigeni çəkməsini blokadaya alır və bədənə oksigenin ötürülməsini əngəlləyir. Nəticədə bədəndə oksigen çatışmazlığı yaranır).

Nikotin mədə yarasının yaranmasına, sürətli ürək döyüntülərinə, qusma, baş gicəllənməsi kimi halların meydana gəlməsinə səbəb olur. Bununla yanaşı, siqaretin həzm sisteminə də zərərləri vardır. Belə ki, siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, öskürdür və bəlğəm əmələ gətirir, xroniki bronxitə səbəb olur. Bundan başqa siqaret çəkənin hafizəsi zəifləyir, əhval-ruhiyyəsi pozulur, yuxusuzluq əmələ gəlir, dərisində qırışlar əmələ gəlir.
Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkirlər. Evdə siqaret çəkən bir ata özü ilə bərabər və əslində özündən daha çox üşaqlarını və həyat yoldaşını da zəhərləyir.İndiyə qədər siqaret çəkməyin faydasını görən olmamışdır.

Qadın orqanizmi siqaretin mənfi təsirinə kişilərinkindən daha çox həssasdır. Belə ki, siqaret çəkilən otaqda olan bir qadın tüstülü və zəhərli havanı tənəffüs etməklə özünə böyük zərər verir. Əgər belə bir evdə körpə uşaqlar da olarsa, onlar tənəffüs yolları xəstəliklərinə daha tez tutulurlar. Siqaret çəkilən evdə qadın hamilə olduğu zaman hələ dünyaya gəlməmiş uşağını da zəhərli bir təsirə məruz qalmasınna səbəb olur. Belə analarda ölü uşağın doğulması və bir çox digər ciddi fəsadlar yaşana bilir.

Bu baxımdan siqaret çəkənin məsuliyyət daşıdığı aydındır. Bundan başqa məsələnin maddi tərəfi də vardır. Hər şeydən əvvəl imkansızlar ucuzunu seçməklə daha zərərlisini almaqla sağlamlıqlarına daha çox zərbə vururlar. Qismən az zərərli kimi təqdim edilən siqaretlər isə yüksək qiymətə satılır. Bu hesab hər ay müəyyən məbləğdə olur ki, həmin məbləğ zəruri ehtiyaclardan kəsilərək siqaretə verilir və faktiki olaraq, havaya üfürülür.

Siqaret çəkməyin ən azından bəyənilməyən əməl olduğuna heç bir şübhə yoxdur. Lakin bu bəyənilməyənin nə qədər insan öldürdüyünü, canımıza vuruduğu zərəri, həm də bizə əmanət verilmiş bədənimizə xəyanət olunduğunu düşünən, yəqin ki, bu zərərli vərdişi özünə haram bilər.


Tarix: 08.01.2015 / 15:56 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Saglamliq
loading...