Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allergiya

Mədə bulanması, bədəndə qırmızı ləkələr, yaxud çəkinin artmaması körpənizdə həzm, hətta allergiya probleminin göstəricisi ola bilər.

Samirin bədəni, qaşımaqdan yaraya çevrilən qırmızı ləkələrlə örtülmüşdü. Hətta bəzən qaşımaqdan onları qanadırdı. Bu halət onda üç aylığından yaranmışdı. Anası ilk dəfə hazır uşaq yeməyi verərkən Samir qusdu, sonra da güclə nəfəs almağa başladı. Uşaq az qala boğulurdu. Müayinə zamanı məlum oldu ki, onda inək südünə qarşı allergiya var. Həkim Samirə hipoallerqen yemək tövsiyə etdikdən sonra allergiyası da aradan qalxdı.

İnək südü, əslində, hazır uşaq yeməklərinin tərkib hissələrindən biridir. Bundan başqa, ana inək südü içərsə, ondakı anticisimlər ananın öz südünə qarışır və bu yolla da uşağa keçə bilər. Körpələrin yediyi yeməklərə, həmçinin, əgər hələ döş əmirlərsə, ananın yediyi şeylərə reaksiya göstərməsi rast gəlinən hallardandır. Bu da doğrudur ki, valideynlər ən çox uşaqların mədə-bağırsaq problemiylə üzləşirlər.

Əgər uşağınız müəyyən bir qida qəbul etdikdən sonra mədəsində tez-tez narahatlıqlar yaranırsa( qaz, ishal, sancı və qusma ), deməli, bu, " qida həzmolunmaması ", yəni, həzm sisteminin qidanı tam qəbul edə bilməməsidir. Ümumiyyətlə, bir yaşa qədər olan körpələrin 15% - də müəyyən bir qidaya qarşı həssaslıq hallarına rast gəlmək olar.

Problemi yaradan qidalar sırasında isə inək südü öndədir. Belə ki, körpələrin 7% - i inək südünün tərkibində olan süd zülallarını çətin həzm edir. Bir çox valideynlər isə bu vəziyyəti, daha böyük uşaqlarda, eləcə də yetkinlər arasında tez-tez rast gəlinən və süd şəkəri sayılan laktozanın yaxşı həzm olunmaması ilə qarışıq salırlar. Halbuki, körpələrdə laktoza həzm olunmamasına nadir hallarda rast gəlinir, bu, bəzən bir mədə virusu ilə əlaqədar ortaya çıxsa da, daimi olmur.

Əgər uşağınız yemək yedikdən sonra mədəsində problemlər yaranırsa, vaxt itirmədən həkimə müraciət edin. Uşağın probleminin nə olduğunu, həmçinin, qidalara qarşı həssaslığını yalnız lazımi testlərdən sonra aydınlaşdırmaq mümkündür. Çünki problemin başqa səbəbləri də ola bilər; məsələn, uşaq qidasının düzgün hazırlanmaması da ( su və hazır qidanın yaxşı qarışdırılmaması ) körpədə narahatlıq yarada bilər. Bundan başqa, ana südü qəbul edən körpələrin qida həssaslığını araşdırarkən mütləq ananın yeməklərini də nəzərdən keçirmək lazımdır. Belə ki, ananın rasionundakı bəzi qidalar uşaqlarda çoxlu qaz yaradır. Və yaxud , qatı yeməklər, fərqli qidalar və çox yedirtmək də uşaqda eyni problemlər yarada bilər.

Bəzi körpələr buğda, çovdar və arpa məhsullarındakı zülalı, daha doğrusu, yapışqanlı zülal maddəsini asanlıqla həzm edə bilmirlər. 6 - 9 aylıq dövrdə siz bu problemi başa düşməyə bilərsiniz, çünki körpə ancaq bu dövrdən sonra çox fərqli qida çeşidləri ilə tanış olur ki, həmin zülalın həzmedilməməzliyi də o zaman ortaya çıxır. Bu, kiçik uşaqlarda qusma, ishal, qarın şişməsi, iştahasızlıq, çəkidənqalma və boy artımında ləngimə, daha sonrakı yaş dövrlərində isə qan azlığı, qısaboyluluq, sümük zəifliyi və səbəbi bilinməyən qaraciyər xəstəliyi kimi fərqli əlamətlərlə özünü göstərir. Bundan başqa, çox tez-tez rast gəlinməsə də, uşaqlar meyvə şəkəri fruktoza və süfrə şəkəri saxarozanı da həzm etməyə bilər.

Çox ehtimal ki, həkiminiz körpəni narahat edən qidanı müəyyənləşdirmək üçün onu hər dəfə fərqli qida ilə yedirtmənizi tövsiyə edəcək. Ancaq uşaq bir qidaya qarşı həssasdırsa, həmin qidanı siyahıdan həmişəlik çıxarmaq olmaz. Əgər körpə, məsələn, balqabaq yeyəndə narahat olursa və ya qaz yaranırsa, bir müddət uşağa balqabaq verməyin. 8 həftə sonra isə ona yenidən balqabaq vermək olar. Çünki bəzən elə də olur ki, problem öz-özünə aradan qalxır.

Körpələrin təxminən 6% - də qida allergiyasına rast gəlinir. Bəzi qidaların tərkibində olan proteinlər orqanizmin immun sistemini stimullaşdıra bilir. Stimullaşdırılmış immun sistemi isə qidaya qarşı immunitet reaksiyası yaradır və nəticədə qida allergiyası törəyir. Bu üzdən, eyni qidanı yeyərkən körpədə qaşınma, qusma, ishal və hətta nəfəs darlığı yarana bilər. Bu cəhətdən, inək südü, yumurta, fındıq, yer fındığı, buğda, soya paxlası, balıq və qabıqlı dəniz məhsulları körpələrdə ən çox allergiya yaradan qidalar sırasındadır. Əslində, hələ iki aylıq olan körpə üçün, məsələn, yumurtanın bir elə əhəmiyyəti də yoxdur. Lakin unutmayın ki, yumurta ananın günorta yediyi mayonezlə, hətta onun dərisi vasitəsilə də körpəyə keçərək ona təsir edə bilər.

Qida allergiyasının ilk əlamətlərindən biri dəridə yaranan və qaşınma verən qırmızı ləkələrdir, yəni, ekzemadır. Aparılan araşdırmalar, əvvəl yüngül olub, sonra ağırlaşan ekzeması olan körpələrin 40% - də eyni zamanda qida allergiyası da olduğunu göstərir. Qusma, xroniki burun axması, yeməkdən sonra ağlamaq, narahatçılıq, ishal, çəki artmaması kimi əlamətlər qida allergiyasına işarə ola bilər. Körpənin bezində qan görünürsə, bu da bağırsaqları qıcıqlandıran və bir növ süd allergiyası olan " kolit " in əlamətidir. Allergik reaksiyalar arasında ən ciddisi körpədə şok yaradaraq onu ölümcül vəziyyətə salan " anaflaktik şok " dur. Əgər körpə nəfəs almaqda çətinlik çəkir, dil şişir, üzü qızarır və xırıltılı səslər çıxarırsa, sahə həkimini gözləmədən təcili yardım çağırın.

Allergiyanı təyin etmək üçün həkimlər iki fərqli üsuldan istifadə edirlər. Əvvəlcə hansı qidanın allergiya yaratdığını öyrənmək üçün körpəni hər dəfə bir qida ilə qidalandırmaqla və onu hələ əmizdirirsinizsə, öz yeməklərinizin ona reaksiya verdiyini yoxlayın. Bəzi həkimlər bunu müəyyənləşdirmək üçün dəri testi aparırlar. Bu halda bəzi yemək proteinləri iynə vasitəsilə uşağın dərisi altına yeridilir. Əgər həmin hissədə qaşınma ilə müşayiət olunan qızartılı şiş əmələ gəlirsə, deməli, allergiya həmin qidadan yaranır. Ana südü ilə qidalanan körpəyə allergiya diaqnozu qoyulmuşsa, onda allergiya yaradan qidaları müəyyənləşdirməklə həmin qidalardan uzaq durmanız vacibdir. Əgər körpəniz hazır uşaq yeməyi ilə qidalanırsa, çox ehtimal ki, həkim sizə hipoallergik uşaq yeməyindən istifadə etməyi məsləhət görəcək. Qida allergiyası uşaqda əsəb pozğunluğu və daha ciddi hallar yaratsa da, narahat olmayın. Çünki beş yaşından sonra bir qism uşaqlarda bu problem öz-özünə aradan qalxır.

Bəzi uşaqlarda allergiyanın inkişaf etməsi, bəzilərində isə etməməsi mütəxəssislər tərəfindən hələ tam aydınlaşdırılmayıb. Ancaq ailə üzvlərinin birində ( ana, ata və ya bacı-qardaşda ) qida, toz, pişik, it tükü və ya bitki tozuna qarşı allergiya varsa, körpənin də allergiyaya tutulma riski böyükdür. Ümumən götürdükdə isə 2 -3 yaşına qədər uşaqlarda ətraf mühitə qarşı allergiyalar olmur. Mütəxəssislər belə hesab edirlər ki, körpələrinə süd verən analar onları əmizdirdikləri müddətdə qida allergiyası törədən yeməklərdən imtina etsələr və uşaqlara da 2- 3 yaşa qədər həmin qidalar verilməsə, gələcəkdə onlar allergiyaya tutulmaya bilərlər. Lakin, təəssüf ki, son məlumatlar bu qənaəti tam təsdiqləmir.


Tarix: 10.01.2013 / 13:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 692 Bölmə: Saglamliq
loading...