Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kosmetik vasitələr

Zərif cinsin nümayəndələri həmişə gözəl görünməyə çalışıblar. Qadınlar hələ lap qədim zamanlarda da ənlik-kirşandan istifadə ediblər. Müasir dövrdə isə əksər xanımlar kosmetik vasitələri xarici görünüşün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsi sayır. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər bəzən elə nəticələr doğurur ki...

İndi müxtəlif şirkətlər çeşidli kosmetik vasitələr-kremlər, pudralar, rumyanalar, pomadalar, tenlər istehsal edirlər. Təbii ki, bunların həm ucuz, həm də baha qiymətə olanları var. İndi kosmetika bazarı qiymətindən asılı olmayaraq saxta, kefiyyətsiz məhsullarla doludur. Xanımların əksəriyyəti bu malların tərkibi və keyfiyyətindən xəbərsizdilər. Bəziləri isə keyfiyyətdən çox qiymətə fikir verir. Amma düşünmürlər ki, ucuz, saxta kosmetik vasitələrdən istifadə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Son zamanlar kosmetik vasitələri harada gəldi satırlar: mağazalarda, bazarlarda, küçələrdə, yeraltı keşidlərdə, metro stansiyalarının çıxışında...
Kosmetik vasitələrin satışı ilə məşğul olan Elnur Nağıyev deyir ki, bu satış bazarında saxta mallar daha geniş yayılıb. Onun müşahidələrinə görə, əksər qadınlar keyfiyyətdın çox, qiymətlə maraqlanırlar.
Kosmetik vasitələr mağazasında satıcı işləyən Gülnarə xanım da alıcıların ucuz kosmetikaya meyl göstərdiklərini bildirir: "Daha çox keyfiyyətsiz məhsullara üstünlük verirlər. Eyni firmanın məhsulu olan pudranın 5 manatlığı da, 10 manatlığı da var. Ancaq əksər alıcılar ucuz olana üstünlük verirlər".
Kosmetik məhsullardan istifadə edən gənc xanımların da fikrini öyrənməyə çalışdıq. 24 yaşlı Gülmira Rzayeva deyir ki, makiyajdan gündəlik istifadə etmir: "Ancaq özəl günlərdə istifadə edirəm. Daha çox rumyana, karandaş, pudradan istifadə edirəm. Metro çıxışlarında satılan məhsulları almıram. Eşitdiymə görə ucuz yerlərdə satılan kosmetik vasitələr xərçəng xəstəliyi əmələ gətirir".
19 yaşlı Kəmalə Nuriyeva isə kosmetikanın "küpünə girdiyini" deyir: "Demək olar ki, gündəlik makiyaj edirəm. Evdən çıxmazdan öncə bəzənib-düzənməsəm, özümü narahat hiss edərəm".
Yeganə Məmmədova da pulunun çoxunu kosmetik vasitələrə sərf edir: "Ayda bəlkə də 50-60 manatım ətir, kosmetika və gözəllik salonlarına gedir".
Türkan Hacıyeva da kosmetikadana çox istifadə edənlərdəndir: "Hər gün istifadə edirəm. Bəzən yorğun olanda gecələr də üzümü təmizləməyə tənbəllik edirəm".
Əks cinsin də fikirləri maraqlıdır.
20 yaşlı Davud Cəlilov kosmetik vasitələrin hər qadına yaraşmadığını deyir: "Bəzən elə xanım görürsın ki, kosmetikası təbii gözəlliyini itirib. Bəl kə də istifadə etməsə yaxşıdır".
Elxan Cəfərli də eyni fikirdədir: "Çox bəzənən qadınlardan xoşum gəlmir. Əsas odur ki, ona yaraşsın".
Seymur Vəliyev isə təbii gözəlliyi üstün tutur: "Xanımlara məsləhət görərdim ki, kosmetikadan istifadə etməsinlər. Çünki süni bəzənməklə özlərinin təbii gözəlliklərini itirirlər".

"Atlas" Tibb Mərkəzinin dermatoloqu Bəxtiyar Paşayev kosmetik vasitələrin sağlamlıq üçün təhlükəli olduğunu deyir: "Qadın erkən yaşdan bu vasitələrdən istifadə edərsə, təhlükə bir o qədər böyükdür.
Amerikada aparılan araşdırma zamanı məlum olub ki, 10 yaşında olan qızlar gündə 17 növ, yetkinlik yaşında olanlar isə 13 növ kosmetik vasitədən istifadə edir. Kosmetik vasitənin tərkibi keyfiyyətsiz olarsa, bu, dəridə qıcıqlanmaya səbəb ola bilir".
Dermatoloq saxta və keyfiyyətsiz vasitələrin bir sıra xəstəliklər yaratdığını deyir: "Kosmetik vasitələrin tərkibində əsasən xərçəng, sonsuzluq yarada biləcək, hormon pozuqluğuna səbəb olacaq kimyəvi maddələr var. Bundan əlavə, dəridə kontakt dermativ yarana bilər"
B.Paşayev xanımlara bu cür vasitələrdən az istifadə etməyi məsləhət görür: "Çalışmaq lazımdır əsasən bitki mənşəli kosmetik vasitələrdən istifadə etsinlər".

"ORİFLAME" şirkətinin kosmetoloqu Şəbnəm Mirzəyeva isə kosmetik vasitələrin tərkibində kimyəvi maddələrin olmasını sağlamlıq üçün təhlükəli hesab etmir: "Dermatoloq üzə düşməyən hansısa bir kosmetik vasitələrlə bağlı məsləhət verən həkimdir. Amma kosmetoloq sırf kosmetologiya, yəni üzə qulluq elmi ilə məşğul olur. Bunlar arasındakı fərqlər ziddiyyət təşkil edə bilər. Üz dərisinə gündəlik qulluq göstərmək lazımdır. Ola bilər ki, insan 50 ya 60 yaşında olsun, onun üzü çox təravətli ola bilər. Dəri ən açıqda olan bir nahiyədir. Ona görə də hər səhər və axşam üz təmizlənməlidir. Öncə "tonik", "lasyon" və "malaçkodan" istifadə edilməlidir. Bunlar dərinin üst, yəni derma qatına təsir edən maddələrdir. Kosmetikaların zərərli olub-olmaması firmanın istehsal etdiyi məhsullardan asılıdır. Keyfiyyətli məhsulların üzə mənfi təsiri yoxdur. Vitamin komplekslərin əksəriyyəti kimyəvi maddələrdən təşkil olunub. Əslində bizim bədənimiz kimyəvi və təbii maddələrdən təşkil olunub. Yəni kosmetikanın tərkibində kimyəvi maddənin olması təhlükəli bir şey deyil".
Kosmetoloq deyir ki, hər bir firmanın tərkibində kimyəvi qatqı var: "İnsan dərisində hansısa bir maddələrlə rahatca əlaqəyə girən sistem var. Buna immunitet sistemi deyilir. Bu sistem imkan verir ki, hansısa bir kosmetik vasitə uzun müddət üzdə qalsın. Hem bir firma deyə bilməz ki, istehsal etdiyi məhsulun tərkibində kimyəvi maddə yoxdur. Bu normal miqdarda olarsa, zərəri olmaz.
Əgər kosmetik vasitələrin tərkibində kimyəvi maddə olmasa, onların mövcudluğundan danışmaq olmaz".
Ş.Mirzəyeva xanımlara müalicəvi kremlərdən istifadə etməyi məsləhət görür: "Bəzən xanımların üzünə düşməyən kosmetika olur və nəticədə allergiya baş verir. Yaxşı olar ki, bu cür insanlar həkim məsləhətindən sonra kosmetik vasitələrdən istifadə etsinlər".


Tarix: 10.01.2013 / 13:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 653 Bölmə: Saglamliq
loading...