Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsəb

Həmin çağırışı həm həkimlərdən, həm də tibbi məlumatı olmayan şəxslərdən tez-tez eşitmək olar. Bu, təsadüfi deyildir. Hələ çox qədim zamanlarda müşahidə edilmişdir ki, insan bərk əsəbiləşən kimi bədən funksiyaları pozularaq müxtəlif dərəcədə nəzərə çarpan xəstəlik əlamətləri törənir. Bu, əlbəttə, hər kəsdə və həmişə olmur, lakin həmin hadisələr arasındakı əlaqəni izləməyə imkan verəcək dərəcədə tez-tez təsadüf edilir: deyildiyi kimi, emosiyalar, başqa sözlə, hisslər, təəssüratlar sinir sistemi və sağlamlıq üçün yük, sanki sinir sisteminə və bunun vasitəsilə bütün orqanizmə vurulan zərbədir.
Emosiyasız həyat yoxdur: ayıq şəxs daim nə isə hiss edir: sevinc və qəzəb, ləzzət və ya ikrah, özündən, öz işindən, öz ailə və güzəranından, əhatəsindən razılıq və ya, əksinə, narazılıq. Bəzi emosiyalar yavaş-yavaş, insan hiss etmədən yaranır, tədricən o dərəcədə güclənir ki, insanın bütün davranışına təsir göstərir, uzun müddət, hətta aylarla, illərlə, on illərlə davam edir. Başqa hallarda emosiya qəflətən, müəyyən hadisənin, çox vaxt, həmin adama dəxli olan gözlənilməz böyük və ya kiçik hadisənin təsirindən baş verir: dövlət istiqraz vərəqəsi üzrə böyük məbləğdə uduş və ya yaxın adamın ölüm xəbəri, məsul vəzifəyə təyin olunmaq və ya azğınlaşmış xuliqanın hücumu, nakam hesab edilən məhəbbət hissinə cavab və ya içində qiymətli şeylər olan çantanın itirilməsi, dissertasiyasının uğurla müdafiə edilməsi və ya ailədə küsüşmə.
Emosiyanın müxtəlif növlərinin bu qısa və əlbəttə, tam olmayan siyahısı onların müsbət və mənfi emosiyalara bölünməsinin əsaslı olduğunu göstərir. Müsbət emosiyalara şadlıq, məmnuniyyət hissi, bir şeydən razı qalmaq, qarşılıqlı məhəbbət və s., mənfi emosiyalara isə inciklik, qorxu, paxıllıq, qəzəb, özündən və ya nədənsə narazılıq, utanmaq, qısqanclıq və s. misal ola bilər.
Müsbət emosiyaların nə qədər faydalı, mənfi emosiyaların isə nə qədər zərərli olduğunu hamı bilir. Lakin qəfildən yaranan müsbət emosiyanın həmin şəxs üçün fəlakətlə nəticələndiyi təsadüflər də məlumdur. Akademik N.N.Boqomolets öz kitabında nəql edir ki, məşhur qədim yunan dramaturqu Sofokl teatr səhnəsində onun dramının tamaşasını şadlıqla qarşılayan izdihamın alqışlarının gurultusu altında ölmüşdür. Çar Kserks və şair Filemon onlara hakim olan gülmək tutması zamanı ölmüşlər. Məşhur riyaziyyatçı və filosof Leybnitsin ömrünün son dövründə ona qulluq edən və onu az qala dilənçi hesab edən qardaşı qızı alimin ölüm yatağında 100 min frank tapdıqda sevincindən ölmüşdür. Hələ qoca olmayan bir elmi işçinin öz doktorluq dissertasiyasının təsdiq edildiyini xəbər verən teleqramı əlində sıxaraq qəflətən öldüyü təsadüf bizə məlumdur.
Bunlar çox nadir təsadüflərdir. Qəflətən baş verən mənfi emosiyalar belə faciələrə daha tez-tez səbəb olur. Lakin həmin təsadüflərdə də fəlakətin baş verməsi qanun deyildir. Məlum olmuşdur ki, ayrı-ayrı adamların mənfi emosiyalara üstün gəlmək qabiliyyəti də müxtəlifdir.
Hər şeydən əvvəl, emosiyaları aradan qaldırmaq qabiliyyəti sağlamlığın səviyyəsi ilə əlaqədardır. Sağlam şəxs, məsələn, xoşagəlməz xəbər aldıqda, bunu ağılla dərk edir və hisslərini cilovlayaraq, özünü baş vermiş hadisə ilə əlaqədar yeni şəraitə uyğunlaşmağa məcbur edir. Ağlı ona deyir ki, özünü necə aparsa, hisslərinə nə qədər meydan versə də, heç bir şeyi dəyişdirə bilməz. Həyat isə davam edir, yaşamaq lazımdır.
Xəstə, məsələn, ürək-damar xəstəliyi olan adam üçün iradəsini ələ alıb, emosiyalarını cilovlamaq xeyli çətindir. Təsadüfi deyildir ki, miokardın infarktı (bu, məlum olduğu kimi, xroniki xəstəliyin — ürəyin işemik xəstəliyinin kəskin təzahürüdür) təsadüflərinin təxminən 20%-i kəskin psixi sarsıntı ilə əlaqədar yaranır.
Emosiyaların yaranmasında insanın sinir sisteminin xüsusiyyəti də böyük əhəmiyyətə malikdir. Ədəbiyyatda bu, ali sinir fəaliyyətinin tipi kimi müəyyən edilir. Bu anlayışı izah etməyə çalışaq.
Sinir sisteminin əsas quruluş elementi — baş beynin boz maddəsini təşkil edən sinir hüceyrələridir. Bunlar həm duyğu üzvləri vasitəsilə ətraf mühitdən, həm də orqanizmin daxilindən müxtəlif orqanların fəaliyyətindən hər hansı dəyişikliklər və ya fəaliyyətin normal gedişi haqda müxtəlif siqnallar alırlar. Siqnal və ya qıcıq alan sinir hüceyrəsi oyanma, yəni fəaliyyət halına gəlir və sinir lifləri vasitəsilə müvafiq orqan və toxumalara bu və ya digər fəaliyyətə səbəb olan siqnallar göndərir. Bəzi hallarda sinir hüceyrələrinin fəaliyyətində şüur iştirak edir (əlimizi isti səthə toxundurduqda sinir hüceyrəsi siqnal alıb əzələyə impuls göndərir, əlimizi çəkirik), başqa hallarda isə şüur iştirak etmədən sinir hüceyrəsi oyanır və buna cavab olan fəaliyyət yerinə yetirilir (təmiz havaya çıxdıqda sinir hüceyrələri dərinin qan damarlarının büzücü əzələlərinə impulslar göndərir, damarlar daralır, bədənin açıq hissələrinin dərisindən qan axıb gedir, sifət avazıyır).
Qıcığın təsiri kəsildikdə, hüceyrənin fəaliyyəti dayanır, oyanma sakit vəziyyətlə əvəz olunur. Sinir hüceyrəsinin uzun müddət oyanması, hüceyrənin zədələnməsi və hətta məhv olması təhlükəsi yaranır. Bu zaman sinir hüceyrələrinin qəribə xüsusiyyəti aşkar olur: qıcığın həddən artıq uzun sürən təsiri zamanı onlar daha qıcığı qəbul edib ona cavab verməyərək sanki avtomatik surətdə ləngimə vəziyyətinə düşürlər.
Əlbəttə, hər bir ayrıca halda qıcığı qəbul edib, bir qayda olaraq, orqanizmin salamatlığının mühafizə edilməsinə yönəldilmiş müvafiq fəaliyyətlə ona cavab verən tək sinir hüceyrəsi deyil, hüceyrələrin böyük və ya kiçik qrupudur. Eləcə də oyanma və sonra ləngimə prosesləri müvafiq vəziyyətlərdə beyin qabığının tam sahələrini əhatə edir.
Beləliklə, sinir hüceyrələrinin fəaliyyəti oyanma və ləngimə proseslərinin daim bir-birini əvəz etməsindən ibarətdir ki, bunlar arasında da sinir sistemi yaxşı məşq etmiş sağlam orqanizmdə müəyyən müvazinət yaradır. Sinir sistemindəki proseslərin hərəkətliliyi, yəni oyanmış vəziyyətdən ləngimiş vəziyyətə keçməyin sürəti də əhəmiyyətə malikdir.
Bütün bunlarla əlaqədar olan ali sinir fəaliyyətinin tipləri insanın mənfi emosiyalara üstün gəlmək qabiliyyətinə çox təsir göstərir və bir-birindən oyanma və ləngimə proseslərinin hərəkətliliyi ilə fərqlənir.
Ali sinir fəaliyyətinin dörd əsas tipi ayırd edilir. Sakit, şən adamlar olan sanqviniklərdə oyanma və ləngimə prosesləri qüvvəli, mütəhərrik və müvazinətlidir. Sakit, lakin ləng olan fleqmatiklərdə hər iki proses qüvvəli, müvazinətli, lakin nisbətən az mütəhərrikdir (qıcığın xarakterinə tamamilə uyğun gələn, lakin çox ləng reaksiyaya səbəb budur). Xoleriklər — hirsli, hövsələsiz adamlar olub, onlarda oyanma prosesi aşkar surətdə ləngimə prosesindən üstündür (beləsi əvvəl bir işi görür, sonra fikirləşir). Melanxoliklərdə hər iki proses zəifdir; bunlar qaşqabaqlı, kədərli, bədbin əhval-ruhiyyəli adamlardır.
Melanxoliklər və xoleriklər mənfi emosiyaların öhdəsindən çox pis gəlirlər. Onlar həyatda ən zəif adamlardır, çox tez-tez ağır psixi travmaların qurbanı olurlar. Əksinə, sanqviniklər və fleqmatiklər bu cəhətdən xeyli davamlıdırlar. Beləsini, necə deyərlər, ruhdan salmaq asan deyildir, o dözər, lazım gəlsə mübarizə edər, yaranmış vəziyyəti islah etmək üçün bir iş görər, vəziyyəti düzəltmək mümkün deyilsə — ona uyğunlaşar və yaşamaqda davam edər.
Kəskin emosiya fəlakətli nəticələr törətməmiş və ona səbəb olan qıcığın təsiri kəsilmişsə (məsələn, həyəcan yalan olmuş, yaxın adamın məhv olması barədə xəbər təsdiq olunmamış, içində qiymətli şeylər olan çanta tapılmışdır və s.), orqanizm əvvəlki kimi yaşamaqda davam edir. Qıcığın təsiri davam edirsə, uzun müddət təsir göstərən mənfi emosiyalar: sinir sistemi zəif olan, bəzən hətta tamamilə sağlam olan adamda da müxtəlif xəstəlik halları, nevroz törədir.
...Həlimə İ. öz həyatından razı idi: maraqlı işi, diqqətli, qayğıkeş əri, normal inkişaf edən uşaqları, dəqiq qaydaya salınmış məişəti vardı. Bütün bunlar müsbət emosiyalar doğurur və şübhəsiz, onsuz da kifayət qədər möhkəm görünən sağlamlığın daha da möhkəmlənməsinə səbəb olurdu. Təxminən otuz yaşda olsa da, cavan qıza oxşayırdı.
Lakin bir dəfə əri uzunmüddətli ezamiyyətə getdi və bir müddətdən sonra hədiyyələrlə qayıdıb gəldi, arvadı və uşaqları ilə görüşməyinə şad olduğu aydın idi. Ailəyə münasibət əvvəlki kimi yaxşı olsa da, həlimə hiss edirdi ki, ərinə nə isə olmuşdur: o tez-tez fikrə gedir, onun suallarına yersiz cavablar verir, başlıcası isə ezamiyyətdə olduğu şəhərin ştampı ilə məktublar alırdı. Həlimə nə ünvan sahibi, nə də onun ezamiyyətdə məşğul olduğu iş barədə soruşmağı özünə rəva bilmirdi; əri qayıdarkən demişdi ki, müəssisələrin birində onun ixtirası tətbiq olunmaq üçün qəbul edilmişdir.
Vaxt keçirdi. İndi əri işdə yubanır, axşamlar uzun müddət kabinetdən çıxmır, arvadı və uşaqları ilə az danışırdı. İkinci dəfə həmin şəhərə gedib daha da fikirli qayıtdıqda, həlimə özünü saxlaya bilmədi, ona nə olduğunu soruşdu. Əri zarafata saldı, əlini yellədi, sonra hər şeyi danışacağını vəd etdi.
Niyə sonra? Hər şeyi, yəni nəyi! Qadın pis xəbərdən şübhələnməyə başladı. Ona elə gəlirdi ki, artıq on il ərzində yaşadığı, adət etdiyi rahat, onun üçün hər tərəfdən xoş olan dünya indicə dağılacaqdır.
Həlimə dəyişilməyə, xasiyyətində yeni xüsusiyyətlər — əsəbilik, şübhəlilik görünməyə başladı. O indi uşaqlarının üstünə qışqırır, işə də soyuq yanaşırdı. İşini həmişə vaxtında və lazım olduğu kimi görmədiyindən tez-tez məzəmmət edilirdi. Artıq həyat onu sevindirmirdi. Ona elə gəlirdi ki, əri maaşının bir hissəsini gizlədir, ondan şübhələndiyindən gözünə yuxu getmirdi. Hərdən əri onu ağlayan görsə də, sakitləşdirməyə çalışmır, onun iztirabları yanından etinasız keçirdi ki, bu da Həliməni lap özündən çıxarırdı. Əri isə elə hey deyirdi ki, hər şeyi sonra izah edəcək. Elə bir an gəlib çatdı ki, Həlimə işləmək iqtidarında olmadığını hiss etdi: iş "əlindən tökülür", diqqətini heç nəyə cəmləşdirə bilmirdi. Qara fikirlər onu üzürdü: əri «hər şeyi izah etdikdə onun, uşaqlarının taleyi necə olacaq?» Həlimə poliklinikaya getdi, ona dərman və fizioterapevtik proseduralar təyin etdilər, işdən müvəqqəti azad etdilər. «Narahat olmamağı» məsləhət gördülər.
Necə də tez-tez bir-birimizə həmin məsləhəti veririk… Həkimlərdən də eyni şeyi eşidirik: «ancaq əsəbiləşməyin», «qanınızı qaraltmayın». Elə bil ki, əsəbiləşmək və qanı qaraltmaq xoşagələn işdir və biz bunu öz arzumuzla, məmnuniyyətlə edirik.
Həliməyə qayıdaq. Ambulator vərəqəsində və xəstəlik kağızında belə bir diaqnoz yazıldı: «nevrasteniya». Nevrasteniya nə deməkdir? Bu, sinir sisteminin zəifləməsi, üzülməsidir. Sinir sistemi kifayət qədər davamlı olmayan şəxslərdə mənfi emosiyaların saxlanması ən çox bununla nəticələnir. Ərinin davranışının dəyişilməsi ilə əlaqədar olaraq ailəsinin özünün taleyi üçün narahatlıq Həlimədə sinir sisteminin həddən artıq gərginləşməsinə və fəaliyyətinin pozulmasına səbəb olmuşdur.
Həlimənin başına gələn hadisə yaxşı qurtardı. Onu müalicə etdilər, möhkəmlənmiş sinir sistemi ailədə yaranmış vəziyyətə qalib gəldi, iş qabiliyyəti bərpa olundu, hər halda uşaqların özü ilə qalacağını, qalan şeylərə isə davam gətirməyin mümkün olduğunu qət edərək o, bir qədər sakitləşdi. Yeri gəlmişkən, Həlimə əbəs yerə narahat olurmuş, demə, əri, getdiyi müəssisənin işçiləri ilə birlikdə yeni mühüm bir ixtira hazırlayırmış ki, bunun üçün də böyük mükafat gözlənilirmiş. Əvvəlcədən müvəffəqiyyətə əmin olmadığı üçün o bunu bir müddət arvadından gizlətmiş və hesab etmişdir ki, sonra onu gözlənilməz xoş xəbərlə sevindirsin. Onun heç ağlına da gəlməmişdir ki, yaxın və əziz adamının "əsəblərilə oynamışdır".
Bəli, insan orqanizminin bütün imkanlarına baxmayaraq, əslində o, zəifdir və qayğı ilə davranmağı tələb edir.
Beləliklə, nevrasteniya — uzun müddət davam edən mənfi emosiyaların ən çox təsadüf edilən nəticəsi, müalicə tələb edən xəstəlik halıdır. Nevrasteniyanın səbəbi, başqa sözlə desək, mənfi emosiyaların mənbəyi aşkar edilsə, müalicə daha səmərəli olar. Ən yaxşısı, onu aradan qaldırmaqdır. Bu mümkün deyilsə, həkimin və xəstənin vəzifəsi sinir sistemini hər vasitə ilə möhkəmlətməkdən, oyanma və ləngimə proseslərini müvazinətə gətirməkdən və onların mütəhərrikliyini artırmaqdan ibarətdir.
Lakin orqanizmdə yubanmış, deyildiyi kimi, durğun emosiyanın təsiri heç də həmişə nisbətən zərərsiz, müalicə edilə bilən nevrasteniya ilə nəticələnmir (halbuki keçirilmiş, hətta müalicə edilmiş nevrasteniya da orqanizmdə iz buraxır və az da olsa, hər halda ömrü gödəldir. Bəzən də, durğun emosiya ağır xəstəlik törədir.
Böyük bir müəssisənin plan şöbəsinin rəisi Məcid Çurayev orta yaşlarda bir adam idi, əsasən sağlam həyat tərzi sürürdü: çox hərəkət edir, şəhər kənarında dincəlir, bədəni möhkəmləndirən proseduralar qəbul edir, müxtəlif cür və qaydasında qidalanır, papiros çəkmir, nadir hallarda və az içirdi. Ailədə də münasibətlər yaxşı idi, uşaqlar onu, ancaq sevindirirdi, elə bil ki, hər şey Məcidin xəstələnmədən uzun ömür sürəcəyini qabaqcadan xəbər verirdi. O nə həkimlərə müraciət edir, nə də dərman qəbul edirdi, özündə uzun illər üçün kifayət edəcək sağlamlıq ehtiyatı hiss edirdi.
Lakin bir az sonra onun işdəki münasibətləri korlanmağa başladı müdiriyyətlə münaqişə meydana çıxdı. Bunun nədən irəli gəldiyini demək çətin idi. Məcidin özü yenidənqurma ilə əlaqədar yeni iş şəraitinə uyğunlaşa bilmirdi, ya da yenidənqurmanın mahiyyətini düzgün başa düşməyən müdiriyyət Məciddən elə hərəkətlər tələb edirdi ki, namuslu bir adam kimi onun vicdanı buna yol vermirdi — heç iş bunda da deyildi, iş onda idi ki, münaqişəli vəziyyət həll edilməyərək aylarla uzanırdı. Məcid sağlam görünsə də, növbəti dispanser müayinəsi zamanı həyatında ilk dəfə olaraq arterial təzyiqinin xeyli artdığı aşkar edildi. Əvvəlcə həkim də, Məcid özü də bunu təsadüf hesab etdilər, lakin təzyiqin təkrarən ölçülməsi, dərin tibbi yoxlama hipertoniya xəstəliyi diaqnozunu təsdiq etdi. Ömründə ilk dəfə olaraq Məcid bütün hissiyyatını diqqətlə təhlil etməyə başladı. Tez-tez başı ağrımağa başlamış, yuxusu pozulmuş, əsəbi olmuşdu. Diqqətli, onun həyatını dərindən təhlil edən həkim Məcidə iş yerini dəyişməyi məsləhət gördü. Təcrübəli işçi kimi başqa bir oxşar iş tapmaq onun üçün çətin deyildi. Əvvəlki müdiriyyətlə aralarındakı ixtilaf barədə yuxarı orqanları xəbərdar edib, sanatoriyada azca müalicə olunduqdan sonra Məcid iş yerini dəyişdi və indi sağlamlığından şikayətlənmir.
Məcidin başına gələnlər, əlbəttə, nadir hadisə deyildir. Bir sıra xəstəliklərin (hipertoniya, mədə xorası, bronxial astma və s.) mənşəyində mənfi emosiyaların durğunluğunun rolu çoxdan sübut edilmişdir. Bu neçə baş verir? Uzun sürən emosiyaların təsirindən orqanizm gərgin, gücləndirilmiş ritmdə işləyir. Axı emosiya dedikdə beyin hüceyrələrinin böyük bir qrupunun uzun sürən oyanmış vəziyyəti nəzərdə tutulur ki, bu da bütün həyat fəaliyyəti proseslərinin ritminə təsir edir. Həyat fəaliyyəti proseslərinin həmin bu gərginləşməsi, güclənməsi şəraitində orqanizmin bütün sistem və orqanlarının fəaliyyəti də yenidən qurulur. Bu yenidənqurma «stress» anlayışı ilə müəyyən edilir. Qeyd olunmuşdur ki, stress zamanı, adətən, orqanizmin hər hansı bir sisteminin fəaliyyəti ən çox zərər çəkir. Bunu müxtəlif cür izah etməyə çalışırlar.
Öz əqidəsinə uyğun olmayan tərzdə hərəkət etmək zərurətinin törətdiyi mənfi emosiyaların sağlamlığa mənfi təsir göstərdiyi dəfələrlə qeyd edilmişdir. Akademik Y.İ.Çazov kardioloqların I Ümumdünya qurultayındakı çıxışında bu haqda çox obrazlı surətdə demişdir: "İnfarkt əsrin, sizinlə bizim zəmanənin xəstəliyidir. Mənə elə gəlir ki, onun səbəbləri mənəvi səbəblərdir. Bizim hamımızdan daim, sistem halına salınmış riyakarlıq tələb edilir. Sağlamlıq üçün pis nəticə vermədən gündən-günə hiss etdiyinin əksinə getmək, sevmədiyinin qarşısında alçalmaq, sənə bədbəxtlik gətirən şeyə sevinmək olmaz. Sinir sistemimiz, sadəcə olaraq, buna dözmür".
Bu və ya digər konkret şəraitdə bu və ya digər emosiyanın nəticəsi necə ola bilər?


Belə bir fikir söylənilir ki, hər şey emosiyanın xarakterindən asılıdır. Məsələn, göstərilmişdir ki, daxilə verilmiş qəzəb hissi — hipertoniya xəstəliyinə, paxıllıq mədə xorasının inkişafına kömək edən həzmin pozulmasına, cavabsız qalmış məhəbbət — bronxial astmaya səbəb olur və s. Bu mülahizə sübut edilməmişdir. Hazırda başqa şey sübut edilmişdir: durğun emosiyalar zamanı orqanların zədələnməsinin seçilməsi bu və ya digər orqanın vəziyyəti ilə müəyyən edilir. Xəstəliyin az da olsa, hətta insanın özündə şübhə doğurmayan dərəcədə zədələndiyi orqan ilk növbədə mənfi emosiyaların «qurbanı» olur.
Beləliklə, xüsusən psixi sarsıntı dərəcəsinə çatan mənfi emosiyalarla sağlamlıq və son nəticə etibarilə ömür müddəti arasında bilavasitə əlaqə aşkar edilir. Maraqlıdır ki, hələ-keçən əsrin əvvəlində məşhur alman klinisisti Qufeland yazmışdır: «həyatı qısaldan təsirlər arasında məlum əhval-ruhiyyə və vərdişlər: kədər, məyusluq, qorxu, qüssə, ruh düşkünlüyü, paxıllıq, nifrət əsas yer tutur. Qorxu daimi spazmadır; o, kiçik damarların hamısını daraldır, bütün dəri soyuyur, solğunlaşır. Qanın hamısı daxili böyük damarlarda toplanır, damarlarda nəbz dayanır, ürək həddən artıq qanla dolur və sərbəst hərəkət edə bilmir. Həzm prosesi olduqca pozulur və əsəbi ishal baş verir» (sitat digər müəlliflərlə birlikdə Y.F.Zmanovskinindir).
Əlbəttə, həm hipertoniya xəstəliyi, həm də, mədə xorası mənfi emosiyalarla və onların törətdiyi psixi sarsıntılarla əlaqədar olmadan da baş verə bilər. Məsələn, məlumdur ki, hipertoniya xəstəliyi çox vaxt papiros çəkənlərdə, mədə xorası isə müntəzəm surətdə alkoqollu içkilər işlədənlərdə inkişaf edir. Durğunluq emosiyasının ən çox ehtimal edilən nəticəsi — nevrasteniya da müxtəlif mənşəli ola bilər. Çox vaxt o həddən artıq zehni yorulma nəticəsində törənir, bununla belə, sizə məsləhət görürük ki, əsəblərinizi qoruyun! Həddən artıq gərginlikdən mühafizə edilmiş sağlam sinir sistemi sağlamlığın və uzunömürlülüyün əsaslarından biridir.
Belə bir sual da meydana çıxır: həddən artıq gərginlikdən qurtulmaq olarmı və bu mümkündürmü?
Hindistan yoqasının cərəyanlarından biri öz ardıcıllarını həm xarici təsirlər, həm də orqanizmin daxili həyatı ilə əlaqədar hissiyyatı sakitləşdirmək üsullarını öyrənməyə çağırır. Onlar özlərini nə ağrı, nə də soyuq hiss etməməyə, xalqının, ən yaxın adamlarının mənafeyinə toxunan heç bir hadisəyə reaksiya verməməyə çağırırlar. Guya, bu, onlara hansı isə «düha ruhuna» qovuşmağa imkan verir.
Nə qədər ki, söhbət müəyyən vəziyyətdə ağrı hissini sakitləşdirməkdən gedir, bu, bəlkə də pis deyil və sağlamlıq üçün təhlükəsizdir. Ölkədə yeganə fakir olan Svetlana Timin məharətini xatırlayaq. O yalın ayaqlarını iti qılınc tiyələri üzərinə qoyaraq yuxarı qalxır (Belə pillələr doqquz ədəddir!). Sonra dala qatlanmış başı üzərində yanan şamlar olan çıraq saxlamış halda, gözləri ilə hərəkətlərinə nəzarət edə bilmədən və hər pillədə bir neçə saniyə ərzində müvazinətini saxlayaraq oradan enir. O, yalın əllərini məşəlin alovundan keçirir, bir an üzünü bu alovun içində gizlədir, ağrıya üstün gəlmək bacarığını başqa yolla da nümayiş etdirir.
Lakin təsəvvür edək ki, insanda ağrı hissi, ümumiyyətlə, yox olmuşdur. Bəs o, əlini saldığı suyun qaynar olduğundan, bədəninə iti bir şeyin sancıldığından, damarların spazması nəticəsində ürəyinin kəskin oksigen aclığına məruz qaldığından (bu, adətən, döş sümüyü arxasında kəskin ağrı ilə aşkar olur) necə xəbər tutar? Axı ağrı — təhlükə haqqında siqnal olub, insanı bəzən, həyatın özünü təhdid edən həmin təhlükəni dəf etmək üçün təcili tədbirlər görməyə təhrik edir!
Ağrı — şübhəsiz, mənfi emosiyadır. Amma məlum olur ki, ağrısız keçinmək olmaz, bezən ağrı hissi orqanizmə son dərəcə mühüm xidmət göstərir. Tamaşa zamanı Svetlana Tim iradə qüvvəsi, sinir hüceyrələrinin müəyyən qrupunun gərginləşməsi vasitəsilə ağrı hissini zəiflədir. Lakin güman etmək lazımdır ki, o, küçədə və ya çimərlikdə gəzərkən yalın ayağını qəflətən iti daş üzərinə qoyarsa, şübhəsiz, ağrı hiss edər və vaxtında ayağını çəkər.
İndi qurşağadək və ya boynunadək soyuq suyun içində duran və ya yeşiyə sıx vurulmuş mıxlar üzərində uzanan yoqu təsəvvür edək. O heç bir şey hiss etmir, heç bir şey haqqında fikirləşmir, heç bir şeyə cəhd etmir. Onun vəziyyətini belə müəyyən edə bilərik — psixi fəaliyyətin tamamilə kəsilməsi. Belə də müəyyən etmək olar emosiyaların tamamilə olmaması. Bu, yaxşıdır, ya pisdir? Faydalıdır, ya zərərlidir?
Hər şeydən əvvəl qeyd edək ki, yoqlar, hətta ən yüksək ixtisaslı olanları da, uzunömürlülüklə fərqlənmirlər. Bir təlim kimi yoqanın vətəni olan Hindistanda uzunömürlülərin sayı lap azdır. Əlimizdəki ədəbiyyatdan bizə heç olmazsa, 100 yaşadək ömür sürmüş bir yoq da məlum deyildir. Lakin bu, əsas məsələ deyil, başlıcası budur ki, emosiyasız, təəssüratsız nə həyat ola bilər? Belə həyat insana gərəkdirmi və belə həyat sürən insan bir kəsə gərəkdirmi? Axı o, nə yaxşı işçi, nə Vətənin müdafiəçisi, nə də yaxşı ailə başçısı ola bilməz.
Emosiyalar həyatı bəzəyir, onu məzmunlu edir. Onda bəlkə, yalnız müsbət emosiyalar alaq, mənfi emosiyalardan isə hər vasitə ilə xilas olaq.
Təkcə müsbət emosiyalarla keçinmək olmaz, hər şeydən əvvəl, ona görə ki, onların keyfiyyətini mənfi emosiyalarla müqayisə etmədən qiymətləndirmək mümkün deyildir. Dərd bilməyən adam sevinci necə qiymətləndirə bilər? Heç vaxt acını dadmadan şirinin ləzzətini qiymətləndirmək olmaz. Həyatında məğlubiyyət görməyən adam qələbənin böyük sevincini dərk edə bilərmi?
Lakin məsələ təkcə bunda deyildir. Sadəcə desək, mənfi emosiyalardan heç yerə qaçmaq olmaz. Yaşlı nəsildən olan yaxın adamların həyatdan getməsi, təbiətin şıltaqlıqları həmişə ola bilər, təbii fəlakətlər qarşısıalınmazdır, az qala hər addımda insanı bəzən son dərəcə məyusedici təsadüflər gözləyir. İnsanlar arasındakı təmas zamanı xoşagəlməz emosiyaların meydana çıxmasına nə qədər imkan vardır! Görün, insanlar necə də bir-birinə oxşamır, bir-birinə uyğunlaşmaq qabiliyyətinə necə də pis yiyələnirlər!
Odur ki, "əsəblərinizi qoruyun" həkim məsləhətini, sadəcə olaraq, «emosiyalardan çəkinin» kimi başa düşmək olmaz. Emosiyalar həyatımızın zəruri elementidir. Hətta mənfi «emosiyalardan qorunun» məsləhəti də mənasızdır, çünki həyata keçiriləsi deyildir. Daha doğrusu, məhdud surətdə həyata keçirilə və yalnız aşağıdakı formada qəbul edilə bilər: «Düzgün olmayan davranışımızdan törəyə biləcək mənfi emosiyalardan özünüzü gözləyin». Lakin sizdə, davranışınızdan asılı olmayaraq mənfi emosiyalar qalacaq və ilk növbədə zəif, asan oyanan sinir sisteminə malik şəxslərin sağlamlığına təhlükə törədəcəkdir. Odur ki, əsəblərin qorunması dedikdə mənfi emosiyalardan qorunmaqdan daha çox, onlara düzgün reaksiya vermək (bu, onların sağlamlığına mənfi təsirinin qarşısını alır) və sinir sistemini möhkəmləndirmək (bu, oyanma və ləngimə prosesləri arasındakı müvazinəti və onların yüksək mütəhərrikliyini təmin edir) nəzərdə tutulur.
Öz davranışının düzgün olmaması nəticəsində yaranan mənfi emosiyaların qarşısını almaq yollarından danışaq. Dərhal demək lazımdır ki, həyatda mənfi emosiyaların törənməsi təhlükəsini doğuran şəraitlər son dərəcə müxtəlifdir və onları sistemləşdirmək demək olar ki, mümkün deyildir. Ən tipik olanlardan danışacağıq.
1. İstehsalatda, məktəbdə, ailədə qarşınızda duran vəzifələri yerinə yetirmədiyinizə görə meydana çıxan mənfi emosiyalar. Başqa sözlə desək, etməli idiniz — etməmisiniz və ya pis etmisiniz. Nəticədə xoşagəlməz söhbətlər, inzibati cəzalar, pis qiymətlər, ailədə deyişmə başlayır. Başlıcası isə özünüzdən narazı qalırsınız, axı edə bilərdiniz, ancaq etməmisiniz.
İşi yerinə yetirməmək isə ən çox onunla əlaqədar olur ki, ya bacarmamısınız, ya da vaxtınız çatmayıb. Bacarmamısınızsa, nəticə çıxarın; bu və ya digər vəzifəni boynunuza götürməzdən əvvəl onu yerinə yetirməyə hazır olub-olmadığınızı yoxlayın və hazır olmadığınızı hiss edirsinizsə, ya buna vaxtında hazırlaşın (necə etmək haqqında məsləhətləşin, oxuyun, düşünün), ya da vəziyyət imkan verirsə, bundan boyun qaçırın.
Vaxt çatmayıbsa, tapşırıq alarkən onun yerinə yetirilə biləcəyinə əmin olduqdan sonra vaxtı düzgün planlaşdırmaq (bəzən bir gün və ya bir həftə, yaxud bir ay və daha artıq əvvəldən) lazımdır ki, hər bir şəraitdə vaxt çatsın. Həyatda biz çox vaxt özümüzü bəzi məktəblilər kimi aparırıq: məsələn, cümə günü üçün çətin tapşırıq verildikdə yalnız cümə axşamı onu yerinə yetirməyə başlayırlar (bazar günü istirahət edir, bazar ertəsi — o biri dərsləri yerinə yetirir, çərşənbə axşamı — cümə gününədək hələ çox var, deyə dostu ilə şahmat oynayır, çərşənbə günü — nəsə çox maraqlı bir şey göstərildiyi üçün televizor qarşısında həddən çox oturur və yalnız cümə axşamı möhkəm qərara alır — yatmasam da yerinə yetirəcəyəm). Demək bu tapşırığı asanlıqla yerinə yetirmək olmur, əksinə, xeyli çətinləşir. Artıq saat 10-dur, işin hələ yarısı da görülməmişdir. Saat 11-dir, valideyni onu yatmağa göndərir, tələsiklik başlanır, tapşırıq necə gəldi yerinə yetirilir; ertəsi gün isə bütün sinif qarşısında pərt olur, 2 alır, bu da valideyni ilə xoşagəlməz söhbətə gətirib çıxarır.
Bəzən iş şəraitində də eyni şeyi müşahidə edirik. Bir işçiyə xeyli mürəkkəb olan mühüm bir sənədi hazırlamaq tapşırılır. Qarşıda böyük iş durur: ilkin sənədlərdə eşələnmək, ədəbiyyatı araşdırmaq keçənilki hesabatı nəzərdən keçirmək, qonşu sahələrdə çalışan işçilərdən məlumat almaq və s. Lakin bütün bunları nəzərə alaraq çox da vaxt verilmişdir (məsələn, iki ay).
Amma… cari işlər onu əldən salır, təsərrüfat qayğıları yayındırır, nədən və necə başlamaq barədə düşünmək üçün fikirlərini cəmləşdirməyə vaxtı çatmır, işə başladıqda isə görür ki, qalan vaxt ərzində nəzərdə tutulanların hamısını etmək mümkün deyildir. Hələ ədəbiyyatdan istifadə edilməmiş, qonşu sahələrdə işləyənlərdən alınmış məlumat isə tam deyildir, odur ki, sənəd müəyyən edilmiş vaxtdan gec verilir və keyfiyyətsiz olur, onun üzərində bir də işləmək lazım gəlir. Nəticəsi — idarə rəhbərinin danlağı, cəza olur.
Bəs ev sahibəsinin anadan olan günü kimi xoş hadisə zamanı qonaqların gəlməsinə az qaldığı halda evin yığışdırılmaması, xörəyin yanması, uşaqların geyindirilməməsi ailədə nə qədər həyəcana səbəb olduğunu kim xatırlamır. Burada qarşılıqlı məzəmmət, gözyaşı və hətta təhqir də ola bilər.
Odur ki, təkidlə məsləhət görürük: vaxtınızı, lazım gəlsə, bir həftə, bir ay, lap bir il əvvəldən planlaşdırmağı öyrənin. Hərəkət, bədəni möhkəmlətmək üçün zəruri olan vaxtı sağlamlığa, istirahətə, dünyagörüşünün genişləndirilməsinə zərər vurmadan günün rejimindən çıxarıla bilən şeylərin (dost və qonşularla tamamilə faydasız xəbərlər mübadiləsi, «elə belə», yalnız asudə vaxtı nə iləsə doldurmaq xatirinə baxılan televiziya verilişləri, qayğısız halda yataqda və ya divanda uzanmaq) hesabına ayırın. Hətta qısa ömür sürmüş bəzi şəxslərin nə qədər çox iş görməyə vaxt tapdığını xatırlayın. Cəmi 37 il yaşamış Puşkin nə qədər ölməz əsərlər yaratmışdır! Yarım əsrdən bir az artıq yaşamış akademik Nikolay İvanoviç Vavilov vətən və dünya elmini nə qədər zənginləşdirmişdir! Hansı sahədə çalışmasından asılı olmayaraq (elmi iş və ya maddi istehsal, xidmət sahəsi və ya, məktəb, ictimai, fermer, sahibkarlıq və ya bağ sahəsi) başqalarından xeyli çox iş görməyə vaxt tapan şəxslər, yəqin ki, yaxın adamlarınız və dostlarınız arasında da tapılar. Yadda saxlayın ki, ilk növbədə vaxtını düzgün planlaşdırmağı və ondan düzgün istifadə etməyi bacaran adam çox iş görməyə vaxt tapır, yerinə yetirmədiyi və ya pis gördüyü iş üçün xoşagəlməz hadisələrə dözməli olmur.
Mənfi emosiyaların insanlar arasındakı düzgün olmayan, qeyri-normal qarşılıqlı münasibətlərdən törənən digər qrupuna keçək.
Budur, atelyeyə gəlmisiniz. Sifarişiniz yerinə yetirilməmişdir. Hiddətlənir, səsinizi qaldırırsınız — amma kimə qarşı? Sifarişi qəbul edən qadına qarşı ki, o da, məlum olduğu kimi, sifarişləri yerinə yetirmir. Günahkar ustadır. Qadın dözür, amma sonra o da özündən çıxır, «siz burada çoxsunuz, mən isə təkəm», deyə qışqırır, çox güman ki, bu gün, elə ertəsi gün də, siz də, sifarişi qəbul edən qadın da dəfələrlə qəfil ağrı hiss edib, ürəyinizi tutacaqsınız. Bütün bunlar olmaya bilərdi. Bundan ötrü sifarişi qəbul edən qadın dərhal üzr istəyib, sifarişi yerinə yetirən ustanı və ya sex rəisini çağırmalı idi. Siz isə tamamilə haqlı olsanız da, gərək heç bir günahı olmayan adama qəzəblənməyəydiniz.
Digər bir misal. Xidməti tapşırığı yerinə yetirməyinizə nə isə mane olmuşdur. Bilavasitə tabe olduğunuz idarə rəhbəri bir qrup digər əməkdaşla birlikdə işlədiyiniz otağa ildırım sürətlə girərək bir sözlə belə etiraz etməyə macal vermədən yüksək tonda sizi danlamağa başlayır. Xoşagəlməz həyəcanlı səhnədən sonra sakit şəraitdə aydın olur ki, tapşırıq sizi vaxtında materialla təmin etməyən elə həmin rəhbərin öz təqsiri üzündən yerinə yetirilməmişdir. Nəticədə siz haqsızlıq hiss edirsiniz, rəhbər acı xəcalət çəkir (təəssüf ki, xəcalət hissi lazım olduğundan az hallarda meydana çıxır) — mənfi emosiya göz qabağındadır və yəqin ki, ömrünüzü bir neçə gün və ya hətta bir neçə həftə qısaltmışdır. Ola da bilər ki, rəhbər hərəkətinin haqsız olduğunu dərk etmişdir və öz davranışından narazılıq hissi onda mənfi emosiya törətmişdir. Bütün bunlara yol verməmək üçün rəhbər sizi kabinetə (kabinet yoxsa, kənara, dəhlizə) dəvət edib, üz-üzə hər şeyi aydınlaşdırmalı idi. Hətta aydın olsaydı ki, günahkar sizsiniz (lazım olanları sizə vermədiyini vaxtında yadına salmamısınız), təqsirinizi sakitcə başa salardı və görünür, əmrlə töhmət verilsə də, siz bunu emosiyasız qəbul edərdiniz.
Baxın, mağazada, xidmət sahəsinin digər müəssisələrində, ictimai nəqliyyatda təsadüfən görüşərkən hansı ifadə ilə bir-birimizə müraciət edirik. Ancaq nadir hallarda sifətimizdə təbəssüm görünür. Çox vaxt üzümüzdə səbirsizlik və ya əsəbilik, ən yaxşı halda — qayğı ifadəsi olur, halbuki başa düşmək olar ki, müraciət etdiyiniz şəxs sizin simanızda, hər şeydən əvvəl, xeyirxah adam görmək istərdi (bunun üçün isə, heç olmazsa, təbəssümün əlaməti olmalıdır). Bir qayda olaraq, üzünüzdəki təbəssümün cavabı kimi müsahibiniz də gülümsəyər və söhbət dostluq şəraitində keçər.
Əlbəttə, istisnalar da mümkündür. Həddini aşmış inzibatçı çətin ki tabeçiliyində olan şəxsə təbəssümlə müraciət etsin, bunu o, yüksək mövqe tutanlar və ya, heç olmazsa, özünə bərabər olanlar üçün saxlayar. Küçədə sizə sataşan sərxoş xuliqan da gülümsəməz (əlbəttə, təhqiredici gülüşü demirik). Yorulub əldən düşmüş atelye işçisi və ya mağaza satıcısı da çətin ki, gülümsəsin. Lakin, hər necə olsa təbəssüm söhbətin tonunu dəyişər, kobud şəkildə qışqırmağa yol verməz.
Tez-tez gülümsəyin, hamıya gülümsəyin! Rəisi salamlayarkən ona, mehribanlıqla tabeçiliyinizdə olanlara, müəllimsinizsə — şagirdlərə müraciət edərkən, həkim və ya tibb işçisinizsə — xəstələrə, tərəzidə şəkər və ya makaron çəkməyi xahiş etdiyiniz satıcıya, maşına oturarkən salamladığınız taksi şoferinə, hamıya və tez-tez gülümsəyin. Sizə təbəssüm və xeyirxahlıqla cavab veriləcəyini gözləməsəniz də, həmin anda qətiyyən şad deyilsinizsə də, tez-tez gülümsəyin.
Deyə bilərik ki, gülümsədiyiniz on təsadüfdən, heç olmazsa, doqquzunda sizə təbəssüm və ya xeyirxahlıqla cavab verərlər. Sizə tabe olan günahkar şəxsi, dəcəllik etmiş uşağı, adamla dolu avtobusda təsadüfən sizi itələmiş və ya ayağınızı tapdamış şəxsi, nəyi isə səhv salmış satıcını məzəmmət edərkən də səsinizi yüksəltməməyə, xüsusilə ağır olmayan hallarda hətta gülümsəməyə də özünüzdə qüvvə tapın. Bununla ani də olsa, hər halda sinir sisteminizi zədələyən bir çox emosiyalardan özünüzü xilas edərsiniz.
Çox vaxt xoşagəlməz emosiyalar ona görə meydana çıxır ki, biz kimi isə, özümüzə bənzətməyə, öz zövqümüzü, vərdişlərimizi, müəyyən vəziyyətlərdə davranışımızın, necə deyərlər, formulunu qəbul etdirməyə çalışırıq. Belə hallarda özümüz də mənfi emosiyaların qurbanı oluruq, istədiyimizə nail olmağı, insanın təfəkkürünü, davranışını arzu etdiyimiz kimi dəyişdirməyi bacarmadığımızdan narazı qalırıq. Öz iradəmizə tabe etmək istədiyimiz şəxsdə də kin, inciklik şəklində mənfi emosiyalar törənir. Sizin inadkarlığınıza, bəzən az qala onun şəxsiyyətinə zorakılıq etməyinizə qarşı onun bütün varlığı üsyan edir. yadda saxlayın ki, hər kəsin fərdiliyə hüququ vardır.
Bakıdan uzaq rayonda yaşayan 23 yaşlı Teymurova Ə. instituta daxil olur, şəhərdə qalmağa yeri olmadığından xalasıgildə yaşamağa başlayır. Xalası — ərini çoxdan itirmiş yalqız qadın idi, hər cür rahatlığı olan iki otaqlı mənzildə tək yaşayırdı. Onlar belə qərara gəlirlər ki, bir yerdə yaşamaq hər ikisi üçün faydalı və xoş olar. Teymurovanın yaşamağa yeri, rahatlığı, xalasının isə təsərrüfat işlərində möhkəm, etibarlı köməkçisi, başlıcası isə — həmsöhbəti olacaqdı. Ahıl yaşlı yalqız qadınların bunlara neçə ehtiyacı olduğu məlumdur.
Əvvəl hər şey yaxşı gedirdi və qadınlar bir-birindən razı idilər. Lakin tədricən zövq və vərdişlərdəki fərqlər özünü göstərməyə başladı. Xala detektiv janrında və «məhəbbət haqqında» olan filmləri sevirdi, Teymurova isə idman verilişlərini və beynəlxalq münasibətlərə dair məsələlər üzrə şərhçilərin çıxışlarını xoşlayırdı. Xala çay içib aramla söhbət edərək gecə saat 12-yə, bəzən birədək oturur, Teymurova isə səhər tezdən durduğu üçün axşam saat 11-dən gec olmayaraq yatmağa çalışırdı. Xala yelçəkənə dözmədiyindən pəncərə və nəfəslikləri açmaqdan qorxurdu, Ədilə isə təmiz havanı sevirdi. Xala balığın iyinə dözmürdü. Ədilə isə balıqdan xoşu gəlir və heç olmazsa, arabir balıq qızartmaq istəyirdi. Həm də xala xasiyyətcə inad olub, heç bir güzəştə getmirdi, Ədilə isə, yaşına hörmət edərək və ona qalmağa yer verdiyi üçün minnətdar olmağa çalışır, əvvəlcə hər şeydə ona güzəştə gedirdi.
Amma həmişə belə davam edə bilməzdi. Bir də görürsən ki, xala hələ söhbət etmək istəyir, Ədilə isə yatmağa gedir — xala inciyir. Ədilə xəlvətcə mətbəxdə balıq qızardır, xala iy hiss edir — inciyir, hətta hiddətlənir. Ədilə öz otağında nəfəsliyi açır, hava sərinləşir — yenə də xala hirslənir. İki-üç dəfə də belə, sanki boş şeydən sonra xala yatağa düşür, üzüyola Ədilə evdə qalmalı olur. Həkim çağırır: «xalanız çox əsəbiləşmişdir, onu qoruyun» — deyə həkim Ədiləyə xəbərdar edir.
Əlbəttə, həmin təsadüfdə hər iki qadın iztirab çəkmişdir. Ədilənin də əsəbləri həddən artıq gərginləşmişdir. Ancaq cavan, sağlam, sinir sistemi daha mütəhərrik və müvazinətli olduğundan, o, ahıl, bir qədər xəstə olan xalasının şıltaqlıqlarına daha asan dözə bilərdi. Xala üçün isə bacısı qızının vərdiş edilən həyat tərzini, azca da olsa, pozmaq cəhdləri hipertoniya xəstəliyinin kəskinləşməsi ilə nəticələnmişdi.
İnsanların bir-biri ilə hesablaşmaq istəməməsi üzündən mənfi emosiyalar məişətdə xüsusilə tez-tez meydana çıxır. Bir də görürsən ki, qadın ərinə nərd oynamağı qadağan edir: «Uşağımız var, ailə haqqında fikirləş, boş şeylərlə məşğul olmaq bəsdir». O bütün günü nərd oynasaydı, yenə dərd yarı idi, axı onun üçün bazar günü adət etdiyi oyundaşı ilə bir-iki saat oynamaq kifayət idi. Bu mənasız qadağa nə üçündür? Amma nə edəsən. İndi bir şey qalır, ya o, adət etdiyi istirahət formasından məhrum olsun, ya da arvadın sözünə məhəl qoymasın, o da incisin. Hər iki halda mənfi emosiya baş verəcəkdir ki, bunun da nəticələri barədə artıq danışmışıq.
Belə bir qayda qəbul etməyi məsləhət görürük: uzun və ya qısa müddət ərzində yaxınlığında olan adamın vərdişləri, davranışı sizin və ya digər şəxslərin sağlamlığına zərər vurmursa, onun xasiyyətini dəyişdirməyə çalışmayın. Uzağı — məsləhət verin, inandırmağa çalışın; qulaq asarsa — çox yaxşı, qulaq asmazsa öz işidir. Onun iradəsinə zor yeritməyin; onu öz istəyinizə tabe olmağa məcbur etsəniz — onun üçün pis olar; ağzınızdan vursa — sizin xoşunuza gəlməz.
Əlbəttə, bu ətrafdakılar və sizin üçün zərərli olan təsadüflərə aid deyildir. Papiros çəkməyənlər olan yerdə papiros çəkmək, sərxoşluq, söyüş söymək, xuliqanlıq, digər qanunsuz hərəkətlərə qarşı isə özündə barışmazlıq tərbiyə etmək və yeri gəldikdə nümayiş etdirmək lazımdır.
İş yerində də fikir ayrılığı, vərdiş və davranışda ziddiyyətlə əlaqədar münaqişəli vəziyyətlər ola bilər. Pəncərəni və ya nəfəsliyi açanda birinə xoş gəlirsə, digəri buna dözmür; biri digərinin işlətdiyi odekolonun iyinə dözmür, başqasını isə bunun saçlarının forması əsəbiləşdirir və s. Bütün bu hallarda xoşagəlməz təəssüratı daxildə saxlamaq lazım deyil. Sakitcə, təbəssüm və üzrxahlıqla söhbət edib başa salmaq və ümumi razılığa gəlməyə çalışmaq lazımdır (məsələn, stolların yerini dəyişdirmək, otağın havasını dəyişdirəndə boynuna şərf bağlamaq və s.). Saçların formasına və ya odekolonun iyinə gəldikdə isə, əlbəttə, özünü ələ alıb, sizə xoş gəlməyəni görməməyə çalışmaq lazımdır.
Amma söhbət ciddi, prinsipial məsələdən gedirsə, mübarizə etmək lazımdır. Azğınlıq edən xuliqanın yanından ötüb keçmək olmaz. Spirtli içkiyə meyl edən yeniyetmənin əlindən tutmaq lazımdır. Əlbəttə, söhbət ədalətli işdən gedirsə və özünün haqlı olduğunu bilirsənsə, «emosiyalardan qaçmaq» olmaz. İşçi qadın L.Balaşevanın məktubunu («Mövqe və ya heysiyyət» — «Pravda» qəzeti, 6 dekabr 1987-ci il) xatırlatmaq yerinə düşər: «Kommunist həmişə davranışında möhkəm bir xətti əsas tutmalı, prinsipsizliyin təzahürləri ilə mübarizə aparmalıdır. Bu zaman ola bilər ki, sağlamlığın korlansın, əziyyətlərin artsın. Lakin mübarizə — mübarizədir. Başladınsa — davam et, şikayətlənmə. Haqlı olduğuna əminsənsə istədiyinə nail ol».
Heyhat! Həqiqət uğrunda mübarizə həmişə qələbə ilə bitmir. Lakin tarixdə belə misallar az deyildir ki, haqq yol uğrunda mübarizələr fiziki və mənəvi əziyyətlərin uzun və əzablı yolunu keçərək, həyatlarını həsr etdikləri və verməyə hazır olduqları işin qələbəsindən sonra yüksək fəallığı mühafizə edərək uzun müddət yaşamışlar.
Rusiyada inqilabi hərəkatın məşhur xadimi N.A.Morozov 30 ilə yaxın həbsxanada olmuş, bunun 24 ilini ən ağır şəraitdə əvvəlcə Petropavlovsk, sonra — Şlisselburq qalasında keçirmişdir. Lakin bu onun yaradıcı fəaliyyətini saxlamaqla 92 yaşadək yaşamasına mane olmamışdır. Elə onun qədər məşhur olan inqilabçı — xalqçı qadın V.N.Fiqner də 20 il Şlisselburq qalasına salınmış, sonra sürgündə olmuş, lakin 90 il yaşamış və ömrünün sonunadək ədəbi fəaliyyətlə məşğul olmuşdur.
Beləliklə, sağlamlıq üçün zərərli olan, lazımsız mənfi emosiyalara üstün gəlməyin bəzi yolları bunlardır: işdə və evdə, eləcə də ayrı-ayrı şəxslər qarşısında bütün vəzifələri məcburi və dəqiq surətdə yerinə yetirmək, bunun üçün öz vaxtını düzgün planlaşdırmaq və bölüşdürmək; təmasda olduğun bütün şəxslərə həmişə xeyirxahlıqla yanaşmaq; başqalarının fikirlərinə vərdişlərinə, davranışına hörmət etmək.
Lakin fərz edək ki, mənfi emosiya artıq baş vermişdir. Axı adamın iradəsindən asılı olmayaraq başına azmı iş gələ bilər — xoşagəlməz, bəzən faciəli xəbər, işdə pis hadisə, böyük maddi itki və s. hadisə baş verdiyi anda onu sarsıtmışdır. Ola bilər ki, o psixi sarsıntı xəstəliyin qəflətən kəskinləşməsi ilə reaksiya vermişdir. Amma axı iş bununla bitmir — mənfi emosiya öz təsirini saxlayır, «mühafizə edilmiş», durğun hala keçir. Bu halda nə etmək, onun sağlamlığa təsirini necə zəiflətmək olar?
Axı həyat davam edir və ağır xəstəlikdənsə heç olmasa, nisbətən sağlam yaşamaq daha asan və xoşdur.
Hələ qədim zamanlarda məlum idi ki, qəflətən meydana çıxmış mənfi emosiyanın ağır təsirini güclü əzələ fəaliyyəti vasitəsilə aradan qaldırmaq və ya xeyli zəiflətmək mümkündür. Meydana çıxmış mənfi emosiya şəraitində əzələ fəaliyyətinin müsbət təsirinin mexanizmi 30-40 il bundan əvvəl aydınlaşdırılmışdır.
Mənfi emosiyaların təsir göstərdiyi beyin sahələri qıcıqlanarkən daxili sekresiya vəziləri olan böyrəküstü vəzilər işə qoşulur, adrenalin və noradrenalin maddələri qana ifraz olunmağa başlayır ki, bunlar da ürək-damar sisteminin sinir-əzələ aparatına təsir edərək arterial təzyiqi yüksəldir. Mənfi emosiyaların uzun sürən təsiri qanda həmin maddələrin konsentrasiyasını və müvafiq olaraq qan təzyiqini yüksək səviyyədə saxlayır. Gərgin əzələ işi zamanı həmin maddələrin sərf edilməsi güclənir. Meydana çıxmış mənfi emosiya zamanı fiziki yükün müsbət təsiri məhz bununla əlaqədardır.
Hər cür hadisə baş verə bilər, məsələn, biri sizi təhqir edər, mükafat fondunu bölərkən sizi unudarlar, birdən xəbər tutarsınız ki, mənzil almaq və ya telefon çəkmək üçün növbəniz xeyli təxirə salınmışdır, oğlunuzun gündəliyində xoşagəlməz bir qeyd edilmişdir və s. Sizi sanki labüd olan inciklik, kin, həsəd, vəziyyətdə narazılıq hissi bürüyür. Siz, hər halda indi, heç bir şeyi dəyişdirə bilməzsiniz. Bax, belə vəziyyətdə özünüzə yaxşı əzələ yükü vermək (uzun müddət sürətlə gəzmək, qaçmaq, mebelin yerini dəyişdirmək, döşəməni yumaq və s.) olduqca faydalıdır.
Əlbəttə, yumruqla sizi incidən adamın üstünə atılmaq da olar, bu da əzələ yükünün bir formasıdır, amma belə etmək olmaz, mədəni cəmiyyətdə yalnız özünümüdafiə vasitəsi kimi qanuni hesab edildiyi xüsusi hallarda belə edirlər.
İntensiv əzələ fəaliyyəti ifraz olunmuş adrenalin və noradrenalinin sərf olunmasını sürətləndirməkdən başqa, insanı «qara» fikirlərdən uzaqlaşdırır. Eyni zamanda məlumdur ki, fikrini yayındırıb iztirab törədən şeyi bir müddət yaddan çıxaran kimi adamın əhvalı yaxşılaşır, normal həyat fəaliyyəti bərpa olur, sinir, ürək-damar sisteminə düşən əlavə yük aradan qalxır.
Mənfi emosiyanın sağlamlığa pis təsirinə üstün gəlməyə, onun qarşısını almağa dair daha bir məsləhət. Başınıza gələn bədbəxt hadisədə, incikliyiniz olduqda çalışın ki, bu dərdlərlə təkbətək qalmayasınız! Dərdinizi bölüşə biləcəyiniz bir adam tapın. Bir tərəfdən, xoşagəlməz vəziyyətdən necə çıxmaq barədə ağıllı məsləhət alar, axı əbəs yerə demirlər ki, «ağıl ağıldan üstündür», digər tərəfdən isə hətta müsahibiniz heç bir məsləhət verməyib, yalnız səbirlə və xeyirxahlıqla sizi dinləsə də, özünüz baş vermiş hadisə və yaranmış vəziyyət haqqında ətraflı danışaraq və sanki fikrən ifa edərək, bəzən gözlənilmədən əvvəllər ağlınıza gəlməyən çıxış yolunu tapa bilərsiniz.
Asudə vaxtını bağda işləyərək daim nəyi isə yaxşılaşdırmaqla və özü kimi pensiyaçı yaşıdı, köhnə dostu və oyun yoldaşı Qədirlə nərd oynamaqla keçirən 65 yaşlı dul kişi Nemət ağır psixi sarsıntı keçirmişdi: ümidverici gənc alim olan, hələ ailə qurmağa macal tapmamış yeganə oğlu avtomobil qəzasında ölmüşdü. Müxtəlif şəhərlərdə yaşadıqlarından oğlu ilə tez-tez görüşməsələr də, amma münasibətləri çox mehriban idi. Oğlu məktublarında öz sevinc və kədəri haqqında yazır, hərdən də qocaya bir sovqat göndərirdi. Ata xoşbəxt idi, inanırdı ki, oğlu tezliklə dissertasiya müdafiə edəcək, evlənəcək və ona nəvələrini bəsləmək nəsib olacaqdır. Lakin hər şey məhv oldu. İndi nə bağ onu fərəhləndirir, nə də həyat onu nəşələndirirdi. Günləri qəm-qüssə içində keçirdi, axı gözləyəsi bir şey, qayğısına qalacağı bir adam yox idi.
Qədir dostunun vəziyyətini başa düşərək nə sorğu-sualla, nə də məsləhətlərlə onu təngə gətirməməyə çalışırdı. Lakin bir dəfə onlar açıq söhbət etdilər. Qədir xatırladı ki, nə vaxtsa Nemət oğlunu təklikdə tərbiyə edən əmisi qızı haqqında danışmışdı. Görəsən onun başına nə gəlmişdir, necə yaşayır, köməyə ehtiyacı yoxdur ki? Nemət əvvəlcə buna məhəl qoymadı, sonra əmisi qızına məktub yazdı. Qonşulardan cavab aldı. Məlum oldu ki, əmisi qızı hələ keçən il ölmüşdür, 14 yaşlı oğlu Fuad isə internat məktəbdə oxuyur və yaxınlarda texniki peşə məktəbinə daxil olmalıdır. Onu öz yanına gətirsə necə olar, deyə Nemət fikirləşməyə başladı. Qonşular yazırdılar ki, oğlan namusludur, ərköyün deyil, anasının axır gününədək ona kömək edirdi. Qədir bu fikrə tərəfdar çıxdı. Nemət gedib oğlanla tanış oldu və budur, artıq üç ildir ki, onlar bir yerdə yaşayırlar. Fuad peşə məktəbini bitirib zavodda işləyir, bağda Nemətə kömək edir. Nəhayət, elə bir gün gəldi ki, Fuad Neməti ata deyə çağırdı. Sevincdən qocanın gözləri yaşardı — onun həyatı yenidən məna kəsb etmişdi.
Siz də bədbəxtliyə düçar olduqda özünüzə qapanmayın; xeyirxah müsahib axtarın, ürəyinizi açmaqdan utanmayın. Nəsə bir şey düşünüb tapa bilərsiniz, hətta tapmasanız da, müsibətinizə qarşı xeyirxah münasibət özlüyündə vəziyyətinizi yüngülləşdirər.
İndi də sinir sistemini neçə möhkəmləndirmək, onun reaktivliyini necə azaltmaq, emosiyalara qarşı davamlılığını neçə artırmaq barədə bir az məlumat verək.
Xatirinizdədir, dedik ki, sinir sistemi zəif, müvazinətsiz, həm oyanma, həm də ləngimə zəif, bunların bir-birinə keçməsi sürəti az olan melanxoliklər və oyanma prosesinin ləngimə prosesi üzərində üstünlük təşkil etdiyi, xüsusilə tez əsəbiləşən — xoleriklər mənfi emosiyaların təsirinə daha çox düçar olurlar. Sanqviniklər və fleqmatiklər isə emosiyalara qarşı xeyli davamlıdırlar. Məqsəd də melanxoliklər və xolerikləri sanqviniklər və fleqmatiklərə "çevirməkdir". Bu, əsasən mümkündür. Ali sinif fəaliyyəti tiplərinin formalaşmasında irsi amillərin çox böyük rol oynamasına baxmayaraq, irsiyyəti ağıllı və məqsədyönlü təsirlərlə «islah etmək», eləcə də düzgün olmayan hərəkətlərlə, xüsusən uşaq yaşda düzgün olmayan tərbiyə ilə «pisləşdirmək» olar.
Uşaqların tərbiyəsi — mürəkkəb mövzudur, buna çoxlu kitab və məqalələr həsr olunmuşdur, onları burada şərh etməyə ehtiyac yoxdur. Başlıca məsələni qeyd edək: həm həddən artıq qayğı, həm də nəzarətsizlik uşaqların sinir sistemini təxminən eyni dərəcədə pozur. Uşağın ərköyün böyüdülməsi, həddən artıq təriflənməsi, bütün ailənin sitayiş etdiyi, şıltağını ani olaraq yerinə yetirməyə çalışdığı, «istəyirəm» sözünü qanuni hesab edib bütə çevrilməsi ona gətirib çıxarır ki, hələ uşaq bağçasında, daha çox — məktəbdə və xüsusən isə yaşamağa başladığı dövrdə əzabverici kinayə və təhqirlər hər tərəfdən onun üzərinə yağdırılır. Odur ki, mənfi emosiyalar yaranır, hələ möhkəmlənməmiş sinir sistemi getdikcə daha şiddətli surətdə pozulur, uşaq ya «solur», vasvası olur, özünü cəmiyyətə dəyərli adam hesab etmir, təqib olunan məyus melanxolikə çevrilir, ya da dərhal kobudlaşan, hamının «cavabını qaytarmağa» hazır olan, tündməzac, təcavüzkar xolerik olur.
Uşağın iradəsinə daim təzyiq edilməsi də ona pis təsir göstərir: məsələn, uşaq üçün maraqlı olan işlə məşğul olmasının, ümumi marağı olan yoldaşları ilə dostluğunun qadağan olunması bu qəbildəndir. Bu şəraitdə uşaqda həddən artıq utancaqlıq, qorxaqlıq, özünə inamsızlıq, özünün tam dəyərli olmasına şübhə yaranır. Bunlar isə onun melanxolikə çevrilməsi yoludur.
Əlbəttə, uşağı tərifləmək də, mükafatlandırmaq da olar — ancaq həddini gözləmək şərtilə. Bəzən onun müstəqilliyini məhdudlaşdırmaq da lazım gəlir — amma burda da dərəcə gözlənilməli, onun fərdiliyinin heç bir təzahürü boğulmamalıdır. Başlıcası isə — uşağı sağlam həyat tərzinə öyrəşdirmək lazımdır: qaydaya salınmış gün rejimi, normal yuxu, kifayət qədər əzələ fəallığı, rasional qidalanma — bütün bunlar sinir sistemini möhkəmləndirməyin, onu insan həyatının dolu olduğu emosiyalara qarşı düzgün reaksiya verməyə hazırlamağın etibarlı amilləridir.
Uşağı həyəcanların təsirinə qarşı xüsusilə zəif, emosiyalara qarşı xüsusilə həssas edən yanlış tərbiyə ömrü boyu insanı təhdid etməli deyil. Başlıcası budur ki, insan özü xasiyyətindəki nöqsanları, davranışının vəziyyətə uyğun gəlmədiyini dərk etsin: «mən beləyəm, öz xasiyyətimi dəyişdirə bilmərəm» fikrinin kifayət qədər əsası yoxdur. Özünü dəyişdirmək, əlbəttə, mümkün deyildir, amma öz sinir sisteminin davamlılığını artırmaq, onun zəifliyini aradan qaldırmaq, özünü daimi qorxu vəziyyətindən çıxarmaq — bunların zəruri olduğunu dərk edən və bunlara nail olmaq istəyən hər kəsin öz əlindədir. Buna elə həmin vasitələrlə nail olmaq mümkündür: qaydaya salınmış gün rejimi, kifayət qədər və sağlam yuxu, müntəzəm əzələ işi, orqanizmin möhkəmləndirilməsi, düzgün qidalanma və əlbəttə, zərərli vərdişlərdən, özünü tənbəki tüstüsü və sinir sistemi üçün ən güclü zəhər olan alkoqolla zəhərləməkdən qorumaq.
Sinir sistemini möhkəmlətmək və onun uzun sürən mənfi emosiyalar nəticəsində törənən xəstəliklərini aradan qaldırmaq işində autogen (yəni özünün həyata keçirdiyi) məşq yaxşı kömək göstərə bilər. Bu — son on ildə bütün dünyada, o cümlədən, ölkəmizdə də geniş yayılmış özünətəlqin texnikasıdır. Autogen məşq insana iradəsini möhkəmləndirməyə, hisslərini, əhvalını idarə etməyi (müəyyən dərəcədə) öyrənməyə, sinir sisteminin bir çox pozulmalarından (o cümlədən, alkoqolizm də daxil olmaqla) xilas olmağa imkan verir. Autogen məşqin məşğələlərinin ətraflı təsvir edildiyi bir sıra kitablar buraxılmışdır, lakin ən yaxşısı məşğələləri psixonevroloq həkimin rəhbərliyi altında başlayıb, sonra müstəqil davam etdirməkdir.


Tarix: 10.01.2013 / 13:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2762 Bölmə: Saglamliq
loading...