Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nevrotik Anoreksiya

Nevrotik Anoreksiya (Anorxia Nervoza) diaqnozu ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən xanimların bu istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahasızlıq, qidalanma fobiyası (qorxusu) yaranır.

Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. İnkişaf etmiş ölkələrdə rast gəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixatrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür və müxtəlif mənbələrin məlumatına əsasən 8-15% təşkil edir.

Xəstəliyə tutulmuş insanların 50% asanlıqla müalicəyə tabe olur. Amma bir çox hallarda bədəndə müalicəyə qarşı ciddi rezistentlik yaranır.

Gedişi

Nevrotik anoreksiyalar zamanı qidalanmanın azlığı bədən daxilində maddələr mübadiləsinin pozğunluğuna, daxili orqanların və sistemlərin patoloji dəyişikliklərinə gətirib çıxarır. Neyroendokrin pozğunluqlar xüsusi qeyd olunmalıdır. Bu hallarda cinsi yetkinliyin gecikməsi, ovulyasiyanın olmaması, menustrial tsiklin dayanması (amenorreya), esterogenlərin azalması, antidiuretik hormonların azalması, hipotermiya baş verir. Xəstəliyə tutulmuş oğlanlarda isə hipogonadism əmələ gələ bilir ki, bu da cinsi yetkinliyi gecikdirir. Nevrotik anoreksiyalı gənc xanimları spesifik xarakterləri də qeyd edilir. Onlar kamilliyə mayilli olurlar, akademik uğurlar qazanırlar, əks cinsə az maraq göstərirlər, aclığa qarşı dözümləri ilə öyünürlər. Bununla yanaşı, nevrotik anoreksiyalı xanımlarda inkişaf qüsurları, özünəqapanma, aşırı həssalıq olur.

Əlamətləri: Nevrotik anoreksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir.

- İfrat arıqlama
- Zərif xarici görünüş
- Zəiflik və yorğunluq hissi
- Arabir başgicəllənmə
- Saçların zəif, sınan olması və tökülməsi
- Qəbzlik
- Menustrasiyanın olmaması
- Kövrək dırnaqlar
- Bədən dərisinin yumşaq tüklə örtülməsi
- Dərinin quru olması
- Soyuğa dözümsüzlük
- Qeyi-requlyar ürək döyüntüləri
- Qanın ümumi analizində anormallıq
- Arterial təzyiqin aşağı olması
- Dehidratasiya
- Osteoparoz

Somatik əlamətlərlə yanaşı bəzi emosinal və davranış əlamətləri də qeyd olunur:

- Yeməkdə imtina
- Aclığın inkar edilməsi
- İfrat bədən tərbiyəsi
- Əhval ruhiyyənin aşağı olması
- Emosiyanın olmaması
- Fikrin dağınıqlığı
- Qida məsələlərinə ifrat diqqətcillik

Ağırlaşmaları

Nevrotik anoreksiya bir çox orqan və sistemlərdə ciddi pozğunluqlar yaradırlar. Bunları aşağıdakı kimi təsnif etmək olar və bu barədə həkiminizlə məsləhətləşin: Ürək-damar fəsadları:

- Ürəyin mirtal qapağının prolapsı
- Qulaqcıq disritmiyaları
- Bradikardiya
- Ortostatik hipotenziya
- Ürək çatışmazlığı

Böyrək fəsadları:

- Qlomerulyar Filtrasiyanın azalması
- Ödem
- Asidoz
- Hipokalemiya
- Hipoxloremiya
- Hiperaldesteronizm

Mədə-bağırsaq fəsadları:

- Qəbzlik
- Mədə boşalmasının gecikməsi
- Mədənin genişlənməsi və cırılması
- Ezofagit
- Melory-Weiss sindromu
- Süni qusma yaradan xəstələrdə diş, damaq problemləri yaranır.

Həkimə nə zaman müraciət etməli?

Əgər özünüzdə və ya sizə yaxın olan bir insanda yuxarıda sadalanan əlamətləri hiss edirsinizə həkimə müraciət məqsədəuyğundur. Xüsusilə də aşağıdakı hallarda “həyacan təbili” çalmaq vacibdir:

- Yeməkdən qaçma
- Yalnız bəzi “sağlam” hesab edilən qidanı yemək
- Çeynədikdən sonra yeməyi atmaq
- Yeməkdən əvvəl yeməyi çəkmək
- Tez-tez öz çəkisini yoxlamaq
- Güzgüdə öz bədən quruluşuna tez-tez baxmaq
- Kök olması barədə çox şikayətlənməsi

Xəstəliyin inkişaf səviyyəsindən aslı olaraq xəstəyə bir neçə müalicə üsulu təklif edilə bilər. Əgər xəstəlik çox ağırdırsa xəstəyə xəstəxana şəraitində intensiv terapiya bölməsində müalicə aparılmalıdır. Bu hallarda dərin dehidratasiya, elektrolit balansının pozulması və ya psixatrik problelər aid edilə bilər.

Nevrotik anoreksiyaların müalicəsində adətən bir neçə sahədə mütəxəssislər, məsələn, psixoterapevt, dietoloq, terapevt və ya reanimatoloq cəlb edilə bilər.

Yüngül hallarda həkimin məsləhəti ilə lazim olan tədbirlər ev şəraitində edilir və zaman-zaman kontrol müayinədən keçmək vacibdir. Psixoterapiyada ailə və dostların yaxından iştirak etməsi məqsədəuyğundur. Anoreksiyanın müalicəsində hər hansı spesifik bir dərman maddəsi yoxdur. Əlamətlərdən aslı olaraq müalicə zamanı fərqli dərmanlar istifadə edilə bilər.

Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri xəstənin özünün buna ehtiyacın olmamasına inanmasıdır. Öz vəziyyətlərini onlar xəstəlik kimi qiymətləndirmirlər və bunun fərqli bir yaşayış üslubu olmasına inanırlar. Bəzən anoreksiya insanların həyatı boyu mübarizə apardıqları bir xəstəlik olur. Bəzən xəstəliyin dinamikasında enişlər və yenidən qalxışlar qeyd olunur. Məsələn, hamiləlik öncəsi qidalanma normallaşa və həmiləlikdən sonra yenidən pisləşə bilər.

Qəribədir ki, eyni yumurtadan olan eksizlərin hər ikisində oxşar problemlərin olmasını, amma fərqli yumurtadan olan ekizlərin isə birində anoreksiya varsa digərində olmaya bilir. Odur ki, bir çox alimlər nevrotik anoreksiyası olan insanlarda buna genetik meyilliliyin olması iddiasını irəli sürürlər.


Tarix: 21.01.2015 / 11:32 Müəllif: Aziza Baxılıb: 301 Bölmə: Qidalanma və Dieta
loading...