Nəqliyyat vasitəsi kimi at, ulaq, öküz və at arabalarından (furqondan) istifadə edilib. Öküz arabaları iki və ya dörd təkərli olub. Dördtəkərli arabalarda daha çox yük daşımaq mümkün olub. Hər arabaya boyunduruq vasitəsilə iki öküz qoşulurmuş. Fərdi təsərrüfatlarda, sonradan isə kolxozda XX əsrin 50-ci illərinə qədər öküz və at arabalarından istifadə edilib. Öküz arabaları son dövrlərə qədər saxlanılırdı. Güclü qar yağdıqda, yük avtomobillərinin hərəkəti mümkün olmadıqda xırmandan kəndin başındakı fermalara ot-ələf daşımaq üçün bu arabalardan istifadə edilirdi. Kolxozun altı briqadasının hər birində 50-yə yaxın öküz olub. 1950-1952-ci ilə qədər Göyçə gölü ətrafında münasib quru yolu və sürətli nəqliyyat vasitəsi olmadığı üçün Göyçə gölündə işləyən paroxod nəqliyyat vasitəsi kimi əvəzsiz idi. Yelenovkaya, qəza mərkəzi sayılan Kəvərə, Nərədüzə getmək üçün bərədən istifadə edilib. Qonşu Şorca ərazisində liman yerləşirmiş. Əhali bu limandan geniş surətdə istifadə edib. Üç gəmi işləyirdi. Ən böyük gəmi ikimərtəbəli idi, 200-250 sərnişin götürmək qabiliyyətinə malik idi. Digər iki gəmi isə 50-60 nəfər tuturdu. Yüklər isə barjla daşınırdı. Barj sərnişin gəmisinin arxasına qoşulan mühərriksiz böyük gəmi idi. Həmin barjlardan biri Göyçə gölünün Ardanış körfəzində istifadəsiz olaraq son dövrlərə qədər qalmaqda idi.
Tarix: 07.02.2015 / 13:19 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qərbi Azərbaycan