Əliyev Həsən Əlirza oğlu — görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, 1952-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, 1974-cü ildə Azərbaycan Respublikası əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı (1978).
Həyatı
Həsən Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısı olmuşdur.
Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim (1945-1949), Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi (1952-57), Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitunun direktoru (1968-1993) vəzifələrində işləmişdir.
Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. O Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi.
Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü olmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti (1975-1990), "Azərbaycan təbiəti" məcmuəsinin baş redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958), Polşa (1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966), Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya (1981) və s. ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə məruzələr etmişdir.
Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olmuşdur. Lenin , Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N. İ. Vavilov adına Qızıl medalı ilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Əliyevin adınadır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olmuşdur.
2 fevral 1993-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Mərhum prezident Heydər Əliyevin qardaşıdır.
Memar Rasim Əliyevin atasıdır.
Tarix: 06.02.2015 / 17:08 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Qərbi Azərbaycan