Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəhmət

Zəhmət - Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd.

Haçaparaq (1935-ci ildən - Zəhmət)- İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq (415, s.82), Azərbaycan mənbələrində Xocəparak (243, s.98) kimi qeyd edilir.

1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.36), Qafqazın 5 verstlik xəritəsində (348, s.263) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 759 nəfər (415, s.82-83, 152-153), 1987-ci ildə 2893 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə (12, s.359), qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün (284 a, s.10) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır.

Görkəmli şəxsiyyətləri
Sadıq Şükürov - alim, filoloğiya elmləri doktoru, professor.
Cabbar Quliyev - Ermənistan SSR Əməkdar Rəssamı (1967).


Tarix: 06.02.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 147 Bölmə: Qərbi Azərbaycan
loading...