Abuzər Yusif oğlu Qazıyev – tibb elmləri doktoru (2005), professor (2009). ATU I müalicə-profilaktika fakultəsinin dekanı, Baki Şəhər Baş onkoloqu
Həyatı
Abuzər Yusif oğlu Qazıyev 21 sentyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib.
1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir.
1990-92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir.
1995-ci ildə “Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə “Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir.
2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000-2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir.
Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur.
Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə - süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.
A.Qazıyevə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adı verilmişdir.
Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir.
Ailəlidir, 2 oğlu, 1 qızı var.
Elmi işləri
Xarici ölkələrdə dərc edilmiş elmi işləri də daxil olmaqla 203 elmi işin, o cümlədən Tibb Universitetinin tələbələri üçün onkologiyaya dair 2 dərslik və 2 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris-metodik vəsaitin, 2 səmərələşdirici təklifin və 2 metodik tövsiyyənin müəllifidir. Onkologiya kafedrasında aparılan “Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, diaqnostika və müalicə metodlarının optimallaşdırılması, müalicənin uzaq nəticələri” mövzusunda elmi-tədqiqat işinin məsul icraçısıdır.
Tarix: 06.02.2015 / 15:39 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Qərbi Azərbaycan