Elşad Qoca — Yazıçı, tərcüməçi və tədqiqatçı jurnalist, ən yeni tariximizə dair bir sıra dəyərli kitabların müəllifi.
Həyatı
İsayev Elşad Qoca oğlu 02 may 1959-cu ildə Ermənistan SSR-nin Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Ailəlidir, 2 övladı var.
BDU jurnalistika fakültəsinin məzunu olan yazıçı bir müddət "Kənd həyatı" və "Səhər" qəzetlərində çalışıb, "Sərhəd" qəzetinin hərbi müxbiri olub, döyüş bölgələrindən yazdığı reportajlara görə mükafata layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
Elşad Qoca bir vaxt maraqlı uşaq nağılları və hekayələr yazmış, dünyanın ünlü uşaq yazıçılarının əsərlərini azyaşlı oxucular üçün dilimizə çevirmişdir. Son illər daha ciddi mövzulara üz tutmuşdur. "Cəllad etirafı" (1999), "Sibir dərsi" (2000) kimi kitabları çıxdı. Bu kitablarında 1920-1950-ci illərdə bolşevik terrorunun qurbanı olmuş onlarca milli ruhlu aydınlarımızın, o cümlədən tanınmış nəsillərdən Şahtaxtinskilər, Topçubaşovlar, Şamxorskilər, Aşurbəyovlar, Usubbəyovlar və digərlərinin acı talelərindən bəhs edirdi.
"Gizli xidmətin sirləri" (2000) kitabında isə gözə görünməyən cəbhədə - kəşfiyyat, əks-kəşfiyyat və xüsusi təyinatlı dəstələrdə çalışmış peşəkar insanların xatirələri dilimizə çevrilmişdir.
"Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları" (2000), "Tariximiz və taleyimiz" (2001) kitabları onun yaradıcılığında ayrıca yer tutur. Bu kitablarında 1918-20-ci illərdə xalq cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat orqanlarında çalışmış leytenant Ağalarovun, yasovul Yusupovun, polkovnik İrza bəy Hacıbəylinskinin, Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanov qardaşlarının, Ələkbər xan Şahsuvarovun, Məmmədtağı Dadaşovun, Əli Razi Şamçızadənin və başqalarının, eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçılarımız - polkovnik Məmməd bəy Əliyev və "Şahzadə Məmməd"in fəaliyyəti çoxsaylı arxiv materialları əsasında işıqlandırılır.
== Kitabları ==
"Cəllad etirafı" (1999),
"Sibir dərsi" (2000)
"Gizli xidmətin sirləri" (2000)
"Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları" (2000),
"Tariximiz və taleyimiz" (2001)
Tarix: 05.02.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 204 Bölmə: Qərbi Azərbaycan