5 iyun 1973-cü ildə Qax rayonunda dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayon 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddər təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Daha sonra könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Polovinko Ruslanın komadiri olduğu Mİ-24 vertolyotuna bort-atıcı təyin etdilər. Hava şahinləri erməni silahlılarının başına od ələyirdilər. Dəfələrlə təhlükəli uçuşlar etmiş, erməni silahlılarını ağır itkilərə məruz qoymuşdular. 6 avqust 1992-ci il Kasapet yüksəkliyindəki döyüşçülərimizi xilas etmək üçün havaya qalxan şahinlər üç dəfə uçuş etdilər, ermənilərin buradakı bölüyü məhv edildi. Dördüncü uçuş zamanı artıq Cavanşir yaralı idi, dostlarının təkidinə baxmayaraq o, uçuşa hazır olduğunu bildirdi, yenidən havaya qalxan şahinlər Kasapet istiqamətində güclü raket atəşinə tutuldular, vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmədilər. Yerə enəndə isə atıq gec idi; vertolyot alova bürünmüşdü.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Qaraçuxur qəsəbə parkında büstü qoyulub.
Tarix: 09.06.2015 / 14:15 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Qəhramanlar