Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahimov Mübariz Ağakərim oğlu
İbrahimov Mübariz Ağakərim oğlu

İbrahimov Mübariz Ağakərim oğlu (7 fevral 1988, Əliabad, Biləsuvar, Azərbaycan SSR - 19 iyun 2010, Çaylı kəndinin yaxınlığı, Tərtər, Azərbaycan) — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010).

Həyatı

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb

Qəhrəmanlığı

Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.

Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər - Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Son məktubu

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.


Tarix: 09.06.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Qəhramanlar
loading...