Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsrafil Məmmədov

1919-cu ilin burulğanında ailəsi Gəncəyə köçüb. Elə həmin ili İsrafil Məmmədov da burada dünyaya göz açıb. İndi həm Gəncə şəhərində, həm də Qapanlı kəndində igid eloğlumuzun abidəsi ucalır. Əslində, onun ölməz xatirəsi bütün qədirbilən Azərbaycan xalqının qəlbində yaşayır.
...İyirmi yaşlı gənc İsrafil əsgərliyə gedəndə ölkədə əmin-amanlıq idi. Heç kəsin xəyalına belə gəlməzdi ki, tezliklə tufan qopacaq, Vətənin mərd oğulları hünər meydanında əsl sınaqdan keçəcəklər. Tufan qopdu və sınaq başlandı. Yüz minlərlə azərbaycanlı döyüşçü arasında ilk dəfə olaraq İsrafil Məmmədov doğma diyarının adını dünyaya tanıtdı.
1941-ci ilin dekabr ayında döyüşən ordudan Gəncəyə xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür".
Nə üçün? Hansı hünərə görə? Budur, 1941-ci il 19 dekabr tarixli "Pravda" qəzeti qarşımızdadır. Rəngi saralmış sətirləri oxuyur, tərcümə edirik: ...Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Bunlar niyə susurlar? Bəlkə hamı məhv edilib? Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar... 80 metr... 50 metr... 40 metr qalır... Artıq hər bir faşistin üzünü görmək olurdu.
- Atəş! - deyə İsrafil Məmmədov komanda verdi.
Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi.
Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Radiostansiya isə salamat qaldı.
Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı.
Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Onun bircə gülləsi boşa çıxmırdı.
Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Bunu görən İsrafil Məmmədov cəld ayağa qalxdı.
- İrəli yoldaşlar! Murdar faşistləri yerlə-yeksan edək! İgid snayper elə çığırdı ki, sanki düşmən üzərinə bütöv bir batalyon hücuma keçirdi.
Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər... Ara səngiyəndə bəlli oldu ki, Məmmədov öz amansız atəşi ilə düşmənin yetmiş əsgər və zabitini məhv edib.
Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi.
Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi:
- Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.
General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Sonra qarabuğdayı gənci başdan ayağa süzərək zarafatyana dilləndi:
- Əgər siz, bir diskli avtomatı üç dəfə dolduraraq 70 faşisti öldürmüsünüzsə, onda adi hesablamaya görə, üç disk ilə iki yüz on hitlerçini qıra bilərsiniz.
- Vətən mənə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad vermişdir. Təşəkkürümü bildirmək üçün söz tapmıram. And içirəm ki, son nəfəsimə, son damla qanıma qədər düşmənlə vuruşacağam... And içirəm ki, murdar faşistlərə amansız divan tutacağam, torpağımız işğalçılardan təmizlənənə qədər hitlerçiləri əzəcəyəm.
Həmyerlimizin adı hünər və rəşadət rəmzinə çevrilmişdi. "Krasnaya zvezda" qəzeti misilsiz hünərdən iftixarla söhbət açır, döyüşçüləri ondan nümunə götürməyə çağırırdı: "Azərbaycan xalqı öz şanlı oğlunun qəhrəmanlığı ilə fəxr edə bilər. Onun igidliyinə Sovet İttifaqının bütün xalqları heyran olublar... Soruşsalar ki, döyüşdəki xalqlar dostluğu nədən ibarətdir, inamla, iftixarla deyə bilərik: Sovet İttifaqı Qəhrəmanı Məmmədova və onun yoldaşlarına baxın. Baxın və ibrət götürün".
Döyüş meydanında belə düşünür, bu cür danışırdılar. Qəhrəmanın Vətənində, doğma diyarda isə əsl bayram idi. Hər yerdə İsrafil Məmmədovun şücaətindən söhbət gedir, hər yanda onun hünərini alqışlayırdılar. SSRİ xalq artisti Üzeyir Hacıbəyov hamının ürəyindən xəbər verirdi: "Azərbaycan xalqı Böyük Vətən müharibəsində öz qanını, şirin canını əsirgəmədən Vətəni insanlığın qəddar düşməni faşizmdən müdafiə edən, döyüşlərdə böyük rəşadət və qəhrəmanlıq göstərən İsrafil Məhərrəm oğlu Məmmədovla fəxr edir, öyünür. Həmyerlimizin rəşadəti barədə yazını oxuyanda mən onun şücaətinə heyran oldum. Belə şücaəti yalnız zəmanəmizin Koroğlusu göstərə bilər. Azərbaycan xalqının sevimli oğlu, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova eşq olsun!"
Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə bu sözlər səslənirdi. Hamı xalqın igid oğlu ilə fəxr etdiyini bildirir, Vətənə daim onun kimi sədaqətlə xidmət göstərməyə, qələbə naminə əlindən gələni əsirgəməyəcəyinə söz verirdi.
Gəncənin mərkəzi meydanında keçirilmiş ümumşəhər mitinqi xüsusilə əlamətdar olmuş, alovlu vətənpərvər Səməd Vurğunun coşqun nitqi əzəmətlə səslənmişdir: "Yoldaşlar! Bizim İsrafil Məhərrəm oğlunun göstərdiyi böyük hünər, doğrudan da, bütün Azərbaycan xalqı üçün unudulmaz bir bayramdır. Həyat və səadət üçün qəhrəmanlıqla vuruşmaq, xalqın və Vətənin keşiyində durmaq - hər insan üçün şərəf və namus deməkdir. Xalqımız öz yetirməsi olan İsrafilin adı ilə fəxr edir. Heç şübhəsiz ki, onun adı aşıqlarımızın şirin dastanlarında, şairlərimizin, söz ustadlarımızın əsərlərində illər boyu tərənnüm ediləcəkdir".
Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. Hamı çalışdığı iş sahəsindən asılı olmayaraq doğma Vətənə məhz İsrafil Məmmədov kimi dərin sədaqətlə, sonsuz məhəbbətlə xidmət göstərməyə can atırdı.
Qəhrəmanlıq dastanının təzə səhifələrini yazmaq üçün İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir. Lakin qəhrəmanın qəlbi daim cəbhə ilə bir döyünur, o, həmişə döyüşə can atırdı.
Təsadüfən maraqlı bir sənəd əlimizə keçdi. 1944-cü il yanvarın 20-də qəhrəmanın səliqə ilə, gözəl xətlə cəbhə dostuna yazdığı səmimi məktubunda onun coşqun qəlbinin çırpıntıları aydın duyulur: "Mən burada gündə dava salıram, işçilərlə (rəhbərlərlə), çünki məni fronta göndərsinlər, amma yenə də göndərmirlər".
Axır ki, günlərin birində getdi. Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə ciyərparaları - Qalina və Svetlana əziz, mehriban atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.
Hünərvər eloğlumuz haqqında istər rus mətbuatında, istərsə də doğma Vətəni Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.
Vaxt-vədə gəldi. Rusiya torpağında vuruşduqları üçün müharibə iştirakçılarına da qara yaxanlar tapıldı. Vətən, millət deyə-deyə yaxa yırtanlar müharibə iştirakçılarını gözümçıxdıya salırdılar. Ölkəmiz müstəqillik əldə edəndən sonra sular duruldu. Azərbaycanın tarixində, taleyində yeri-yurdu olan hər kəsin əməlinə layiqincə qiymət verilməyə başlanıldı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il oktyabr ayının 7-də gəncəlilərlə görüşü zamanı dediyi sözlər hamının qəlbindən xəbər verdi. Bu yerlərin tarixindən iftixarla söhbət açan ulu öndər dedi ki, gəncəlilər həmişə xalqımızın qəhrəmanlığını dünyaya tanıtmışlar. Heç təsadüfi deyildir ki, İkinci dünya müharibəsi illərində əsl qəhrəmanlıq nümunəsi göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk Azərbaycan oğlu, gəncəli balası İsrafil Məmmədov olmuşdur!
Belə bir hünər sahibi cəmi 27 il yaşadı. Heç onu da tam başa vurmadı. O, bir şimşək idi, çaxdı, keçdi. Ani ömrün gur şəfəqi ellərə yayıldı. Adı əbədi qürur mənbəyi tək ürəklərdə yaşayır, hər an rəşadətin rəmzi kimi hörmətlə, iftixarla çəkilir. İsrafil Məmmədov - elimizin igid oğlu! Odlar diyarının Sovet İttifaqı Qəhrəmanı!


Tarix: 24.08.2012 / 00:37 Müəllif: [Ram] Baxılıb: 2422 Bölmə: Qəhramanlar
loading...