Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqust ayının 29-da hərbçi ailəsində dünyaya gəlib, adını ana babası qoyub. Bu ad onun qəhrəman əmisinin adı idi.
Milli vətənpərvərlik ruhunda tərbiyə olunub, həmçinin çılğınlığı və fəallığı ilə həmyaşıdlarından fərqlənib. Beşinci sinifdə təhsilini C.Naxçıvanski adına hərbi məktəbdə davam etdirib. Doqquzuncu sinifdə oxuyarkən səhhəti ilə əlaqədar yenidən təhsil aldığı 167 saylı məktəbə qayıdıb.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur və 1983-cü ildə oranı bitirir. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə ucalır. Elə həmin il «Ekspront» verlişini açır. Həftənin dörd günü Dəvəçidə-xəstəxanada, üç günü isə Bakıda işləyir.
Çingiz fəaliyyəti ilə Azərbaycan cəmiyyətində islahatçı novatora çevrilir.
1990-cı ilin 20 Yanvar hadisələri onu büsbütün dəyişir. Çingiz Vətən uğrunda əzmkar vətənpərvərə çevrilir. Həyatını təhlükəyə ataraq küçələrdəki yaralılara kömək etmək istərkən rus hərbiçiləri tərəfindən fiziki təzyiqlərə məruz dalır. Amma bütün bunlar onun mübarizə əzmini nəinki azaltmır, hətta daha da yüksəldir. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra həkimlik sənətini atıb jurnalistakaya üz tutur. 19991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayır. Məqsədi blokada şəraitində olan Azərbaycanın səsini dünyaya çatdırmaq idi. Çingizin hazırladığı reportajlar Amerika və Avropanın aparıcı teleagentliklərinə və televiziyalarına yol tapır. Lakin o dövrün Dövlət Televiziyasındakı ciddi senzura onu geniş fəaliyyətindən məhrum edir. Bu səbəbdən də «215 KL» müstəqil stüdasiyasını yaratmaq fikrinə düşür. Əhali müharibə bölgələrində baş verənləri məhz bu kanalın vasitəsilə əldə edə bilirdi. Canını əsl islam fədaisi kimi vətənə qurban verməyə hazır oln Çingiz 1992-ci ilə qədər Azərbaycan-Ermənistan müharibəsinin əsl salnaməsini yazır. Çingiz bütün döyüş bölgələrindən operativ məlumatlar toplamaqla yanaşı, Azərbaycanda gedən siyasi prosesləri də yaxından izləyir və ətraflı məlumatlar toplayaraq xalqa çatdırır.
Xocalı faciəsini lentə alarkən Çingizin hönkürtülü səsi dünyanı lərzəyə gətirir. Ermənistanın dünyadakı imicini sarsıdır. Güllə yağışının altında reportyor kimi deyil, bir əsgər, zabit, hətta komandan kimi çox vəzifəni öz üzərinə götürür. Laçını tərk edən hərbiçilərə sərt xitab yalnız Çingizə məxsus şücaətin nümunəsi ola bilərdi.
Çingiz Mustafayev bir telejurnalist kimi cəbhədə yarandığı kimi, cəbhədə də şəhidlik şərbətini içdi. 1992-ci ilin 15 iyununda Ağdamın Naxçıvanik kəndində
çəkiliş apardığı zaman aldığı mərmi qəlpəsi yarasından həlak olur. Kamerası onun son anlarını da lentə alır. Çingiz öz şəhadətini də lentə alır…
Qardaşı Seyfulla Mustafayevin Çingizlə bağlı xatirələri...
Seyfulla Mustafayev:
-Çingiz haqqında nəsə yazmaq çətindir. Axı bir evdə böyümüş, tərbiyə almışıq. Ümumiyyətlə, onun haqqında keçmiş zamanda danışa bilmirəm.
Həmişə belə olur. Söylədiklərim bir xətt üzrə cərəyan edir. Ölüm… Nə danışsam, sonu ölümlə bitir. Düzdür, bu ölümlərin hamısı həqiqi və gerçək olmayıb. Ancaq ölüm ölümdür. Onun həqiqisi, ya da yalançısı olmur…
Ta uşaqlıqdan Çingizlə bağlı elə hey nəsə qəfil xəbər gəlib üstümüzə. Heç biri də çin çıxmayıb. Lap yuxu ilə reallıq arasında olduğu kimi.
Qəribədir ki, onun ən çətin anlarında daim yanında olmuşam. Amma demək istədiklərimi və keçirdiyim hissləri ifadə etmək, kağız üzərinə köçürmək də həddsiz çətindir. Elə bil, təsvir üçün söz kifayət etmir. Hər dəfə onun ölümüylə üzləşəndə eynilə güllələnməyə məhkum edilmiş şəxsin son gecə keçirdiyi hissləri yaşayırdım.
Çingiz C. Naxçıvanski adına hərbi məktəbin ilk şagirdi olub. Onda Çingiz dördüncü sinifdə oxuyurdu. Özü də yaman şuluq idi. Bir də görürdün, axşamlar qaçıb; elə hərbi kursant geyimində evə gəlirdi. Hərbçi olduğundan uşaqcasına qürurlanar, yaşca bizdən böyük olduğundan təəssübümüzü çəkər, aradabir qayğımıza qalardı.
1974-cü ildə bərk xəstələnib xəstəxanaya düşdüm. Bunu eşidən Çingiz hərbi məktəbin hasarından aşıb, xəstəxanaya gizli gəlib burada məni tapmışdı. Demə, hərbi qarovulda dayananların başını qatıb aradan çıxıbmış. Cibindən balaca, sarımtıl rəngli dağ siçanını çıxarıb mənə vermişdi. Heyvancığazı əlimdə oynatdıqca, o, böyük qardaşın yaratdığı sevincin bəhrəsindən məmnun qalmışdı. O vaxt Çingizin o dağ siçanını iki daşın arasında haradan tapıb gətirdiyi məlum olmamışdı. Bir az yanımda oturub qayıtmışdı. Yenicə yanımdan getmişdi ki, evimizə hərbi məktəbdə kiminsə hasardan yıxılıb öldüyü haqqıda xəbər verdilər. Cecə saat 3-4 olardı. Valideynlərim yamanca həyəcan keçirib, C.Naxçıvanski adına məktəbə getdilər. Qarovulda dayananlar da dedi ki, bəli, uşaq hasardan aşanda yıxılıb ölüb. Amma bir nəfərin də ağlına gəlmədi ki, soruşsun: ölübsə, onun meyidi hanı? Demə, onlar Çingizdən, onları aldatdığına görə acıqlarını çıxmaq üçün belə demişdilər. Amma bununla Çingizin problemləri qurtarmamış, sonra atamı hərbi məktəbə, direktorun yanına çağırmışdılar. O da içərisi didik-didik olmuş şineli atamın qarşısına qoyub vəziyyəti anlatmışdı. O zaman yalnız mən bilirdim ki, bu şinelin cibini kiçik qardaşı əyləndirmək üçün gətirilən dağ siçanı didmişdir. Amma dövlət əmlakı olan şinelə ziyan vurulmuş və buna görə Çingizi ikiqat cəzalandırmışdılar. Həm evdə, həm də hərbi məktəbdə. Onda az-az görüşürdük. Yalnız istirahət günləri evə gələrdi. Məktəbdə də ciddi qayda-qanun vardı. Görünür, xəstələnməyim onu belə addım atmağa vadar edibmiş.
Çingiz tələbə olanda bir qıza bərk vurulmuşdu. Onadək kimsəni belə sevməmişdi. Fikrində də ciddiydi. Onu ürəkdən sevsə də, qızın anası evlənmələrinə razılıq verməmişdi. Sevdiyi qızla bunun üstündə sözləri düşmüşdü. Evdə Çingizdən nigaran idik. Hətta intihar edəcəyindən ehtiyatlanırdıq. Bir gün evə gələndə Çingizdən spirtli içki iyi gəldi. Əvvəllər heç vaxt dilinə içki vurmazdı. Demə, qəhərlənib şampan şərabı içmişdi. Çox qəmgin görünürdü. Onu çarpayısına uzatdıq.
Cecənin bir yarısı, elə bil, kimsə məni yuxudan oyatdı. Çingizin yatağı boş idi. Təlaş içərisində otaqları gəzdim. Heç yerdə yox idi, dedim, bəlkə bloka siqaret çəkməyə çıxıb. Lakin blokda da olmadı. Eyvana yollandım. Burada da Çingizi tapa bilmədim. İçəri girmək itəyirdim ki, birdən eyvandan aşağı baxdım və Çingizi arxasıüstə yerə sərələnmiş gördüm. İçimdən soyuq bir gizilti keçdi. Axı zarafat deyil, 3-cü mərtəbədə yaşayırdıq. Cəld ayaqqabılarımı geyinib bloka çıxdım. Pillənkənləri iki-iki, üç-üç adlayaraq düşündüm ki, özümü Çingizə tez çatdırsam, bəlkə də onu həyata qaytarmaq mümkün olar. Onda blokun ikinci mərtəbəsinin pəncərəsindən aşağı tullandım. Ayaqqabılarım hündürdaban olduğundan yerə keçdi. Ayaqlarımın ağrısını unudub cəld Çingizə tərəf qaçdım. Ölməmişdi. Cözlərini açıb, mənə baxdı və yenə yumdu. Amma bu baxış özünəqəsd edən adamın baxışına heç oxşamırdı. Hamılıqla həyəcan anları yaşadıq, anamın halı xarab oldu. Lakin bir neçə dəqiqədən sonra həqiqət üzə çıxdı. Demə, Çingiz ürəyindəki hiss-həyəcanı bizə çatdırmaq üçün eyvanımıza qalxan üzüm meynəsi ilə aşağı enib belə bir «səhnə» hazırlamışdı. Allah bilir, orada mənim və yaxud evdəkilərdən kiminsə oyanmasını, sərələnmiş halda neçə saat gözləməli olmuşdu. Əslində isə o məhəbbət çox dramatik bir məhəbbət idi. Bu bizim üçün teatr olsa da, onun üçün faciə idi… və o bu faciəni yalnız ona məxsus olan bir tərzdə bizə çatdırdı.
Bir dəfə Çingizlə Dəvəçi rayonunda yerləşən bir limanda qayıqla balıq tutmağa çıxmışdıq. Liman dərin olmadığından qayığı adi bir şüvüllə (uzun ağac) idarə edirdik. Bir də ayıldıq ki, başımız söhbətə qarışıb, sahil də görünmür. Çingiz əlini cəld şüvülə atdı. Amma şüvülün ucu suyun dibinə artıq çatmırdı. Üstəlik, qayıq da su buraxmağa başlamış, onu idarə etmək mümkün deyildi. Məni vahimə basdı və bədənimdən soyuq tər axdı. Çingiz şüvülü elə hey harasa ilişdirməyə çalışırdı. «günün-günorta çağı sanki Bermud üçbucağına düşmüşdük. Zarafatından qalmayan Çingiz belə olan təqdirdə balıq tutmağa başlamağımızı təklif etdi. Mənim yumor hissim isə sanki sahildə qalmışdı. Tilova əl atan Çingizdən şüvülü alıb qayığı idarə etməyə çalışdım. Bununla dahəyəcanım səngidi. İndi də Çingiz panikaya düşmüşdü. Bir saata yaxın sürən „mücadilə“dən sonra qamışlara ilişə-ilişə ölümün çəngindən qurtardıq. Sonra da elə hey bu haqda bir-birimizdən soruşurluq: „Necə oldu ki, xilas olduq?“.
Gənclik illərində Çingizin diskoteka yaratmaq fikrinə qoşulanlar çox idi. İçərişəhərdə, Vaqif Mustafazadənin evindən bir tin yuxarı, binalardan birinin altındakı zirzəmini alıb əməlli-başlı təmir etmişdilər. Bütün işləri gənclər özləri böyük həvəslə görürdülər. O vaxt Rahib Azəri (hazırda ANS-ÇM-im aparıcısı) və Azər Qarayev (hazırda ANS-TV-nin operatoru) Çingizin yanında idilər. Zirzəmi abıra düşüb hazır olanda „yuxarıdakılardan“ kiminsə həmin yerə gözü düşmüş və onlar Çingizgili buradan çıxarmağa gəlmişdilər. Bir həngamə başlanmışdı ki! Onda Çingiz demişdi ki, ölərəm, amma buranı heç kimə vermərəm. Aləm qarışdı. Birdən Çingiz göyərib özündən getdi. Düz iki saat uzanan vəziyyətdə özlərinin hazırladıqları səs rejissorunun pultu üzərində qaldı. Elə bildik ki, Çingiz ölüb. „Təcili yardım“ çağırdıq. Həkimlər gəlib ona iynə vurdular. Handan-hana Çingiz özünə gəldi. Amma bilmədim ki, yeri əlindən alınmasın deyə artistlik edirdi, ya doğrudan da o vəziyyətə düşmüşdü. Həmin adamlar da Çingizi bu halda görüb qorxdular və dərhal çıxıb getdilər. Zirzəmi isə Çingizgilin ixtiyarında qaldı. Yarım saat keçdikdən sonra o, ayağa qalxdı və həminki Çingiz oldu.
Sonralar onlar bu yeri təhvil verib Yaşıl teatra köçdülər. Axı Çingizin sakit durmaqla arası yox idi… Başdan-ayağa enerji mənbəyiydi. Həmişə də istədiyinə nail olurdu. Bakıda komendant saatı olan ilk vaxtlarda Çingiz küçədə ona mane olmaq istəyən sovet əsgərlərinə qanunlardan „dərs“ deməyə başlamışdı: „Bura bizim Vətənimizdir, siz isə işğalçısınız.“. Sonda „işğalçısınız“ ittihamına dözməyən hərbçilər onu üzüqoyulu asfalta uzadıb əməlli-başlı kötəkləmişdilər. Ona avtomatın qundağı ilə necə vurmuşdularsa, bir müddət özünə gələ bilməmişdi.
Ümumiyyətlə, bir yerdə dayanan deyildi. Mütləq axtarıb özünə bir macəra tapardı, lakin yaranan bütün problemləri danışıqlar aparmaq bacarığı ilə həll edirdi. 70-ci illərdə adamlarda kinoya böyük maraq vardı. Həmin vaxt Çingiz də „Nizami“ kinoteatrında drujinaçı işləyir, içəridə qayda-qanun yaradırdı. Təsadüfən yanına getmişdim. Kiminləsə sözü çəp gəlmişdi. Qırğın düşmüşdü: O deyir „Gedək danışaq“, bu deyir „Gedək danışaq“. Nəhayət, getmişdilər kino-teatrın arxasına. Əvvəlcə hədə-qorxu gələnlər iki nəfər idi, amma bloka girəndə baxdım üç-dörd nəfər də gəldi. Hərəsinin əlində də bir bıçaq vardı. Düşdüm bunların arxasınca. Onda yamanca qorxu hissi keçirmişdim. Əsas da Çingizə görə, çünki mənə elə gəldi ki, əlibıçaqlılar onu öldürəcəklər. Camaat Çingizi dövrəyə aldı. Çox gərgin vəziyyət yarandı. Bir nəfər hətta bıçağı Çingizin üstünə tuşlamışdı. Ölümdən qaçmaq mümkün deyildi. Lakin Çingizin silahı olmasa da, diliylə, danışıqla qarşı tərəfi məğlub etdi. Yeddi-səkkiz dəqiqəyə bıçaqlar yığışdırıldı. Ancaq hələ də gərginlik qalırdı. On dəqiqədən sonra isə tərəflər qucaqlaşıb öpüşdülər. O zaman mən də özümü onlara çatdırdım. Əslində, mən — balaca və hürkmüş uşağın köməyi heç bir tərəfə lazım deyildi.
Yetkinlik yaşına çatandan sonra da Çingizin ölüm xəbərlərini az almamışdıq. O vaxtlar Bakıda ən məşhur disko-mərkəz „İnturist“ mehmanxanasının „Mərmər“ zalında keçirilən diskoteka sayılırdı. O vaxt tanışlarımızdan biri bizi bulvarda görüb demişdi ki, möhkəm dava düşüb, qan su yerinə axıb, Çingizi bıçaqlayıblar… Dərhal diskotekaya getdim. Oradakılardan soruşdum ki, Çingiz hanı? Təəccüblə üzümə baxıb cavab verdilər ki, yoxdur, getdi. Sual verdim ki, özü getdi? Bildirdilər ki, xəbərləri yoxdur. Cavab qeyri-müəyyən olduğundan bir az da həyəcanlandım. Demə, dava doğrudan da baş vermiş, ancaq Çingizin bura aidiyyəti şahid qədər olubmuş. Özü də milis idarəsinə ifadə verməyə aparılıbmış. Bir də gördük ki, Çingiz özü gəlir. Təlaşımı görüb məni sakitləşdirməyə çalışdı və xahiş etdi ki, anama bu haqda heç nə deməyim. Mən də heç nə demədim. Bu yazını isə Çingiz, yəqin ki, mənə bağışlayar. Jurnalistika ilə məşğul olduğu və televiziyada işlədiyi vaxtlarda Çingiz meydan hərəkatının öncüllərindən bəzilərini atmacalarla pis günə qoymuşdu. Çingizin o məşhur çıxışını, yəqin ki, çoxları unutmayıb. Çıxışının sonunda demişdi ki, siyasətbazların arasında kişi varsa, onu sabah səhər saat 8:00-da AzTV-nin qarşısında gözləyirəm. Gəlsin, Qarabağa, cəbhəyə gedək. O zaman mənimlə Çingiz arasında bir balaca inciklik vardı. Vahidə zəng etdim ki, televizora baxdın? Dedi ki, bəli. Fikirləşdik ki, sabah yüz faiz nəsə olacaq! Bilirdik ki, Çingizin baş qoşduğu adamlar siyasətbaz sayıldıqlarından onlardan hər şey gözləmək olar. Həmin an inciklik də yox oldu və biz yumruq kimi birləşdik. Vahiddən soruşdum ki, neyləyək? O da cavab verdi ki, sabah gedək, görək orada Çingizə kim nə demək istəyir. Deyilən vaxtda „layka plaşlılar“, doğrudan da, yanında bir neçə nəfərlə AzTV-nin qarşısına gəldi. Biz də irəli keçdik. Mübahisə başlandı. Səsimizə adamlar toplaşdılar. Bundan sonra İsgəndər Həmidovgil (1991-92-ci illərdə Dİ naziri) gəldi. Aləm qarışdı bir-birinə. Təhlükəli an idi. Ümumiyyətlə, dərəbəylik zəmanəsiydi. Hamı silahlı olduğundan hər dəqiqə atəş açıla bilərdi. Həmin vaxt camaat başımıza yığışmasaydı, nəsə xoşagəlməz bir şey baş verə bilərdi. Mübahisə sona çatandan sonra „layka plaşlılar“ Bakıda qalmağı üstün tutdular. Ümumiyyətlə, „Qarabağ, Qarabağ“ deyənlər bu məsələni, sadəcə olaraq, öz siyasi oyunlarında istifadə edir və Qarabağda gedən proseslərdən xəbərsizdilər. Onlar Qarabağa Bakıda oturub Çingizin və ya ANS-in reportajlarında baxmağı, orada vuruşmaqdan üstün tuturdular. İsgəndər Həmidov isə o vaxt avtobusa mindi. Sonra Çingiz başda olmaqla AzTV-nin qarşısında toplaşan gənc vətənpərvər uşaqlar Qarabağa yollandılar. Çingizin çağırışına gələn bu uşaqlar böyük qəhrəmanlıqlar göstərib müharibənin sonunadək çox yaxşı vuruşdular.
Çingiz ölümlə çilingağac oynaırdı. Ta uşaqlıqdan… Sonuncu dəfə AzTV-nin həyətində oturmuşduq. „Vesti“ proqramının uşaqları da bizimləydilər. Deyib gülürdük. Həmin an yuxarı mərtəbənin pəncərəsindən məni səsləyib dedilər ki, səni telefona çağırırlar, Ağdamdan Mais Məmmədovdur, deyir ki, nəsə olub. Əvvəlcə yuxarı çıxmadım. Uşaqlarla zarafat edə-edə aşağıdan yuxarı danışdım. Soruşdum ki, nə olub? Cavab verdilər ki, vəziyyət yaxşı deyil, gəl telefona. Onda yuxarı qalxıb, dəstəyi götürüb Mais müəllimlə danışdım. Sözü bu oldu ki, işlər pisdir. Yenə ağlıma bir şey gəlmədi. Mais müəllim anlayanda ki mənə heç nə çatmır dedi: „Çingiz ölüb, Bakıya gətirmək lazımdır“. Yenə də inanmadım: necə yəni ölüb? Düşündüm ki, yəqin yenə oyun çıxarır. Axı gözümün qabağında Çingiz neçə dəfə ölüb-dirilmişdi… Mirşahinlə dərhal yola çıxdıq. Ancaq yolda qərara aldıq ki, Zabratdan vertolyotla Ağdama uçaq. Birdən ağlıma gəldi ki, cibimdə bir qəpik pul yoxdur. Fikirləşdim ki, dayımgilə gedək, həm də ağsaqqal adamdır, lazım olar. Doğrusu, belə hadisəylə heç rastlaşmamışdım, nə edəcəyimi də bilmirdim. Evə necə xəbər verəcəyimi də bilmirdim. Ümumiyyətlə, eşitdiyim xəbərə inanmırdım. Zabratda çox gözlədik. Sonra bizə vertolyot verdilər. Xeyli uçmuşduq ki, bizə qarşıdan gələn vertolyotu göstərib „gətirirlər“ deyə geri qayıtmaq əmrini verdilər. Yerə enəndə cəld Ağdamdan gələn vertolyotun yanına qaçdıq. Yaralıları düşürdülər. Bircə bu anasıölmüş meyit ortada qalmışdı. Mirşahində və məndə isterika başlandı. Onu qaldırıb „Təcili yardım“ maşınına qoyanda birdən fikirləşdim ki, üzünü açaq baxaq, bəlkə bu, bir oyundur? Maşının içində üzünü açıb baxdıq və… Çingizi gördüm. Bu dəfə o, ölümü aldada bilməmişdi. Ölümündən sonra mənə elə gəlirdi ki, bir vaxt Milli Məclisin həyətində çadırlar qurulmuşdu ha, orda dayanmışam, Çingiz də üzü bizə tərəf gəlir. Uzun müddət bu cür hisslərkeçirirdim. Belə hallarla dəfələrlə rastlaşmış, gözümün qabağında Çingizi o qədər ölüb-dirilmiş görmüşdüm ki, onun ayağa qalxmayacağına, sadəcə, inana bilmirdim. Ən təhlükəli ekstremal vəziyyətlərdən sağ-salamat çıxırdı. Elə bilirdik, yenə çıxacaq. Baxmayaraq ki artıq aparıb basdırmışdıq. Ölümündən sonrakı günlərinin sayı artırdı. Üçü, yeddisi, qırxı… Mirşahinin atası gəlib məclisi apardı. Amma yenə də gözüm yoldaydı ki, bax, indi gələcək… ...Daim yuxuma girir. Hər dəfə onu görən kimi eyni sualı verirəm: „Çingiz, sən ölmüsən axı, de görüm, bəs bu, necə oldu?“. Üzümə sakitcə baxıb təmkinlə deyir ki, uzun söhbətdir, belə şeylərə fikir vermə. Həyatdakının tam tərsi olaraq. Axı həmişə qışqıra-qışqıra danışardı… Yuxularıma yuxudaykən o qədər inanıram ki, ayılanda öz-özümə deyirəm: „İndi mən evdə necə deyim ki, Çingiz sağdır? Camaatı necə inandırım ki, ölüm boş şeydir. Nə başdaşı, nə məzar? Başqa şəhərdə yaşayıb, indi də geri qayıdıb“. Sonra düşünürəm ki, ən başlıcası odur ki, Çingiz sağdır, qalanı düzələn işdir… Yuxuda gördüklərim o qədər real olur ki, ayıldıqdan sonra bir müddət xəbəri çatdırmağın xırda detallarını düşünməyə başlayıram.
...Abxaziyada ara qarışanda ora getmişdik. Suximidəydik. Son günlər şəhər gürcülərin əlində idi. Hər tərəf xarabalığa dönüb, işıq yox, adamlar qaçmışdı. Ertəsi günü Açamçiriyə getməliydik. O gecə Çingiz yuxuma gəldi. Gördüm ki gizlicə sərhədi keçib — yanımdadır. Yaxınlaşıb soruşdu ki, sabah Açamçiriyə gedirsən? Dedim ki, hə… Sakitcə dedi ki, yaxşı get, orada görüşərik. Yuxudan ayıldım, onun „get, orada görüşərik“ sözləri qulağımda cingildəyirdi. Uşaqlara heç nə demədim, amma yolboyu əsdim. İşimizi görüb geri qayıtdıq. Hamımız yük maşınının palçıqlı kuzovunda oturmuşuq. Birdən qarşıda „09“ markalı „Jiquli“nin ağaca pərçimləndiyini gördük. Avtomobilin yarısı yox idi. Kabinənin üstünü döydük ki, saxla, kömək edək. Kimsəsiz, zülmət çökmüş yerdə idik. Sürücü saxlamaq istəmədi. Dedik: „Ay qardaş, bir saxla görək, orada nə olub, bəlkə yaralı insanlar var?“. Sürücü deyinə-deyinə maşını saxladı. Düşdük. Avtomobilin içərisində bir cavan qadın və iki nəfər kişi vardı. Üçü də sərxoş olub nə baş verdiyini belə anlamırdılar. Bir-birləri ilə söyüşür, dalaşırdılar. Sürücü vəziyyəti belə görüb dedi ki, gördün, sənə demişdim ki, saxlamayaq. Onda qəzaya uğrayanlardan biri yapışdı sürücümüzün yaxasından. Heç nəyin fərqində deyildi. Sürücümüz onu söyüb maşına əyləşdi. Təzəcə maşın yerindən tərpənmişdi ki, güllə yağış kimi üstümüzə yağmağa başladı. Demə, gözünə döndüyüm gürcü geri qayıdıb avtomobilin baqaj yerindən avtomatı çıxarıb arxamızca atəş qatarı açıbmış. Üzüqoyulu kuzovun palçıqlı yerinə sərildim. Yol düppədüz, döngəsiz idi. Biz gözdən itincəyədək arxamızca atdı. Amma nə bizə, nə maşına bircə dənə də güllə dəymədi. Ölümdən qurtardıq. Onda başa düşdüm ki, yuxu nə yuxuydu…
Söylədiyim anları insanlara çatdıra bilmərəm, çünki o anları yaşamaq lazımdır. Ekstremal vəziyyətə düşəndə adama elə gəlir ki, həmin an zaman kiçilir, ya da əksinə, əbədiyyət qədər uzanır…
Limanda baş verən hadisə cəmi 40-50 dəqiqə arasında cərəyan etsə də, mənə elə gəldi ki, bütün həyatım orada keçdi. Qəribədir ki, Çingizin ölümlə bağlı anlarının hamısı mənimlə bərabər yaşanılıb. Məhz mən onun yanında olmuşam. Yalnız sonuncusundan başqa…
Onun ölümünə öyrəşməliyəm. Amma alınmır. Çingizin ölümündən sonra isə daha heç bir ölüm məni sarsıtmır...
Tarix: 08.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1698 Bölmə: Qəhramanlar