Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəsibov Kamil Balədə oğlu
Nəsibov Kamil Balədə oğlu

8 oktyabr 1946-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirir və ordu sıralarına çağırılır. Üç ildən sonra ordudan tərxis edilir və Vətənə qayıdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstituna daxil olur. 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdı. Kamil könüllü özünümüdafiə bölüyü yaradır və bu bölüyün komandiri olur. 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanalılar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdi. Kamil döyüşçülərlə kəşfiyyata çıxar, əhəmiyyətli məlumatlar əldə edərdi. 29 iyun 1992-ci il Qonaqgörməz yüksəkliyi uğrunda qanlı döyüş gedirdi. Qəfil snayper gülləsi cəsur komandiri ağır yaraladı döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istədilər lakin Kamil etiraz edərək döyüşmək istədiyini bildirdi. Döyüş meydanını tərk etməyən Kamil Nəsibov çoxlu qan itirdiyindən həlak oldu. Onun bu qəhrəmanlığını cəbhədə eşitməyən, danışmayan yox idi.

Ailəli idi, dörd övladı var.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağcabədi rayonunda dəfn edilmişdir.

Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi qəhrəmanımızın adını daşıyır.


Tarix: 09.06.2015 / 14:11 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Qəhramanlar
loading...