Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makeyev İqor Vladimiroviç
Makeyev İqor Vladimiroviç

27 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1979-cu ildə 39 saylı məktəbə getmiş, 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edir və burada çavuş məktəbində təhsil alır. Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : “Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!” İqor Makeyev belə də etdi...O, evdən xəbərsiz Bakıya gəlir Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılır bununla da onun cəbhə həyatı başlayır... 1992-ci il 5 iyun ermənilər Naxçıvanik kəndinə hücuma keçmişdilər İqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi tutsalarda döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşmuşdur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu “Vışka” yüksəkliyi uğrunda gedən döyüşdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır özü isə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.


Tarix: 09.06.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Qəhramanlar
loading...