Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhmədiyyə Cəbrayılov

Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxut kəndində anadan olmuşdur. Fransada Müqavimət hərəkatının iştirakçısı, partizan, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak etmişdir. Fransanın orden və medalları ilə təltif edilmişdur. Fransanın Milli qəhrəmanı adına layiq görülmüş və Fransanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

1920 (20 sentyabr) Fransada Armed Mişel adı altında tanınmış, Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov, Azərbaycan Sovet Sosialist Respublikası Şəki rayonunun Oxud kəndində dünyaya göz acır.

1934 Komsomolun - Gənc Kommunistlər Birliyinin - üzvü olur.

1935 Şəkidə Kənd Təsərrüfatı Texnikumuna, Zootexnika və Aqronomiya Fakültəsinə daxil olur.

1938 Aqronomiya ixtisası üzrə ixtisaslaşır.

1939 Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir.

1940 Kommunist Partiyasına daxil olur.

1941 Böyük Vətən Müharibəsi başlayanda könüllü olaraq Respublika səfərbərlik mərkəzinin sərəncamına ezam olunur. Nevinomısk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alır və Moskva yaxınlığında yerləşən 35-ci divizyonun 350-ci bombardmançı eskadrilyasına, texniki xidmət sahəsinə təyin olunur.

1942 (aprel) Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

1942 (aprel-may) Onun təyyarəsi Ukraynadakı əməliyyat zamanı, Kursk rayonunda vurulur. Həmin dövrdə 350-ci polk Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barbinka və Lvov yaxınlığındakı həbs düşərgəsinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün təxminən 60 km yol piyada qət olunur.

1942 (sentyabr-noyabr) – 1943 Daxau ölüm düşərgəsinə göndərilir (Ölüm qatarı) və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluz şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Hər əsirin öz nömrəsi var. Əhmədiyyəninki 4167-dir. SS-çi həkimlərin (Schutz Staffel – mühafizə dəstəsi) əsrlər üzərində apardıqları təcrübələrə məruz qalır. Müharibəyə gedərkən nişanlısının bağışladığı qırağı naxışlı sehrli cib dəsmalı onun həyatını xilas ediк. Bir qrup əsirlərlə birgə ondan soyunmağı tələb edirlər. Həmin vaxt ömrünün son anlarının yaxınlaşdığını duyaraq cib dəsmalını ağzına qoyur. Onlar qapalı bir otaqda keçirilən qaz sınağının qurbanı olurlar. Sınaq başa çatdıqdan sonra qarovulçular meyitləri çıxardırlar: yalnız biri sağ qalır. Xəbəri SS-çi (mühafizə dəstəsi) həkimə verdikdə, o da cavabında “Narahat olmayın, tezliklə öləcək” deyir. (Bu hadisə haqqında Armedə qarovulçulardan biri danışıb). 1943-cü ilin sonunda konvoyun tərkibində Rodezdəki Bürlup kazarmasına göndərilir.

1943 Vərəm xəstəliyinə tutulduğundan döyülür və çoxlu qan itirir, düşərgənin həyətində huşunu itirir. Almanlara onun öldüyü xəbər verilir və onu zirzəmiyə atırlar. Gecə yarısı, madam Janın köməyi ilə fransız vətənpərvərləri, almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Janın evindəki zirzəmiyə gətirirlər (madam Jan komendantın ev qulluqçusu idi, 65 yaşı var idi, qızı Sara ilə birlikdə ərini və oğlunu asmış faşistlərin əlindən qaçıb Fransaya gəlmişdilər, Əhmədiyyə, Janın vəfat etmiş oğluna çox oxşayırmış). Əhmədiyyə tez sağalır, Faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Janın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi Düma) rəhbərlik etdiyi Tarn və Qaron departamentində 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri : “Xarqo”, “Fraji”, “Qoçaq”, “Rus Əhməd” və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına iri məbləğdə mükafat təyin etmişdilər (10 min alman markası, 2 yeni avtomobil və s.).

1944 (22 may) Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir.

1944 (20 iyun) Kaberta (Neqröpölis və Monklar arasında meşəlik) 6-cı Gizli Ordu, Düma Gizli Ordusu və işğalçı dəstələr arasında döyüş. Düşmənlər 8 fermaya od vurub yandırırlar.

1944 (17 avqust) Montobanın şimalının 18 kilometrliyində yerləşən “La Tangin” adlı yerdə, Kossad və Realvil arasında, 6-cı briqada və Dümanın 5 qrupu Montobanın üzərinə yeriyən alman zirehli birləşmələrinə bir kilometrdən də uzun pusqu qururlar.

1944 (19 avqust) Montoban azad edilir

1944 (20 avqust) Azad edilmiş Parisdə General Şarl Dö Qol Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü foto-şəkil təsdiq edir, həmin dövrdə Müvəqqəti Fransa hökumətinin Prezidenti olan Şarl Dö Qolun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. Əhmədiyyəyə ehtiram göstərən və onun Fransanın azadlığı üçün göstərdiyi xidmətləri qiymətləndirən Dö Qol ona köməyini təklif edir. Əhmədiyyə yalnız bir şeyi, Vətəninə qayıtmağı arzulayır.

1944 (28 avqust) Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Alzasdakı döyüşlərdə iştirak edir. Daxili Fransız hərbi birləşmələri Qrav yüksəkliyində, daha sonra isə Vozj və Alzasda hərbi əməliyyatlar keçirir.

1944 (7 noyabr – 19 dekabr) O xəstəxanaya düşür.

1945 (1 mart) – O 3-cü briqadanın 4-cü eskadronuna daxil olur.

1945 (13 mart) - Əhmədiyyə Cəbrayılova verilən və Montoban şəhər bələdiyyə idarəsinin başçısı cənab Trankunun təsdiqlədiyi sənəddə onun fransız müqavimət hərəkatında fəal iştirak etdiyi təsdiqlənir. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almanyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. O, körpüləri sıradan çıxarır, alman ambarlarını, və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında günün günorta çağında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

1945 (16 mart) O, 3-cü briqadadan tərxis olunur.

1945 (may) Birinci Fransız Ordusunun tərkibində Vozj və Alzasdakı döyüşlərdə iətirak edir.

1946 Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və ona “Fransanın Milli Qəhrəmanı” adı verir. O, Fəxri Legion ordeni, digər medal və ordenlərlə təltif olunur, hərbi rəsmi keçidlərdə sırada generallardan əvvəl durmaq hüququ verən, Fransa ərazisində hər hansı bir nəqliyyat vasitəsində pulsuz getmək hüququ verən hərbi medalla da təltif olunur.

1946 (25 noyabr) Şarl Dö Qolun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır, burada ona vətən xaini kimi baxırlar və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947 Sürəyya xanımla ailə qurur, 1948-1962 – ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir.

1964 Gəncə Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

1966 Fransa Prezidenti vəzifəsinə seçilmiş Şarl Dö Qolun SSRİ-yə səfəri zamanı sovet hökumətinin başçıları Əhmədiyyə Cəbrayılovu Moskvaya dəvət edirlər.

1968 Sovet hökuməti tərəfindən “vətən xaini” adı üstündən götürülür və bəraət qazanır.

1970 Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurandan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir.

1971 Yaxşı işinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.

1972, 1975, 1982 Döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir: Montoban, Rodez, Tuluz, Albi şəhərlərini gəzir. Həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marselə baş çəkir.

1975 Parisdə, Senatda, Əhmədiyyə Cəbrayılovu Jak Düklo qəbul edir və və ona bu görüşdən xatirə medalı təqdim edir.

1976 Müharibədəki iştirakına görə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur.

1977 Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Röne Şambar ilə görüşür.

1986 Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülüb: Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal.

1990 General Şarl Dö Qolun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. Bir sıra dövlət başçıları ilə yanaşı ona generalın qəbri üzərinə əklil qoymaq şərəfi verilir.

1994 (6 yanvar) Röne Russel Əhmədiyyə Cəbrayılova Fəxri Legion ordenini təqdim edir.

1994 (10 oktyabr) Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını özünü telefon budkasına vurur, həmin anda Əhmədiyyə budkanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn olunur.

1995 (oktyabr) Əhmədiyyə Cəbrayılovun ilində Azərbaycan hökumətinin sifarişi ilə Əhməd Salikovun hazırladığı bürünc heykəl onun qəbri üzərində qoyulur.

1995 Faşizm üzərində qələbənin 50 illiyi münasibəti ilə Fransa hökumətinin ona göndərdiyi fəxri təqaüd xəbəri həmçinin medallar Əhmədiyyənin ölümündən sonra gəlib çatır.

1998 (15 oktyabr) Ölümündən sonra Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir.

1998 Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Röne Şambar Şəkidə onun ailəsinə baş çəkir.

2003 (11 noyabr) Fransanın Azərbaycandakı səfiri xanım Şantal Puare Əhmədiyyə Cəbrayılovun Oxud kəndində qəbrini ziyarət edir.





İstifadə olunmuş ədəbiyyat

ƏLİYEVA Ruqiyyə, “Азербайджанцы в Европейском двежении Сопротивление” (“Azərbaycanlılar Avropa müqavimət hərəkatında”), Vətən 2005. Fransız dilinə tərcümə edən Aytən Babaliyeva. Avropa müqaviməti hərəkatına qoşulmuş azərbaycanlılar, o cümlədən Armed Mişelin bioqrafiyası haqqında qeydlər.

CƏBRAYILOV Cavanşir, əlyazma şəklində qeydlər. Burada atası Armed Mişelin həyat yolunu bütünlüklə təsvir edir.

QARAYEV Zaman, “Xarqo”, 1998-ci il nəşri. Armed Mişelin hərbi xidmətdən başlayaraq Müqavimət hərəkatındakı iştirakına həsr olunmuş roman.

MƏDƏTOV Kamal, “ОТ ВАШЕГО СОБСТВЕННОГО КОРРЕСПОНДЕНТА ”, (“Xüsusi müxbirinizdən”), Bakı, 1980. İkinci dünya müharibəsi zamanı Fransada sovet müqavimətçilərinin şahid olduqları hadisələr. Armed Mişelə həsr olunmuş “РЮСС АРМЕД” (“RUS ARMED”) adlı məqalə, səh.133-137.

ÖZTÜRK Yakup, “Fransa Milli Kahramanı Azerbaycanlı Türk Ahmediyye Cebrailov”, Bakı, 2000. Armed Mişel haqqında monoqrafiya və ona aid olan müxtəlif sənədlərin surəti, məs., İkinci dünya müharibəsi zamanı Müqavimət hərəkatında iştirakına görə Armedə verilmiş diplomlar və attestatların fotosurəti.

Fransanın Montoban şəhərində yerləşən Müqavimət hərəkatı iştirakçıları və Sürgünlərə həsr olunmuş muzey, Veteranlar Komitəsindən göndərilmiş sənədlər. “Rene Şambarın iştirakı və muzeyin keçmiş rəhbəri Jak Latünün imzası ilə, 20 mart 1997-ci il” muzeydə Armed Mişel haqqında toplanmış sənədlərin fotosurəti.

Müqavimət hərəkatı iştirakçılarının Milli Assosiasiyası tərəfindən nəşr edilmiş “Müqavimət hərəkatı iştirakçılarının Milli Assosiasiyası” adlı toplu, ANAKR, nəşr ili məlum deyil. Tarn və Qaronda Müqavimət hərəkatının inkişaf tarixi. Xəritələr, mətbuatdan götürülmüş parçalar və ifadələr.


Tarix: 24.08.2012 / 00:21 Müəllif: [Ram] Baxılıb: 3894 Bölmə: Qəhramanlar
loading...