Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki arvadın işləyi (nağıl)

Keçmiş zamanda bir kişi varmış. Bir gün bu kişi bazardan bir çuval buğda alıb evinə gətirib övrətinə deyir:

– Arvad, bu buğdanın adını qoyaq rəməzan. Allah qoysa, rəməzanda yiyərik.

Böylə deyib, kişi gənə bazara qayıdır. Bu yolda bir dilənçi gəlirmiş. Arvad bundan xəbər alır:

– Ay əmi, sənin adın Rəməzandırmı?

Dilənçi fikir edir ki, yəqin bunda bir iş var. Cavab verir ki:

– Bəli, mənim adım Rəməzandır.

Arvad bunu eşitdikdə deyir:

– Sənin bizdə bir çuval buğdan var, gəl verim apar.

Kişi səvinə-səvinə buğdanı dalına alıb götürüb gedir. Bir saatdan sora arvadın əri bazardan evinə qayıdır. Arvad kişisinin qabağına yüyürüb deyir:

– Ay kişi! Rəməzan gəlmişdi, buğdanı verdim apardı.

Kişi təəccüb edib deyir:

– Arvad, Rəməzan kimdir? Buğdanı kimə verdin?

Arvad əhvalatı kişiyə söyləyir. Kişi əhvalatı eşidən kimi küçəyə yüyürür ki, bəlkə dilənçini tutub buğdanı qaytarsın. Acıqlı küçə ilə gedəndə bunun qabağında bir arvad çıxır, bundan sorur:

– Əmi, haradan gəlirsən?

Kişi acıqlı cavab verir cəhənnəmdən. Bu sözü eşidib arvad buna yalvarır:

– Mənim qardaşımı gördünmü, əhvalı necədir?

Genə də kişi acıqlı cavab verir:

– Bəli, gördüm, borcu çox olduğundan, boğazından asmışdılar.

Arvad deyir:

– Kişi, sən Allah, burda dayan. Gedim bir az qızıldan, puldan gətirim sana verim. Apar qardaşıma ver, özünü boclılardan xilas etsin.

Bu sözləri deyib arvad evə yüyürüb, nə qədər qızıl-gümüş var idisə, götürüb kişiyə verir.

Kişi:

– Allah mənimkini yetirdi, – deyib bunları alıb gedir.

Bu halda arvadın əri gəlir, arvad kişinin qabağına yüyürüb deyir:

– Ay kişi, ay kişi, cəhənnəmdən bir adam gəlmişdi, qardaşımı xəbər aldım, dedi: borcu çox olduğundan boğazından asmışlar. Doğrusu ki, qardaşıma yazığın gəldi, evdə nə ki qızıl-gümüş vardı, cəhənnəmdən gələn kişiyə verdim ki, aparsın qardaşına versin. O da özünü bu cəlladlardan xilas eləsin.

Kişi bu xəbəri eşitdikdə acıqlanıb deyir:

– Arvad, dəli olmusan, cəhənnəmdən də adam gələrmi? Mənim evimi yıxıb qızılları niyə verdin?

Deyib, atın minib bir qədər getdikdən sora baxıb görür ki, qızılı aparan kişi dalına baxa-baxa qaçır. Xülasə o qaçır, bu qovur, ta ki şəhərdən çıxırlar. Qızıl aparan gəlib görür ki, bir quyunun başında bir keçəl qoyun otarır. Keçələ deyir:

– Ay biçarə, nə oturmusan, padşah əmr etmiş ki, şəhərdə nə qədər keçəl var, başını kəsib ona aparsınlar. Bax, o gələn atlı keçəl axtarır. Səni görsə başını kəsəcək, tez dur bu quyuya gir.

Keçəl qorxub tez quyuya girir, atlı kişi isə keçəlin quyuya girdiyini görmüşdü. Elə güman edir ki, quyuya girən qızılı aparan kişidir. Quyunun başına yetişcək, düşüb kişidən xəbər alır:

– Ata can, kişi necə oldu?

Bu cavab verir:

– Bu quyuya düşdü.

Kişi cəld paltarını soyunub atın buna tapşırıb ki, bu quyudan çıxana kimi saxlasın. Sora quyuya düşür. Qızıl aparan kişi fürsəti fota verməyib kişinin paltarını götürüb, atını minib qaçır.

Kişi quyuda keçəlin üst-başını nə qədər axtarırsa, bir şey tapmayır. Axırda bunun bir hiylə olduğunu anlayıb quyudan çıxır və görür ki, kişi paltarını da, atını da götürüb qaçmış. Əlacı kəsilib çılpaq və piyada xəcalət çəkə-çəkə evinə qayıdır.


Tarix: 21.04.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 308 Bölmə: Nağıllar
loading...