Biri vardı, biri yoxdu. Allahın aciz bəndəsi çoxdu. Onların biri də bizim Kür qırağında yaşayan Əlmərdan kişiydi. Bu yazığın əli xamırlı, qarnı ac idi. Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yannan, koxa bir yannan, borclu bir yannan bunun məhsulunu xırmanda qurtarardılar. Payız gələndə, kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı. Elə ac idi ki, ac.
Günlərin bir günündə Əlmərdan kişi gecə arvadnan sözü bir yerə qoydular ki, ta bundan sonra şəhərdə ruzusunu qazansın. Olsun ki, bir yandan baxtı açıldı. Sabah oldu, tezdən arvadı Əlmərdançun xamralı1 bağladı, bir az da daşa dönmüş pendir qoydu, Əlmərdan düşdü yolun düzünə. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi bir dərənin başına satdı.
Bu dərə vilayətdə Cinni dərə adıynan məşhurdu. Buraya girən sağsalamat evinə qayıtmazdı. Sağdan-soldan buludlar içində gizlənən dağları aşıb şəhərə getmək, dərədən də qorxuluydu. Adam çənə, dumana düşür, yolunu azıb, axırda genə də bu dərəyə gəlib çıxırdı, ya da qurd-quş didişdirib aparırdı.
Əlmərdan kişi:
– Cinni dərəyə girərəm, – dedi. – Hər nə olur olsun. Təfavütü yoxdu, acından evimdə ölməkdənsə, canavara yem olmaq, cinə rast gəlmək yaxşıdı.
Kişinin üstündə kəsərtidən-zaddan bir tiyəsi də yoxdu. Çörəyini yoxladı, gördü ki, elə sabahı görər-görməzdi. Koroğlu özünü düşmənə toxuyan kimi, bu da soxuldu dərəyə. Bir xeyli getdi. Yol çox əyrişüyrüş, daşlı idi. Dərənin ensiz bir yerindən açıq bir yerinə çıxmışdı ki, gördü daldan çağırırlar:
– Əlmərdan, Əlmərdan, dayan!
Əlmərdan kişi bir az da yeyin tərpəndi. Gördü dalınnan yenə səs gəldi:
– Əlmərdan dayan, Əlmərdan sənnənəm, dayan!
Qoca kişi özünə ürək verdi. Dönüb dala baxdı. Heç kimi görmədi. Dedi:
– Bax, Cinni dərədən belə-belə səslər gəlir. Adam gərək özünü itirməsin. Nə olacaq olsun...
Qoca yenə yeyinlədi. Baxdı ki, yox, bu dəfə səs lap qulağının dibindən gəlir. Dişlərini basıb bir-birinin üstə, gördü ki, bir ağ ilandı, quyruğu üstə qalxıb elə gəlir ki, diyəsən bu saat bunu puç eləyəcək. Gördü ilan deyir:
– Əlmərdan, axı mən sənnənəm, ayaq saxla.
Əlmərdanın boğazı qurumuşdusa da, əmma yenə özünə toxtaq verirdi. Ağ ilan gəldi özünü yetirdi:
– Əlmərdan, xoş gördük! Niyə belə yeyin gedirsən?
– Başına dönüm, acdıqdan şəhərə gedirəm, görüm bir çörək pulu çıxarda bilərəmmi? Kənddə lap binava olmuşdum.
İlan dedi:
– Əlmərdan, bu dərədən gəldin, qorxmadın?
Qoca dedi:
– Ay balam, ac özünü qılınca toxuyar. Mənimçün nə təfavütü var. Ya kənddə ölüm, ya burda ilan-çayana yem olum?!
İlan dedi:
– Əlmərdan, mən görürəm sən çox comərdsən, özün də əhl-əyal sahibisən. Gəl sənnən qardaş olaq.
– Nə deyirəm ki, olaq.
İlan dedi:
– Bax burdan düz şəhərə gedərsən. Görəcəksən, camahat dükanbazarı bağlayıb padşah meydanına qaçır. Sən də qoşularsan camaata. Şəhərin padşahı bir yuxu görübdü. O deyəcək ki, ay camahat, kim mənim yuxumu yoza bilər? Yuxusunu danışacaq ki, mən bu gecə yuxuda gördüm ki, göydən canavar yağır. Qorxudan özümü itirdim. Bir adam çıxsın bu şəhərdən, gəlsin mənim yuxumu yozsun. Camahat kiriyəcək. Onda sən səslən ki, mən yozaram. Səni apararlar padşahın hüzuruna. Yeyərsən, içərsən, padşahnan bağçada seyrana çıxarsan. Bağın ortasındakı hovuzun qırağında oturarsan. Padşah sənnən xəbər alacaq ki, ey mənim şəhərimin dünyagörmüşü, mənim bu vaqiəmin mənası nədir? Mənə əyan eylə. Sən də bir az fikirdən sonra bir hovuza baxarsan, bir göydəki Aya, bir də ki, buluda baxarsan. Deyərsən: “Padşah sağ olsun, böyük adamın yuxusunun mənası da böyük olar. Sənin gördüyün vaqiənin mənası budur ki, bir zaman gələcək ki, dünya qapışdırma dünyası olacaq. Dünyanın adamları canavara dönəcək. Bir-birini parçalamağa atılacaq. Güclü gücsüzün başını əzib, əlindəkini alacaq. Sən bunun yuxusunu yozannan sonra sənə bolluca xələt, qızıl verəcəklər. Hər nə versələr hamısı sənin, ancaq qızılın yarısı qardaşdıqda mənə çatacaq. Əlmərdan arxayın şəhərə çatdı. Özünə bir yer axtarırdı. Gəldi bir çayçının dükanının qabağına. Gördü camahat çölə çıxır, o içəri girə bilmədi. Axırda çayçı da çıxdı.
Əlmərdan soruşdu ki:
– A bala, çayçı, bu vaxt dükanı bağlamağından, deyəsən bir yana tələsirsən?
Çayçı dedi:
– Hə, əmi, şəhərin padşahı camaatı çağırır. Hamımız oraya gedirik. Sən də gəl.
Əlmərdan da bunlara qoşuldu. Gəldi gördü, paho, burda papax atsan yerə düşməz, adam o qədər çoxdu. Bu da özünü verdi bir tərəfə, qısılıb durdu.
Padşah çıxdı. Camahat muna baş əydi. Padşah dedi ki:
– Camahat, mən bu gecə bir yuxu görmüşəm. Yatmışdım, yuxuda gördüm ki, göydən canavar yağır. Vahimədən özümü itirib oyandım. İndi mənim bu yuxumu kim yoza bilər?
Əlmərdan baxdı ki, ağ ilanın dedikləri düz çıxdı. Dedi:
– Hə, indi bildim ki, ağ ilan bir şey bilirmiş, yoxsa bunu mən cinşeytan işi sayırdım. Qoy görüm, nə olar?
Padşah bir də soruşdu:
– Camahat, mənim yuxumu kim yoza bilər, çıxsın yuxarı.
Aləm kiriyirdi. Əlmərdan kişi papağını qaldırdı. Padşahın sağında, solunda dayananlar bunu gördülər. Qocanı yuxarı apardılar. Yedi, içdi, kefi duruldu. Axşam çağları padşah vəzir-vəkiliynən baxçaya seyrana çıxdı. Hovuzun qırağında oturanda padşah qoca Əlmərdannan soruşdu:
– Yaxşı, sən mənim bu yuxumu yoz bir görək. Sən gələn kimi xəbər almaq istəyirdim, ancaq yuxumun vahiməsi məni elə basmışdı ki, indi ancaq özümə gəlmişəm. De görək, başımıza nə gələcək?
Əlmərdan kişi saqqalını əlləşdirdi. Yerə baxdı, suya baxdı, ucalmış ağaclara baxdı, ağ ilanın sözdərini yadına salıb, dedi:
– Padşah sağ olsun, böyük adamların yuxusunun mənası da böyük olar. Sən gördüyün yuxudan bu məna çıxır ki, dünya çox qarışacaq, insanlar canavar kimi hər yerdə bir-birinin ətini gəmirməyə çalışacaq. Bir-birinin əlindəkini qarmalayacax.
Əlmərdanın sözləri padşahın xoşuna gəldi. Vəzir, vəkilinə əmr elədi ki, məni istəyən Əlmərdana xələt versin.
Gətirdilər qoca kişini başdan-ayağa geyindirdilər. Bir neçə kisə qızıl verib yola saldılar.
Qoca genə Cinni dərəsiynən gəldi. İlanın yuvasının ağzınnan keçdi. Ağ ilan görünmədi. Əlmərdan fikir elədi ki, a kişi, qızılın yarsını ilan neyləyəcək? Çəl munu apar evinə, balaların acdır. Əlmərdan yedi, işdi, kefi kökəldi. Bunnan bir qədər keçdi. Genə bir gün padşah bununçun xəbər göndərdi ki, gəlsin. Əlmərdan arvadınnan halal-himmət eləyib, yola düşdü. Gəlib Cinni dərədən keçirdi. Öz-özünə xəyal eləyirdi ki, padşahnan dost olanın başı ya cıdada ucalar, ya darda. Tayı bu dəfə məni yağın öldürəcək. İndi ilan da bir yannan çıxıb məni çalsaydı, heç “uf” deməzdim. Takı el içində risvay olmazdım.
Bu hində qulağına ilanın səsi gəldi. Boğazı lap qurudu. Öz-özünə dedi: “Ürəgimə gələn başıma da gələcək”.
İlan yaxınnaşdı:
– Ay kişi, hara gedirsən?
Əlmərdan kəmal ədəbnən, ərkannan muna salam verdi:
– Ağa, padşah hökmüdü, çağırıb gedirəm. Bu dəfə yəqin məni öldürəcək.
İlan dedi:
– Qorxma, bu dəfə sən ona deyərsən ki, padşah sən bir yuxu görmüsən. Görmüsən ki, göydən qılınc yağır.
Padşah munu eşidəndə sənnən munun mənasını xavar alacax. Deyərsən ki, zaman gələcək dünya bir-birini qıracax. Padşahlar arasında çoxlu davalar olacax. Sən də özüvü gözdə. Qan su yerinə axacax. Əlmərdan padşahın yanına gəldi. İlan deyən kimi padşahın ağzını açmağa qoymadı. Dedi:
– Padşah sağ olsun, məni niyə çağırdığını bilirəm. Sən yuxuda görmüsən ki, göydən qılınc yağır.
Padşah sevindi. Əlmərdanın kəramətinə lap inandı. Yuxunun mənasını soruşdu. Əlmərdan kişi dedi:
– Padşah sağ olsun, dünya çox qarma-qarışıq olacaq. Padşahlar bir-biriynən çox dava eliyəcəklər. Qan su yerinə axacax. Sən də özünü gözlə.
Padşah çox razı oldu.
– Məni istiyən, muna xələt! Buna dövlət!..
Əlmərdana xələt, qızıl, gümüş verdilər. Padşah əmr elədi ki, Əlmərdana tövləsindən ən yaxşı atlardan birini versinnər. Xəznəsinnən də ən yaxşı daş-qaş, bir qızıl qılınc versinlər.
Əlmərdan atın üstə on beş yaşında bir oğlana dönmüşdü. Cinni dərədən gələndə uzaqdan ağ ilanı gördü. Qılıncı sıyırdı, atı çapdı ağ ilanın yuvasına tərəf. Onda yetirdi ki, ağ ilan özünü dəlikdən içəri soxur. Əlmərdan dedi:
– Ta munnan sonra padşah nə yuxu görəcək, nə də məni çağıracaq. Səni də öldürrəm canım qurtarar. Bir də sənnən qızılı bölən kimdi. Qılıncı endirdi, ilanın quyruğunu çapdı, atı sürüb getdi. Günnərin bir günündə genə Əlmərdan kefi kök, damağı çağ oturmuşdu evində. Padşahdan hökm çıxdı ki, Əlmərdan bura gəlsin. Əlmərdanın dizdəri qırıldı.
– Ta, – dedi, – bu dəfə ölümdü. Ya ilan məni öldürəcək, ya padşah. Mən ki, heç bir şey bilmirəm. Padşaha nə deyəcəm. İlanı da yaralamışam. Qardaşdığımız da pozulub.
Əlmərdan arvad-uşaxlarıynan halal-himmət elədi. Genə gəlib ilanın yuvasının qabağınnan keçəndə daldan ağ ilan munu çağırdı. Dedi ki:
– Bax, padşah yuxuda görüb ki, göydən qoyun yağır, sənnən xəvər alsa, deyərsən ki, dünya düzələcəh. İnsannıx, qardaşdıx zamanası olacax. Heç kəs bir-birinin haqqını yeməyəcək. Fağır-füqəra ağ gün görəcək. Nə dava olacax, nə də qılınc.
Əlmərdan gəldi. Ağ ilan dedigi kimi padşaha dedi. Padşahın kefi duruldu. Gətirdi Əlmərdana beş o qədər xələt, qızıl, qaş-daş verdi ki, getsin oğulbaoğul yesin, dolansın.
Əlmərdan fikirrəşə-fikirrəşə gəlirdi:
– Yaxşı, bu ilan mənə nə qədər yaxşılıq elədi. Mən hər dəfə ona pisdikdən başqa bir şey eləməmişəm. Bu ağ ilanın sayasında vara, dövlətə çatmışam. Budəfəki xələtə, qızılların heç birsinə ehtiyacım yoxdu. Gəlsənə, bu qızılların hamısını kisələrilə aparım qoyum ilanın yuvasının ağzına. Ona vurduğum yaradan ötrü ona yalvarım, bəlkə qanınnan keçə, yox istəyir, çalsın öldürsün. Təki balalarım mənnən sora farağat yaşaya bilsinlər.
Əlmərdan fikirləşdi, fikirləşdi, qızıl-mızılı gətirdi ilanın yuvasının ağzına. Çağırdı, ilan çıxdı.
Əlmərdan başladı ilana yalvarmağa. İlan dedi:
– Əlmərdan kişi, mənə qızıl da, xələt də lazım deyil. Get bunların hamısını apar balalarına. Sən mənə heç yalvarma. Mən səni taxsırrandırmıram. Taxsır zamanadadır. Ondakı canavar zamanasıydı, hər kəs birbirinin əlindəkini qarmalayırdı, sən də mənim payımı yedin. Onnan sora qılınc-qalxan zamanası gəldi. Adamlar bir-birinin ətini didirdi. Sən də qılıncbazdıx eliyib, məni yaraladın. İndi insanlıq zamanası gəlib, heç kəsin haqqı yeyilməyir. Aciz ağac altda qalmır. Sən də zamanın hökmüynən xasiyyətini dəyişdirdin. Get, qızılların hamısı ana sütü kimi halalın olsun.
Munu deyib, ilan yuvasına çəkildi. Əlmərdan kişi də gəldi evinə, arvadı, uşağı, qonşusuynan dövran sürdü, ağ günə çıxdı. Olar yedi, içdi, yerə keçdi, siz yeyin için dövrə keçin.
Tarix: 21.04.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 760 Bölmə: Nağıllar