Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçəllə tacir (nağıl)

Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişinin gözünün ağı-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar. Bir gün keçəlin atası səhər tezdən işə getmişdi. Novruz qabağı idi, havalar da qızmışdı. Keçəl əvdən bayra çıxıb görgi ki, uşaqlar ələlvan geyinib oynayırlar. Keçəl bulara qoşuldu, amma uşaqlar qoymayıb, bir ağızdan dedilər:

Keçəl-keçəl daz eylər,
Yuvada pərvaz eylər.
Minər qamış altına,
Sağsağana göz eylər.

Keçəlin acığı dutub evə gəldi, gördü ki, anası evdə təkdi.

Keçəl dedi:

– Ana, nə bişirirsən?

Anası dedi:

– İki ovuc arpa unumuz qalmışdı, umac bişirirəm.

Keçəl bərk acmışdı, dinməz oturub əvin bir küncündə anasını gözlədi ki, bir parça çörək alıb yesin. Amma çörəkləri yoxdu, günorta idi, keçəlin atası işdən gəldi. Gördü ki, atası iki parça quru çörək, bir az da xırda parça dəsmalından çıxarıb atdı süfrəyə.

Keçəl bərk acmışdı, tez çörəgin bir parçasını götürüb gördü ki, çörək çox qurudu. Keçəlin dişini sındırdı. Keçəl üzün atasına tutub dedi:

– Ata, bu çörəyi sənə kim verib?

Atası dedi:

– İki gündür ki, tacirbaşı Əlixanın çörəkçi dükanında odun yarmışdım, tacir bu çörəkləri mənə verdi.

Keçəl umaca dayanmadı, tez yarım çörəgi qoltuğuna vurub getdi tacirin qapısına. Gördü ki, tacirin oğlu qapıda oynıyır, bir quru çörəyə baxdı, bir də tacirin oğluna. Keçəlin dişi də sınmışdı, Allah deyib quru çörəgi vurdu tacirin oğlunun başına.

Tacirin oğlunun başından qan axa-axa getdi atasının yanına. Tacir oğlunun başının yarılmış görüb dedi:

– Oğlum, səni kim vurub?

Dedi:

– Keçəl vurubdu.

Tacir qəzəblənib adam göndərdi keçəlin dalısıncan. Eşit keçəldən. Keçəl tacirin oğlunun başını yaran kimi özün yetirdi evlərinə, Anasına dedi:

– Naxoşam, yer sal.

Keçəl yatmaqda olsun. Tacirin adamları gəlib çıxdı. Keçəl gördü ki, tacirin adamları gəlir, özün vurdu naxoşluğa. Keçəlin atası tacirin adamlarının qabağına çıxıb dedi:

– Niyə gəlmisiz?

Dedi:

– Oğlun keçəl, tacirin oğlunun başını yarıb. Gərək keçəli aparaq tacirin yanına.

Dedi:

– Oğlum naxoşdur.

Tacirin adamları içəri girib gördülər ki, keçəl həqiqətən də naxoşdur, zarıltısından qulaq tutulur. Gedib tacirə xəbər verdilər, tacir əmr verdi ki, gərək gətirəsiz.

Tacirin adamları gəldi keçəlin yanına. Dedilər, səni tacirbaşı çağırır. Gərək gedəsən.

Keçəl dedi:

– Məndə hal yoxdur tacirin yanına gedəm, əgər ona çox lazımam, qoy özü yanıma gəlsin.

Xəbər çatdı tacirə ki, keçəl belə deyir. Tacirbaşı qəzəblənib ayağa durdu. İstədi ki, keçəli tutdursun, axırda əlacı kəsilib özü piyada keçəlin yanına gəldi.

Keçəl gördü ki, tacir gəlir, saldı özünü naxoşduğa.

Dedi:

– Ana, gələn tacirbaşıdırsa, xahiş elə iki barmaqilə alt dodağımla üst dodağıma vursun.

Tacir təəccüb elədi, axırda əlacı kəsilib keçəlin ağzına iki barmağilə bərk vurdu, keçəl sınıq dişini saxlamışdı, tez yerə atıb bağırdı:

– Vay-vay, tacir dişimi qırdı.

Tacir baxıb gördü ki, keçəl bunu çox incidəcək.

Dedi:

– Keçəl, bu gün oğlumun başını niyə vurub yarıbsan?

Keçəl dedi:

– Mən yarmamışam.

Tacir dedi:

– Yalan demə.

Keçəl baxıb gördü ki, tacir bundan əl çəkmiyəcək, tez başını yorğanın altınnan çıxarıb dedi:

– Tacirbaşı, mənim atam sənin dükanında işləyir? Mən yolnan gəlirdim, sizin evinizin qabağında atama rast gəldim, özüm də bərk acmışdım, atamdan çörək istədim. Atam da səndən aldığı çörəgi mənə verdi, çörəgi dizimə vurdum. Çörək o qədər quru idi ki, dişimi sındırıb, əlimdən tollanıb yarısı atamın gözünü çıxartdı, bir parası da oğluvun başına dəydi. İndi mən səndən iki qabaq dişimi istəyirəm. Əgər verməsən divana, şikayətə gedəcəyəm.

Tacir baxıb gördü ki, keçəlin qabaq dişi düşüb. Bu tərəfdən də keçəlin atası gözünü bağlayıb. Gəldi tacirin yanına.

Keçəl dedi:

– Mən səndən şikayətə gedəcəyəm.

Tacir əlini cibinə salıb bir beşlik keçəlin ovcuna basıb durub getmək istədi. Keçəl dedi:

– Bəs atamın gözünün cəriməsi?

Tacir dedi:

– Sabah görüşərik.

Tacirbaşı getdi. Keçəl durdu, beşliyi verdi atasına, dedi:

– Ata gözüvü bağla, sabah səni divana aparacağam.

Eşit tacirdən. Tacir evinə getmişdi, amma yarı canı keçəlin yanında idi ki, səhər şikayətə getməsin. Keçəl gecəni yatıb səhər tezdən durub gəldi tacirin dükanına. Dedi:

– Nə deyirsən, atamın gözünün cəriməsini vermirsən, gedirəm divana.

Tacir dedi:

– Mənə bu günü də möhlət ver. Sabah atovun xəcalətindən çıxaram. Keçəl pazı olub gəldi evnə.

Taciri fikir götürmüşdü. Bu dəm qoca bir qarı gəlib tacirdən pul istədi. Tacir acıqlanıb qarını qovdu.

Qarı dedi:

– Mənim üstümə çığırınca, keçəllə bacar.

Tacir dedi:

– Qarı nənə, sən yol göstər, keçəli yox eliyim. Nə istəsən sənə verrəm.

Qarı dedi:

– Qadavı alım, yatmağa yerim, yeməyə çörəyim yoxdur.

Tacir dedi:

– Mənim boynuma, sən tədbir gör.

Qarı dedi:

– Keçəl bu axşam damda yatacaq, gecə adam göndər, yorğan-döşəginən ogurrasunlar, sora başını tez batıra bilərsən.

Tacir qarıdan razı qalıb dedi:

– Al bu nişanəni get bizə, deginən tacir deyir qonağım gələcəkdir, hazırlıq görsunlər.

Qarı atdana-atdana getdi tacirin əvinə xəbərə.

Axşam tacir dükanını bağlayıb evinə gəldi. Qarı üçün ambarda yatmağa yer düzəltdi. Tacir öz keyfinə məşğul olub, gecə yarıdan keçəndən sora üç nəfər öz adamlarından keçəlçün göndərdi. Keçəl damda yatmadı. Tacirin adamları keçəlin yerini tapdılar. Keçəli yorğana səriyib birbaş apardılar tacirin yanına. Tacirin ürəgi keçəlin əlindən yanıqlı idi. Gələn kimi keçələ bir bərk təpik vurdu, keçəl işdən xəbərdar idi, amma dinmirdi. Tacir əmr elədi ki, keçəli öz yatan evinə qoysunlar. Səhər tezdən yorğan qarışıq ölənə qədər döysünlər. Keçəl tacirin dediklərini eşidirdi, tez tacirin nökərləri keçəli apardılar tacirin otağına. Tacir soyunub yatana qədər keçələ o qədər təpik vurdu ki, keçəlin anadan əmdiyi süd burnundan gəldi. Axırda tacir yorulub yatdı. Keçəl taciri yuxuya verib özün bayıra atdı. Gördü ki, tacir yatıbdı, tez kilimi yerə salıb taciri kilimə sarıdı, bərk-bərk bağlayıb uzatdı evin bir küncünə. Özünü bayıra atıb, nökərlərin bir dəst paltarını geyib tacirin qızılın doldurdu cibinə, aşağa düşüb nökərləri ayıltdı:

– Tacir əmr eləyir ki, keçəlin başının iyindən yata bilmir, hələ bu saat keçəli döyüb öldürsünlər.

Nökərlər keçəlin yerinə öz ağalarını çəkdilər həyətə, o ki var vurdular. Amma tacirin naləsi göyə çıxırdı. Qarı gördü ki, döyülən keçəl döyül, tacirdi, dedi:

– Bəs keçəl hanı?

Nökərlər dedi:

– Palas arasındakı keçəldi.

Qarı nökərləri qoymadı. Palazı açıb gördülər ki, döyülən tacirdi. Amma tacir yarımcandı. Nökərlər baxıb gördülər ki, işin üstü açılsa, iş yavalaşacaq, tacirin əl-ayağını bağlayıb atdılar çaya.

Keçəl tez özünü atasına yetirib ağır yüklərini yığıb gecəynən başqa şəhərə qaçdılar. Tacirdən götürdükləri pulu oturub rahat yedilər. Onlar yeyib kef çəkdilər. Siz də var olun.


Tarix: 21.04.2013 / 18:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 547 Bölmə: Nağıllar
loading...