Qədim zamanlarda bir kişi olur. Onun da üç arvadı olur. Bu kişi yay vaxtı öz arvadlarını yaylağa apararmış. Bir dəfə yenə yay vaxtı arvadları yaylağa qoyub qayıdır ki, onlara yemək aparsın. Geri qayıdanda bir bulağın üstündə atdan düşür ki, su içsin. Bu vaxt arvad cildinə girmiş bir ilan kişiyə yalvarır ki, onu da özü ilə aparsın. Kişi razılaşır, arvadı özü ilə yaylağa aparır. Vaxt keçir, həmin arvaddan iki oğlu olur. Bir gün kişi bir dərvişdən üç dənə üzük alıb evə arvadlarına gətirir.
Həmin arvad deyir ki, ay kişi, bu qızıl deyil, çürükdü. Apar onu yiyəsinə qaytar. Kişi üzüyü dərvişə qaytarır. Dərviş soruşur ki, ay kişi, sən bunu haradan bildin? Kişi deyir ki, arvadım mənə dedi.
Dərviş deyir ki, ay kişi, sən nə danışırsan o, arvad deyil, ilandı. Kişi deyir, elə şey olmaz. Həmin arvaddan mənim iki uşağım var. Dərviş deyir ki, sən gərək onu öldürəsən. Əgər öldürməsən sənin özünə zərər toxunacaq.
Kişi deyir:
– Bəs mən onun ilan olduğunu haradan bilim?
Dərviş deyir:
– Bir axşam arvadın bişirdiyi xörəyə çoxlu düz tökərsən, evdəki suyun da hamısını eşiyə tökərsən, qapını bağlayarsan, ayağından bir az ət kəsib yerinə də duz basarsan ki, yata bilməyəsən. Qoy xörəyi arvad özü tək yesin, sən yemə. Bir də baxacaqsan ki, o arvad dirəyə sarmaşıb, qıvrılıb bacadan bulağa su içməyə gedəcək. Gördüyünü gəlib mənə söyləyərsən.
Kişi belə də eləyir. Bir də baxır ki, arvad su axtarıb tapmır, axırda dirəyə sarmaşıb bacadan çıxır. Sabahısı gün kişi gördüyünü dərvişə xəbər verir, ondan soruşur ki, arvadı necə öldürüm.
Dərviş deyir:
– Arvad çörək bişirəndə, xəmiri təndirə yapan vaxt daldan itələ təndirə sal, ağzını da ört. Sənə çox yalvaracaq, amma fikir vermə, təndirin ağzını açma, ta mən gəlincə.
Kişi arvadı təndirə salır, arvad çox yalvarır, amma kişi təndirin ağzını açmır. Dərviş gəlib təndirin ağzını açır baxır ki, arvad əriyib bütün qızıl olub. Qızılı yığır xurcununa aparıb gedir.
Tarix: 21.04.2013 / 18:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Nağıllar