Biri vardı, biri yoxdu, bir Fatı qarı vardı. Bu qarının da bir keçəl oğlu var idi, adına da Keçəl Məhəmməd diyərdilər. Fatı qarının sənəti çərçilərdən nisyə pambıq gətirib, onnan ipliy əyirirdi, aparıb bazarda satardı. Mayasını çərçilərə verərdi, qalanına da birəz çörək, bir az soğan alardı. Nənə-bala yeyib dolanardılar.
Bir gün Keçəl Məhəmməd bazara çıxmışdı. Gördü elə yaxşı kişmiş satıllar ki, ağzının suyu başdadı axmağa. Amma bir pulu da yoxudu ki, bir şey alsın. Başın qarıtdıya-qarıtdıya gəldi əvlərinə. Gördü nənəsi əvdə yoxdu. Fürsət tapıb girdi içəri. Fatı qarı ipliyi kələf-kələf qayırıb asmışdı göydən. Məhəmməd tullanıb kələfin birin alıb qoydu qoynuna, üz qoydu bazara, gəlib bir baqqalın dükanının qabağında boynunu büküp durdu.
Baqqal dedi:
– Keçəl qurumsax, müştərilərə mane olma, qoy alverimizi eləyək.
Məhəmməd kələfi çıxardıb baqqala verdi, birəz kişmiş alıb düzəldi yola.
Sizə kimnən xəbər verim, Fatı qarıdan. Fatı qarı evə gəlib gördü ki, kələfin biri yoxdu. Başdadı söyüb qarğamağa. Qonum-qonşu yığışıb işi bilənnən sora dedilər:
– Ay Fatı qarı, heç kimi söyüb qarğıma, biz hamımız düşəndə sənə əl kölgəliyi eləyirik, kim sənin malını oğurlayacaq. Bu yenə öz oğluvun işidir.
Fatı qarı öz-özünə dedi: “Motala dadanan köpək bir də gələr. Gör a köpəy oğlu, sənin başına nə gətirərəm”. Bir gün Fatı qarı Məhəmmədə dedi:
– Məhəmməd, sabah mən əvdə olmıyacağam, hərdənbir gəl əvimizə dəy.
Səhər tezdən Fatı qarı əvdən çıxıb hərrəndi, gəldi otdu qonşunun çəpərinin dalında, başdadı pusmağa. Birdən gördü Məhəmməd başını qarıtdıya-qarıtdıya gəldi, qapını aşdı, atılıb göydən kələfin birini aldı ki, qapıdan çıxsın, Fatı qarı yapışdı qolunnan, başdadı budamağa:
– Ay köpəy oğlu, mən əlimnən ona-muna işdiyib səni saxlayıram, sən də mənim oğrum olubsan. Dədən gorbagor da sənin kimi oğruydu. O nə qayırırdı ki, sən nə qayırasan?
Məhəmməd gördü iş pisdi, dedi:
– Ay nənə, tayı məni niyə öldürürsən. Tut əlimnən, məni apar bazara sat, gətir xərcdə.
Fatı qarı dedi:
– Keçəl köpəy oğlu, saa kim pul verəcək?!
Fatı qarı tutub Məhəmmədin əlinnən düşdü bazarın canına:
– Ay qul alan?! Ay qul alan?!
Çayçı gördü ki, bir qarıdı bir uşağın əlinnən tutub satır. Çağırdı:
– Qarı nənə, bura gəl!
Fatı qarı gəldi. Çayçı baxdı gördü bı elə bir keçəldi, əgər bını alsa tay bınnan dükanına bir müştəri də ürzükməz. Dedi ki, qarı nənə, bını tez bırdan apar, müştəriyə mane olmasın.
Fatı qarı genə başdadı bazar aşağa, bazar yuxarı çağırmağa. Baqqal isdədi alsın, o da çayçı kimi. Aşbaz istədi alsın, o da helə. Axırda bazarın lap qırağında qırx lotu oturmuşdu. Lotubaşı da bılların içində buğun burub, bir səndəlin üstdə əyləşmişdi. Gördü bir qarı bir keçəlin əlindən tutub “ay qul alan!” diyip dad edir. Lotulara dedi:
– Onu bıra çağırın.
Lotular Fatı qarını çağırdı. Lotubaşı baxdı gördü bı elə bir keçəldi ki, bir ağacdıxdan yaxın düşməli deyil. Başının qasmağı yenib gözünün üstünə, amma gözünnən od yağır. Çox diribaş gədədi. Üzün tutub qarıya dedi:
– Qarı nənə, qıymatı neçədi?
Qarı dedi:
– Yüz tümən.
Lotubaşı çıxarıb yüz tümən qarıya verib Məhəmmədi aldı. Yoldaşdarı lotubaşıya dedilər:
– Bı nəydi aldın. Yidiyimiz, işdiyimiz də haram olacaq.
Lotubaşı dedi:
– Eybi yoxdu, çəhməmizi-zadımızı silər.
Lotular ta ki gəlib yığışdılar mənzilə, Məhəmməd o saat bıların ustulun hazırrayıb, mənzillərin eylə sildi-süpürdü ki, qırx arvat da belə təmizdiyə bilməzdi. Tez çayların qoyup, çörəklərin bişirdi. Axır ki, bılları elə rahat elədi ki, lotular ömrində bı istirahatı görməmişdilər. Məhəmmədin hörməti gün-gündən lotubaşının yanında artırdı. İstəmirdi onu gözünnən kənara qoysun. Məhəmmədə lotular hər nə buyuruq buyururdular, o saat əlüstü əmələ gətirirdi. Bir gün lotular içib piyan olmuşdular. Lotubaşı üzün tutub yoldaşlarına dedi:
– Bir qoçax istəyirəm bu tavla mıxını aparıb filan hamama çalsın. Heç kəs dinmədi. Hamı dedi:
– Genə bı Fatı qarının oğlu Keçəl Məhəmmədin işidi.
Lotubaşı o saat Məhəmmədi çağırıb dedi:
– Qoçağım, bir toxmax götürüb, bı tavla mıxını aparıb filan yerdə bir xaraba hamam var, ora çala bilərsənmi?
Keçəl dedi:
– Canın da allam.
Məhəmməd tavla mıxını, bir də toxmax götürüb, üz qoydu getməyə. Elə ki gəlib hamama çatdı, papağın əyri qoyub fışdırıx çala-çala başdadı mıxı çalmağa. Elə bir toxmax vırmışdı, dıfardan bir səs gəldi ki:
– Ay anasın satdığı Fatı qarının oğlu Keçəl Məhəmməd! Sən ağzını hara yetirmisən ki, mənim məkanımda mıx çalırsan?! Məhəmməd başın qalxızıb gördü heç kəs yoxdu, bənd olmuyub başdadı genə çalmağa. Bir də səs gəldi:
– Ey anasın satdığı Fatı qarının oğlu Keçəl Məhəmməd, saa dimirəm çıx bırdan, rədd ol!
Məhəmməd başın qavzıyıb dedi:
– Mənim ağamnan hamı şəhər tük salır, bı da məni qorxuzur. Başdadı bir, iki, üç tapla mıxı budamağa. O saat hamam titriyib, divar yarıldı, oradan bir oğlan çıxdı. O, əl atdı Məhəmmədin yaxasına, Məhəmməd də əl atıb onun kəmərindən tutdu. O difara-bu difara o qədər vırdı ki, oğlan gördü keçəl onu öldürəcək, istədi qaçsın, bir ayağı keçdi Məhəmmədin əlinə. Oğlan o tərəfə çəkdi, Məhəmməd bu tərəfə, axırda oğlanın bir tay corabı da çıxdı Məhəmmədin əlində qaldı. Məhəmməd tavla mıxını çalıb, toxmağı da götürüb, papağını hərriyib fışdırıq çala-çala corabı da cibinə qoyub düşdü yolun ağına. Keçəl bazarnan getməkdə olsun. Sizə beş kəlmə xəbər verim lotubaşınnan. Lotubaşı ayılıb gördü Məhəmməd yoxdu. Dedi:
– Ay aman, Məhəmməd hanı?
Dedilər:
– Məhəmmədi keflənib özün göndərdin filan hamama ki, tavla mıxı çalsın.
Lotubaşı dedi:
– Ay aman, tez olun, ora hər kim girsə, ölər. Gedəy, bəlkə diri tapdıx. Heç olmasa, ölüsün taparıx.
Lotular durub getməydə olsun, bir neçə kəlmə Məhəmməddən eşidin. Məhəmməd fışdırıx çala-çala bazarnan gedirdi. Gördü bir baqqal kişmişi, noğulu, badamı töküp satır. Bını görən kimi başdadı Məhəmmədin ağzının suyu axmağa. Birdən yadına düşdü ki, axı bir corabı var. Dedi:
– Ay baqqal, bir tay corabım var, nə qədər kişmiş verərsən, verim saa?
Baqqal dedi:
– Ver baxım görüm.
Məhəmməd corabı çıxardıb verəndə baqqal gördü ki, bı bir corabdı ki, bının qiyməti heç paçcahın xəzinəsində yoxdu. Yapışıp keçəlin yaxasınnan dedi:
– Keçəl köpək oğlu, bını hardan alıpsan? Yerini de! Mənim evimi yarıp qırx cüt corabımı aparıplar.
Məhəmməd dedi:
– Əşi, Allaha bax, mənnən əl çek, nə əv yarmax, nə qırx cüt corab? Bını mən indicə filan hamamda qazanmışam. Bının üstündə mən bir qat qabıx qoymışam.
Baqqal dedi:
– Keçələ bax, filan hamama bax. Heç ora nər kimi oğlannar gedip sağ qayıtmır, bir yalan da diyirsən? Düzün de görüm, corabın qalanın neynəmisən.
Keçəl dedi:
– Əşi, məndən əl çək, kişmiş vermirsən, corab da olsun sənin, vırram səni öldürrəm, qanını mənim üstümə tökmə.
Baqqal əl çəkmədi. Məhəmmədin acığı tutub vırdı baqqalın başgözün əzdi. Səs-küyə bazar darğası gəldi, əhvalı soruşdu. Baqqal dedi:
– Ay darğa ağa, mənim əvim yarılıp qırx cüt corabım getmişdir. İndi bir tayın bı keçəldə tutmuşam, qalanını da istiyəndə vırdı başgözümü bı hala saldı. Qədəm haqqını da verrəm, bizi apar paçcahın yanına, dərdimi diyim.
Darğa “qədəm haqqı” eşidən kimi gözü maşaldar pişigin gözünə döndü. Keçəlin qolun bağlıyıb da gətirib gəldi paçcahın hüzuruna dedi:
– Qibləyi-aləm sağ olsun, bı keçəl bu baqqalın əvini yarıp, malın aparıp. Kişi malın istiyəndə özünü də bı hala salıp.
Paçcah baqqaldan soruşdu ki, nəyin gedip. Baqqal əhvalatı nağıl elədi. Paçcah əmr elədi:
– Cəllad!
Cəllad hazır olub dedi:
– Qibləyi-aləm sağ olsun, nə əmr eliyirsən yerinə yetirim.
Paçcah dedi:
– Vır bı keçəlin boynun.
Keçəl başın bılayıb dedi:
– Vay-vay, elə bı zadnan padçahlıq eləyirsən? Əvvəl bir sor görnən düzdü, necədi, onnan boynumu vırdır.
Paçcah dedi:
– Hə, di sözüvü. De görək, nə qırıldıyırsan. Məhəmməd əhvalatı nağıl eliyib dedi:
– Qibleyi-aləm, qırx gün möhlət ver, əgər bı corabdan mən qırx cüt gətirdim, bı baqqalın boynı vırılsın, əyər baqqal gətirdi, mənim boynum vırılsın.
Paçcah dedi:
– Çox yaxşı.
Baqqal gördü iş xarapdı, tez dedi:
– Qibleyi-aləm, sağ olsun! Bı lotunun biridi, bıraxdın, bəlkə qaçdı getdi. Bının bırda dədəsinin mülkü qalmır, maşı qalmır, mən razı deyiləm. Məhəmməd dedi:
– Paçcah izin versə, mən bir adam deyil, qırx adam zamın verrəm. Mənim ağam filan lotulardı, harda olsa, gəlip bı saat bıra çıxallar.
Məhəmmədi qoyax cəllad əlində. Sizə xəbər verək lotulardan. Lotular elə ki gəlib çıxdılar hamama, gördülər Məhəmməd tavla mıxı çalıp çıxıb gedip. Düşdülər bazar aşağı küçəyə. Elə ki, gəlip çatdılar bizim baqqalın dükanına, gördülər bir çox adam yığışıb. Əhval sordular. Camahat olan əhvalatı lotulara söylədi. Lotular o saat nişanınnan bildilər ki, keçəl həmən Məhəmməd özüdü ki, var. Lotubaşı dedi:
– Qardaşlar, tez olun, özümüzü paçcahın divanına yetirək, bəlkə Məhəmmədi qurtara bildik.
Özdərin onda yetirdilər ki, cəllad Məhəmmədin sağında, solunda fır-fır fırlanır; “öldürrəm, öldürrəm” diyirdi. Məhəmməd lotuları görən kimi üzün tutup paçcaha dedi:
– Qibləyi-aləm! Bı da mənim ağalarım, indi baqqal nə deyir.
Baqqalın ələci kəsilip razı oldu. Lotular zamin olub Məhəmmədi gətirdilər mənzillərinə. O gecəni yeyip-içip yatdılar. Sabah olan kimi Məhəmməd qalxıb dabanın bərkidip, lotularnan vidalaşıp düşdü yolun ağına.
Çəkip çarığın dabanını, qırıp yerin amanını, dərələrdən yel kimi, təpələrdən sel kimi, badəyi-sərsər kimi, acı beyannıx, çax-çax qamışdıx, az getdi, üz getdi, dərə-təpə düz getdi, ta ki gəlib çıxdı bir dəryanın kənarına. Gördü gəmi tərpənib bir azca aralanıb. Məhəmməd “Allah, Məhəmməd, ya Əli” diyip atıldı gəminin sükanında otdu. Gəmi günə bir mənzil tey mənazil bir neçə gün yol getmişdi. Birdən dəryanın ortasında gəminin qabağında bir nəhəng peyda oldu. Gəmiçi nəhəngi görən kimi qışqırdı:
– Ay aman, tez olun, quluzdan birini, yüz tümən də pul hazır eləyin, atax bı nəhəngin ağzına, yoxsa bı saat gəmini dağıdacax. Hamımız qərq olacıyıx. Gəminin də hamı yükü tacirrərdi.
Biri dedi:
– Mən heç vaxt qulumu atmaram.
O biri dedi, mən heç vaxt qulumu atmaram. Bir də gördülər sükanın dalında bir keçəl oturub, çağırıb dedilər:
– Gəl səni atax bı nəhəngin ağzına, qannama da yığaq, kimə diyirsən, verək ona.
Məhəmməd dedi:
– Yüz tümən yığın, belimə də bir ip bağlayın, atın nəhəngin ağzına. Salamat qurtardım, verərsiniz özümə, qurtarmadım qayıdanda filan şəhərdə bir Fatı qarı var, verərsiz ona.
Pulu yığdılar, ipi də bağladılar Məhəmmədin belinə, atdılar nəhəngin ağzına.
Məhəmməd əl atıb yapışdı bir əlinən nəhəngin üst damağınnan. Bını bı dəryada ora-bıra o qədər vırdı ki, nəhəngin bir qat qabığı getdi. Axırda gördü keçəl onu öldürəcək istədi qaçsın, Məhəmməd əl atdı tutdu nəhəngin burnunnan, nəhəng o tərəfə çəkirdi, Məhəmməd bı tərəfə. Nəhəngin burnunda bir sırğa var idi. Burnu cırıldı, sırğa da qaldı Məhəmmədin əlində. Məhəmməd sırğanı cıbinə qoyub çıxdı gəmiyə. Məhəmmədin çörəyini də, xörəyini də verdilər, yeyip qarnım bərkitdi. Sora dedi:
– Mənim yüz tümənimi verin.
Tacirrər dedilər:
– Biz səni atmışdıq ki, öləsən, ölmədin, yüz tüməni niyə verək?! Məhəmməd nə qədər elədi, olmadı, gördü bılar çoxdu, bı bircə adam, sakit oldu. Elə ki gəldi dəryanın qırağına çıxdı, tacirrərnən xudahafiz də eləmiyib düşdü yolun ağına. Az getdi, üz getdi, dərətəpə düz getdi, ta ki gəlib çıxdı bir şəhərə. Şəhərə daxil olub gördü ki, çörəglər təndirə yapılıb qalıb, dükannarda mallar başınadı; amma bir insan yoxdu şəhərdə. Dolana-dolana gəlip şəhərin o biri qırağına çıxdı, gördü bir cığır gedir, dedi:
– Yaqin şəhərin əhli bı cığırnan haraysa gediplər. Gedim görüm nə var.
Birəz getdi qabağına bir təpə çıxdı, təpəni aşıp gördü ki, bir qalaça var. Özün yetirdi qalaçaya, içəri girən kimi qalaçanın qapısı örtüldü. Bir səs gəldi:
– Ey anası satdığı Fatı qarının oğlu keçəl Məhəmməd! Mənim mənzilimə qatır gəlsə, dırnaq salmaz, quş gəlsə qanat salmaz. Sən nə cürət eliyib mənim məkanıma gəlmisən.
Məhəmməd bir başın qalxızıb fikir elədi, sən öləsən bı şəhərə hər nə bəla toxunub, bınnan toxunub. Görək nə olacax. Səs bir də gəldi:
– Ey Fatı qarının oğlu Keçəl Məhəmməd!
– Sənə dimirəm çıx, dalınnan danışma, iyit ağzın yumar, əlin açar. Çıx belə görüm kimsən, mətləbin nədi?
Yer titrəyib divar yarıldı. Bir oğlan çıxdı ki, qəddi minayə kimi, baş ütgec gümbəzi kimi, bığların eşib şənbələ kimi qoymuşdu qulağının dibində. Əl atdı ki, Məhəmmədi götürüb yerə vursun, Məhəmməd yapışdı onun biləyinnən, özünə tərəf çekip yapışdı ortasınnan. Onu o divara-bı divara o qədər vırdı ki, bir qat qabığı getdi. Oğlan gördü Məhəmməd onu öldürəcək, istədi qaçsın. Məhəmməd yapışdı biləyinnən, oğlan o tərəfə çəkdi, Məhəmməd bı tərəfə çəkdi. Axırda oğlanın barmağında bir üzük vardı. O da çıxıb Məhəmmədin əlində qaldı.
Məhəmməd cibinə qoyub qalaçadan çıxdı. Allaha təvəkkül eləyib üz çevirdi bir tərəfə getməgdə olsun. Görək axırı necə olacax. Məhəmməd bu gedişnən tamam on gün, on gecə yol getdi. Gəlip çıxdı bir qalaçaya. Gördü vallah, bı bir qalaçadı ki, çəkilib göyün üzünə. Bir siçan da keçməgə yolu yoxdu, gün də az qalmışdı ki, batsın. Məhəmməd də çox yorulmuşdu. Başdadı qalaçanın dörd tərəfin gəzməyə görsün bir yol taparmı girsin qalaçaya. Gəzip-gəzip axırda gördü ki, divarın dibinnən bir su çıxıb axır. Məhəmməd ağlınnan bildi ki, bı su içəridən gəlir. O saat başın soxdu su gələn deşiyə. Başının qartmağı sıyırıla-sıyırıla birtəhər keçdi o tərəfə.
Nə gördü? Paho, bura bir bağdı, deyirsən behişdin bir guşəsidi? Bülbüllər cəh-cəh vırır, güllər pəh-pəh vırır, ağacdar baş çəkib fələyə. Dünyada nə meyvə desən, bırda tapılır. Məhəmmədin ağzı açıla qalmışdı. Bilmirdi hankı tərəfə getsin. Birdən qulağına bir su şırıltısı gəldi. Yuxudan ayılan kimi olub öz-özünə dedi:
– Ey yar, nə qayırırsan? Məhəmməd, ayıx olmalısan bı qalaça işsiz deyil.
Yavaş-yavaş suya tərəf gəlip gördü bir çarhovuzdı, diyirsən vallah, suyu abi-kösərdi. Çarhovızın daşının biri yaqutdan, biri mirvarıdandı. O biri tərəfə baxanda nə gördü? Gördü bir çiməni-basafa yerdə sırfa salınıp, sırfanın üstə üç qap xörək qoyulub elə buğlanır, yanına da xurşu, məzəsi qoyulub. Məhəmməd o saat bildi ki, bılar təzə qoyulup, indicə kimsə gələcək. Tez bir gül kolunda gizlənib başdadı sıfraya tərəf marıtdamağa. Bir də gördü üç göyərçin gəlip qondu sırfanın qırağına, donnarın çıxardıp üç qız oldular ki, vallah yemə, işmə bılların xəddi-xalına, gül camalına tamaşa elə. Günə diyillər sən çıxma, mən çıxım. Aya diyillər sən çıxma, mən çıxım. Məhəmmədin ağzı açıla qalmışdı. Bir də gördü, qızlardan biri o birrərinə dedi: “Bacılar, xörəgi yiyək, söhbət eliyək, yoxsa söhbət eliyək, xörəgi yiyək?” O biri cavaf verdi ki: “Bacılar, bıdı on ildi ki, bir-birimizi görmürdük. Xörək qaşmır ki, yeyərik, hələ bir-birimizin sərgüzəştinnən xəbərdar olax, onnan çörəyimizi yeyək. Üzdərin tutub böyük qıza dedilər:
– Bacı, sən böyügümüzsən, gərək əvvəlcə sən başına gələni danışasan.
Böyük qız başdadı:
– Bacılar, filan şəhərdə bir hamam var. Mən on ildi ki, orda peyda olmuşdım, nə qədər ora gələn vardısa, səsdənirdim bağrı çatdıyıb ölürdü, nələri var yığışdırıb aparırdım. Günnərin bir günündə haradasa Fatı qarının oğlu Keçəl Məhəmməd birisi ara-təzə gəldi çıxdı ora, başdadı bir tovla mıxı çalmağa, bir dəfə səsdəndim, dərbənd olmadı, iki dəfə səsdəndim dərbənd olmadı, axırda özüm çıxdım tutaşdıx. Məni o difara, bı difara o qədər vırdı ki, bir qat qabığım getdi. Bədənim indi də hələ döyütmiyip. İstədim qaçam, ayağımda bir cüt corabım vardı ki, yeddi ilin bacı xəracınan əmələ gəlmişdi, onun da bir tayı çıxıp əlində qaldı. Kaş o bırda olsaydı, bı xörəyi onnan yeyip, ona ərə gedərdim.
Məhəmməd öz könlündə dedi:
– Keçəl, dinmə baxtın getirib.
Ortancıl qız başladı:
– Dad Fatı qarının oğlu keçəl Məhəmmədin əlindən. Bacılar, mən də filan dəryada məsgən eləmişdim. Nə qədər gəmi gəlsə ya yüz tümən pul, bir qul alırdım, ya da gəmini dağıdıb bütün var-yoxun aparırdım. Bir gün qara yola qara sata həmən Məhəmməd gəldi çıxdı urcahıma, o gen dəryanı başıma dar elədi. İstədim qaçam, dartdı burnumda bir sırğa vardı, yeddi ilin bacı-xəracından əmələ gəlmişdi, onu da qopardıb apardı. Allahın altda o bırda olaydı, bu xörəyi onnan yeyip, ona ərə gedəydim.
Başdadı kiçik bacı, dedi:
– Bacılar, mən filan şəhərin kənarında bir qalaçada məskən tutmışdım. O şəhərin hamısın qaçax iləyip, şəhərin bütün mal-dövlətinə sahablanmışdım. Bir gün haradansa həmən Məhəmməd ara-təzə gəldi çıxdı o qalaçaya, nə qədər çığırdım dərbənd olmadı. Axır çıxdım tutaxlaşdıx. Məni o qədər vırdı ki, bir qat qabığım getdi. Gördüm məni öldürəcəg, istədim qaçam, yapışdı əlimdən o tərəfə çəkdi, mən bı tərəfə çəkdim, barmağımda bir üzük vardı, yeddi ilin bacı xəracınnan əmələ gəlmişdi. O da çıxdı qaldı əlində. Kaş o bırda oleydı, bı xörəyi onnan yeyib ona ərə gedəydim.
Məhəmməd bı sözdəri eşidən kimi koldan çıxıb dedi:
– Xanımlar, mən bırdayam, əvvəlcə hələ o corabdan qırx cüt bıra gətirin, sora danışax.
Qızdar o saat corabdan qırx cüt hazır elədilər. Onnan Məhəmməd dedi:
– İndi hansınız məni o şəhərə tez aparsa, onu alacam.
Böyük qız dedi:
– Mən bir həftəyə aparram.
Məhəmməd dedi:
– Bı olmadı.
Ortancıl qız dedi:
– Mən üç günə apararam. Məhəmməd dedi:
– Bı da olmadı.
Kiçik qız dedi:
– Mən sabah günortaya kimi səni şəhərə aparram.
Məhəmməd razı oldu, o saat pərilər qazısın gətirdilər, kiçik qızın kəbinin kesdi Məhəmmədə. Məhəmməd qıznan xörəyi yeyib o gecəni yatdılar. Səhər tezdən qız löh oxuyub Məhəmmədi elədi bir çöp, özü də donun geyip oldu bir göyərçin. Məhəmmədi vırıp dimdiyinə üz tutdu Məhəmmədgilin şəhərinə. Günorta azanı başdananda gəlib düşdü şəhərin qırağına. Geriyə də löh oxuyub Məhəmmədi elədi adam. Məhəmməd dedi:
– Xanım, sən bırda gözdə, mən qaçım evdən bı saat bir çarşavdanzaddan tapım gətirim, bürün gedək.
Qız razı oldu. Məhəmməd özün yetirip anasına dedi:
– Ana, çarşavdan-zaddan bir şey varmı, tez ver maa, arvat almışam.
Qarı dedi:
– Dədən gorbagor havaxt maa çarşav almışdı ki, çarşavım ola.
Məhəmməd dedi:
– Ay arvat, tez ol, qız gözdəyir.
Qarı dedi:
– Qoy görüm, gərəy toy çarşavım dura, onu verim apar.
Qarı durub bir yastığı söküb içinnən köhnə tükə bılanmış bir çarşav tapıb verdi Məhəmmədə. Məhəmməd tez özün yetirdi xanımın qulluğuna, çarşavı saldı başına, gətirdi evlərinə.
Bir gün xanım Məhəmməddən soruşdu ki, bu yerinizin sərhədin maa görkəzə bilərsənmi? Məhəmməd dedi:
– Görkəzərəm.
Xanım dedi:
– Ala bı üzüyü, apar dəryada çalxala, sudan bir oğlan çıxacax, diyəcəy, bizə görə qullux. Diyərsən ki, qul sahibi olasan, xanım diyirdi, bı gecə filan yerdə paçcahın evi kimi bir əv istəyirəm. Sora qayıdıp gələrsən. Tayı sənin işin olmasın.
Məhəmməd özün yetirdi dəryaya, üzüyü suya salan kimi oğlan çıxdı:
– Oho, Məhəmməd, xoş gəlmisən, bizə görə qullux?
Məhəmməd dedi:
– Qul sahibi olasan. Xanım diyirdi filan yerdən paçcahın evi biçimdə bı gecə bir ev tiksin.
Oğlan dedi:
– Baş üstə, qal bizə kömək elə.
Məhəmməd dedi:
– Yox, mən qala bilmərəm.
Qayıtdı geri. Gələndə gördü aşbaz aşı bişirip, həlimini töküb qablara. Məhəmmədin tamahı düşüb otdu bir az həlim içməyə. Yolnan gedənin birisi çömçənin sapına toxunub həlimi dağıtdı. Məhəmmədin acığı tutub dedi:
– Axmaq oğlu, axmaq, qoymaz birəz bu müftə həlimnən içək.
Kişi qayıdıp dedi:
– Axmaq oğlu sənsən ki, xalx tamaşaya gedir, sən oturub həlim içirsən.
Məhəmməd dedi:
– Qardaş, nə tamaşa?
Dedi:
– Ey, hələ xəbərin yoxdu? Fatı qarının oğlu keçəl Məhəmmədin ağalarının vaxtı tamamdı. Məhəmməd gəlmiyib paçcah oların boynun vırdırır.
Məhəmməd bını eşidən kimi məsələ yadına düşdü. Tez corabları götürüb paçcahın divanxanasına tərəf üz qoydu. Onda yetip gördü ki, az qalıp ha cəllad elə ağalarının boynunu vurhavurdu. Adamları o tərəf-bı tərəfə yarıp, özün atdı meydançaya, corabları paçcahın qabağına töküb, dedi:
– Hanı baqqal? Corabları gətirsin, görək.
Paçcah əmr elədi, lotuları azad elədilər. Baqqala da əmr elədi ki, corabları gətirsin. Baqqal corabları gətirəndə paçcah gördü ki, paho bı corablar ha bırda Qazaxlarda, Usuluda, Çubuxda toxunub, o saat əmr elədi cəllada. Cəllad hazır oldu:
– Nə buyurursan qibleyi-aləm? Qulum qolatanı, qılıncım kəskin.
Paçcah dedi:
– Vır, bı saat baqqalın boynun.
Cəllad baqqalın boynun elə vırdı ki, bir gilə qan da yerə düşmədi.
Paçcah dedi:
– Məhəmməd!
Məhəmməd dedi:
– Bəli.
– Məhəmməd, bəlkə bı corabın bir cütünü maa verəsən.
Məhəmməd dedi:
– Gözdərinin ikisi də bir dəşiydən çıxa, genə vermərəm!
Corablardan hər ağasına bir cütün bağışdadı. Lotubaşı da Məhəmmədi azad eləyip dedi:
– Get, nə qədər mən sağam, bı şəhərdə saa bir adam sataşsa, gəl maa xəbər ver. Sənin işin olmasın.
Məhəmməd üz qoydu əvlərinə. Nə gördü?! Evlərinin yerində qırx mərtəbə bir ev tikilipdi ki, heç paçcaha miyəssər dəgil. Xana baxçası, fəvvarası, qulluxçusu, qaravaşı, hər şeyi içində. Məhəmməd durup fikir eləyirdi ki, ay Allah, yəni bı mənim evimdi? Dedi, yox, ola bilməz, yəqin mən yanlış gəlmişəm. İstəyirdi qayıtsın geri, gördü arvadı külafirəngidən çağırır:
– Məhəmməd, niyə içəri gəlmirsən?
Baxdı gördü, xeyr, öz arvadıdı, bı da öz evidi. Çıxdı yuxarı, başdadı xanımnan kef eləməyə.
Bıllar kef çəkməkdə olsun, sizə kimnən xəbər verim, paçcahdan. Paçcah bir gün vəzirinən oturmuşdu külafərəngidə, dörd tərəfə baxırdı. Gördü, vallah şəhərin bir yerində bir imarat tikilip, heç paçcaha miyəssər deyil. Üzün tutub vəzirə dedi:
– Vəzir, bı ev kimindi?
Vəzir cavap verdi ki:
– Qibleyi-aləm sağ olsun, həmən Fatı qarının oğlu Keçəl Məhəmmədindi.
Bıllar bı danışıqdaydılar, Məhəmmədin arvadı çıxdı eyvana. Paçcah qızı görən kimi bir ox qızın iki qaşının arasınnan qutarıp dəydi paçcahın ürəginin başınnan. Paçcah, bildirmi ölübsən, bu ilmi? Yıxılıp ürəyi yetdi. Vəzir paçcahı birtəhərnən özünə gətirdi. Dedi, evin yıxılmasın nə qayırırsan?
Paçcah dedi:
– Vəzir, tədbir! Mən gərək qızı alam!
Vəzir dedi:
– Qibleyi-aləm, nə tədbir, gücnən ala bilməzsən. El diyər paçcah kişinin kəbinni arvadın zornan aldı. Gərək Məhəmmədə elə bir qullux buyurasan ki, yerinə yetirə bilmiyə, boynun vırdırasan. Ayrı əlac yoxdu.
Paçcah dedi:
– Nə buyurux buyurax?
Vəzir cavaf verdi:
– Qibleyi-aləm, sabah Məhəmmədi çağırarsan, diyərsən ki, Məhəmməd, sən bir qoçaq oğlansan, sənnən başqa heç kəs bacarmaz. Gərək mənə nar içində huri gətirəsən, gətirməsən boynunu vırdıracığam. Əlacı yoxdu, gedəcəg, ya ölər, ya da gətirə bilməz, sən boynun vırdırarsan.
Paçcah dedi:
– Çox yaxşı tədbirdi.
Birtəhərnən paçcah gecəni sabah elədi. Tezdən qırmızı geyinip çıxdı taxda. Fərraş göndərip Məhəmmədi çağırtdı hüzuruna, bir kitabı açıb əlin qoydu bir yazının üstə, dedi:
– Məhəmməd, bı nədi?
Məhəmməd uşaxlıxda birəz molla yanında oxumuşdu, höccələməynən bilirdi. Odur ki, höccələyib dedi:
– Paçcah sağ olsun, “nar içində huri”.
Paçcah dedi:
– Hə qoçağım, düz oxuyubsan, “nar içində huri”dir. İndi mən görürəm bı şəhərdə sənnən qoçaq adam yoxdu, gərək bınnan maa gətirəsən, gətirməsən boynuvu vırdıracayam.
Keçəl kor-peşman, suyu tökülmüş qarı kimi qayıtdı. Qız gördü tay nə... Elə bil Məhəmmədin dədəsi indicə ölüb, qaş-qabağı yer süpürür, cəld durup Məhəmmədin boynun qucaxlayıb dedi:
– Mənim sevgilim, niyə bikefsən, sən bilmirsən mənim sənnən başqa bir kimsəm yoxdu? Sən də bekaf olanda bı qürbətdə mən neynərəm?
Məhəmməd dedi:
– Xanım, paçcah bir buyurux buyurub, yerinə yetirmək mümkün deyil, boynum vırılacax.
Qız dedi:
– Məhəmməd, sən Allah, helə demə, ürəyimi qana döndərmə. De görüm, nə buyurup?
Məhəmməd əhvalatı mən sizə diyən kimi qıza nağıl elədi.
Qız gülüp dedi:
– Elə bu?
Məhəmməd dedi:
– Bəli.
Qız soruşdu:
– Hələ de görüm, möhlət alıpsan?
Məhəmməd dedi:
– Almamışam.
Qız dedi:
– Onda, get paçcahdan qırx gün möhlət al, gəl otur otuz doqquz gün yeyək, içək, Allaha şükür eliyək. Qırxıncı gün Allah kərimdi.
Məhəmməd gedip paçcahdan qırx gün möhlət aldı. Gəlip otuz doqquz gün xanımnan kefə baxdı, qırxıncı gün xanım bir löh verdi Məhəmmədə. Dedi:
– Məhəmməd, çıxarsan şəhərdən kənara, bu löhü oxuyub gözdərini yumarsan. Bir də görəcəksən ki, ayağın bir şeyə ilişdi, gözünü açanda görərsən bir daşdı, qalxızarsan, daşın altından bir piləkan çıxacaq. Piləkandan yenərsən, qabağa bir darvaza çıxacax. Darvazanın ağzında bir qarı oturub. O mənim xalamdı, bı kağızı verərsən ona oxuyar, o nə disə əməl edərsən. Qayıdanda bı löhü oxuyarsan, olacaxsan evimizdə, qorxma.
Məhəmməd löhləri alıp nənəsiynən, arvadıynan görüşüp, öpüşüp ayrıldı. Elə ki, şəhərin qırağına çıxdı, löhü başladı oxumağa. Oxuyub qurtaran kimi Məhəmməd başladı quş kimi uçmağa. Bir də gördü ayağı bərk bir şeyə ilişdi. Gözün açıb gördü ki, bir daşdı. Daşı qavzadı, piləkanı çıxdı, piləkandan enib özün qarıya yetirdi. Kağızı uzatdı qarıya, qarı dedi:
– Məhəmməd!
Dedi:
– Bəli!
Qarı dedi:
– Ala, bı löhü, o dağı görürsən, get o dağın dabanına, görərsən nar ağacdarıdı. Üstü tey nar, ancax hər narın saplağının dibində ilannar yatıp. Bu löhü tutarsan havaya. Bir ağ yağış başdayacax. O ilannar çəkilib gedəcəklər. Onda çıxarsan nardan nə qədər lazımdı qoynunu, qoltuğunu doldurarsan.
Məhəmməd löhü alıp özün verdi dağın dabanına, löhü havaya tutan kimi bir ağ yağış başdadı. İlannar təmiz çəkilip getdilər. Məhəmməd cəld nə qədər ki lazım idi, nardan yığıp, qoynun, qoltuğun doldurdu. Sora düşüp gəldi qarının yanına. Qarı bir kağız da bacısı qızına yazıb, Məhəmmədi yola saldı.
Məhəmməd qayıdıb piləkannərnən qalxdı yuxarı, çölə çıxıp daşı genə çəvirdi yerinə. İkimci löhü oxuyub gözdərin yumdu. Gözün açanda gördü, öz qapısındadı. Yuxarı qalxıb öz evinə girdi.
Qız Məhəmmədi görən kimi dedi:
– Gətirdin?
Dedi:
– Bəli.
Qız dedi:
– Qoy bıra, görüm bəlkə heç içində hurisi yoxdu.
Məhəmməd narrarı töhdü qızın qabağına. Qız pıçağı əlinə alıp, narın birin kəsdi. İçindən huri çıxıp dedi:
– Ay maa su, ay maa su.
Su olmadı, uçub getdi. İkincisi belə, üçümcüsü belə... ta bir nar qalıncan. Qız hamısın kəsdi. Biri qalanda qız dedi:
– Məhəmməd!
Məhəmməd dedi:
– Bəli!
Dedi:
– Bir qab su hazır qoy.
Məhəmməd suyu hazır elədi. Qız narı kəsdi, huri qırağa atılıb “ay maa su” diyən kimi suyu uzatdı.
Huri dedi:
– Sən Allah, paçcahı örgətmiyin, qoyun, mən də gedim bacılarımın yanına.
Qız dedi:
– Arxayın ol.
Huri genə girdi nara. Qız narın kəsdiyi yerini qoydu bir-birinin üstə, elə bil heç kəsilməmişdi. Bitişib oldu əvvəlki kimi. Məhəmmədə verip dedi:
– Apar, ver paçcaha.
Məhəmməd özünü yetirib paçcaha narı uzatdı. Paçcah dedi:
– İndi bının içində huri var?
Məhəmməd dedi:
– Mən nə bilim? Kəsərsən, görərsən!
Paçcah pıçax istiyib narı kəsən kimi, huri sıçrayıb qondu kənara, çığırdı ki, “ay maa su, ay maa su”. Paçcah, “vəzir su”, “vəkil su”, hahi eləyip su getirincən, huri pırıldıyıp çıxdı getdi.
Paçcah dedi:
– Məhəmməd, axı qız qaçdı.
Məhəmməd dedi:
– Mən nə eləyim. Maa demişdin gətir, deməmişdin ki, saxla, özün saxlıyaydın.
Paçcahın əlacı kəsilip Məhəmmədi azad elədi.
Məhəmməd evə getməkdə olsun, görək paçcah nə qayırır? Paçcah üzün vəzirə tutub dedi:
– Vəzir! Tədbir, yoxsa bı qızın dərdi məni öldürər.
Vəzir dedi:
– Evin yıxılsın, taha nə tədbir, hər nə desən, əmələ gətirəcək.
Paçcah dedi:
– Genə bir çarə tapıb bı keçəl köpək oğlunu başımızdan rədd eləməliyik.
Vəzir dedi:
– Qibleyi-aləm sabah çağırax, deyək bı dəryanın ortasınnan bir ev tiksin. Hamı – vəzir, vəkil arvad-uşağını da götürüb orda olax. Paçcah bı tədbiri bəyənib, səhər Məhəmmədi çağırtdırdı:
– Qoçağım, bı dəryanı görürsən, onun ortasında gərək maa bir ev tikdirəsən.
Məhəmməd dedi:
– Ay paçcah! Ədalətinə güc eləmə, suyun üzündə ev tikdirmək olarmı?
Paçcah dedi:
– Uzun danışma, tikdirdin tikdiribsən, tikdirməsən boynun vurılacaxdı.
Məhəmməd genə suyu tökülmüş qarı kimi evə qayıtdı. Qız gördü vallah Məhəmməd ölüb, yerdən götürən yoxdu. Durub Məhəmmədin boynun qucaxlayıb dedi:
– Qadan alım, niyə bikefsən?
Məhəmməd olan əhvalatı nağıl elədi. Qız qah-qah çəkib dedi:
– Elə bı?..
Məhəmməd dedi:
– Bəli, xanım, məyər bı azdı, suyun üzündə də ev tikdirmək olar?
Qız dedi:
– Hələ sən maa de görüm, möhlət aldın?
Məhəmməd dedi:
– Xeyr, xanım, almamışam.
Qız dedi:
– Onda, get, əvvəlcə qırx gün möhlət al. Otuz doqquz gün kef eliyək, görək qırxı nə olur?
Məhəmməd gəlib paçcahdan qırx gün möhlət aldı. Başdadılar xanımnan kefə. Elə ki, otuz doqquz gün tamam oldu, xanım üzüyün barmağından çıxarıb verdi Məhəmmədə, dedi:
– Al bı üzüyü, apar dəryada suda çalxala. Bir oğlan çıxıb diyəcək ki, Məhəmməd, nə qullux? Denən, qul sahibi olasan, xanım deyirdi, dəryanın ortasında bir ev tikdirsin, paçcah, vəzir, vəkil arvat-uşağınan orada olacax. Onda o diyəcəg: Məhəmməd, qal maa kömək elə, deyinən xeyr, mən qala bilmərəm, özün də qayıdanda nəbadə, dala baxasan.
Məhəmməd gəlib dəryanın qırağına üzüyü suda çalxalayan kimi su ayrılıb oğlan hazır oldu:
– Paho, Məhəmməd, xoş gəlmisən, beş gəlmisən. Bizə görə qulluğun?
Məhəmməd dedi:
– Qul sahibi olasan, qullux bizimdi. Ancax xanım diyirdi, bı dəryanın ortasında bir ev tikdirsin, paçcah, vəzir, vəkil arvat-uşağınan orda olacax.
Oğlan dedi:
– Məhəmməd, qal bizə kömək elə.
Məhəmməd dedi:
– Xeyr, mən qala bilmərəm.
Qayıdıp gəldi evə. Gecəni yatdılar, sabah üzüza xeyrə açılsın. Elə ki, sabah oldu qız Məhəmmədi yuxudan oyatdı, dedi:
– Məhəmməd, di dur bir tamaşa elə, gör nə görərsən?
Məhəmməd dərya tərəfə baxanda nə gördü? Baho, nə! Dəryanın ortasında bir imarat tikilib, heç paçcaha miyəssər deyil.
Qız dedi:
– Məhəmməd, di get, paçcaha xəbər ilə köçsün evə.
Məhəmməd gəlib paçcaha xəbər verdi ki, ev hazırdı. Paçcah baxıb gördü ki, doğrudan bir elə imaratdı ki, misli görünməmiş ola. Paçcah əmr elədi nə qədər yaxın adamları varıdı, hamısı arvat-uşaxlarınan bərabər köçdülər evə. Axşam olanda xanım dedi:
– Məhəmməd! Al bu üzüyü, gedərsən dəryanın qırağına, üzüyü suda çalxalarsan, həmən oğlan çıxacax. Diyəcək, “bizə görə nə qullux”. Diyərsən, “qul sahibi olasan, xanım salam yetirib diyirdi ki, o binanı bı gecə elə çəkər dəryanın tənginə ki, izi-tozu da qalmaz. Diyəcək, “qal, kömək elə”. Denən, “mən qala bilmərəm”. Bax, özün də nəbadə qayıdanda dala baxasan.
Məhəmməd gəlib dəryanın qırağına, xanım diyən kimi elədi.
Oğlan dedi:
– Qal, kömək elə.
Məhəmməd dedi:
– Xeyr, məni bağışda, qala bilmərəm.
Məhəmməd xudahafizdəşib evə qayıtdı. Yolnan gələndə, fikirrəşdi ki, yanı mən dala baxanda nə olacax? Lap qapının ağzına çatmışdı ki, davam eləyə bilməyip, əyildi iki qıçının arasından dala baxdı. Məhəmmədi götürüb başı üstə elə vurdular yerə ki, Məhəmməd bu ilmi ölüpmüş, bildirmi, bəyax, özündən getdi. Tappıltıya qız çıxıb gördü ki, Məhəmməd tirtap uzanıb. Qız qulluqçulara səslənip Məhəmmədi yuxarı gətirdilər. Üzünə ayna tutub gördülər ki, canı var. Başdayıb sinəsinə sudan-zaddan səpip, qarsın boğup, Məhəmmədi özünə gətirdilər.
Məhəmməd ayılan kimi qız dedi:
– Saa deməmişdim, dala baxma, indi bir dərya tərəfə bax gör noolub?
Məhəmməd dedi:
– Xanım, qələt elərəm, mən bir ildən də sora dərya tərəfə baxmaram.
Xanım dedi:
– Qorxma, daha vaxtı keçib, hələ saa xətir qoydular, öldürmədilər. İndi baxa bilərsən.
Məhəmməd qorxa-qorxa dərya tərəfə baxanda, gördü o boyda imarətdən bir çöp də qalmayıp yerində. Dərya ləpə çalır. Səhər şəhər əhli əhvalatdan xəbərdar olub şad oldular. Bu işdəri kim elədiyin bilip Məhəmmədi aparıb özdərinə paçcah seçdilər. Məhəmməd də həmən lotuları çağırıb hərəsin bir mənsəbə qoydu. Lotubaşını da özünə vəzir elədi.
Bir müddətdən sora Məhəmmədin bir oğlu da oldu. Ömrü uzunu paçcahlıx elədi, xalxnan yaxşı rəftar eləyip, rəyyəti ədalətnən dolandırdı. O yedi, işdi, yerə keçdi, siz də addıyın, dövrə keçin. Olar mətləbinə çatdılar. Allah hamını mətləbinə çatdırsın, biz də onun biri.
Tarix: 21.04.2013 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 995 Bölmə: Nağıllar