Xalqımızın fərqli toy adətləri var. Toy bizdə həmişə qiymətli olub və xalq tərəfindən xüsusi diqqətlə qarşılanıb. Ona görə də, ta qədimdən toy adət-ənənələrimiz özünəməxsusluğu ilə digərlərindən seçilib. Dinə, müsəlmançılığa yol verdiyimiz toylar el-obanın içində urvatlı olmalı, camaatın dilində təmiz adla qalmalıdır. Bizim toyların bir özünəməxsus tərəfi də hamımızın bildiyi kimi yengəlikdir.
Əvvəllər, ta qədimdən yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər. Belə demək olarsa Azərbaycanda “Yengəlik institutu” uzun illər fəaliyyət göstərib. Ancaq bu adətimiz son zamanlar toyun atributları sırasından aralanır. Artıq toylarımızda yengə və yaxud buna bənzər bir şey görmək çətin məsələdir. Nəyə görə yengəlik gözdən düşdü? Yaxud nədən artıq “yengəlik institutu”na ehtiyac yoxdur?
Bu sualları yazımızda araşdırmağa çalışacağıq.
Tarixi
Yengəliyi öyrənərkən mütləq toyu incəliyinə qədər araşdırmalısan. Güman olunur ki, yengəlik ta qədimdən bəlli olan bir toy atributudur. Ancaq onun dəqiq ili, nə vaxt yarandığı, harada mövcud olduğu, necə ortaya çıxdığı heç kəs tərəfindən məlum deyil və tarixçilərimiz də bu barədə yalnız təxəyyülə, əfsanələrə söykənir, söylənilənlərə əsaslanaraq öz fikirlərini bildirir, yengəlik haqqında məlumatlarını bölüşürlər.
Yengəlik güman ki, qəbilə formasının tədricən dağılıb ailəyə çevrildiyi dönəmdə mövcud olmuşdur. O zamandan bu günə qədər yengəlik müqəddəs sayılır, qorunur, gələcək nəslə ötürülür. Təbii, istisna halları da olmamış deyil. Çoxları isə yengəliyin tamamilə itib-batdığını düşünür və bunu həqiqət hesab edir. Ancaq bu belə deyil. Yengəlik hələ də davam edir, ancaq müəyyən məsələlərə görə bu bir az dəbdən düşüb.
Bu “dəbdən düşmə”ni isə növbəti yarım başlıqlarda izah edəcəyik.
Yengənin kimliyi
Yengənin fəaliyyətini öyrənmək üçün gərək ki, bir iki yengə tapıb söhbət eləyəsən. Buna görə də bu yazını yazmaqdan ötrü bir çox yengələrə müraciət elədik. Beləliklə, “veteran yengələr” belə hesab edirlər ki, qabaqlar toyun təşkilatçısı yengə hesab olunurdu. Tarixən toylarda iki yengə olmuşdur:
1) oğlan yengəsi; 2) qız yengəsi.
Necə deyərlər, toyda “göydən gedən” oğlan yengəsi sayılır. Demək olar ki, toyun gedişatında oğlan tərəfinin yengəsi xüsusi rol oynayır və belə desək, qız evinin yengəsini kölgədə qoyur.
Kim yengə ola bilər?
“Veteran yengələr”imiz bu sualın da cavabını hay-həşirlə cavablandırırlar. Onların bir qismi ayrı şey deyir, bir qismi də tamam ayrı. Ancaq ortaq nöqtəyə gəlinir ki, toyda yengə ancaq yaxın qohumlardan ola bilər. Buna əmi, dayı, qardaş arvadı daxildir. Deyilənə görə, bacı və nəslin digər üzvləri yengə olmaq hüququndan məhrumdurlar.
Bir çox “tarixi yengə”miz belə hesab edir ki, toy məclislərində yengə qadının vəzifəsidir və bu işlə məşğul olan özünəməxsus peşənin adına da “yengəlik” deyilir. Ana dilimizdəki “yengə durmaq”, “yengəlik etmək” kimi ifadələr vaxtilə savab və xeyirli iş sayılan “yengə” vəzifəsini icra etmək kimi başa düşülür. Bu vəzifəyə aid xüsusi paltar və xələt var.
Yengənin vəzifələri
Yengənin əsas vəzifəsi toy mərasimində başlayır. Ancaq bəzi “veteran yengə”miz belə hesab edir ki, yengənin üzərinə götürdüyü öhdəliyi bununla məhdudlaşmır.
Oğlan yengəsi qızı görür, bəyənir, elçiliyə getmək üçün məsləhət bilir. Bildiyiniz kimi, toy adətimizə görə, ilk elçiliyə oğulun anası və onun yaxın qohumu gedir. Əgər razılıq alınarsa elçilikdən sonra “təsdiqləmə” mərasimi olur. Bu mərasimdə qız yengəsi də iştirak edir. O, qızı öyür, hər şeyinin yerbəyer olduğunu, heç bir probleminin olmadığını deyir. Oğlan tərəfi isə nəm-nüm eləyir, fikirləşəcəklərini, öz yengələrinin vasitəsi ilə qızı hər tərəfli öyrənəcəklərini bildirirlər.
“Veteran yengələr”imiz deyir ki, qız yengəsi gərək böyük bir öhdəliyi üzərinə götürsün. Belə ki, qızın təmiz yolda olmaması üzə çıxarsa bu zaman yengənin üzərinə də ləkə düşür. Çünki tarixən yengə təmizliyin, müqəddəsliyin, saflığın, namusun simgəsi olub, toyun atributu olaraq yüksək mövqedə dayanıb. Dediyimiz kimi, qız pis yola quluq edərsə müəyyən cəza tədbirləri görülür.
Bəzi yerlərdə, qızı eşşək arabası ilə kəndin içindən öz evinə aparırlar. Beləliklə onun hansı yola quluq etməsi bütün kənd adamları tərəfindən məlum olunur. Çünki kənd bu adətə bələddir və belə hal müşahidə olunan kimi həmin ailəni elə şərməndə edir, bir də onları danışdırmırlar. Qızın ailəsi də müəyyən cəza tədbirləri görür. Namus məsələsi və elə şərməndə olmaq müsəlman üçün nə qədər ayıb olduğu hər kəsə məlumdur. İndi düşünün ki, qızın böyüyü ona nələr edə bilər.
Hətta tarixən bəzi yerlərdə qızla yengənin başını dibindən qırxdırıb eşşəyə mindirər və uzunqulağa bir təpik vurub onları hara gəldi buraxırmışlar. Bu tarixən o mənaya gəlir ki, o qız və qızın yengəsi artıq yolunu azıb və hara getdiklərini özləri də bilmir.
Nə isə, gələk yengənin əsas vəzifələrinə. Toydan iki-üç gün əvvəl ər evinə gəlinin cehizini gətirərlər. “Veteran yengələr” xüsusi ilə bildirir ki, bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları və bəyin dostları gətirirlər. Gəlinin anası cehizini düşürmək üçün qızın qardaşına nəmər verir. Nəmər verilir, ortaya nəhayət, gəlinin yengəsi çıxır. O, qızın bacısı ilə evi bəzəməyə gedirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də nəmər verir.
Toydan əvvəlki mərasimdə oğlan yengəsi oğlan evindən çıxır və düşür bəyin qabağına, əlində də qırağı güllü bir güzgü. Onu da bildirək ki, yengə həm də sağdış və soldışa göstəriş verir, onları düzgün yola yönləndirir. Elə ki, oğlan tərəfi qız evinə gəlib çatır, bu yerdə bəy irəli keçir və qapının bağlı olduğunu görür. Qapının dalından qız yengəsi qışqırır: “nəmər, nəmər”. Deyilənə görə, çox vaxt nəmər pulla olur. Oğlan yengəsi “pul” sözünü eşidən kimi başlayır qiyməti “öldürməyə”. Qız yengəsi də buna bənd qiyməti “dirildir”. Axırı, razılıq əmələ gəlir və qapı açılır. Oğlan yengəsi başda bütün oğlan tərəfi içəri daxil olur. Qızın olduğu yerə çatırlar. Bu yerdə yenə qız yengəsi pul istəyir. “Bəs deməzsənmi, bəzəmişik qızı, gülə döndərmişik”. Xına yaxanlar da bir yandan: “Xına qoyduq, evə bağlansın” deyib oğlan tərəfini bir tərəfə “sıxışdırır”. Oğlan yengəsi də yerində durarmı, başlayır qiyməti “öldürməyə”. “Öldürür”, “öldürür”, axırı yenidən razılıq yaranır. Ancaq elə bu vaxt yengələri mətbəxə çağırırlar. Nə var, nə yox, qazanın ağzı açılmır. Vay, vay, yenə nəmər işə düşür. Baş aşpaz da dilini sazlayır, bəs bizim oğlanımız belə, elə. “Veteran yengələr” bu arada əlavə eləyirlər ki, baş aşpaz həmişə oğlan tərəfini tərifləyir, çünki adət belədir, oğlan toyda əsas rol oynayır. Hə, harada qalmışdıq, yadıma düşdü. Bir sözlə axırı, oğlan tərəfi pulu aşpazın cibinə basır, nəmər alan baş aşpaz da dabanı üstə dönür gedir mətbəxə tərəf. Bundan sonra qız yengəsi qızı təhvil verir oğlana və oğlanla qız yaxın qohumları ilə birgə nikah dairəsinə gedirlər.
Və toy başlayır… Toy başladısa, demək, yengənin də vəzifəsinin icrası davam edir. Beləliklə, toyu qız və oğlan yengələri açır. Onlar qabağa düşüb qollarını açıb oynayır və bununla da toyun başlandığını elan edir. Qabaqlar deyirdilər ki, toyun sonuna qədər hər iki yengə gözləyir, bir yerə getmirdi. Ancaq indi belə deyil. Sonda həmişə oğlan yengəsi qalır. Toyun sonunda oğlanla qız onlara ayrılan otağa daxil olurlar. Yengələr də qapının arxasında pusquda dayanırlar. Gecədən xeyli keçəndən sonra əgər otaqdan şad xəbər gətirilərsə bu zaman bəyin dostları göyə tüfəng atır. Bu hər şeyin yolunda olduğunu bildirən siqnaldır. “Tüfəng atmadan” sonra “bəy otağı”ndan lazımi döşək ağı çıxarılır və oğlan yengəsi həmin döşək ağını qız yengəsinə təhvil verir. Ardınca qarşılıqlı pay vermə mərasimi keçirilir. Pay qızıl əşya, mebel və s. ola bilər.
Xınayaxdı mərasimində də yengə əsas fiqurdur. O xınanın gətirilməsində, oğlana və qıza xoşbəxtlik diləməkdə vəzifələnir. Deməli, qızlar bir otağa yığışır, qız yengəsi də islanmış xınanı götürüb düşür ortaya, oynayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib oğlan adamının qabağına qoyur. O da boş kasaya pul atıb, xınanı götürür. Oynaya-oynaya gəlir gəlinin yanına. Onun əllərinə, ayaqlarına xına qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub, nəmər salır. Deyilənə görə, bəzi yerlərdə yengə oğlanın və qızın əlinə onların adlarının baş hərfini xına ilə yazır, yaylıqla bağlayır. Yaylıq xüsusi ilə qırmızı rəngdə olmalıdır, çünki bu rəng xoşbəxtliyin təcəssümüdür. Xınayaxma tarixən oğlanla qızın ömür boyu xoşbəxt olmasını simgələyən bir mərasim olduğu bildirilir. Toyun sabahısı gün isə oğlan yengəsi başda oğlan tərəfinin adamları ilə bir yerdə qız evinə gedirlər. Burda da yengələr bir-birinə hədiyyə verir və bununla da yengələrin böyük, məsuliyyətli işləri tamama yetir.
Yengəlik haralarda olur?
Yengəlik əsasən mühafizəkar-patriarxat toplumlarda mövcud olan bir adət sayılır. Bunlara qırğız, qazax, başqırd, özbək, gürcü, yunan, erməni, fars, ərəb və digərləri daxildir. Bütün mühafizəkar-patriarxat toplumlarda olduğu kimi, mənfur düşmənlərimiz ermənilər də “yengəlik institutu”na sadiqdirlər. Belə ki, Ermənistanda da qadının toydan əvvəl cinsi “toxunulmazlığına” (bakirəliyinə) böyük önəm verilir. Ermənistanda, bakirəliyin ənənəvi Qafqaz rəmzi olan toy gecəsi döşək ağının nümayişindən başqa ənənə də var. Bu adətə görə, “bəy otağı”nın pəncərəsi önünə qırmızı alma qoyulur. El arasında ermənilər ona: “garmir khndzor” deyirlər.
Ancaq Ermənistanda 8 mart günü bir neçə gənc fəallar cəmiyyətdə hökm sürən belə hallara etiraz olaraq yürüş keçirtdilər və qırmızı almaları yerə basdırdılar.
Digər xalqların “yengəlik institutu” bir-birilərindən dini, etnik duruma görə fərqlənir. Buna görə də yunan, gürcü, erməni “yengəliyi” ilə özbək, başqırd, qazax, qırğız, ərəb, fars “yengəliyi”ndə kəskin fərqlər əmələ gəlir.
Yengəliyin məskən saldığı digər yerlər haqqında məlumatlar olmadığından onların fərqliliyini göstərmək çətin məsələdir. Ancaq təxəyyülə əsaslanaraq müəyyən fərqliliyi açmaq, izah etmək olar. Ki, buna da zənnimcə ehtiyac yoxdur.
Yengənin vacibliyi
Yengə həmişə adət-ənənənin öyrədilməsində böyük rol oynayıb. Evlənən cütlükləri maarifləndirməkdə, gələcəkdə nə işlər görəcəklərini, ailənin nə demək olduğunu öyrədən də yengə hesab olunmuşdur.
Yəni, açıq danışsaq, yengə qız və oğlanı “gərdək gecəsi”nə hazırlaşdırır, bu yöndə onları maarifləndirir, cütlükləri hər şeydən agah eləyir. Əvvəllər bu biabırçılığın qarşısı alınmasında olduqca faydalı bir “maarifləndirmə” hesab olunurdu.
Oğlan və qız yengə vasitəsi ilə evliliyin, ailə qurmağın faydasını, çətinliyini dərk edir, buna görə də onun mülahizələrini dinləyir, özlərinin gələcəyinin uğuru üçün “yengəlik institutu”ndan istifadə edirlər. “Veteran yengələr”imiz düşünürlər ki, evlilik Allahın əmri hesab olunur və bu insanlığın davamıdır. İnsan doğulmalı, böyüməli və ən nəhayətində ölməlidir. Təbiət qanunlarından yan qaçmaq həyat qanunlarının dışında bir hərəkətdir.
Yengəlik niyə dəbdən düşüb?
“Veteran yengələr”dən, “Yengəlik institutu”nun keçmiş üzvlərində sual etdik ki, bəs niyə indi yengəlik adında bir şey yoxdur. Nədən yengəlik dəbdən düşüb? Nəyə görə bu yengəlik adət-ənənələrimiz sırasından az qala aralanır?
“Tarixi yengələr”imiz bu sualların cavablarını özünəməxsus şəkildə cavablandırırlar.
Deyirlər ki, bu, indiki gənclərin özlərini yekəxana aparmasından irəli gələn səbəbdir. Bir də ki, çağdaş zamanın insanları yetkin, ağıllı, savadlı, dünya görüşlü adamlardır. Onların yengəyə ehtiyacları yoxdu, çünki hər şeyi bütün çılpaqlığı ilə bilirlər. Gününün bir neçə saatını internetdə keçirən, kitab oxuyan, televizora baxan insan köhnə təfəkkürlərini beyinlərindən qazıyıb çıxardırlar. Əslində yengəlik keçmişdən insanlara ehtiyacdan, bilməməzlikdən, savadsızlıqdan lazım olub. İndi isə dünyanın bütün sakinləri kimi bizim adamlar da “seksoloji maarifləndirmə” əsasında evlənmə zamanı lazım olan hər şeyi öyrəniblər və bu saat onlara yengə-mengə lazım deyil.
Çağdaş zamanımızda yengəliyi bu yöndə ixtisaslaşmış həkimlər aparır. Onlar öz xəstələrini müalicə etməklə və yaxud maarifləndirməklə “yengəlik institutu”nun çöküşünə zəmin yaradırlar. İntim əlaqə ilə bağlı olan bütün məlumatlar, cinsi çatışmazlığa məruz qalan insanlar artıq bu yöndə ixtisaslaşmış professional həkimlərə müraciət edirlər.
Digər “veteran yengələr” hesab edir ki, yengəliyin süqutu həm də bəylərdən asılıdır. Çünki onlar indi toyun gedişatında lider sayılırlar, bəylərin bir dediyi, iki olmur. Bəylər yengəliyi indiki zamanın tələblərinə uymayan, geridə qalmışlıq, Avropaya inteqrasiyaya mane olan (guya yaman avropalıdırlar) bir adət hesab edir, bunu özləri üçün biabırçılıq, rəzillik hesab edirlər. Çünki artıq onlar “yengəlik institutu”nun bütün sirlərinə bələddirlər. Bir sözlə, yengəlik artıq tarix olur.
P.S. Qızlar, bəlkə siz də yengələrinizdən danışasınız ))
Tarix: 07.12.2012 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1390 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri