(Bir müəllimin gündəliyindən)
Məktəblərin açılmasına bir həftə qalmış birinci sinifə gedən oğlumun hər sabah gedəcəyi yolu "ölçməyi" qərara aldım. Təbii ki, oğlumun sürətini nəzərə almağı da unutmadım. Buna baxmayaraq, bu yol, yenə də, ən azı 20 dəqiqə vaxtımı aldı. Ancaq ilk iki gün oğlum evə vaxtından 10 dəqiqə gec gəldi.child who goes to school
Başqa sözlə, onun məktəbdən çıxdığı vaxtla evə gəldiyi vaxt arasında 20 dəqiqə yox, 30 dəqiqə fərq var idi. Buna görə də, üçüncü gün özüm onunla bir yerdə məktəbə getməyi qərara aldım. Əlbəttə ki, bir həftə əvvəlki 20 dəqiqəlik proqnozumda yanılmamışdım. Sadəcə olaraq, oğlum üçün birinci, mənim üçün ikinci dərəcəli olan kiçik istisnaları nəzərə almamışdım:
— Bi ağacın gövdəsindəki qarışqa «karvanına» tamaşa etmək.
— Bir mağaza vitrinindəki velosipedə baxmaq.
— Bir sürücünün təkər dəyişdirməsini «izləmək».
— Bir elektrik dirəyinin ətrafında bir-iki dövrə vurmaq.
— Bir küçə itinin və iki küçə pişiyinin başını sığallamaq.
— Bir kəpənəyin arxasınca qaçmaq...
Bir sözlə, oğlumun yolunu "ölçərkən" bir vaxtlar mənim də altı yaşında olduğumu unutmuşdum.
Tarix: 03.12.2014 / 13:45 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Maraqli Hekayeler