Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyanet Qoxusu ....(dedektiv)

Iblis nədir? Cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir? – İblis!
Hüseyn Cavid
Buradan getdiyi cəmi bir il idi. Amma nə böyük dəyişiklik yaranmışdı. Gözəl qoyub getdiyi şəhər bir az da gözəlləşmişdi. Cəmi bir ilin içərisində onlarla bina, obyektlər artmışdı. Hələ təzə park, yaşıllıqlar... Bu dəyişiklikləri hiss etsə də, fikri dağınıq idi. Görəsən Aytac haqqında deyilənlər doğrudur? Görəsən?... Yox! Heç cür inanmaq istəmirdi. Aytac heç vaxt belə hərəkət edə bilməz. Axı onlar bir-birini sevirlər, işləri qaydaya salandan sonra nişanlanacaqlar. Sonra da toy edəcəklər. Anasının arzuladığı kimi - evə duvaqlı gəlin gətirəcək Aytacı. Hələ fikirləşir ki, toydan sonra imkan tapıb istirahət də götürər. Aytaca arzusunda olduğu İstanbul şəhərini gəzdirmək, oraları göstərmək üçün. İlk dəfə universitetin qarşısından keçəndə görmüşdü onu. Dərsdən çıxan qız arxasınca gələn avaralardan narahat olub tələsik yolu keçəndə, az qalmışdı maşınla vursun onu. Onda Aytacın təşvişlə baxan qəşəng, mavi gözlərini görəndə çaşıb
qalmışdı. Sonra da qızın sadəliklə üzr istəməsi onu valeh etmişdi. Hərdən elə olur ki, tanımadığımız, heç vaxt görmədiyimiz bir insana sadəcə bir kəlmədən belə vurula, heyran ola bilirik. Çox qəribədir bu həyat... O zaman Aytacın bir kəlməsinə, bir sözünə vurulmuşdu. Və bu heyranlığı tamamlayan gözəlliyinə... Sonralar özü də bilmədən dəfələrlə yolunu buradan salmışdı. Bax beləcə başlanmışdı hər şey... Aytacı dünyalarca sevirdi. Valideynlərini elçiliyə göndərib razılıq da almışdı. Nişan olmamışdısa da, razılıq əlaməti olaraq
bir üzük taxmışdılar. Bircə gün səsini eşitməyəndə ürəyi rahatlıq tapmırdı. Boş vaxt tapanda isə günlərini sevimli Xəzərin qumlu sahillərində keçirirdilər daha çox.Hərdən dəqiqələrlə dayanıb mavi səmaya, mavi dənizə və Aytacın dəniz kimi, səma kimi mavi
gözlərinə baxırdı. O isə sadə bir şıltaqlıqla gülüb baxışını yayındırırdı. Kiminsə ona diqqətlə baxmasından sıxılırdı.
O səmimi, sadə, gözəl, mehriban baxışları unutmaq mümkün deyil. Bunları düşündükcə Aytac haqqında deyilənlərə inanmırdı. Ya da sadəcə inanmaq istəmirdi... Çünki, getməmişdən danışıb razılığa gəlmişdilər. Onu təkmilləşdirmə kursu üçün bir illik xaricə göndərmişdilər. Aytac da gözləyəcəyini demişdi...
***
Qara rəngli “Mersedes” markalı avtomobil qocaman bir ağacın yanında dayandı. Həmişəki görüş yeri. Amma hələ o
gəlməmişdi... Ətrafı nəzərdən keçirib avtomobildən endi. Bura doğrudan da çox gözəl yer idi. Vaxtilə buranı görüş üçün özü bəyənib seçmişdi. Yaz vaxtı buradakı yaşıllıq, tək ağacın yaşıllıqla vəhdəti nadir rəsm əsərlərinə olduqca bənzəyirdi. Bura gələndə
həmişə nə isə daxili rahatlıq, azadlıq tapırdı elə bil. Sanki bu dünyada onlardan başqa bir kimsə yox imiş... Dəfələrlə tək də
gəlmişdi bura. Yorulanda, sıxılanda, darıxanda, fərq etməz, hər halında burada dinclik tapırdı. Amma indi nədənsə bu gözəlliyə fikirli-fikirli nəzər salıb, geri qayıtdı. Hər fəsildə bir görünüş alan bu yer, fevralın sonları olmasına baxmayaraq, füsünkarlığını itirməsə də, onun könlünü açmırdı. Avtomobildə əyləşib radionu qoşdu. Türk ifaçıları Kübariyyə və Tarkanın ifasında həzin bir mahnı səslənirdi. Onların səslərini bəyənsə də, mahnı ürəyini daha da sıxdı. Radionu söndürüb, oturacağa söykəndi. Gözlərini avtomobilin tavanına dikdi. Nə düşündüsə əl telefonunu götürüb Aytacın nömrəsini yığdı. Uzun-uzadı çağırışa cavab gəlmədi. Təkrar yığdı. Beşinci çağırışdan sonra səbri tükənib, zəngi ləğv etdi. Yenidən başını arxaya söykədi... Azacıq mürgüləsə də, pəncərənin yüngülcə döyülməsi onu
diksindirdi. Aytac... Onu görən kimi bir anlıq hər şeyib unutdu. Tamamilə hər şeyi! Necə də gözəl idi onun Aytacı. Onun
Aytacı?...
Duruxdu. Maşından düşdü. Ölkəyə qayıdandan bəri evə getmədiyindən əynində qırışmış pencəyini çıxarıb avtomobilin salonuna atdı. Qollarını geniş açıb, Aytacı bağrına basdı. Həmişəki kimi gözəl ətir gəlirdi saçlarından. Amma hər şey
həmişəki kimi olmadı... Elə bil daş heykəli qucaqlamışdı. Birdən-birə elə soyuq göründü ki, bu qız. Qollarını sallayıb düz
dayanmışdı. Onu özündən aralayıb, gözlərinin içinə baxdı. Əvvəlki qığılcım, əvvəlki parlaqlıq yox idi bu gözlərdə. Gözləri
bulanıqlaşmışdı. Sakitcə baxırdı. Onun davranışından xəyanət qoxusu gəlirdi... Xəyanətin də qoxusu olarmış sən demə. Təsviredilməz, hər kəsin duya bilməyəcəyi bir qoxu... Yalnız yaşayanların duyduğu, lakin kimsəyə qoxlada bilmədiyi qoxu. Özü də nəfəslə
deyil, birbaşa ürəkdə duyularmış xəyanətin qoxusu...
Qızın qəşəng üzünü ovcuna aldı:
−Nə olub?
Aytac başını geriyə çəkdi:
−Danışmalıyıq, Rauf...
Nəsə uyğun gəlmirdi və bu onu daha artıq narahat etməyə başlamışdı. Dodaqlarını sıxdı:
−Hmmmm...
Əslində o, Aytacın bu sözü deyəcəyini gözləmirdi, hətta belə rahatlıqla deyəcəyini:
−Bizimki alınmır, başa düşürsən, nə qədər ki gec deyil, səninki səndə, mənimki məndə.
Rauf yuxudaymış kimi, bir addım gerilədi:
−Dəli olmusan?
−Dəli olmamışam. Görürəm ki, bizdə alınmır. Belə xoşbəxt ola bilmərik.
Rauf hələ də heyrət içində donub qalmışdı:
−Qızdırmalı adamlar kimi danışma! Nə danışdığını bilmirsən heç. Nə alınmır, nə? Mane olan nədir? De, bilim də!
Aytac hirslə əlini yellədi:
−Sevgi! Mane olan da, qane etməyən də sevgidir.
Rauf təəccüblə onu süzdü, yaxınlaşıb onun çiyinlərindən tutdu:
−Məgər mən səni sevmirəm? Sevməsəydim belə arxanca sürünməzdim. Bir aya nişanlanacağıq. Tez bir vaxtda evlənəcəyik. Bundan böyük sübut?
Aytac onun əllərini kənara çəkdi:
−Yox, sənin sevginə şübhəm yoxdur. Bağışla məni, mən sevmirəm. Sevə bilmirəm. İstəyərsən bütün ömrünü səni sevməyən biri ilə başa vurasan? Axı necə? Gec-tez bezəcəksən.
Rauf olduqca sakit tonda soruşdu:
−Deməli, məni sevmədiyini indi başa düşmüsən?
Aytac onun sakitliyindən qorxdu. Çoxlarının "tufanqabağı sükut" adlandırdığı bir susmaq idi bu. Üzünü yana çevirdi, amma Raufun səsini qaldırması onu diksindirdi:
−Cavab ver!
Aytac onun gözlərinə baxıb sərt səslə dedi:
−Üstümə qışqırma! Yox, indi başa düşməmişəm! Əsl sevgiyə rast gələndə...
Raufun qəzəbdən gicgahları guppuldayırdı. O hələ Aytacı bu tərzdə, gözünü qırpmadan belə sözlər deyən görməmişdi.Ola bilməzdi. Yox, bu başqasıdır. Onun məsum baxışlı sevgilisi deyil. Belə amansızcasına onun hislərini tapdalayan, sevgisini təhqir edən, iki il onu şirin dillə oyuncağa çevirən o mələksima deyildi bu qız.Birdən-birə onu ikrah bürüdü:
−Sən nişanlı sayılırdın, barmağında mənim nişanımı daşıyırdın, Aytac! Sən necə qızsan axı? Hanı mənliyin sənin?
Hanı sənin qürurun? Hanı məsumluğun? Yox, sən Aytac deyilsən. O bu sözləri deyə bilməzdi. O deməzdi!
Aytac bayaqkı rəftarından utandımı, ya özünü elə göstərməyə çalışdı:
−Bağışla, belə olmasını mən də istəməzdim. Belə alındı. - susub çantasından üzüyü götürdü. - Bir də ki, üzüyü çoxdan çıxarmışam barmağımdan...
Rauf nifrətlə sevgilisini süzdü. Aytac baxışını qaçırdı:
−Məni də başa düş. Mən də xoşbəxt olmaq istəyirəm. – üzüyü Raufa uzatdı.
Aytacın ona uzatdığı üzüyü əsəbi hərəkətlə havaya tolazladı:
−Nəyimə lazımdır? Bəlkə elə bilirsən ürəyimin başından asacam?
−Bəsdir Rauf, kobud olma! Sevən adam sevdiyinin xoşbəxtliyini istəyər.
−Hansı xoşbəxtlik? Mənim bədbəxtliyim üstündə qurulan? Sən ona xoşbəxtlik deyirsən? Niyə iki il uşaq kimi oynatdın məni? Barmağına dolayıb gülürdün, hə? Məsxərəyə qoyurdun?Hə, Aytac?-Rauf özünə nəzarəti itirmişdi. Qızın qollarından tutub bərk-bərk silkələyirdi. – De, nəyi artıqdır onun məndən?Hə, pulu var, varı-dövləti, villası... Axmaq! Sən bunları sevirsən! Səni sərvətdir xoşbəxt eləyən, gözünü tutan! Öldürəcəm səni!
Raufun qızarıb, qan çanağına dönmüş gözlərindən qorxan Aytac canını ondan qurtarmağa çalışırdı:
−Burax! Dəli, burax deyirəm! Zorla sevgi olmur. Qolum ağrayır, burax!
−Yalançı! Xain! Hamınız iblissiniz, yalançısınız. Xəyanətkarsınız! Lənətə gələsiniz!
−Sən dəlisən, psixsən! Nifrət edirəm sənə, alçaq...
Ağzının üstündən açılan sillə onun sözünü yarımçıq qoydu.Rauf bir an etdiyi hərəkətdən duruxdu. Aytacın dodağındakı partlaqda görünən qan cızığı getdikcə qalınlaşıb, süzülməyə başlayanda, əli ilə ağzını tutub hönkürdü. Rauf bir anlıq peşmançılıq keçirsə də, qəzəb yenə üstün gəldi:
−Rədd ol burdan! Beş dəqiqə vaxt verirəm, burdan itilməsən
and olsun öldürəcəm səni!
Raufu yaxşı tanıyırdı. Bilirdi ki, dedisə, dediyini edəcək.Bir neçə addım arxaya çəkilib, heyrətdən böyümüş gözlərini Raufa dikdi və birdən cəld geri dönüb, sürətlə qaçmağa başladı. Rauf avtomobilin qarşısına söykəndi. Bir neçə anlıq dişlərini sıxdı, birdən çökərək bərkdən hönkürdü:
−Nifrət edirəm! Sənə nifrət edirəm!
* * *
−Rauf, gəl nahara.
−İstəmirəm.
−Ay oğul, dur gəl. Qaşqabağını töküb durmaq yaraşmır sənə.
−Bəsdi ana, qanım qaradır.
Gülnaz xanım kresloya yaxınlaşıb oğlunun dizi üstündəki noutbuku qaldırdı:
−Uşaq kimi çıqqaçıq salmısan. Yazır-pozur, yazır-pozur.Dur görüm.
Rauf qaşlarının düyününü açmadan stol arxasına keçdi.Anası onun çox sevdiyi yarpaq dolmasını bişirmişdi. Dolmalardan birini ağzına qoyub, dodaqaltı nəsə mızıldandı.
Gülnaz xanımı gülmək tutdu:
−Nolub, duzu azdır?
−Yox.
−Çoxdur?
−Yox...
−Adamın ürəyin üzürsən e, nolub yenə?
−Heç nə... Atam hanı?
Anası yaraşıqlı oğlunun boy-buxununu gözü ilə oxşayıb başını buladı:
−Səndən baş aça bilmədim axır, – kasadakı qatıqdan dolmanın yanına qoydu – çağırdılar, təcili getdi. Niyə ki?
−Elə-belə soruşdum.
−Yaxşı, yeməyini ye! Çəngəllə oynama, boşqabı yaxın çək!
Son iki həftə ərzində ana oğlunun dodağında ilk dəfə təbəssüm gördü:
−Nəyə gülürsən?
Rauf çəngələ keçirdiyi dolmanı ağzına qoyub, başını buladı:
−Heç, deyirəm 25 yaşım var, hələ də mənimlə uşaq kimi davranırsan. Çəngəllə oynama, boşqabı yaxın çək, daha nələr...
Gülnaz xanım güldü:
−Sənə gülməli gələr. Amma övlad ata-ana üçün elə həmişə uşaqdır.
Rauf nə düşündüsə, boşqabı kənara çəkdi:
−Çox dadlıdır, amma indi könlüm istəmir. Axşam isidərsən, mütləq yeyəcəm.
Gülnaz xanım ciddiləşdi:
−İstəyirsən deyim niyə istəmir sənin o könlün?
Rauf üz-gözünü turşutdu. Gülnaz xanım oğlunun yanına keçdi:
−Demirəm ki, sənə asan olsun. Onsuzda təkcə sözlə heç nə düzəlmir. Amma, oğlum, başa düşməyə çalış, o öz yolunu seçdi. Nəyin səhv, nəyin düz olduğunu Allahdan yaxşı bilən yoxdur. Nə olur, yaxşılığa olur. Görünür ikinizə də belə yaxşı imiş.
Rauf əsəbi döndü:
−Bəs iki il məni barmağına dolamağına nə deyirsən?
−Onun babalı öz boynunadı. Oğlum, bütün həyatı qaşqabaqla, bədbinliklə keçirmək olmaz. Sənin də qarşına öz qismətin çıxacaq. O da öz seçdiyi ilə xoşbəxtdir.
Rauf ayağa qalxdı:
−Səni çox istəyirəm, ana, amma xahiş edirəm, bu sözü bir də demə. Mən qadın tayfasına zərrəcə inanmıram. Heç kəsi də ürəyimə yaxın buraxmayacam. İstəsəm də alımayacaq. Qırıldı mənim bütün inamım da, güvənim də. Elə qırıldı ki, yaxşını da
pisdən ayıra bilmirəm daha... - boğazı göynədi - Aytacın xoşbəxtliyinə hələ baxarıq. Qoysam əgər... – o bunu dildə deyirdi. Özü də bilirdi ki, pislik bacarmır.Gülnaz xanım tərs-tərs oğlunu süzdü:
−O nə sözdür?
−O söz deyil. Edəndə görəcək. Mən bilirəm ki, Aytac ona da düzünü deməyib. Məni aldatdığı kimi onu da aldadıb. Yəqin deyib ki, onu mənimlə məcbur nişanlayıblarmış guya. Eh, kim bilir, məndən əvvəl kimləri tora salıb. Amma onun şöhrət arzusunu qoyacam ürəyində. Qoy çəkdiyimin heç olmasa yarısını çəksin. Ana əsəbləşdi:
−Bəsdir! Mənim oğlumun danışığına bax bir! Mahir kimi kişinin oğlunun danışığına bax. O namərdlikdir, nakişilikdir!Onsuz da hamı öz əməllərinə görə mükafatını alır. Allah ona bildiyi kimi cəza verəcək. Amma sənin o hərəkətin kişilikdən olmaz! Nə qazanacaqsan, ay oğul? Vicdanı olan vicdan əzabı, bir ömür boyu peşmanlıq qazanar. Belə nakişiliyi sığışdırarsan özünə? İndi hirslisən. Hirsli başda ağıl olmaz! Yadında saxla bala, elə addım atma ki, geriyə baxanda peşman olasan, qarşındasa uçurum olsun. Səni mərd oğlan bilirəm, əskik adama yaraşan sözü heç ağlına da gətirmə. Sən adda oğlum olmaz!
Rauf əlbəttə yaraşdırmazdı, etməzdi bunu. Çox qəzəbli idi, nə danışdığının fərqinə varmırdı. Çox sevdiyi, mələk sandığı bir qızın belə hərəkəti onu elə sarsıtmışdı ki, nəyin düz, nəyin səhv olduğunu hərdən özü də qarışdırırdı. Orada, həmin uğursuz gün onun qüruru tapdalanmışdı, alçalmışdı, sevgisi ayaq altına atılmışdı. Özü də kimin, hansısa harınlamışın ayağı altına. Bax bunlar idi onu yandıran, qəzəbini coşduran. Dəli olmaq həddinə çatırdı fikirdən. Bir yandan gözəl, məsum baxışlı Aytacı itirmək, o biri yandan belə alçalmaq. Aytac üzüyü qaytarıb, sadəcə olaraq “səni sevmirəm” desəydi, dünyasında onu bu qədər yandırmazdı. Amma onu kiməsə dəyişmək... Rauf kimi oğlanı. Axı nə verməmişdi Aytaca? Başqalarının qibtəsinə səbəb olan bir sevgiylə sevirdi onu. Dəfələrlə rəfiqələri, hətta Raufun yanında çəkinmədən onların sevgisinə həsəd apardıqlarını demişdilər. Hələ bir qız da vardı. Nərminə idi deyəsən...
Raufun gözəl yaddaşı vardı. Hə, Nərminə... O hətta rəfiqəsinin yanında belə Raufu utanmadan, şit baxışlarla süzürdü: “Ay qız, bəxtəvər başına, belə oğlan hamının qarşısına çıxmır”. Doğrudan da Raufda kişiyə yaraşan hər cəhət var idi... Boybuxun, yaraşıq, idmançılara məxsus qıvraq, möhkəm bədən, nüfuzedici, ciddi baxışlar. Eləcə də mərhəmət, xeyirxahlıq, zarafatcıllıq vardı. Hətta romantiklik də... Bunu yalnız Aytac görə bilirdi. Amma nankor oldu Aytac, qismətindən üz döndərdi. Bankir oğlunun şirin dilinə, ona bağışladığı cürbəcür, çox bahalı hədiyyələrə, xüsusi bağladılmış “yaxşı” qiymətə olan gül buketlərinə dəyişdi Raufu...
Heç Raufgilin də imkanı pis deyildi. Amma Aytacı yeni sevgilisinin atasının adındakı “bankir” titulu daha çox şirnikləndirirdi. Rauf hər şeyi araşdırıb, öyrənmişdi. Hətta bir neçə dəfə onları birlikdə görmüşdü də. Neçə dəfə istəmişdi elə oğlanın yanındaca Aytaca bir-iki kəlmə desin. Amma sonra “lənət şeytana” deyib, ümumiyyətlə, onu unutmağa çalışmışdı. Amma
bacarmırdı... Çox çətin idi, çox! Ürəyi parçalanırdı fikirləşəndə. Aytacı heç kəs əvəz edə bilməzdi onun üçün. O nəvazişkar Aytacı. Hər dəfə yorğun olanda, başında, alnında gəzən incə barmaqları ilə, şirin dili ilə bütün yorğunluğunu yox edirdi bu qız. Elə şirin gülüşü vardı. Ona çox yaraşırdı. Rauf dəfələrlə onu güldürür, sonra da heç nə olmamış kimi sakitcə, heyran-heyran bu gülüşü seyr edirdi.
Gülnaz xanım eyni sərtliklə:
−Eşitdin məni? Söz ver ki, Aytac məsələsi birdəfəlik bağlandı. Səni də ki, belə qaşqabaqlı görmək istəmirəm. Ürəyim xəstədir, bilirsən... - son cümləni deyəndə səsi titrədi.Rauf anasının çiyinlərini enli qolları arasına alıb qucaqladı:
−Söz verirəm! - deyib, gözlərindən öpdü.
Bu saat bu dünyada anasından əziz heç kəs yox idi onun üçün, heç kəs! Görəsən, anası kimi qadınlar var idimi? Bəlkə də...
* * *
Eldar Məmmədov nəşriyyat sədri işlədiyi vaxtdan nəşriyyatın işləri yaxşı gedirdi. Nizam-intizamla yanaşı, şöhrəti də artmışdı. Sayılıb-seçilən yerlərdən biri olmuşdu. Bu da yalnız ona görə idi ki, Eldar işində çox məsuliyyətli, tələbkar, həm də düzgün biri idi. İşçiləri də onun xətrini çox istəyir, hörmət edirdilər. Dörd gün əvvəl ona başqa yerdən iş üçün təklif gəlmişdi.Amma etiraz etdi. Hələ etiraz edən təkcə o deyildi. Eldara öyrəşmiş işçiləri də ondan getməməyi xahiş etdilər. O da qaldı...
−Ata?! - qızının səsi bütün fikrini dağıtdı.
−Ata, ordasan?
Eldar şıltaq və mehriban qızının səsini eşidib gülümsədi. Onun qızı bir çox başqa qızlardan fərqli idi. O ürək sözünü, sirlərini daha çox atası ilə paylaşırdı. Yox, anasını da çox sevirdi. Amma söz-söhbəti atası ilə daha yaxşı alınırdı. Bəlkə də anasının ciddi qadın olduğuna görəmi, ya özünü uşaqlıqdan buna alışdırdığına görəmi? Nə idisə sirri, belə idi. Amma axır ki, çox qəribə, maraqlı qız idi bu Maya.
−Gəl qızım, gəl.
İçəri əynində göy cins şalvar, açıq mavi rəngli kofta olan 18 yaşlı qız girdi. Onun gözəl siması, aydın, eyni zamanda ağıllı və mənalı gözləri, mütənasib bədəni vardı. Kürəyindən azacıq aşağı olan açıq şabalıdı saçlarını hündürdən yığmışdı. Nəsə bir xoşluq duyulurdu simasında ki, ona baxanlara məhrəm görünürdü. Gözlərini geniş açırdı və uzun kirpikləri bu zaman düz qaşlarına çatırdı. Ağ, yumru sifəti, zərif dodaqları vardı. İçəri girib bir anlıq duruxdu, geri döndü.Eldar təəccübləndi:
−Nə oldu qızım?
−Əleyhqazı unutmuşam.
Eldar ürəkdən güldü. Hərdən qızı zarafatı da elə edirdi ki, bilmək olmurdu ciddidir, ya yox.
−Ay şeytan, otağımda da çəkməyim deyirsən?
Maya döndü:
−Məndən olsa, heç ümumiyyətlə çəkmə.
Eldar məzəmmətlə:
−Ooo, çox çətin şey istədin sən.
Maya incə dodaqlarını azacıq büzüb, sol qaşını qaldırdı:
−Axı özün deyirdin ki, hər şey insanın özündən asılıdır.
−Düzdür qızım, amma elə şeylər var ki, onların əziyyətindən qorxub cəhd eləmirik. Heç fikirləşmisən?
−Amma mənim atam heç bir əziyyətdən qorxmur, heç nədən qorxmur, düzdür? - arxa tərəfdən stula yaxınlaşıb, atasının boynunu qucaqladı. Eldar ciddiləşdi:
−Yox qızım, səhv edirsən. Dünyada elə adam yoxdur ki, nədənsə qorxmasın.
−Dəlilərdən başqa. - Maya düzəliş etdi.
Ata gülümsədi:
−Dəlilərdən başqa... Onlardan da qorxanı var, niyə yoxdur ki? Qorxu elə bir hisdir ki, insan övladı doğulandan onunladır.
−Bəs sən nədən qorxursan? – qızı gözlənilmədən soruşdu.
Eldar azacıq susdu, sonra qızının saçını tumarladı:
−Mən? Mən çox şeydən. Sevdiklərimi itirməkdən, tək qalmaqdan, günah etməkdən, hörmət itirməkdən, çox, çox şeydən...
Maya atasını qucaqladı:
−Sən heç vaxt tək qalmayacaqsan. Həmişə bizimlə olacaqsan! Amma ən əsasını unutdum.
Eldar qızının alınana dağılmış saçını arxaya sığalladı:
−Nəyi qızım?
−Allahdan qorxduğunu! Ən birinci ondan.
Eldar başını buladı:
−Yox qızım, mən Allahdan qorxmuram.
Maya heyrətlə atasını süzdü:
−Ata, nə danışırsan?
Eldar dalğınlıqla gülümsədi:
−Qızım, Allahdan yox, onun qəzəbindən qorxmaq lazımdır. İnsan qorxduğunu sevə bilməz. Allah çox mehriban, rəhmlidir, mərhəmətlidir. O öz bəndələrini sevir, onları nahaqdan heç vaxt cəzalandırmaz. O yalnız sınağa çəkər. Ona sadiq olub, yazdığına şükür edənləri sevindirər, naşükür olub, hər şeydə Allahı günahlandırıb, asi olanları həm bu dünyada, həm o dünyada cəzalandırar. Onu elə kor, kar edər ki, haqqı duyub, görməsin. Ona görə deyirəm ki, O uca varlığın qəzəbindən qorxmaq lazımdır. Allah çox mərhəmətlidir. Belə olmasaydı, mənə sənin kimi qız bəxş edib, xoşbəxt ata etməzdi. Belə ağıllı qızım olduğuna görə hər gün şükür edirəm.
Maya təsirlənmişdi. Atasını daha da bərk-bərk qucaqlayıb, üzünü onun çiynində gizlətdi. O da Allahına çox, çox minnətdar idi. Çünki belə atası var idi. Belə ailəsi var idi. Atası düz deyir, Allahın qəzəbindən qorxmaq lazımdır. Allah olduqca mehribandır, mərhəmətlidir. Özü-özünə ürəyində təkrarladı. “Allahım, səni çox sevirəm!” Atasının külqabına basdığı siqaret tam sönmədiyi üçün tüstüləyib, otağın havasını ağırlaşdırmışdı. Buna hələ indi fikir verən Maya siqaretin kötüyünü külqabına bərk-bərk basdı:
−Bunu da tərgitsən, Allah səni çox istəyər.
Eldar yenə ürəkdən güldü:
−Ay qızım, nə yamansan sən? Söz çatdırmaq olmur. Sən də anan kimi məni 25 ilin dostundan ayırmaq istəyirsən?
Maya qaşlarını çatdı:
−Dost yox, düşmən! Heç bilirsən dünya uşaqlarının 10 ən böyük arzusundan biri də nədir?
Eldar sual dolu nəzərlərilə qəşəng qızını süzdü.
Maya gülümsədi:
−Valideynlərinin siqaret, içki kimi zərərli vərdişlərdən əl çəkməsi. Yaxşı ki, səndə təkcə siqaretdir.
Eldar ayağa qalxdı:
−Yaxşı, filosof qızım. Mən nəşriyyata gedirəm.Sən də get dərslərini oxu.
Maya incik halda atasının qarşısına keçdi:
−Mənə çatanda həmişə işin olur. Heç soruşmadın niyə gəlmişdim.
Eldar indi xatırladı:
−Can qızım, adamı hipnoz eləyirsən, indi gəl yadına sal görüm də. İşə tələsmirəm, gəl görüm bura nə olub?
Əlini qızının çiyninə saldı, divanda əyləşdilər. Maya həmişə vacib sözü olanda etdiyi kimi barmaqlarını bir-birinə keçirib gərdi:
−Ata, fizikadan hazırlığa getmək istəyirəm.
Eldar təəccübləndi:
−Qızım, mən bilən III qrupda fizika yoxdur axı?!
−Düzdü, yoxdur. Amma fizikadan çox zəifəm. O biri hazırlıqlara görə məktəbdə qalan dərslərə fikir verməmişəm. İndi attestat imtahanında necə yazacam fizikanı? Yenə o biriləri bilirəm. Ən çox fizikadan zəifəm.
−Hmm, qızım, bəs məktəbdə əvvəllər niyə fikir verməmisən?
−Çətindir...
−Bəlkə maraq göstərməmisən?
−Nə bilim?! Bəlkə də.
Eldar müəllim qalxıb, asılqandan pencəyini götürdü. Mayanın başına sığal çəkib, qapıya doğru getdi:
−Yaxşı, maraqlanaram.
* * *
Hərdən başımıza elə hadisələr gəlir ki, elə dərslər alırıq ki, həyata baxışlarımız dəyişir. Və ya insanlara münasibətimiz. Fərq etməz, nəhayət ki, biz səhv etdiyimizi anlasaq belə...


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 700 Bölmə: Maraqli Hekayeler
loading...