Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqları yerdir. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün peyğəmbərlər də haqdır. Məhəmməd də haqdır. Qiyamət də haqdır». Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa haqq ilah yoxdur, Məhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam – onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqdır, Allah o insanı əməlindən asılı olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!»
Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Oradakı nemətləri nə bir göz görmüş, nə də bir qulaq eşitmiş, nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntı görmədim!».
Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, günahkarlar və zalimlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm əhli cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat tapırlar». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyəmət günü Uca və Böyük olan Allah Cəhənnəmliklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O da: «Bəli, sədəqə verərdim» deyəcəkdir. Allah ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən uzaq olmadın».
Əhli Sünnə Məhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk girəcəyinə, həmçinin onun ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə cənnətin qapısına gələcəyəm və o qapının açılmasını istəyəcəyəm». «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Məhəmməd!» deyəcəyəm. O da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəssulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsi diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır». Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət əhli yüz iyirmi səffdir. Bu səfflərdən səksəni bu ümmətdən, qırxı isə digər ümmətlərdən olacaqdır».
Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütf, mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21).
Həmçinin Adəm – əleyhissəlam – öz zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbər – sallalahu aleyhi və səlləm – in Merac səfərində Cənnəti və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm». Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsti vaxtı namazı sərin vaxta qədər buraxın. Çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs almasından ötrüdür». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm Uca Allaha şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissmi yeyir». Buna görə də ona iki dəfə nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən soyuq havada və ən isti hava da bundan ötrüdür». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər –axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, mənim gördüklərimi görmüş olsaydınız az gülüb çox ağlayardınız». Səhabələr: «Nələr gördün, ey Allahın Rəsulu?» deyə soruşdular. O, buyurdu: «Cənnət və Cəhənnəmi». Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər». İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İsraya getdiyim gecə İbrahim – əleyhissəlam – ilə görüşdüm. Mənə: «Ey Məhəmməd! Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai və Bihəmdihi, və Lə İləhə İlləllahi, Vallahu Əkbər» sözləridir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim-Subhənallahil Azimi və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər».
Əhli Sünnə Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına da inanırlar. Allah Cənnəti və Cəhənnəmi, yaratdıqlarını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri də O, yaratmışdır. Cənnət ehli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli Allahın lütfü ilə Cənnətə, Cəhənnəm əhli isə Allahın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslami) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbəttə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad 54) və s. ayələr- də Allah həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi olduqlarını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).
Cəhənnəm haqqında isə: «Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə Allah üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu gözləyir. (Orada) nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləşdirilməyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.
Tarix: 10.06.2015 / 17:37 Müəllif: Aziza Baxılıb: 207 Bölmə: Maraqlı melumatlar