Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlum əxlasqız əməl işləyib, onun əməllərinə görə mən hesaba çəkiləcəyəmmi?

Sual:Oğlumun on beş yaşı var, ABŞ-da doğulub boya-başa çatıb. Onun “qız dost”ları var. Təzəlikçə aşkar etdim ki, qız dostlarından biri ilə zina edib. Buna görə özümü günahkar hiss edirəm, lakin nə edəcəyimi bilmirəm. Onun işlədiyi əməllərə görə Allah məni cəzalandıracaqmı?

Cavab: Həmd Allaha məxsusdur.

Müsəlman üçün ən böyük bəla, fəlakət imanına xələl gətirən, sarsıdan fəlakətdir. Əsl, həqiqi bir fəlakət bax budur. Allahdan diləyimiz budur ki, bizi bu cür bəladan qorusun, əmin-aman etsin. Bir insan üçün özündən sonra ən əziz, dəyərli olan övladlarıdır. Övladlarımız gözlərimizin nurudur. Allah Təala buyurur: “Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.” [25:74]

Lakin, qəlbin həqiqi sevinc və fərəh hissi duyması saleh övladlar ilə əldə olunur.

Həsən əl-Basri demişdir: “Bu sevincin mənası budur ki, insan zövcəsi, qardaşı və yaxın dostunun Allaha itaət etdiyini görür və bundan sevinc hissi duyur”.
“Tuhfat əl-Məvdud”, İbn əl-Qeyyim, səh.424

Sözsüz ki, valideynlərdən tələb olunan ən mühüm vəzifə övladlarını qorumaq və onların qayğısına qalmaq, onları Allaha ibadət və itaət etmək üzrə tərbiyə etmək və Allaha asilik etməkdən onları qorumaqdır. Allah təala buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.” [Təhrim 66:6]

Mücahid və sələfdən digərləri ayənin təfsirində belə demişdir: “Yəni, ailələrinizə Allahdan qorxmağı tövsiyə edərək tərbiyələndirin.”

Qətadə demişdir: “Onlara Allaha itaət etmələrini əmr edib Allaha asi olmaqdan çəkindirin.”

Səhiheyndə (Buxari və Müslimdə) rəvayət olunur ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini demişdir: “Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz.” Buxari, 2554; Müslim, 1829

Bu hədis göstərir ki, mükəlləfiyyət daşıyan şəxs himayəsi, səlahiyyəti və qayğısı altında olan kəslərin buraxdığı nöqsanlara görə Qiyamət Günü hesaba çəkiləcəkdir.
Hədis eləcə də, bildirir ki, valideynlər də ümumi qaydaya daxildirlər. Yəni, “Kişi öz ailəsinin çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur.”

Odur ki, valideynlər övladlarına görə məsuliyyət daşıyırlar, çünki valideynlərə əmr olunur ki, övladlarını Cəhənnəm Odundan qorumağa səy göstərsinlər və Allahın əmrlərinə itaət etsinlər və Allahın qadağalarından onları həzər etdirib çəkindirsinlər. Valideynlər onlara əmr olunanları, dinə görə üzərinə düşən vəzifələri yerinə yetirsələr, yəni övladlarına sağlam, doğru-dürüst Rəbbani tərbiyə verib bu məsələdə etinasız davranmadıqca, bundan sonra isə övladları yollarını azarsa buna görə onlara günah yazılmayacaqdır. Allah Təala buyurur: “Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz.” [əl-Ənam 6:164]

Əgər bir şəxs islam dininin məqsədlərini açıq-aydın, heç bir şübhəyə yer qalmadan başa düşüb dərk edirsə və zərrə qədər sağlam düşüncəyə sahibdirsə, nəticədə anlayacaq ki, övladlarını düzgün istiqamətləndirmək və öyrətmək ilə bağlı vəzifəsinə laqeyd yanaşarsa, onların düşdükləri hər hansı yolunu azmaq kimi hallara görə cavabdeh tutulacaqdır. Qərb ölkələrində yaşayan müsəlman ailələrin övladları qarşısında məsuliyyət yükü sözünü etdiyimiz məsuliyyət yükündən daha böyükdür, çünki onlar gözlərinin bəbəyi olan övladlarını qapalı və bağlı dənizə atdıqlarından dolayı cavabdeh tutulacaqlar. Bu hətta əvvəlkindən günah baxımından daha şiddətlidir, Allahın cəhənnəmi və əzabıdır. Allahdan bizi bundan əmin-aman etməsini diləyirik.

Sizin və digər müsəlmanların övladlarına gəldikdə, artıq ox yaydan çıxmamış siz gərək onları fitnəyə sürükləyən qapıları bağlayardınız. İslamda naməhrəm kişi və qadın arasında dostluq deyə bilinən bir məfhum yoxdur, xüsusilə də sizin oğlunuzun yaşında olan gənclər üçün bu çox təhlükəli bir mərhələdir.

Lakin, burada mühüm bir sual yaranır: Yaxşı elə isə nə etmək lazımdır?

Siz bir ana olaraq və eləcə də, övladınızın atası bu münkər, fitnəli əlaqələrdən oğlunuzu uzaqlaşdırmaq və naməhrəm qadınlar ilə bütün əlaqələrini kəsmək üçün dərhal işə keçməlisiniz. Hətta bu münasibətlərin zina həddinə çatmayacağından əmin olsanız belə, yenə məsələ dəyişmir. Bildirdiyimiz kimi, bu cür əlaqələr bir qayda olaraq islamda qadağandır.

Bu haram münasibətlərdən oğlunuzu uzaq tutmaq üçün ən mühüm vasitələrdən biri bizcə onu evləndirməklə gerçəkləşə bilər. Elə bu səbəbdən, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Ey gənclər, sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin. Çünki evlənmək gözü haramdan qoruyur, iffəti də həmçinin. Evlənməyə gücü çatmayan isə mütəmadi oruc tutsun. Çünki oruc onun üçün (haramlara qarşı) bir qalxandır” Hədis barədə ittifaq olunub.

Hədisdə “qalxandan” nəzərdə tutulan məna budur ki, oruc tutmaq günaha düşməkdən onu qoruyacaq güclü bir vasitədir.

Lakin, özünüz də bilirsiniz ki, gənc oğlanları bu cür haram münasibətlərdən uzaqlaşdırmaq heç də göründüyü kimi asan məsələ deyil; Sizin hal-hazırda yaşadığınız ölkədə bunun qarşısını almaq demək olar ki, qeyri mümkün ola bilər. Çünki, bu nəsilin qəlb və ağıllarının burada yetişdiyi Qərb cəmiyyəti hər cür fitnə-fəsad növü, həva və istəklərin hər bir çeşidi ilə tamamilə çirkləndirilmişdir. Bu fitnə-fəsadlar müsəlman ümmətinin ikinci və üçüncü nəsillərini təsiri altına almışdır. Günbəgün bu müsəlman nəsillər islamın şüarları və qanunları ilə əlaqələrini kəsməkdə və bunun əvəzinə Qərb dəyərlərini və münasibətlərini canlarına çəkməkdədirlər, belə ki, keçmişdən miras qalan “bərəkət”dən başqa heç nələri qalmamışdır.

Mən sizdən bir daha soruşuram: Siz Allahın əmrlərinə itaət etməkdə həqiqətənmi ciddiyyət nümayiş etdirirsiniz?

Hələ hər şeydən öncə özünüz, sonra da övladlarınız qarşısında sizə etibar edilən əmanətə xəyanət etməkdən həqiqətənmi qorxu hissi keçirirsiniz?

İşləri öz məcrasına qoymaq istəyiniz varmı?

Dünyəvi ləzzətlər və Qərbin rahatlıqlarını bu məqsəd uğrunda fəda edib övladlarınızı təkrar öz ölkələrinə geri gətirmək və yaxud imanınızı qorumaq baxımından daha salamat bir yerə getmək üçün sizdə hər hansı bir istək varmı?

Halbuki, bunu etmədiyiniz halda qorxuram ki, artıq həddən ziyadə gec olacaq və siz də bu halınızda ikən ölüm sizə yetişəcək və qorxuram ki, bu cür söyləyənlərdən olasınız: “99 Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.100 Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. ” [əl-Muminun 23:99-100]

Əməllərimizin nəticəsini, yəni aqibətini görməzdən öncə: buna əvvəlcədən etinasız yanaşanlar belə söyləyəcəklər: “Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, (əvvəllər) etdiyimiz əməl-lərdən başqasını edək?” Onlar özlərini ziyana uğratdılar. Uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb qeyb olacaqlar.” [əl-Əraf 7:53]

Yoxsa düşünürsünüz ki, bu cür məsuliyyət hissini yüklənmək üçün belə bir fədakarlığa getməyə dəyməz?

Bəlkə də, deyəcəksiniz ki, indi müsəlman ölkələrinin əksəriyyəti fitnə-fəsad və şər ilə dolub-daşmaqdadır, odur ki, övladlarımıza islami tərbiyə vermək üçün heç bir zaman həqiqi bir mühit tapa bilməyəcəyik, elə isə hicrət etməyin nə anlamı olacaq ki?

Cavab: Bəli, siz əsas etibarilə doğru söyləyirsiniz. Lakin, bütün xeyirlərə nail ola bilməsək də, heç olmazsa bacardığımız qədər addım atmalıyıq. Əgər bütün münkər, şərrlərin qarşısını ala bilmiriksə, gücümüz çatan qədər etməliyik. Fitnə, şərdən bəziləri digərlərindən təsir baxımından daha azdır.

Tələb olunan sadəcə insanın özünə qarşı səmimi olmasıdır. Allah Təala həqiqətən də haqqı söyləyir:

“14 Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;15 üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.” [əl-Qiyamət 75:14-15]

Sevdiyi və razı qaldıqlarını etmək üçün Allahdan bizə və sizə yardım etməsini niyaz edirik.


Tarix: 12.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 445 Bölmə: Maraqlı melumatlar
loading...