Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahdan Uzaq Olanlar

Məsum” sözü ərəb dilində “ismət” sözündən qaynaqlanır, tərcüməsi “uzaqlaşdırılmış, qorunmuş, çəkindirilmiş” deməkdir. Adətən, günahsız, saf insanları, o cümlədən, uşaqları məsum adlandırırlar. Dini anlamda isə yalnız peyğəmbərlər (şiə məzhəbində həm də imamlar) məsum sayılırlar.



Allah-təala Qurani-kərimdə Həzrət Mühəmməd Peyğəmbərə (s) xitab edərək buyurur: “Şübhəsiz ki, sən böyük (gözəl) bir əxlaq sahibisən” (Qələm, 4). Məsumluq peyğəmbərdə olması gərəkən zəruri keyfiyyətlərdəndir. Peyğəmbər hər cür böyük və kiçik günahdan uzaq olmalı, istər ibadət əməllərində, istər fərdi əxlaqda, istərsə də ictimai həyatda səhlənkarlıq, ziyanvericilik, riyakarlıq etməməli, yalan söz danışmamalıdır.

Nəsirəddin Tusi (1201-1274) “Təcridül-etiqad” kitabında yazır: “Peyğəmbərdə ismət xüsusiyyətinin olması vacibdir ki, bunun vasitəsilə camaat içində etibar qazansın. Əgər peyğəmbərin hərəkətlərində qərəzli məqsəd duyulsa, həm (peyğəmbər olduğu üçün) ona tabe olmaq, həm də (pis xüsusiyyətlərinə görə) onun əleyhinə çıxmaq vacib olar; bu isə son mənada onun peyğəmbərliyini inkar etmək deməkdir”.

Əgər Allah günahkar bir insanı peyğəmbərliyə seçsəydi, insanlar onun dediklərini qəbul etməzdilər. Allah insanların içindən ən kamil əxlaqa malik olan və nümunəvi davranışı ilə seçilən şəxsləri öz vəhyinə layiq görüb. Hər bir peyğəmbərin tarixinə nəzər yetirsək, görərik ki, o, hələ peyğəmbərliyə təyin olunmazdan əvvəl öz qəbiləsi içində hörmət-izzətli olmuşdur. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) gənclik illərindən Məkkənin ən doğrucul və etibarlı sakini sayılırdı. Hər kəsin saxlamağa əmanəti olurdusa, ona tapşırırdı. Mühəmmədi (s) peyğəmbərlikdən çox-çox əvvəl “Əmin” (yəni əmanətdar, inanılmış) ləqəbi ilə çağırırdılar.

Müsəlmanların əqidəsincə, peyğəmbərlərin heç biri ömrü boyu bircə gün də olsa bütpərəstlik etməyib. Peyğəmbərlərin günahsızlığı yalnız dini təbliğat sahəsi ilə məhdudlaşmır. Allahın elçiləri peyğəmbərlik işində, ailə həyatında, siyasi fəaliyyətdə, hakimlik və qanunvericilikdə, ətrafdakılarla münasibətdə və s. sahələrdə eyni dərəcədə məsum olublar. Onlar bir kəsə zülm etməyib, bir kəsin haqqında səhv hökm verməyib, şəriətin heç bir qanununu unutmayıblar.

Buna da diqqət yetirmək lazımdır ki, peyğəmbərləri günahsız olmağa Allah məcbur etməyib. Əgər belə olsaydı, bu xüsusiyyət onlar üçün üstünlük sayılmazdı. Peyğəmbərlər öz istəkləri əsasında məsumdurlar. Normal insan zəhər içməkdən, yoluxucu xəstənin qabağından qalan qidanı yeməkdən çəkindiyi kimi, peyğəmbərlər də günah etməkdən çəkinirlər. Çünki onların gözündə günah iş görmək, zülm törətmək zəhər içməkdən də pisdir.

Məsumluğa münasibət sünni və şiə məzhəblərində bir qədər fərqlidir. Belə ki, əhli-sünnə məzhəbinə görə, peyğəmbərlərin peyğəmbər seçilməzdən əvvəl məsum olmaları vacib şərt deyil. Sünni məzhəbli müsəlmanların böyük əksəriyyətinin mənsub olduğu matüridiyyə əqidə məktəbinə görə, peyğəmbərlikdən əvvəl nadir hallarda günahın baş verməsi mümkün sayılır (Sabuni. Matüridiyyə əqaidi, səh. 54). Həmçinin, peyğəmbərlik dövründə də unutqanlıq və bilməməzlik üzündən “zəllə” adlanan kiçik xəta etmələri mümkündür. Allah-təala onların bu xətalarını dərhal düzəldib.

Şiə əqidəsinə görə isə, peyğəmbərlər mütləq mənada məsumdurlar. Onlar nə qəsdən, nə də bilməyərəkdən nə böyük, nə də kiçik günah etməzlər, haram və məkrüh iş tutmazlar, yalnız vacib və müstəhəb əməllər edərlər.

Sünni məzhəbi baxımından peyğəmbərin dünya həyatına aid məsələlərdə səhvə və unutqanlığa yol verməsi mümkündür. Hətta əvvəllər doğru-dürüst qaydasını öyrətmiş olduğu bəzi dini məsələlərdə də (məsələn, namaz əməllərində) səhv və unutqanlıq edə bilər. Amma şiə əqidəsində bunlar qeyri-mümkün sayılır. Çünki bu xüsusiyyətlər insan üçün eyib və nöqsan hesab edilir. Əgər peyğəmbər səhv etsə və səhvinin üstü sadə adamlar tərəfindən açılsa, onlar özlərinin Allahdan daha elmli olduqlarını düşünərlər. Çünki peyğəmbər həmişə yalnız Allahdan aldığı vəhy əsasında hərəkət etdiyini söyləyir. Buna görə də Allah öz peyğəmbərini səhv etməyə qoymur. Bu, məcburən baş vermir; Allah peyğəmbərə elə parlaq zəka bəxş edir ki, o, hər bir hərəkətinin aqibətini irəlicədən görür və uzaqgörənliklə tərpənib səhvdən qaça bilir.

Şiə əqidəsi baxımından, 12 imam və Həzrət Fatimə (ə) də qeydsiz-şərtsiz olaraq məsumdurlar. Onların məsumluğu da eynilə peyğəmbərlərin məsumluğu kimidir. Şiələr aşağıdakı ayəni buna sübut gətirirlər: “Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər”» (Əhzab, 33).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 166 Bölmə: Maraqlı melumatlar
loading...