Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adəmlə (ə) Həvvanın Nəsli Necə Artıb?

Həzrət Adəm Peyğəmbər (ə) yer üzündə ilk insandır. Bütün bəşəriyyət onunla Həzrət Həvvadan törəmişdir. Belə bir sual yaranır: Əgər yer üzündə yaşamış ilk insanlar Həzrət Adəmlə (ə) Həvvadan və onların övladlarından ibarər olubsa, bəs sonrakı nəsillər necə yaranıb?

Adəmlə (ə) Həvvanın nəvələri kimdən doğulublar? Bəşəriyyət tarixinin başlanğıcında ilk qadınlar Həvvadan və onun qızlarından ibarət olmuşsa, Adəmin (ə) oğulları kimlə evlənmişlər?
Hər şeydən öncə qeyd edək ki, dini mətnlərdə bu suala birmənalı, dəqiq və qəti cavab tapmaq çətindir. Alimlər düzgün saydıqları hər hansı nəzəriyyəni ehtiyatla müdafiə etmiş, amma axırda bir qayda olaraq, əsil həqiqətin Allaha məlum olduğunu yazmışlar.
Adəmlə (ə) Həvvanın nəslinin artıb-çoxalması barədə mümkün nəzəriyyələr içində ikisi üstünlük təşkil edir. Birinci fikrə görə, Adəm Peyğəmbərlə (ə) Həvvanın hər dəfə biri oğlan, o biri qız olmaqla əkiz uşaqları doğulurdu. Adəm (ə) belə bir qayda qoymuşdu ki, oğullarından hər biri o biri qardaşla əkiz doğulmuş qızla evlənirdi. O zamanlar nəsli artırmağın başqa yolu olmadığı üçün Allah bu cür evliliyə icazə veribmiş və oğlana öz qardaşının əkiz-tay bacısı məhrəm sayılmırmış. Deyilənlərə görə, yer üzündə ilk qətl hadisəsinin səbəbi də elə bu olubmuş. Bu qaydaya görə, Qabil Habilin əkiz tayı ilə, Habil isə Qabilin əkiz tayı ilə evlənməli imişlər. Amma Qabil öz əkiz-tay bacısını istəyirmiş. Bu üzdən qardaşı ilə mübahisə edib öldürübmüş.
İkinci nəzəriyyəyə görə, Allah Adəmin (ə) hər oğlu üçün bir huri (dişi cin) yaratmış və onların izdivacından insan nəsli törəmişdi. Və yaxud insanlardan əvvəl də yer üzündə şüurlu canlılar yaşamış, sonra onlar Allahın hökmü ilə məhv olub, yerinə Adəmlə (ə) başlayan indiki insanlıq vücuda gəlmişdir. Həzrət Adəmin (ə) oğulları da özlərindən əvvəlki canliların dişiləri (qadınları) ilə evlənmişlər.
Bu nəzəriyyələrin hər ikisinin etiraza layiq cəhətləri var. Birinci nəzəriyyəyə etiraz edənlər deyirlər ki, Allahın haramları hər zaman haram olmuşdur. Bacı ilə evlənmək ümumun nəzərində çirkin işdir, həm də edama layiq olan günahdır. Hansı şəraitdə olursa-olsun, bacı ilə evlənmək haramdır və zinadır. Elə isə, əvvala, Həzrət Adəmin (ə) bu cür izdivaca icazə verməsi inandırıcı deyil. İkincisi, bu halda bütün bəşəriyyəti zanadan və haramdan doğulmuş saymalıyıq.
İkinci nəzəriyyədə bu problem həll olunub, amma əvəzinə başqa problem yaranır. Əgər Adəmin (ə) oğulları hurilərlə və ya başqa növ canlılarla evləniblərsə, demək, bəşəriyyət yalnız insanlardan deyil, insanlarla hurilərin qarışığından törəyib. Deməli, hər kəsin fitrətində qeyri-insanı köklər də var. Bu isə nə dönə-dönə insana müraciət edən, onun başqa canlılardan fərqini ön plana çəkən Quran ayələrinə, nə də ümumilikdə İslam məntiqinə uyğun gəlir.
Göründüyü kimi, hər bir halda məsələnin dəqiq və qəti çözümünü vermək çətindir. Ona görə biz də bu barədə fikir söyləmiş alimlərin izi ilə gedərək, sonda həqiqətin yalnız Allaha məlum olduğunu söyləyirik: “Hər şeyin düzünü Allah bilir”.

islam.az


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar
loading...