Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biyabanda xüsusi bir yerdə ibadətlə məşğul olardı. Onun bu ibadət və bəndəliyini görən bir çoxları, o cümlədən də dövrün padşahı Curəyhə mürid olmuşdular.
Bir gün anası Curəyhi görmək üçün biyabana, onun ibadət yerinə gəlir. O, həmişəki adəti üzrə yenə də ibadətlə məşğul idi. Anası onu çox səslədi. Amma Curəyh namazını kəsib ona cavab vermədi. (Həzrət Məhəmməd (s) buyurdu: "Əgər Curəyh alim olsaydı, müstəhəbbi namazı kəsib anaya cavab verməyin savabının daha çox olduğunu bilərdi.) Anası onu qarğıyıb dedi:
"Ey oğul! Səni görüm fasiqlərə tay olmamış bu dünyadan getməyəsən. Mən bu uzun-uzadı yolu səni görmək üçün gəlmişəm. Səni nə qədər səsləyirəmsə də cavab vermirsən, qapını da üzümə açmırsan.”
Qadın bunu deyib getdi. O dövrün abidləri camaatın, o cümlədən də padşahın Curəyhə olan xüsusi məhəbbətindən xəbərdar idilər. Ona görə də Curəyhə paxıllıq edirdilər. Elə bu səbəbdən də onu öldürmək qərarına gəldilər. Onlar əxlaqsız bir qadına pul verib dedilər:
- "Sənin uşağın dünyaya gələn kimi, onu Curəyhin ibadətgahına apar. De ki, qeyri-qanuni doğulan bu uşağın atası sənsən və mən onu böyüdə bilmərəm.”
Əxlaqsız qadın abidlərin qoyduğu şərti və pulu qəbul etdi. O, öncədən deyildiyi kimi, uşağı bir parçaya büküb Curəyhin ibadətgahına yollandı.
Üzünü Curəyhə tutub dedi: "Ey abid! Bu uşaq səndən törəyib. Onu böyüdüb başa çatdırmaq da sənin vəzifəndir.”
Curəyhin düşmənlərindən bir neçəsi həmin uşağı padşahın hüzuruna aparıb dedilər: "Gördüyünüz bu uşaq qeyri-qanuni yolla Curəyhdən törəyib. Elə bir şəxsdən ki, padşahın özü onun xüsusi müridlərindəndir.
Padşah bu barədə heç bir araşdırma aparmadan Curəyhin ibadətgahını dağıtdırdı. Curəyhin də əl-ayağını zəncirləyib sürüyə-sürüyə padşahın yanına apardılar. Padşah əmr etdi: Camaata xəbər verin bir yerə toplaşsınlar. Qoy hamı onun dar ağacından asıldığını görüb, ibrət alsınlar. Bəli! Budur anaya diqqətsizliyin acı aqibəti; övlad sevgisi ilə coşub-daşan ana ürəyini incitməyin nəticəsi; Curəyh, ana qarğışı ilə elə bir səviyyəyə çatdı ki, dar ağacından asılan zaman fasiqlər onun ətrafına yığılıb, üzünə tüpürürdülər. ("Cameən-nurin”)
Tarix: 04.12.2014 / 11:33 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar