"İnşAllah” gündəlik həyatda tez-tez eşitdiyimiz və işlətdiyimiz kəlmələrdən biridir. Ancaq bir çoxumuz bu kəlməni işlətsək də, onun dərin mənasından xəbərsizik. Hətta bəzən getmək istəmədiyimiz bir dəvəti nəzakətlə yola vermək üçün "inşallah” deyirik. Halbuki "Allah istəsə” mənasını verən "inşallah” kəlməsi qədərlə əlaqədar çox önəmli məsələdir.
Biz yaxın və ya uzaq gələcək üçün bir qisim planlar qururuq. "Sabah bura gedəcəyəm, o biri gün bunu edəcəyəm. Həftə sonunda filan yerə baş çəkəcəyəm, yay tətilini filan yerdə keçirəcəyəm”. Bəli, vaxtımızı səmərəli keçirmək üçün planlı hərəkət etmək, əlbəttə ki, vacibdir, lakin burada bir şeyi nəzərə almağa, diqqət yetirməyə məcburuq. Əgər Allah istəməsə, Onun izni və iradəsi olmasa, bir barmağımızı da tərpədə bilmərik. Bizi də, hərəkətlərimizi də yaradan Allahdır. Haqq-Təala inayətini, rəhmətini bir anlıq üstümüzdən götürsə, daş kimi yerimizdə qalarıq.
Rəbbimiz bizə müstəsna qabiliyyətlərlə yanaşı, bir də cüzi-iradə vermişdir. O cüzi iradə sayəsində həyatımıza yön verə, bəzi şeyləri seçə bilirik. Lakin bir həqiqəti unutmayaq ki, Allahın diləyi hər şeyin fövqündədir (hər şeydən üstündür). Ona görə də kiçik və ya böyük – görmək istədiyimiz bütün işləri dilə gətirərkən mütləq "inşallah” deməliyik. Bu, bizə Rəbbimizin əmridir. Allah-Təala "Kəhf” surəsinin 23 və 24-cü ayələrində buyurur: "Və heç bir şey barəsində "Mən onu sabah edəcəyəm!” demə! Ancaq "İnşallah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm!” de. ("İnşallah” deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni haqqa daha yaxın olan bir yola yönəltsin” de”.
"İnşallah” sözü "Allahın istəyi olmadan mən yerimdən də tərpənə bilmərəm. Onun istəyi olmadan nə özümə bir faydam dəyə bilər, nə də özümü gələcək zərərlərdən qoruya bilərəm. Mən yalnız Allahın yardımı və mərhəməti ilə hərəkət edə bilərəm” kimi mənalar verir. Qul bu sözlə öz istəyini Allahın iradəsinə həvalə edib Ona təslim olur.
"Əraf” surəsinin 188-ci ayəsində Haqq-Təala Peyğəmbərimizə xitabən belə buyurur: "De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman edəcək insanları ancaq (pis əməlləri müqabilində Allahın əzabı ilə) qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”
Peyğəmbərimiz daima Allahın diləyini, ilahi iradəni (məşiəti-ilahini) hər şeydən üstün tutmuş və Ona tam təslim olmuşdur. Belə ki, bir dəfə əshabına buyurmuşdu: "Heç kim öz əməli ilə nicat tapa bilməz”. Səhabələr soruşur: "Sən də mi, ya Rəsulallah?” Peyğəmbərimiz cavab verir: "Bəli, mən də. Yalnız Rəbbimin mənə sonsuz mərhəmət göstərməsi və hər tərəfimi rəhməti ilə əhatə etməsi sayəsində qurtula bilərəm”. (Müslim, Sıfatul-Münafıkin: 76) Peyğəmbərimizin Allahın istəyinə, ilahi iradəyə təslimiyyəti bu səviyyədədir. Əslində, başda Nəbilər Sultanı Sevgili Peyğəmbərimiz olmaqla bütün peyğəmbərlər bu məqama çox diqqət etmişlər. Çünki Allah-Təalanı ən yaxşı tanıyanlar, bilənlər onlardır. Bütün peyğəmbərlər bir işə başlayanda "İnşallah” demiş, Allahın diləyini hər şeydən üstün bilmişlər. Yusuf əleyhissalamın qissəsindən bir məqama diqqət yetirək. Yusuf əleyhissalam bir çox imtahan və çətinliklərdən sonra Misir sarayında vəzir olduqda qardaşları ilə birlikdə illərdir, həsrətini çəkdiyi ata-anasını da saraya dəvət edir. Saraya gəldikdə onları ən gözəl şəkildə qarşılayır və sonra da (məalən) belə deyir: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” ("Yusuf” surəsi, 99)
Burada incəliyə diqqət edək. Yusuf əleyhissalam bugünkü dillə desək, dövlət naziri və ya baş nazir vəzifəsindədir. Lakin o, öz məqamına (vəzifəsinə), öz gücünə deyil, yalnız Allahın iradəsinə bel bağlayır, Ona güvənib arxalanır. Allahın diləyini əsas sayır. Bu, onun Allaha imanının, etimad və təvəkkülünün əksidir. Başda Nəbilər Sultanı Sevgili Peyğəmbərimiz olmaqla bütün peyğəmbərlər hər addımın başında "İnşallah” deyib Allahın iradəsinə tam təslim olmuşlar. Biz də onların yolu ilə getməli deyilikmi?
Rəbbimiz bizləri daim razı olduğu işlərə yönəltsin. Yanlış arzulara düşüb Onun diləyinə zidd hərəkət etməkdən qorusun.
Tarix: 04.12.2014 / 10:58 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar