Təvəssül – məqsədə (qayəyə) sürətlə - Vəsilə ilə çatmaq, istənilən şeyə yaxınlaşmaq və ona arzulu bir şəkildə çatmaq deməkdir. Həmçinin tələb edilənə yaxın olmaq, ona arzu ilə çatmaq, hökmüdarın yanında yer, yaxınlıq mənasındadır. Vəsilə isə məqsədə çatılan şeydir. Biz Allahın razılığına necə çata bilərik?
Bunun üçün hansı yollar vardır? Allah və Rəsulunun (s.a.v) şəriət etdiyi yollar hansılardır? “Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir”. (əl-İsra 57). İbn Abbas (r.a) deyir: “Bu ayə bir dəstə ərəblər barəsində nazil olmuşdur. Onlar cinlərə ibadət edirdilər. Cinlər Allaha iman gətirdikən sonra Onun razılığını qazanmaq üçün Ona yollar axtarırdılar. İnsanlar isə bunu bilmədikləri halda onlara ibadət edirdilər”.
(İbn Abbas (r.a) deyir: “Bu İsa, Uzeyr, Məryəmdir”. Bəzi təfsirçilər: “Cinlər, Mələklər, Günəş, Ay” demişlər. İbn Teymiyyə deyir: “Bütün bu deyilənlər haqdır. Bu ayə özündə Allahdan qeyri bütün ibadət olunanları əhatə edir. Çünki, onların hər biri Allaha yaxın olsunlar deyə yol axtarırlar”.)
Azandan sonra oxunan duada da deyilir: "Allahım, Muhəmmədə vəsiləni ver".
(Muslim. )
Burada vəsilə ilə qəsd Allaha yaxınlıq, Qiyamət günündə şəfaətdir. Həmçinin bunun Cənnətdə bir mərtəbə olduğu da söylənilmişdir.(Lisanul-Arab 9/ 724. )
Firuzabadi deyir: “Allaha yaxınlaşdırıcı bir iş etdi” mənasında Vəssələ İlləllahi Təalə Təvsilən – deyilir”.
(Qamusul-Muhit 1379. )
"Ey iman gətirənlər! Allahdan qorxun. Ona yol axtarın. Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız". (əl-Maidə 35). Allaha vəsilə axtarmaq elm və ibadətlə Onun yolunu getmək və şəriətin əxlaqi gözəlliklərini axtarıb tapmağa çalışmaqdır. Vəsilə Allahı arzu edən deməkdir".
(Rağib əl-İsfəhani "Mufrədətu Əlfazil-Quran" s. 871. )
İmam Təbəri deyir: “Ey iman gətirənlər! Allahdan qorxun, Onun əmrlərini yerinə yetirin və qadağalarından çəkinin. Allaha Onun razı olduğu şeylərlə yaxınlıq axtarın”. İstilahi mənası – Allaha yaxınlaşdırıcı məşhur bir səbəbə sarılmaq və Allah rizası üçün olan bir ibadəti Allah Rəsulunun (s.a.v) tərif etdiyi şəkildə etməkdir. Allaha yaxınlaşmaq isə yalnız Allahın əmr etdiyi və Peyğəmbərin (s.a.v) buyurduğu formada saleh əməllərlə mümkündür.
Qayda - Allah nəticəni əldə etmək üçün müəyyən səbəblər qoymuşdur. Bu səbəblər Şəri və Kovni (dünyəvi) ola bilər.
Məs: 1. Şəri səbəb - Şəhadət kəliməsi İslam dininə girmək üçün vasitədir, Peyğəmbərin (s.a.v) şəfaətinə nail olmaq istəyirsənsə azandan sonra onun üçün Vəsiləni dilə. Fatihə surəsi şəri bir səbəbdir. Nədən? Gözdən, bədnəzərdən, ilan və əqrəb sancmasından qorunmaq və şəfa tapmaq üçün. Ümumiyyətlə Quran möminlər üçün şəfadır. Bu şəri bir səbəbdir, hansıki Quran və Sünnə bunu təsdiqləyir.
2. Kovni (dünyəvi) səbəb 2) şərtlə qəbul edilir:
1. Quran və Sünnədə ona qadağa olmasın.
2. İnsanlar arasında bilinən bir şey olsun. Məs: Baş ağrısından müalicə üçün dərmanlar vardır. Qəbul etdikdə baş ağrıları keçir. Susuzluqdan su içməklə, aclıqdan yemək yeməklə qurtarmaq olar. Bu da insanlar arasında məşhur olan və şəriətin qadağan etmədiyi bir səbəbdir. İnsanlar arasında məşhur olub, şəriətin qadağan etdiyi bir əməl olarsa bu da qadağandır. Lakin Allah bütlər, qəbirlər vasitəsilə (şəfa, övlad və s.) istəməni nəticəni əldə etmək üçün səbəb qoymamışdır.
Vəsilə Üç Əsasa Dayanır:
1. Təvəssül edilən - bu da Uca və Böyük olan Allahdır.
2. Təvəssül edən, ehtiyacının qaldırılmasını istəyən qul.
3. Təvəssül edilən Allaha yaxınlaşdırılan saleh əməllər. Bundan başqa təvəssül yoxdur, kim iddia edirsə ki, var, qoy dəlilini gətirsin.
Təvəssülün Fayda Verməsi Üçün Şərtlər -
1. Təvəssül edən bir qul saleh bir mömin olmalı, əməliylə Allah rizasını qəsd etməlidir.
2. Təvəssül edilən əməl Allaha yaxınlaşmaq üçün, Allahın şəriətdə buyurduğu əməl olmalıdır.
3. Edilən əməl məşhur bir əməl olmalı, Allah Rəsulunun (s.a.v) Sünnəsinə uyğun olmalıdır. Göründüyü kimi də mömin olmayanın əməli Allaha yaxınlıq vəsiləsi ola bilməz, bidət əməllərlə də Ona təvəssül edilməz.
Təvəssülün Növləri –
1. Bəyənilən (qəbul) edilən təvəssül. Bu da Allaha yaxınlaşdırılan sözlər, əməllər, etiqadlar şəkilində olan, Allahın sevdiyi və razı qaldığı vacib və ya müstəhəb ibadətlərlə Ona yaxınlaşmaqdır.
Bunlar da üç qismdir.
1) Allaha Onun gözəl İsimləri ilə yaxınlaşmaq; "Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin". (əl-Əraf 180). Peyğəmbər (s.a.v) kədərləndikdə və ya sıxıntıya düşdükdə dua edərək: "Yə Həyy, Yə Qayyum (olan Allahım)! Sənin rəhmətinlə Səndən yardım istəyirəm (Başqa rəvayətdə: “Hiss etdiyim və qorxduğum şeyin şərindən Allaha və Onun qüdrətinə sığınıram”)”.
(Muslim, ət-Tirmizi 2796.)
"Peyğəmbər sizə nə verirsə onu da götürün…". (əl-Həşr 7) əl-Albani deyir: "Bizim üçün xeyirli olan Peyğəmbərin (s.a.v) Allaha dua etdiyi kimi dua etməkdir. Bu bizim özümüzün icad etdiklərimiz dualardan min dəfə daha xeyirlidir".
(əl-Albani "Təvəssül" s. 35. )
2) Dua edənin öz saleh əməli ilə Allaha yaxınlaşması. Bir kimsənin: “Allahım! Sənə olan imanım və sevgim səbəbilə və Peyğəmbərin Muhəmməd (s.a.v) bağlılığıma, imanım və sevgim səbəbilə mənim sıxıntılarımı apar, məni bağışla!” Dua edən kimsəni Allah üçün etdiyi və Allah rizasından başqa heç bir şeyi qəsd etmədiyi saleh bir əməlini zikr etməsi də bu qəbildəndir; “O kəslər ki: "Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!"– deyirlər” (Ali İmran 16). "Ey Rəbbimiz, bizə nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabe olduq. Artıq bizi şahid olanlarla bir yerdə yaz". (Ali İmran 53). Əbu Abdur-Rahmən ibn Ömər ibn əl-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Sizdən əvvəlki ümmətlərdə üç nəfər səfərə çıxırlar. Gecələmək üçün bir mağaraya girmək məcburiyyətində qalırlar. Mağaraya girdikdə bir qaya parçası yuvarlanıb mağaranın ağzını bağlayır. Onlar bir-birlərinə dedilər: "Bizi bu qayadan yalnız əvvəl etmiş saleh əməllərimizlə (Allaha) yaxınlaşmaqla (vasitə) etməklə Allaha yalvarıb-yaxarmamız qurtara bilər!" Onlardan biri dedi: "Allahım! Mənim qocalıq yaşına çatmış valideyinlərim vardı. Axşamlar (evə gəldikdə) onlara (süd) içizdirmədən nə uşaqlarıma, nə də qulluqçularıma (süd) içizdirərdim. Bir gün otlaq axtarmaq məni çox uzaqlara apardı. Geri qayıtdıqda onları (valideyinlərimi) yatmış gördüm. Hər gün olduğu kimi süd sağdım və onları (valideyinlərimi) yuxudan oyatmamaqdan ötrü səhərə kimi süd qabı ilə başlarının üstündə durdum. Ana və atamdan əvvəl nə uşaqlarıma, nə də qulluqçularıma içirmək istəmədim. Halbuki uşaqlar ayaqlarımın altında aclıqdan ağlayırdılar. Sonra (valideyinlərim) oyanıb axşam onlar üçün sağdığım südü içdilər. Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə, onda bizi bu bəladan (vəziyyətdən) qurtar!" Bundan sonra qaya parçası bir az aralandı. Lakin çıxmaq mümkün olmadı. Onlardan digəri dedi: "Allahım! Mənim bir əmim qızı var idi. İnsanlar içərisində ən çox onu sevirdim. (Başqa rəvayətdə: “Mən onu kişilərin qadınları sevməkdə olduqları sevginin ən şiddətli dərəcəsində sevirdim”). Mən ona yaxınlaşmaq istədim. Lakin o, məndən üz döndərdi. Bir neçə il keçdikdən sonra (kasıblıq üzündən) mənim yanıma gəldi. Mən də ona mənimlə tək qalmaq şərti ilə yüz iyirmi dinar pul təklif etdim. O, da buna razı oldu. Ona yaxınlaşmaq fürsətini tapmışdım ki, (Başqa rəvayətdə: “Ayaqlarının arasına çökmüşdüm ki”) qız mənə dedi: "Allahdan qorx! (haqsız yerə bakirənin möhürünü açma). Allahın qoyduğu bakirəlik möhürünü yalnız halal yolla (nigah yolundan başqa) bir yolla açma!" Bu əməldən dərhal vaz keçərək ondan uzaqlaşdım. O, isə insanların mənə ən sevimlisi idi. Onu çox sevdiyimə baxmayaraq. Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə, onda bizi bu bəladan (vəziyyətdən) qurtar!" Bundan sonra qaya parçası bir az da aralandı. Lakin yenə də çıxmaq mümkün olmadı. Üçüncü şəxs dedi: "Allahım! Mən işçilər tutmuşdum. Hər birinin də (işlədikdən sonra) haqqını verdim. Birindən başqa. O, haqqını almayıb getdi. Mən onun haqqını (pulunu) dövriyyəyə buraxıb çoxaltdım. Bir müddət keçdikdən sonra o işçi mənim yanıma gəlib: "Ey Allahın qulu! Mənim haqqımı ver!"- dedi. Mən də: "Burada gördüklərin dəvələr, inəklər, qoyun və qullar sənin pulunun dövriyyəsindən artıb çoxalmışdır!"- dedim. O: "Ey Allahın qulu! Məni ələ salma!"- deyə cavab verdi. Mən də: "Mən səni ələ salmıram!"- dedim. O, da heç bir şey mənə saxlamayıb (hər şeyi) götürüb getdi. Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə, onda bizi bu bəladan (vəziyyətdən) qurtar!" Bundan sonra qaya parçası onlar çıxa biləcək qədər aralandı və onlar çıxıb yollarına davam etdilər".
(əl-Buxari 3465, Muslim 2743.)
3) Saleh kimsələrin duası ilə Allaha yaxınlaşmaq.Bu, Allah qatında duasının qəbul ediləcəyi umulan həyattakı (dünyasını dəyişmiş salih insanın deyil) saleh bir insanın duasıyla Allaha təvəssüldür. Bir müsəlman şiddətli bir sıxıntıya düşə bilər. Başına bir müsibət gələ bilər. Bu müsəlman Allah qatında özünün qüsurlu olduğunu bilməkdədir. Bundan ötrü də Allaha yönəlmək üçün güclü bir səbəbə yapışmaq lazımdır. Bu səbəblə də xeyirxahlığına, təqvasına, imanına, fəzilətinə, Quran və Sünnəyə bağlılığına güvəndiyi saleh bir kimsəyə gedər və sıxıntısının getməsi və üzüntüsünün qaldırılması üçün ondan özü üçün Rəbbinə dua etməsini istəyər; "Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla". (əl-Həşr 10). “Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər”. (ən-Nisa 64). Peyğəmbər (s.a.v) buyurdu: "Müsəlman bir kimsənin müsəlman qardaşı üçün (yanında yox ikən) etdiyi dua qəbul edilir. Dua edənin yanında olan bir mələk o, hər dua etdikcə onun üçün: "Amin! Eynisi sənin üçün də".(Muslim. )
(Şeyx Useymin deyir: “Səhabələr kimsə onlara gəlib: “Mənim üçün dua et”- deməyini xoşlamazdılar. Qadağan edərdilər. Səhabələr nə üçün bunun qarşısını alardılar? Dua etməyi istəyən kimsə qəlbini o, kəslə bağlayır, ümüdlü olur ki, onun duası qəbul olunar. Dua etməyi istəyən kimsə ehtiyaclıdır, ona görə də tələb edir. Daha gözəldir özü etsin. Həmçinin, insanın təvəkkülünü də azaldır. Artıq insan arxayın olur ki, kimsə onun yerinə dua edəcəkdir. Allah dualara cavab verdiyi halda,Allahdan istəmək daha gözəldir”. )
Rəvayət edilir ki, Ənəs ibn Malik (r.a) demişdir: “Peyğəmbərin (s.a.v) yaşadığı dövrdə insanlara quraqlıq üz vermişdi. Peyğəmbər (s.a.v) cümə günü xütbə verərkən bir bədəvi ayağa qalxıb dedi: “Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər (s.a.v) əllərini göyə qaldırdı. O an biz göydə bir dənə də olsun bulud görmürdük. Canım Əlində olan Allaha and olsun ki, o, hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. (Cümə günü) həmin bədəvi (və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər əllərini göyə qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə (səması) çalaya bənzədi.(Yəni göyün üzü açıldı və Mədinənin ətrafı buludlarla əhatə olundu.)
Qənat vadisində bir ay sel axdı, kənardan (Mədinəyə) gələn hər kəs bol yağışlar yağdığından danışırdı.
(əl-Buxari 933.)
Allaha səmimi olaraq sığınan və duasının qəbul edilmə şərtlərini yerinə yetirən hər bir kəsin dualarının qəbul edilməsinin günümüzdə də şahidi oluruq. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Ümmətimdən yetmiş min nəfərlik bir dəstə insan sorğu-sualsız Cənnətə girəcəkdir". Ukkaşə ibn Mihsan (r.a) ayağa qalxaraq dedi: "Ya Rəsulullah! Məni də onlardan etməsi üçün dua et". Peyğəmbər (s.a.v) : "Allahım bunu da onlardan et"- deyə buyurdu”.
(əl-Buxari 5705. )
Xəlifə Ömər (r.a) qıtlıq və ya quraqlıq vaxtı Abbas ibn Abdulmuttalib (r.a) ilə yağmur duasına çıxardılar və: "Allahım! Biz sənə Peyğəmbər (s.a.v) ilə təvəssül edərdik, Sən də bizə yağmur yağdırdın. İndi də Peyğəmbərin (s.a.v) əmisi ilə Sənə təvəssül edirik. Bizə yağış göndər"(əl-Buxari 2/ 398, 7/ 67, Müxtəsər əl-Buxari 536.)
Ömər “Biz Sənə Sənin Peyğəmbərin (s.a.v) ilə təvəssül edirdik. İndi isə əmisi Abbas (r.a) ilə təvəssül edirik – deməsinin mənası budur; “Biz Peyğəmbər (s.a.v) sağ ikən, Ondan bizim üçün dua etməsini istəyirdik. Onun duasıyla Allaha yaxınlaşmaq istəyirdik. İndi o, Sənin axirətinə köçmüşdür. Bizə dua etməsi mümkün deyildir. Bunun üçün də biz, Peyğəmbərin (s.a.v) əmisi Abbas (r.a) ilə Sənə yönəlirik və Ondan bizim üçün dua etməsini istəyirik”. Yoxsa ki: “Sənin Peyğəmbərinin (s.a.v) məqamı ilə Sənə dua edirəm, Sənin Peyğəmbərinin (s.a.v) əmisi Abbasın (r.a) Sənin qatındakı məqamı xatirinə bizə yağış yağdır”- demək deyildir. Belə bir dua bidətdir. Sələfi Salihindən heç kimsə belə bir dua etməmişdir.
Bidət Olan Təvəssül:
- Allahın sevmədiyi söz, əməl, etiqadlarla Allaha yaxınlıq axtarmaq bidət təvəssülün içərisinə girməkdədir. Kitab, Sünnət və Sələfi Salihinin sözlərində dəlili olmayan bidət təvəssüldür.
1) Şəxslərin haqqı və ya məqamı ilə Allaha təvəssül etmək. Əvvala bu iki tərəfdən günahdır.
Birinci - Allahdan başqasının adı ilə and içməkdir.
İkinci - hər hansı bir kimsənin Allahın üzərində haqqı olduğunu söyləməkdir. Yuxarıda göstərilən dəlillərdən bizə aydın oldu ki, Səhabələr Peyğəmbər (s.a.v) ilə o, həyatda ikən təvəssül etmələri - məqamı və zatı ilə deyil, sadəcə duasıyla olmuşdur.
Lakin səhabələr Peyğəmbər (s.a.v) dünyasını dəyişdikdən sonra onun əmisi Abbasa (r.a) yönəldilər və onun duasıyla təvəssül etdilər. Əgər məqsəd Abbasın (r.a) zatı və ya məqamı ilə olsaydı, səhabələr Peyğəmbərin (s.a.v) məqamını buraxıb əmisi ilə təvəssül etməzdilər. Halbuki, Abbasın (r.a) məqamı Peyğəmbərin (s.a.v) məqamı yanında aşağı idi. Məs: "Bir insanın başına xoşlanmadığı bir şey gələrsə və yanında da bir Nəbi ilə bir başqa insan olsa, sıxıntıya düşən insan Nəbi ilə təvəssül edər, yoxsa o, kimsə ilə? Əlbbətə, Nəbi ilə. Əgər o, kimsə Nəbini buraxıb başqası ilə təvəssül edərsə cahillərdən və günahkarlardan olar. Həmçinin, Peyğəmbərin (s.a.v) qəbri də onların yanlarında idi. Necə ola bilər ki, Ömər (r.a) və onunla olan səhabələr Allah Rəsulunun (s.a.v) zatı ilə təvəssül caiz ikən, onu buraxıb başqasının zatı ilə təvəssül etsinlər. Səhabələrin hamısının bu cür təvəssülə etiraz etməyərək səssiz qalmaları ən böyük dəlil və ən açıq bir icmadır. Çünki, onlar Sünnəyə zidd bir əməl görsəydilər dərhal onu düzəldərdilər. Çünki, onları Peyğəmbər (s.a.v) öyrətmişdir.
2) Ölmüş vəlilərə və salehlərə dua etmək və nəzir vermək. Peyğəmbərlərdən, vəlilərdən və saleh insanlardan ölmüş və ya həyatta olanların zatı ilə Allaha təvəssül etmək, onlarla dua etmək, onlardan yardım diləmək, məqamlarıyla təvəssül etmək, onlar üçün nəzir demək, Allahdan başqa heç kimsənin etməyəcyi bir işi onlardan istəmək və Allah ilə öz aralarında onları vasitə etmək şirk olub dinimiz tərəfindən qadağan edilmişdir. Allahın dinində belə bir şey yoxdur və saf Tövhid əqidəsinə zidd olan bir şeydir; “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun 117). Qurani-Kərimdə qaydadır ki, “Yəsəlunəkə” – “soruşanda” sözü gəldikdə “Qul” – “de ki” sözü işlədilir. Məs: "(Ey Muhəmməd!) Səndən qənimətlər barəsində soruşurlar. De ki: “Qənimətlər Allaha və Peyğəmbərə aitdir". (ən-Ənfal 1). "Səndən şərab və qumar haqqında soruşurlar. De ki:…". (əl-Bəqərə 219). "(Ey Muhəmməd!) Səndən heyz barəsində soruşurlar. De ki:…". (əl-Bəqərə 222). "Səndən yetimlər haqqında soruşurlar. De ki:…". (əl-Bəqərə 220). "Səndən nələrin halal olduğunu soruşurlar. De ki:…". (əl-Maidə 4). Lakin bu ayədə Allah istisna edərək Peyğəmbərə (s.a.v) gələn vəhydə "De ki" kəlməsini zikr etməmişdir. Ey Muhəmməd! Qullarım səndən mənim barəmdə soruşsalar mən onlara yaxınam. Ondan istəyənin duasını qəbul edərəm. Dua etmək üçün kiminsə qəbrinə, pirinə getmək lazım deyil; "Əgər bəndələrim səndən Mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Dua edən Məni çağırsa onun duasına cavab verərəm". (əl-Bəqərə 185). "Rəbbiniz buyurdu: “Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim!" (əl-Mumin 60). Allah demir ki, övliyaları çağırın, onlara dua edin və ya Mənim saleh bəndələrimdən kömək diləyin.
3) Vəlilərin ruhları üçün qurban kəsmək.
Qurani-Kərimdə və Peyğəmbərin (s.a.v) Sünnəsində varid olan çox sayda dualar vardır. Bu duaların heç birində nə məqamı, nə hörməti, nə haqqı, nə də qullardan hər hansı birinin yeri üçün dua yoxdur.(Bu haqda daha geniş məlumat üçün dualar kitabı olan Səid əl-Qahtaninin "Müsəlmanın Qalası", "Şəfa duaları və ovsunlar" kitabına baxa bilərsiniz. )
"De ki: “Mənim namazım da, qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!" (ən-Ənam 162-163).
Müsəlmanların Təvəssül Mövzusunda Azmalarının Səbəbi :
1. Təqlid etmələri (filan şeyx belə dedi, filan molla belə dedi və s).
2. Ayə və hədislərin bir qismini götürüb, bir qismini isə tərk etmək.
3. Zəif və uydurma hədislərlə və xəbərlərlə əməl etmək; "Onlara: "Allahın nazil etdiyinə və Onun Peyğəmbərinə tərəf gəlin!”– deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”– deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?" (əl-Maidə 14). “Allahın göndərdiyinə tabe olun!”– deyildiyi zaman onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik”– deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə?" (əl-Bəqərə 170). "Çünki onlar atalarını azmış gördülər. Bununla belə yürüyə-yürüyə onların ardınca düşüb getdilər". (əs-Saffət 69-70). "Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır". (əl-Ənfal 22). “Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!" Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar”. (əl-Əhzab 66-67). “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər”. (ət-Tövbə 31).
Huzeyfə ibn Yəmən (r.a) bu ayə haqqında soruşulduqda, o: "Rahibləri və alimləri onlar üçün haramı halal edir, onlar da halal sayırlar. Halalı onlara haram edir, onlar da bunu haram sayırlar".
(Təbəri "Təfsir" 6/114, Təfsir İbn əbi Hatim 6/1784. )
"İbrahim atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?”– dediyi zaman onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!”– deyə cavab vermişdilər". (əl-Ənbiya 52-52).
Bidət Əhlinin Gətirdiyi Şübhələr Və Onlara Verilən Cavablar:
- "Ey iman gətirənlər! Allahdan qorxun. Ona yol axtarın. Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız". (əl-Maidə 35). “Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir”. (əl-İsra 57). Bütün islam alimləri İbn Abbas, Mucahid, Əbu Vail, Səuri, Zeyd, əl-Həsən, Alusi, Təbəri, İbn Kəsir deyirlər ki: "Bu ayədə qəsd olunan Allaha itaət edərək və razı olduğu əməllər edərək yaxınlaşmaq deməkdir".
(Təbəri 4/226, 9/103-106, Alusi "Təfsiri Qurani Azim" 3/124, Şingiti "Advaul-Bəyan" 2/97-99, 3/598, İbn Kəsir "Təfsir" 2/55. )
Allah: "Ey Muhəmməd! Allahı buraxıb, yaratdıqlarına ibadət edən qömünün müşriklərinə de ki: “Ey qövmüm başınıza bir bəla gəldikdə Allahı buraxıb Rəbb və İlah (övliya, seyyid, daş, ağac) zənn etdiklərinizə yalvarırsınız? Gəlin baxaq görək sizdən bu zərəri dəf edə biləcəklərmi. Siz onlara müqəddəs, ilah olaraq yalvarırsınız. Halbuki onların buna gücləri çatmaz və əllərindən bir şey gəlməz. Buna ancaq onları və sizi Yaradanın gücü çatar. Sizin yalvarıb-yaxardığınız o kimsələr özləri Allaha yaxınlaşmaq, Onun rəhmətini, mərhə¬mətini, günahlarının bağılanmasını qazanmaq üçün yol axtarırlar. Onlar qəbirlərində öz hallarını düşünürlər. Gələn mələklərin suallarına nə cavab verəcəklərini düşünürlər, sizin onlara yalvarıb-yaxarmanızdan isə xəbərsizdirlər; “Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər”. (ən-Nisa 64).
Bu ayə Peyğəmbərin (s.a.v) verdiyi hökmdən uzaqlaşıb tağuta müraciət edən bəzi münafiqlər haqqında nazil olmuşdur. Əgər onlar günahlarını etiraf edərək Peyğəmbərin (s.a.v) yanına gələrək tövbə edərlərsə, bu günahdan ötrü Allahdan bağışlanma diləyərlər, Peyğəmbər (s.a.v) də onlara şəfaətçi olaraq onlar üçün Allahdan bağışlanma diləyərsə onların tövbələrini qəbul edəcəyini bəyan edir. Ayədə zaman mənasına gələn "İz" kəliməsi keçmiş zamana dəlalət edir. Gələcəyə dəlalət etməz. Allah "İzə" kəliməsini işlətmədi. Əksinə "İz" kəliməsini işlətdi.Bütün bunlar da Peyğəmbər (s.a.v) həyatda ikən baş vermişdir, ölümündən sonra yox.(Təbəri 4/ 157, Abdur-Rahmən əs-Səədi "Təfsir – ən-Nisa 64". )
"Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz". (əl-Ənfal 33). Zəlalət əhli bu ayədən Peyğəmbərin (s.a.v) həm həyatında, həm də ölümündən sonra ümməti üçün istiğfar edəcəyini zənn etmişlər. Allah Peyğəmbərə (s.a.v) onların içində ikən və onların arasında onları Allaha ibadətə dəvət edərkən, o topluluğa əsla əzab etməyəcəkdir. Çünki, Peyğəmbər (s.a.v) onların içində olduğu müddətdə ümməti üçün bir əmin-amanlıq sığortasıdır.(İbn Kəsir 2/ 319-320. )
"Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman onu qəbul etmədilər. Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün Allaha yalvarırdılar. Bildikləri (Peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət eləsin". (əl-Bəqərə 89). Bir qrup insan bu ayənin təfsirində İbn Abbas (r.a) haqqında yalan uyduran bir ravinin dəlilini də gətirirlər. Bu yalançının rəvayətinə görə Xeybər yəhudiləri Qatafanla döyüşlərində səhəri yola çıxarkən bu dua ilə Allaha yalvarırdılar: "Allahım! Axır zamanda bizə göndərəcəyini vədd etdiyin ummi Peyğəmbər haqqı üçün səndən onlara qarşı bizə zəfər nəsib etməyini istəyirik".
(İbn Kəsir "Təfsir", əl-Beyhəqi "Dəlailun-Nubuvvə" 2/ 76, əl-Hakim "Mustədrək" 2/ 263 zəif hədis. )
Osman ibn Hənif (r.a) rəvayət edir ki, kor bir kimsə Peyğəmbərin (s.a.v) yanına gələrək: "Mənim üçün Allaha dua et! Mənə şəfa versin"- dedi. Peyğəmbər (s.a.v) : "Əgər istərsən dua edim, istərsən səbr et bu sənin üçün daha xeyirlidir"- deyə buyurdu. Adam: "Allaha dua et!"- dedi. Peyğəmbər (s.a.v) ona gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılmasını və bu şəkildə dua etməsini əmr etdi: "Allahım, mən Səndən istəyirəm və Sənin Peyğəmbərin, rəhmət Peyğəmbəri Muhəmməd ilə Sənə yönəlirəm Muhəmməd! Bu ehtiyacım üçün Rəbbimə səninlə yönəldim. Allahım, onu mənə şəfaətçi et!"- dedi. Adam Peyğəmbərin (s.a.v) dediklərini etdikdən sonra gözləri açıldı.
(Əhməd 4/ 138, ət-Tirmizi 3831, əl-Albani "Səhih ət-Tirmizi" 3/ 172, "Səhih İbn Məcə" 1/ 231. )
Bu hədisdə bidət əhli üçün heç bir əsas yoxdur. Əksinə bu hədis elə onların özlərinə bir dəlildir. Çünki, kor kişi Peyğəmbərin (s.a.v) yanına onun üçün dua etməsinə görə gəlmişdi və bilirdi ki, Peyğəmbərin (s.a.v) duası dərhal qəbul olur və Peyğəmbər (s.a.v) də ona necə dua etməsini öyrədir. Bu duada da heç bir məqamı, haqqı ilə sözləri də yoxdur. Həmçinin Peyğəmbər (s.a.v) də sağ idi. Diri insandan dua etməsini istədi. Peyğəmbər (s.a.v) də ona daha böyük bir xeyrin verilməsini diləyərək ona dəstəmaz alıb iki rükət namaz qılaraq özü üçün dua etməsini əmr etdi. Bu əməllərin hər biri də Allaha yaxınlaşmaq üçün itaət yollarıdır. Peyğəmbər (s.a.v) kor kişiyə dua etməklə kifayətlənmədi, üstəlik onu Allaha itaətə və yaxınlıq ifadə edən əməllərlə məşğul etdi.
Təvəssül Barədə Zəif və Uydurma Hədislər:
Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Kim namaz üçün evdən çıxarkən – Allahım! Səndən istəyənin haqqı üçün istəyirəm. Mən təkəbbürlüklə və istəksiz çıxmadım – şəkilində dua edərsə Allah onun duasını olduğu kimi qəbul edər".
(Əhməd 3/ 21, əl-Albani “Zəif” hədis 24. )
Peyğəmbər (s.a.v) buyurdu: "Allahın adıyla Allaha iman etdim. Ona arxalandım. Güc və qüvvət Allahdandır. Allahım! Sənə dua edən və bu çıxış səbəbinin haqqı üçün, şübhəsiz ki, mən şəfaətsiz çıxmadım".
(əl-Albani “Zəif” hədis. )
Əlinin (r.a) anası Fatimə bint Əsədi dünyasını dəyişdikdə Peyğəmbər (s.a.v) onun qəbrinin yanına gələrək: "Dirildən və öldürən də Allahdır. O, ölümsüz bir həyata sahibdir. Anam Fatimə bint Əsədin günahlarını bağışla. Öz Peyğəmbərinin və məndən əvvəlki Peyğəmbərlərin haqqı ilə onun qəbrini genişləndir. Sən rəhmlilərin ən Rəhmlisisən".
(əl-Albani zəif hədis. )
Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Adəm xəta etdiyi zaman dedi: “Ey Rəbbim! Muhəmmədin haqqı üçün məni bağışla". Allah: "Mən hələ onu yaratmamışam. Sən haradan bilirsən?"- deyə buyurdu. Adəm: "Ey Rəbbim! Sən məni əlinlə yaradıb, ruhundan üfürdüyün zaman başımı qaldırdıqda Ərşin sütunlarında Lə İləhə İlləllah Muhəmməd Rəsulullah – sözlərinin yazıldığını gördüm. Beləcə başa düşdüm ki, məxluqatın ən sevimlisini öz İsminlə bərabər zikr etmisən"- dedi. Allah: "Səni bağışladım. Əgər Muhəmməd olmasaydı səni yaratmazdım"- deyə buyurdu.
(əz-Zəhəbi "Mizan" adlı əsərində batil və uydurma olduğunu qeyd edir. əl-Albani deyir ki: "Bu hədis Qurani-Kərimin özünə ziddir". Geniş məlumat üçün bax: əl-Albani "Təvəssül". )
Əbu Cövzi Əvs ibn Abdullah rəvayət edir ki: "Mədinə xalqı bir qıtlığa düçar oldu. Bu halı Aişəyə (r.a) xəbər verdilər. O, da: "Nəbinin qəbrini qoruyun və üstündə göyə açılan bir ayna açın"- dedi. Onlar da dediyi kimi etdilər. Ardından güclü bir yağış yağdı"
(əl-Albani “Zəif” hədis. )
Peyğəmbər (s.a.v) 23 il müşriklərlə mübarizə aparıb ki, onları Tövhidə dəvət etsin, bunlar deyirlər ki, Peyğəmbər (s.a.v) buyurub: "Çətinliyə düşəndə (ehtiyac anında) ölülərdən istəyin (Başqa rəvayətdə: “Biriniz daşa gözəl zənn bəsləyərsə, o daşın ona faydası olar)".
(əl-Albani “Uydurma” hədis. )
Peyğəmbər (s.a.v) buyurdu: "Allahdan bir şey istədiyiniz zaman mənim məqamımla istəyin. Çünki, mənim məqamım Allahın yanında böyükdür".
(əl-Albani deyir: “Heç bir əsli və əsası olmayan batil hədis”. )
Ömərin (r.a) zamanında bir ara qıtlıq başladı. Bir nəfər Peyğəmbərin (s.a.v) qəbrinə gələrək: "Ey Allahın Rəsulu! Ümmətin üçün Allahdan yağmur tələb et! Çünki, onlar həlak olurlar”. Adama yuxusunda: “Ömərin yanına get”- deyilmişdir”.
( əl-Albani zəif hədis. Bu hədis Quran ayəsinə də ziddir. Çünki, yağış diləmək üçün istiska namazı da vardır. "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağılayandır. O, sizə göydən bol yağış göndərər". (Nuh 10-11). )
Əli ibn Məymun rəvayət edir ki, İmam Şafii dedi: "Mən Əbu Hənifə ilə təbərruk edirəm və hər gün onun qəbrinə gedərək ziyarət edirəm. Bir ehtiyacım olduğu zaman onun qəbrinə gəlir və onun qəbri başında Allahdan istəyirəm. Çox keçmədən ehtiyacım ödənilir".
(Xatib əl-Bağdadi "Tarixul-Bağdadi" 1/ 123, batil və uydurma rəvayət. )
Subhənəllah! Bu qədər də böhtan və yalan olar! Yaxşı onda Peyğəmbər (s.a.v) iyirmi üç il nəyə görə əziyyət çəkib müşrikləri dəvət edirdi? Nəyə görə onlar arasında bu qədər döyüşlər baş verdi, qanlar axıdıldı? Məgər Məkkə müşrikləri Allahı inkar edirdilər? Xeyr, onlar Allahı inkar etmirdilər, əksinə Allahı qəbul edirdilər. Lakin ibadətdə Allaha şərik qoşurdular. Ölüləri Allaha yaxınlaşmaq üçün vasitə qoşurdular. Onlar demirdilər ki, bu büt fayda verir? Onlar deyirdilər ki, bu bütün içində saleh bir qul təmsil olunur və biz də günahkar olduğumuz üçün onlar vasitəsilə Allaha yaxınlaşırıq. Bəlkə də Allahdan bu qədər istəmirlər nə qədər ki, ölülərdən istəyirlər. Buna görə də İslam düşmənləri insanları zəlalətə sürükləmək üçün bu cür vasitələrə əl atırlar. Allah bizi və bizim dövlətimizi bu cür insanlardan qorusun. Amin!
Peyğəmbərin (s.a.v) vəfatından sonra onun səhabələri bəzən qıtlıq, bəzən qorxu, müsibətlərə məruz qalırdılar. Lakin heç birisi nə Peyğəmbərin (s.a.v) qəbrinə, nə də başqa Peyğəmbərlərin qəbrinə gedərək: "Biz səndən zamanın qıtlığını, düşmən qüvəsindən və ya günahlarımızdan şikayət edirik. Allahdan bizim üçün və ümmətin üçün ruzi verməsini və bizə yardım etməsini istə"- deyə dua etməmişdi. Çünki, bu əməl nə vacibdir, nə də müstəhəb. Çünki, bidətin nə vacibi. nə də müstəhəbi olur. Hamısı pisdir. Səhabələr, Sələflər bilirdilər ki, Peyğəmbər (s.a.v) nə Rububiyyət, nə də Uluhiyyətdən heç bir şeyə malik deyildir. O, sadəcə Allahın qulu və Rəsulu idi. Nəyə görə xüsusən şəhadət kəliməsində Abd – qulu sözü işlədildi? Yəni, ey insanlar Peyğəmbər 9s.a.v) haqqından həddi aşmayın. O, da Allahın sizin kimi bir quludur. İnsanlardan üstünlüyü yalnız Allah tərəfindən seçilməsində və Peyğəmbərliyinə görədir. O, da sizin kimi bəşərdir, Allah deyildir ki, ona ibadət edilsin, ona dua edilsin, ondan kömək dilənsin, onun qəbri təvaf edilsin, köməyə çağrılsın.Çünki, Peyğəmbər (s.a.v) özü də Allahdan istəyirdi. Buna görə də şəhadət kəliməsində, İslama girmək, müsəlman olmaq üçün ilk söylənilən kəlimədə Lə İləhə İlləllah – Muhəmmədən abduhu və Rəsulu deyə söyləyirik. Allahın qulu və Rəsulu. Lakin buna baxmayaraq bu kəliməni söyləyən insanların əksəriyyəti, bəziləri cahilliklərindən, bəziləri də qəsdli şəkildə Allahın Rəbb, Rububiyyət sifətini Peyğəmbərinə verirlər. İnsanlar Həcc edir ki, günahları bağışlansın, bunlar isə: “Ey Peyğəmbər! Mənə kömək ol! Ey Peyğəmbər! Mənə şəfa ver, mənə övlad, ruzi və s. ver”. Görürsən ki, insanları bu kimi şeylərdən çəkindirdikdə sənə: "Sən Peyğəmbəri sevmirsən, bu mənim ona qarşı olan məhəbbətimdən yaranan hislərimdir"- deyirlər. Biz Peyğəmbəri (s.a.v) övladlarımızdan, ata-anamızdan da çox sevirik. Bu o demək deyil ki, biz ondan kömək diləməliyik. Çünki, onu sevmək imandandır. Əgər sən bizim Peyğəmbəri (s.a.v) necə sevdiyimizi bilmək istəyirsənsə, Sələf alimlərinin kitabları oxusan bunu çox gözəl başa düşərsən. Sənin kimi bir qrup da var idi. Hansı ki, Peyğəmbərin (s.a.v) yanına onu sevdiklərini bildirmək üçün gəlmişdilər. Lakin Allah ayə nazil edərək Peyğəmbəri (s.a.v) necə sevmək barədə onlara xəbər verdi; "(Ya Muhəmməd!) De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir". (Ali İmran 31). Bəli, Allah öz sevgisini Peyğəmbərə (s.a.v) itaətə bağlamışdır. İtaət et, onda onu sevmiş olacaqsan və həqiqi sevgi də elə budur. İbadət isə Allahın haqqıdır. Çünki, o özü Allaha ibadət edib, Ona qurban kəsib, Ondan yardım və məğfirət diləyib və bu kimi şeyləri də öz ümmətinə əmr edib.
Yaradanı Məxluq İlə Qiyas Etmək:
- Vasitələr və şəfaətçilər Uca Allahın qəzəblənməsinə səbəbdir. Burada bir məsələ vardır ki, ona olduqca çox diqqət yetirmək lazımdır. Çünki, biz günümüzdə də bu məsələlərlə, suallarla rastlaşırıq. Allaha şərik qoşan insanın görürsən ki, qəsdi Allahı təzim etməkdir. O kimsə öz-özündə fikirləşir ki, Uca Allah əzəmətli olduğu üçün biz onun yanına yalnız vasitəçilərlə daxil ola bilərik. Necə ki, padşahların (böyük bir vəzifədə işləyənlərin) yanına daxil olduqda onlara yaxın olan, sözü keçən kimsələr vasitəsilə yaxınlaşırıq. Buna görə də deyirlər ki, biz günahkarıq, ola bilər ki, Allah bizim dualarımızı qəbul etməyib bizi rədd edər. Bunun üçün də Nəbilər, Rəsullar, şəhidlər, salehlər vardır. Onlar Allaha yaxın olduqları üçün onların istəkləri geri qaytarılmaz. Müşriklər öz-özlüyündə Uca Allahın Rububiyyətini aşağı saymamışdır. Onun diqqətsizliyi Allahı təzim etməkdədir. O deyir ki: "Mən bu vasitələrə ibadət edirəm ki, onlar məni Allaha yaxınlaşdırsınlar və ona aparan yolu göstərsinlər". Bunlar isə vasitələrdir. Baxmayaraq ki, o insanın öz-özlüyündə niyyəti yaxşıdır. Bəs onda nəyə görə bu əməl Allahın qəzəbini, o kimsənin Cəhənnəmdə əbədi qalmasını, onun qanını halal edir? Bunun üzərində də başqa bir sual da doğur ki, Allah bəndələrinə özünə şəfaətçilərlə, vasitəçilərlə yaxınlaşmağı buyurarmı? Belə bir vasitəçiliyin haramlığı şəriətdən götrülmüşdür, yoxsa bu insanın ağlında, fitrətində olan çirkin bir şeydir? Cavab olaraq deyirik ki: "Bu əməli insanın fitrəti də çirkin görür, həmçinin şəriət də. Bu ağıl da, fitrət də olanı iqrar (etiraf) edərək gəlmişdir. Bunun sirri nədir ki, Allah bu qədər günahın içərisindən məhz şirki bağışlamır? Sən onda bu sualı fikirləş, fikrini və zehnini bu sualın cavabına topla. Bununla da müşriklərlə tövhid əhli arasında fərq ortaya çıxır. Allahı tanıyanlarla, tanımayanlar, Cənnət ilə Cəhənnəm əhli arasında fərq bilinir.
Şeyx əl-Albani "Təvəssül" adlı əsərində deyir: "Göylərin və yerin tək və mütləq Qoruyucusu, hakimlər Hakimi, Adil, mərhəmətlilərin Mərhəmətlisi olan Allahı o, zalım, işğalçı, qəddar olan insanlara bənzətmək olarmı? Bunlar əmrləri altında olanların haqlarını yerinə yetirmir, maaşlarını vaxtı-vaxtında vermirlər, aralarında elə bir məsafə saxlayırlar ki, arada kimsə olmadan onlara yaxınlaşmaq mümkün deyildir. Sən bu insanları rüşvət və hədiyyələrlə razı edirsən, ona boyun əyirsən, onu razı etməyə çalışırsan. Heç düşünürsən, ey miskin! Bunu etməklə Rəbbini tənqid etmiş və nifrət etmiş olduğu şeylərlə onu vəsfləndirirsən. Sən Rəbbini zalım insanlarla qiyas etdiyin zaman Onu ən çirkin sifətlərlə vəsfləndirmiş olursan. Sizin dininiz bunu sizə necə mübah görür? Düşünün! Bir insan arada vasitəçi olmadan idarəçi ilə görüşə bilirsə, bu onun üçün şərəf sayılar. Siz belə bir hökmü necə verirsiniz? Ağlınız başınızdadır?" "Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə: “Ey Rəbbimiz! Bunlar bizim Səninlə yanaşı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir”– deyəcəklər. Bütlər də onlara: “Siz yalançısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmağa dəvət etməmişdik)”– deyə cavab verəcəklər". (ən-Nəhl 86). "(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər, acizlər (iman gətirməyi) özlərinə sığışdırmayan (başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərdik. İndi ağlayıb sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir qurtuluş, heç bir sığınacaq yoxdur”. İş bitdikdə (Cənnətliklər Cənnətə, Cəhənnəmliklər Cəhənnəmə daxil olduqda) şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcəkdir: “Allah (Peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim. Amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi (günah etməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni Allaha şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən zalimləri şiddətli bir əzab gözləyir". (İbrahim 21-22).
Son olaraq Muvahhid bir qulun üzərinə düşən onu böyük şirkə, kçik şirkə və ya bidət bir əmələ aparan bidət təvəssüldən çəkinməsidir. Çünki, bu duada həddi aşmaqdır. Allah isə yalnız şəriətin əmr etdiyi formada olan duaları qəbul edir. Qul dualarını Quran və Sünnədə seçməyə səy göstərməlidir. Çünki, bu qəbul edilməsi tərəfdən daha münasibdir.
Tarix: 10.04.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1541 Bölmə: Maraqlı melumatlar